İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?

23/10/2024 - 13:04

Ara-sıra rayonların dağətəyi ərazilərində güclü yağış yağması nəticəsində bir insanı sel apardığını, çaydan keçərkən kiminsə boğularaq öldüyü barədə məlumatlar eşidirik. Ancaq Bakı şəhəri kimi bir yerdə adi yağış yağması nəticəsində iki insanın boğularaq ölməsi inanılmaz bir hadisədir. Sabunçu rayonunda yerləşən "Sabunçu keçidi" adlanan körpünün tikintisinə qədər Bakıda bundan da qat-qat çox güclü yağışlar yağıb. Ancaq heç vaxt belə hadisə yaşanmayıb. Bir neçə saat aramsız yağan yağış nəticəsində şəhərin bu vəziyyətə düşməsi, iki insanın həyatını itirməsi acınacaqlı haldır. Xatırladaq ki, Sabunçu tunelinin açılışı 2020-ci ilin mart ayında olub. Rəsmi qurumların verdiyi məlumata görə, tuneldə yağış və qrunt sularının axıdılması üçün nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Bəs niyə hadisə baş verən gün o nasoslardan heç biri işləməyib? Demək ki, tunelin tikintisi zamanı hansısa nöqsanlara yol verilib. Bəs bu hadisəyə görə məsuliyyəti kimlər daşıyır və onlara hansı cəza verilməlidir? Gələcəkdə belə faciələrin yaşanmaması üçün həmin ərazidə hansı yeniliklər etmək lazımdır? Hadisə ilə bağlı Publika.az-ın suallarını cavablandıran millət vəkili Fazil Mustafa bildirdi ki, adi bir yağıntıdan sonra insan ölümünün olması hamı üçün narahatedici amillərdən biridir: “İlk növbədə bu kimi keçidlərdə su yığımının qarşısını almaq üçün ciddi işlər görmək lazımdır. Ancaq konkret kimin məsuliyyət daşıdığını demək bir qədər çətin məsələdir. Çünki bizdə ayrı-ayrı qurumların səlahiyyətləri elə şəkildə qurulub ki, məsuliyyətin kimin daşıdığını müəyyənləşdirmək də çətinləşir. Əslində bu kimi məsələlərlə bələdiyyəyə məşğul olmalıdır. Bələdiyyə sistemi də bizdə hər hansı bir səlahiyyətə sahib deyil".

Millət vəkili bildirdi ki, bu cür hadisələrin yaşanmaması üçün müəyyən xəbərdarlıq sistemi qurulmalıdır: "Yəni təhlükə varsa, hansısa bir SMS-lə, hansısa bir internet və ya televiziya vasitəsilə vaxtında xəbərdarlıq edilməsi önəmlidir. Yəni ən azı belə bir yağışda insanların avtomobillə küçəyə çıxmaması, vacib işi olmayanların ümumiyyətlə iş yerinə getməməsi, işlərin, təhsilin dayandırılması vacibdir. Bunları mütləq birmənalı şəkildə həll etmək lazımdır. Ancaq çox təəssüf ki, biz hələ də bu sistemi işə sala bilmirik. Belə bir hadisə də üzücüdür, çünki adi bir yağıntıdan sonra insan ölümünün olması təbii ki, hamı üçün narahatedici amillərdən biridir. Yəni bu cür hadisələrə daha hazırlıqlı olmaq lazımdır”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00