Ermənistandakı Aİ missiyası ləğv olunacaq? – Fəaliyyət müddəti bitir, yeni razılaşma yoxdur....

25/11/2024 - 18:52

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının müddətinin uzadılması ilə bağlı hələ qərar yoxdur. “AzPolitika” xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski erməni mətbuatına bildirib. “Biz bunun üzərində işləyirik. Brüssel tərəfdaşlarımız qərarı bütün Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayırlar. Çünki qərar Avropa İttifaqının bütün 27 üzvü tərəfindən veriləcək. Biz artıq İrəvandakı Ermənistan hakimiyyəti ilə, Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizlə bağlı qərar verməliyik”, - Kuberski bildirib.  Xatırladaq ki, Aİ-nin 200 nəfərdən artıq şəxsin yer aldığı yarımrəsmi missiyası Azərbaycanla sərhəddə monitorinqlər aparır. Rəsmi Bakı dəfələrlə bu missiyanın təxribatçı fəaliyyətinin dayandırılması barədə Ermənistana xəbərdarlıq edib. Eyni zamanda Aİ ölkələri qarşısında məsələ qaldırıb. Amma Avropa İttifaqı onun fəaliyyətini bir neçə dəfə uzadıb, say tərkibini genişləndirib. Ehtimal etmək olar ki, bu dəfə Aİ missiyasının müddətinin uzadılması asan olmayacaq. Baxmayaraq ki, Fransanın təşəbbüsü ilə onun tərkibinin 400 nəfərə çatdırılması, fəaliyyət sahəsinin genişləndirilməsi barədə təklifləri var. Azərbaycanın İttifaqdakı tərəfdaşları missiyanın effektivliyini, onun rəsmi Bakı-Brüssel münasibətlərinə neqativ təsirlərini sorğulaya bilər.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30