Çavuşoğludan Azərbaycana TƏŞƏKKÜR

03/03/2024 - 21:24

Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzisini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu.

 

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu ifadə edib.

 

İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib: “Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman, yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.

 

Forumun üçüncü ilində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı panel iclas haqqında danışan sabiq nazir bildirib ki, hazırda bu təşkilat bütün dünyanın marağını özünə cəlb edir. Dünya TDT-nin fəaliyyəti, gələcək planları ilə maraqlanır.

 

“Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimindəki çıxışında TDT-yə və Türk dünyasının birliyinə xüsusi vurğu etdi. Azərbaycan Prezidentinin bütün Türk dünyası və Türkiyənin də məmnuniyyətinə səbəb olan bu fikirləri bütün dünyaya yayıldı. Nəticə etibarilə biz bu gün bu birliyimizi daha da gücləndirmək, yeni əməkdaşlıq sahələri yaratmaqla bağlı müzakirələr aparırıq. Qardaşım Ceyhun Bayramov da bununla bağlı Azərbaycanın fikirlərini forumda çox aydın şəkildə ifadə etdi”, - deyə Mövlud Çavuşoğlu bildirib.

 

O deyib: “Təbii ki, bütün dünyanın diqqətini cəlb edən iki platforma, Türk Dövlətləri Təşkilatı ilə Antalya Diplomatiya Forumunun bir araya gəlməsi son dərəcə təbii bir hadisə idi. Təşkilatın növbədənkənar toplantısının Şuşada olmasından da xüsusi məmnunluğumuzu ifadə etmək istəyirəm. Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti o bölgələrin inkişafı istiqamətində çox böyük işlər görür. Türkiyə də hər zaman olduğu kimi, bu baxımdan da Azərbaycana dəstək verir. İqtisadi inkişaf olduqca vacibdir, lakin siyasi dəstək və Şuşanın dünyaya çıxışı da olduqca mühüm məqamdır. Bu baxımdan toplantının məhz Şuşada keçirilməsi vacib hadisədir. Azərbaycan Prezidenti bu toplantıya Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini də dəvət etdi. Bildiyimiz kimi, Şimali Kipr TDT-nin müşahidəçi üzvüdür. Bu səbəbdən də bu dəvət olduqca təbii haldır. İki müşahidəçi dövlət olaraq, Şimali Kiprlə yanaşı, Macarıstan da bu tədbirə dəvət olunub”.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ