Yaponiya Şimali Koreyanın yeni raketinin ABŞ-a çata biləcəyini açıqladı - 15 MİN KM MƏSAFƏ QƏT EDİR... / VİDEO

19/11/2022 - 10:37

Yaponiya Şimali Koreyanın yeni qitələrarası ballistik raketinin ABŞ ərazisinə çata biləcəyini bildirib.

Qafqaz.media BBC-yə xəbər verir ki, xəbərdarlıq son iki gündə bu raketlərin ikinci buraxılışı zamanı edilib.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamadanın sözlərinə görə, bu ballistik raketin uçuş marşrutu və digər hesablamalar göstərir ki, döyüş başlığının müəyyən çəkisi ilə 15 min km-ə qədər məsafə qət edə bilir. Nazir vurğulayıb ki, əgər belədirsə, o zaman ABŞ ərazisinə asanlıqla çata biləcək.

Xatırladaq ki, son iki ay ərzində Şimali Koreya əsasən qısa mənzilli olmaqla 50-dən çox raket buraxıb. Lakin oktyabr ayında beş ildə ilk dəfə olaraq Yaponiyanın ərazi sularına doğru ballistik raket buraxılıb.

Ekspertlər deyir ki, yeni sınaq ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin Kambocada əldə etdiyi hərbi əməkdaşlığın gücləndirilməsinə dair razılaşmaya cavab idi.

Şimali Koreya tərəfindən raket buraxılışı

Bundan əvvəl Koreya yarımadası yaxınlığında Amerikanın hərbi mövcudluğundan narazı olan Pxenyan bəyan etmişdi ki, Vaşinqtonun bu regiondakı müttəfiqlərinin, ilk növbədə Cənubi Koreya və Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək cəhdlərinə qəti şəkildə qarşı çıxacaq.

Bu məqsədlə Şimali Koreya nüvə başlıqları daşıya bilən uzaqmənzilli raketləri fəal şəkildə inkişaf etdirir. Xüsusilə, hazırda “Hvason-17” raketi hazırlanır. Bu raket əvvəlki nəslindən daha böyükdür və bir neçə döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

Şimali Koreya ABŞ-a çata biləcək ballistik raketi sınaqdan keçirib

Qafqaz.media