Xocalı şəhərində insan qalıqları tapılıb
Xocalı şəhərində 3 nəfərə məxsus insan qalıqları aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqlar Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə tapılıb.
Baş Prokurorluğun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İnsan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyənləşib.
Hazırda hadisə yerinin tam müayinəsi istiqamətində işlər davam etdirilir, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.