Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb

26/08/2024 - 05:38

İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatının son yarış günündə Azərbaycanın sərbəst güləşçiləri 1 gümüş və 1 bürünc medal qazanıb. APA xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Rəvan Həsənzadə (45 kiloqram) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Hüseyn İsmayılov (60 kiloqram) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb. Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kiloqram) Muxamad Qantemirov (110 kiloqram) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ