“Zelenski sülh bağlamaq istəyir, bu, nəsə təzə bir şeydir...” – Tramp Rusiyanın Ukraynada “ilişdiyini” deyir
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-nin yeni seçilmiş lideri Donald Tramp arasında Parisdə Yelisey sarayında keçirilən görüşdə Ukraynadakı genişmiqyaslı müharibə və ona son qoymaq imkanları müzakirə olunub. Qafqaz.Media xəbər verir ki, Donald Tramp “New York Post”-a açıqlamasında bu barədə danışıb. Tramp deyib ki, Zelenski sülhə hazırdır: "O, sülh bağlamaq istəyir. Bu, nəsə yeni bir şeydir". ABŞ-nin seçilmiş Prezidenti Zelenskinin Ukraynada atəşkəsdə maraqlı olduğunu vurğulayıb: "O, sülh istəyir. Biz təfərrüatları müzakirə etməmişik. O, düşünür ki, vaxt çatıb və Putin də düşünməlidir ki, vaxt çatıb, çünki o, uduzub və əgər siz 700 min insan itirirsinizsə, deməli vaxt çatıb. Sülh gələnə qədər bu, bitməyəcək". Tramp vurğulayıb ki, Ukrayna Prezidenti ilə Ukraynada müharibənin necə dayandırılacağını müzakirə edib. Trampın sözlərinə görə, o, atəşkəs konsepsiyası hazırlayır. ABŞ-nin seçilmiş Prezidenti Suriya hökumətinin süqutu kontekstində Rusiyanın adını çəkdiyi “Truth Social” platformasındakı paylaşımına da münasibət bildirib: “Baş verən o oldu ki, Rusiya məsuliyyəti öz üzərinə götürə bilmədi, çünki onların hamısı Ukraynada heç vaxt baş verməməli olan bu dəhşətli müharibənin içində ilişiblər”. Bundan başqa, Tramp Emmanuel Makronla görüşüb və NATO-nu müzakirə edib. Onun fikrincə, Alyans üzvləri “ədalətli şəkildə öz payını ödəməlidir”.
“AzPolitika.info”