Vəliəhdin toxunulmazlığı Kaşıkçının qətlinin üstünün açılmasına əngəl olur – DÖVLƏT DEPARTAMENTİNDƏN AÇIQLAMA

18/11/2022 - 13:58

Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətli ilə bağlı ona qarşı açılan məhkəmə prosesində tutduğu vəzifəyə görə toxunulmazlıq statusundan yararlanır.

Qafqaz.media “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Qətlə yetirilən jurnalistin nişanlısı Hatice Cengiz və Kaşıkçının ölümündən əvvəl qurduğu “Ərəb Dünyasının Demokratiyası” təşkilatı 2020-ci ildə ABŞ-ın Kolumbiya dairəsinin məhkəməsində Səudiyyə vəliəhdinə qarşı iddia qaldırıb. Təqsirləndirilən şəxsin Məhəmməd bin Salman Əl Səud olması səbəbindən məhkəmə Vaşinqton administrasiyasından bu işə münasibətini istəyib.

ABŞ Ədliyyə Nazirliyinin məhkəməyə göndərdiyi məktubda deyilir: “Ümumi prinsiplərə uyğun olaraq, Baş nazir bin Salman Əl Səud hazırkı hökumət başçısı kimi səlahiyyət müddəti ərzində toxunulmazlıq hüququndan istifadə edir”. Sənəddə Ədliyyə Nazirliyi ABŞ Dövlət Departamentinin nöqteyi-nəzərini açıqlayıb.

Ekspertlərin fikrincə, Dövlət Departamentinin rəyi məcburi deyil, toxunulmazlıqla bağlı qərarı məhkəmə verəcək.

Qafqaz.media