Xameneidən Netanyahu ilə bağlı şok açıqlama: Cəzası ölümdür
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin Baş naziri Benyamin Netanyahuya ölüm cəzası hökmünün verilməsi lazım olduğunu bildirib. Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat yayıb. Məlumata görə, Xamenei Tehranda İnqilab Keşikçiləri Ordusuna bağlı milis qüvvələrinin üzvləri qarşısında çıxış edib. O, çıxışında Qəzzada hərbi cinayətlər törətdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən Netanyahuya verilən həbs qərarının yetərli olmadığını söyləyib. Xamenei İsrailin Qəzza və Livanda insanlığa qarşı törətdiyi cinayətlərə işarə edib: "Netanyahu üçün həbs qərarı verilib, bu kifayət deyil. Onun cəzası ölümdür. Məsul İsrail liderlərinə ölüm hökmü verilməlidir”. O, həmçinin mülki əhalinin yaşayış yerlərinin bombalanmasına toxunub: "Qəzza və Livanda insanların evlərini bombalamaq qələbə deyil. Axmaqlar insanların evlərini, xəstəxanalarını bombaladıqları üçün qələbə qazandıqlarını düşünməsinlər. Heç kim bunu qələbə kimi görmür. Onların etdikləri qələbə deyil, müharibə cinayətidir”. Xatırladaq ki, ICC noyabrın 21-də elan etdiyi qərarda Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın "Qəzzada törədilmiş müharibə və insanlığa qarşı cinayətlərə görə" həbsinə order verdiyini açıqlayıb.