Səhiyyə Nazirliyinin ittiham etdiyi qurumdan REAKSİYA – “Mübarizəni kişi kimi aparın!”

12/08/2024 - 13:10

Avqsutun 7-də Səhiyyə Nazirliyi rəsmi açıqlama yayaraq, “Gigiyena və Sanitariya Xidmət Mərkəzi” əməkdaşlarını qanunsuz fəaliyyətdə ittiham etdi.

Qafqaz.media xəbər verir ki, nazirliyin açıqlamasında Səhiyyə Nazirliyinin tabeliyində “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” adlı qurumun mövcud olmadığı və bu qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edildiyi vurğulandı.

Qeyd edək ki, nazirliyin bu açıqlaması bir sıra hökumətyönlü KİV-lərdə də dərc olundu və hətta bəziləri “Gigiyena və Sanitariya Xidməti İdarəsi”ni dələduzluqda ittiham etdi.

Lakin bu gün rəsmi açıqlmaya yayan “Gigiyena və Sanitariya Xidmət Mərkəzi” Səhiyyə Nazirliyinin məlum açıqlamasının anlaşılmaz olduğunu və bəzi maraqlı adamların rəhbər şəxslərə verdikləri yanlış informasiya nəticəsində meydana çıxdığını bildirdi. Qurumun açıqlamasında qeyd olunur ki, nazirliyin iddia etdiyindən fəqrli olaraq, “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidmət Mərkəzi” heç bir halda Səhiyyə Nazirliyinin adından istifadə etmir, yoxlama aparmır, sadəcə dezinfeksiya fəaliyyəti ilə məşğuldur:

““Gigiyena və Sanitariya Xidmət Mərkəzi” Səhiyyə Nazirliyinin rəyi əsasında verilmiş Lisenziyayla fəaliyyət göstərir. Ölkədə beynəlxaq dərəcəli sertifikatları olan 2-3 şirkətdən biridir. Respublikanın əksər ictimai iaşə obyektlərinə yüksək səviyyədə xidmət göstərib. Ən müasir avadanlıqlarla və sertifikatlı dərmanlarla işləyir.

Son zamanlar müəssisənin sürətlə böyüməsi və tenderlərə qoşulması, uzun illərdir bazara nəzarət edən bəzi keçmiş səhiyyə əməkdaşlarının xoşuna getmir. Bu baxımdan, bizə dəfələrlə xəbərdarlıq olunmuşdu ki, sizi "vuracaqlar". Lakin “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” Prezdentimiz İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıya güvənərək, bu çətinlikləri gözə alıb. İnanırıq ki, dövlətimiz ölkədə inhisarçılıq yaratmaq istəyən məmurlara imkan vermiyəcək.

Biz fəaliyyətə başladığımız gündən keçmiş səhiyyə əməkdaşlarının sahibkarlardan əsassız şəkildə rüşvət yığmasına qarşı olmuşuq. Odur ki, onlar bizim qanuni çərçivədə xidmət aparmağımıza mane olmağa çalışırlar. Açıq şəkildə deyirlər ki, “siz obyektləri dezinfeksiya edəndən sonra sahibkarlar bizə pul vermirlər”. Maraqlıdır ki, sahibkar niyə bunlara aybaay "tas" verməlidir? Bu şəxslər heç bir xidmət göstərmədikləri halda niyə sahibkardan pul tələb edirlər?

Cənab Prezidetimizin sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin yoxlanılmasının dayandırılmasıyla bağlı sərancamı var. Amma bəzi şəxslər bu sərəncama məhəl qoymurlar və artıq Səhiyyə Nazirliyində işləmədikləri halda, belə yoxlama keçirir və Sovetdən qalma qaydalarla sahibkarlardan rüşvət yığırlar.

Haqqımızda bu yazının çıxmasına səbəb də böyük bir bazarı dərmanlamamız olub. Özlərini Səhiyyə Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər bizim əməkdaşların bazardan çıxmalarını tələb ediblər. "Biz bu obyektlərin hamısından aylıq pul yığırıq, siz dərmanlasanız, bizə pul vermiyəcəklər” deyiblər.

Əməkdaşlarımz da sahibkarlarla məsləhətləşiblər, onlar da deyib ki, “biz sizinlə işləmək istəyirik”. Çünki həmin bazarda dəfələrlə keyfiyətli xidmət göstərmişik.

Biz sonradan öyrəndik ki, bazardan aybaay külli miqdarda pul toplayan həkimlər Səhiyyə Nazirliyindən xaric olunublar. Amma bir yol tapıb, haqqımızda bu qaralama kampaniyasını başladıblar.

“Gigiyena və Sanitariya Xidmət Mərkəzi” olaraq, onlara səslənirik, mübarizəni kişi kimi aparın!

Onu da qeyd edək ki, bu yanlış xəbərdən sonra bizimlə müqavilə bağlayan sahibkarları həmin müqaviləni pozmağa məcbur edirlər. Sahibkarlar da artıq beziblər, deyirlər ki, sizinlə müqavilə bağlayıb, normal xidmət istəyirik. Bu “həkimlər” gəlib deyir ki, bunlar qanunsuz işləyir.

Bizim lisenziyada İqtisadiyyat nazirinin birinci müavinin qolu var. Məgər küçədə 3-5 manat dilənən Sovetdən qalma həkim nazir müavinindən səlahiyyətli adamdır ki, onun imza ataraq icazə verdiyi lisenziyanı tanımır? Biz burdan Səhiyyə nazirimiz cənab Teymur müəllimə səslənirik ki, bu haqsız rəqabətə son qoysun, sahibkarların əzilməsinə imkan verməsin.

Heç bir dövlət qurumu Prezdentimizin dəstək göstərdiyi sahibkarları əzə bilməz.

Getdiyiniz restoranlarda yeməyiniz içindən tarakan çıxmırsa, bu, bizim kimi özəl şirkətlərin sayəsindədir. Biz yüzlərlə özəl təhsil müəssisələrini, bağçaları, kursları virus və mikroblardan qoruyuruq. Dənizkənarı istirahət mərkəzlərində ağcaqanadsız, milçəksiz mühüt yaradırıq ki, əhali rahat dincələ bilsin. Biz ilanlara, əqrəblərə, gəmiricilərə, həşaratlara, virus və infeksiyalara qarşı mübarizə aparırıq. Bizim bir düşmənimiz var, o da zərərvericilərdir.

Haqqımıza girən hər kəslə məhkəmə müstəvisində görüşəcəyik”.

Qafqaz.media

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.