“Çətənə yağı ilə bütün narkotik asılılarını müalicə etmək olar” – EKSPERTDƏN MARAQLI TƏKLİF

15/04/2024 - 12:19

Rəşad Rza: “Çətənə yağı narkotikin anti-zəhəridir”

Narkomaniyanın qarşısının alınması və müalicəsində bir çox metodlar tətbiq olunmaqdadır. Hüquq-mühafizə orqanlarının əməliyyat tədbirlərindən tutmuş, reabilitasiya mərkəzlərində müalicəyə qədər. Məlum olduğu kimi, bəzi inkişaf etmiş ölkələrdə sənayedə istifadə məqsədilə çətənə bitkisi də əkilir. Hətta təxminən yüz il əvvəlki “Ford” avtomobili, yanacağı da daxil olmaqla, çətənədən hazırlanmışdı. Bəs, narkotik məqsədli istifadə istisna olmaqla, çətənədən hazırlanan qida maddələri narkotik asılılığına son qoymaqda da istifadə oluna bilərmi? Ekspert, təhlükəsizlik mütəxəssisi Rəşad Rza ilə müsahibəmizdə bu mövzuya aydınlıq gətirməyə çalışdıq. 

- Rəşad bəy, sizin ötən müsahibəmizdə qeyd etmişdiniz ki, çətənənin əkilməsi barədə dövlətə layihə təqdim etmisiniz. Müraciətinizə nə kimi cavab verildi?

- Cavab belə oldu ki, çətənin əkilməsi qanunla qadağan olunduğundan, hələ bu məsələ saxlanılıb.

- Sizcə, bu layihə qəbul olunsaydı, ölkə iqtisadiyyatına nə kimi töhfələr verə bilərdi?

- Belə deyək, bu təkcə kənd təsərrüfatına deyil, ümumiyyətlə Azərbaycan büdcəsinə illik beş milyard manat vəsait gətirə bilər. Azərbaycan büdcəsi təxmini otuz-otuz beş milyard manat həcmindədir. Təkcə çətənədən 5 milyard manat gəlir ala bilərik. Əgər bu layihə həyata keçsə, həm fabriklər qurulsa, həm inşaatda, tikintidə istifadə olunsa, 5 milyard manat gəlir gətirəcək. Yəni bu rəqəmi minimum gəlirlə hesablamışıq. Biznes plan hazırlamışıq.

Kənd təsərrüfatına faydalarına gəlincə, deməliyəm ki, birincisi, Azərbaycanda torpaqların 60 faizi əkinə yararsızdır. Həmin torpaqlar onsuz da əkinə yararsız olduğundan, çətənə üçün yararlı torpaqlardır. Yəni çətənə bitkisi heç bir başqa məhsulun yerini almayacaq. Ancaq çətənə əkinə yararsız torpaqlarda əkilsə, həm bu torpaqlar dəyərləndiriləcək, həm də çətənə yararsız torpaqları yararlı hala gətirəcək. Yəni çətənə torpağı münbitləşdirir.

İkinci faydası budur ki, kənd təsərrüfatında istifadə olunan kimyəvi dərmanlara ehtiyac qalmır. Çətənə əkildiyi yerdə təbii şəkildə dərman təsiri göstərir, həşəratları qovur.

Üçüncüsü, çətənənin kökü gübrədir, onun kökünü sonradan istənilən yerdə istifadə etmək olar. Kənd təsərrüfatında bitkilərə, məsələn, buğdaya, arpaya peyinlə qarışdırılaraq verilə bilər.

Bundan başqa, çətənə atmosferə də fayda verir. Belə ki, atmosferdə olan karbonu özünə çəkir və onu oksigenlə əvəz edir. Yəni havanı, havada olan radiasiyanı təmizləyir. Bu bitki radiasiya şüalanması olan istənilən bir yerə əkilsə, həmin yeri 99 faizə qədər təmizləmə gücünə malikdir.

**

Çətənənin inşaata aid olan faydalı tərəfi də budur ki, onun gövdəsindən inşaat materialları hazırlana bilər. Alçipan kimi. Bu, ucuz başa gələr, ən əsası isə evlərin nəfəs almasını təmin edər. Həm də çətənədən hazırlanan inşaat materialları digərlərindən on dəfələrlə möhkəm və faydalı olur. Bu bioməhsuldur.

Çətənənin yarpaqlarından isə şampun, sabun, kremlər kimi təmizlik vasitələrinin hazırlanmasında istifadə olunur. Belə məhsullar həm bioməhsullardır, yəni kimyəvi deyil, həm də müalicəvidir.

Çətənənin toxumundan alınan yağ isə həm “Omeqa 3”, həm “Omeqa 6”, həm də “Omeqa 9” ilə zəngin olur.

Ən əsası isə, Azərbaycan əhalisində D vitamini çatmır və səbəbi isə odur ki, çətənədən bizim qədim genetikamızda istifadə olunub. Yəni bizim əhali onu həmişə istifadə edib. İndi isə çətənə bizim istifadəmizdən çıxarıldığından insanlarımızda D vitamini çatışmazlığı, xərçəng, şəkər xəstəlikləri kütləvi şəkildə artıb. Bu bərpa olunsa, çətənənin toxumundan yağ, un, hətta südə qədər çoxlu məhsullar hazırlamaq olar. Bunu etmək üçün də onu ölkədə əkmək lazımdır ki, ucuz başa gəlsin.

Qısası belə deyək ki, bir çətənə tarlasının yanında 25 fabrik qurmaq olar. Çətənənin tullantısı yoxdur. Bu fabriklər də istər parça istehsal edən tekstil fabriki olsun, istər digər sahələrə aid olsun, çox gəlirlidir. Məsələn, dünyada uşaq paltarları, ələlxüsus da alt paltarları çətənədən hazırlanır. Bu paltarlar həm möhkəm, həm yumşaq, həm də antibakterial olur. Bu bitki mikrob götürmür. Məsələn, hal-hazırda dünyada cərrahiyyə əməliyyatında istifadə olunan iplər çətənədən hazırlanır. Çünki bu iplər həm möhkəmdir, həm də antibakterialdır. Çətənədən hazırlanan cərrahiyyə ipləri nəinki mikrob götürmür, əksinə, istifadə olunduğu yerin ətrafında mikrobları öldürür.

- Post-sovet ölkələrində çətənənin leqal yolla əkilməsi təcrübəsi varmı?

- Bəli, post-sovet məkanında bir Azərbaycan qalıb ki, bu addımı atmır. Özbəkistan, Qazaxıstan, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna və Moldovada bu bitki leqal şəkildə əkilir. Bolqarıstan, Rumıniyada da çətənə leqal əkilir. Rumıniyada qanunları dəyişdilər və çətənəni əkməyə başladılar. Çünki başa düşdülər ki, onu əkməsələr həm tibbi, həm də iqtisadi baxımdan bütün sahələrdə geridə qalacaqlar. Bu addımı atdılar. Sonuncu bu addımı atan Özbəkistan idi. Bir neçə il əvvəl onlar da qanunlarını dəyişdilər və bu layihəni başlatdılar.

- Bəs, çətənə yağından narkotik asılılarının müalicəsində istifadə etmək mümkündürmü?

- Bəli, çətənənin meyvəsinin yağı narkotikin anti-zəhəridir. Onunla birbaşa bütün narkotik asılılarını müalicə etmək olar. Həm də həmin asılı insanlara dövlət nəzarəti altında çətənənin yağı verilərsə, onlar məmnun olarlar. Narkomanlarda olan asılılıq ehtiyacını təmin edərlər.

**

- Başqa ölkələrin təcrübəsində narkotik asılılarını çətənə yağı ilə müalicə etmək təcrübəsi varmı?

-Təbii ki. Əsasən Avropa ölkələrində, məsələn Hollandiyada, Almaniyada, ABŞ və Kanadada bu təcrübə var. Hətta Almaniya bu ehtiyacı qarşılamağı çatdıra bilmir. Almaniya Rumıniyanın, Bolqarıstanın da ərazilərində torpaqlar icarəyə götürüb, orada çətənə əkir, onu dərman preparatı formasına salır, dünyaya satır. Yəni öz ərazisində əkdiyi çətənə artıq ona bəs etmir. Buna ehtiyac var. Amma Azərbaycanda bunun üçün münbit şərait var, həm də bu bitkinin kökü Azərbaycandadır, belə desək, qədim, milli bitkimizdir. Onun ən gözəl növü Azərbaycanda olub. Dediyim kimi, 60 faiz boş torpaqlar istifadəsiz qalıb, onları dəyərləndirmək lazımdır ki, həm dövlət büdcəsinə dəstək olsun, həm insanlar qidalansınlar, həm də dərman kimi istifadə etsinlər.

- Bəs, layihənizlə bağlı yenidən rəsmi qurumlara müraciət etməyi düşünürsünüz?

-Bəli, düşünürəm ki, bununla bağlı artıq cənab prezidentə müraciət edim. Bu, çox mühüm məsələdir. Həm ictimai şəkildə, həm rəsmi formada. Bunu ictimailəşdirmək lazımdır. Çünki cənab prezident özü deyib ki, müəyyən məsələləri ictimai şəkildə mənə bildirin. Ona görə, düşünürəm ki, məsələni ictimailəşdirib qaldırmaq lazımdır. Artıq burada gizli bir şey yoxdur, hər kəs bilməlidir ki, dövlət bu addımı atmalıdır, buna gedilməlidir. İctimailəşdirmək prosesi bu müsahibədə də gedir, yaxın vaxtlarda dövlət başçısına rəsmi müraciət də olunacaq.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ