“O, çətin məqamlarda hələ də bizə aydın, işıqlı yol göstərir” - Şəhid polkovnikin xanımı / FOTOLAR

12/10/2024 - 04:22

Sevinc Orucova: “Adam elə bil ki, hərbçi olmaq üçün doğulmuş, həyata komandir olmaq üçün gəlmişdi”

“Raquf Orucov şəhid olandan sonra mən şirniyyat bişirməyi tərgitdim...”

 

Böyük şair Məmmədhüseyn Şəhriyar deyirdi: "Şəhidlik bir səadət ki, hər kəs ona yetə bilməz". Bəli, hər bir şəhid ömrü Vətənimizin ucalığıdır. “Şəhidlər ölməz, Vətən bölünməz”,- deyirik. Vətən, torpaq yollarında şirin canlarından keçmiş hər bir şəhidimizin xatirəsi bizim üçün çox əzizdir. Onların ruhu qarşısında ehtiramla baş əyirik. Yeriniz cənnətlik olsun, deyirik.

Bu gün biz şəhidlik zirvəsinə ucalmış Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü   Sevinc xanım Orucova ilə iş yerində söhbət etdik. Məqsədimiz  Qarabağ uğrunda qəhrəmancasına vuruşmuş, ürəyi həmişə Vətən məhəbbəti ilə döyünmüş, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş, polkovnik-leytenant Raquf Orucovun qısa, lakin çox şərəfli ömür yolu ilə daha yaxından tanış olmaqdır.

- Sevinc xanım, öncə Raquf bəy kimi igid, vətənpərvər, qəhrəman bir oğul haqqında həyat yoldaşı olaraq bizə müsahibə verdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. İlk öncə əhvalınızı bilmək istərdik...

- Təbii, indi Vətən müharibəsi şəhidlərinin ildönümləridir. Qəhrəman şəhidlərimizin dördüncü ildönümlərini yaşayırıq, onların ailə üzvləri ilə görüşürük, acılarımızı paylaşırıq. Həm də qürur duyulası günlər yaşayırıq. Torpaqlarımızın dörd il bundan öncə hər gün azad olma xəbərlərini eşidirdik. Eyni zamanda, qəhrəman oğullarımızın şəhidlik xəbərini alırdıq, qürurla kədər bir arada. Elə bir gündə sizinlə qarşılaşırıq. Mən sizə təşəkkür edirəm ki, belə bir mövzunu işıqlandırırsınız.

- Sizin üçün şəhid xanımı olmaq nə deməkdir?

- Bilirsiniz, mən şəhidliyə, o məqama, onun anlayışına uca zirvə kimi baxıram. Şəhidlik çox uca bir zirvədir. Mən deyərdim ki, igid oğulların şəhidlik məqamı ən təmiz bir zirvədir. Allah hər bir şəhid qəhrəmanımıza rəhmət eləsin! Onlar özlərinə cənnəti qazanmış insanlardırlar.

Raquf Orucov kimi qəhrəmanla eyni həyatı paylaşmaq, onunla eyni çətin yolları getmək, onun adını daşımaq böyük qürurdur, fəxarətdir. Həm də qəhrəmanın bir ailə üzvü kimi onun şəhidliyi haqda danışmaq, onunla bağlı xatirələri paylaşmaq, onun şəhidliyinin acısını, kədərini yaşamaq qürur verməklə bərabər, böyük kədər hissi verir.

- Əlbəttə, on illər keçsə də, Raquf bəyin yeri sizin qəlbinizdə boş qalacaq, onun yoxluğu ilə heç zaman barışa bilməyəcəksiniz. Bəs, xanımı, ömür-gün yoldaşı olaraq Raquf bəyi necə xarakterizə edərdiniz?

- Mən həmişə söyləyirəm, ən yaxşı dostları, səngər yoldaşları onun haqqında danışa, izah edə bilərlər.  Çünki Raquf bəy onlarla çox zaman keçirdi. Bizim 17 illik ailə həyatı dövründə həmişə çalışırdıq ki, onun yanında olaq. O, çətin bölgələrdə xidmət edib. Raquf bəy çox mərd insan idi. Məni də, övladlarını da öz xarakterinə o qədər uyğunlaşdırmışdı. Mərd, sözü bütöv, əqidəli, çox ağır təbiətli idi. Onda əsl Azərbaycan kişisinin forması var idi. Eyni zamanda, cəsur idi, heç nədən qorxmazdı. Adamda qorxu hissi yox idi. Adam əsl kəşfiyyatçı idi. Hərbçi geyimindən başqa, mülki geyimi çox az idi. Ümumiyyətlə, az alardı, az istifadə edərdi. Həmişə hərbi geyimdə özünü çox rahat hiss edərdi. Adam elə bil ki, hərb üçün, hərbçi olmaq üçün doğulmuşdu, həyata komandir olmaq üçün gəlmişdi. Əsgər geyimi ona o qədər yaraşırdı ki. Yenə də deyirəm ki, o,  sanki vətən üçün yaranmışdı.

Əlbəttə, Raquf Orucov kimi insanın itkisi haqqında danışmaq çox çətindir. Onun əqidəsi haqda sağlığında özünə də deyirdim. Deyirdim ki, bizi də özün kimi əqidəli insan kimi tərbiyə etdin. Bizi deyəndə, yəni özümü, övladlarımızı nəzərdə tuturam. O qədər əqidəli, dürüst insan idi ki, özü cismən olmasa da, nəsə bir plan quranda öz-özümə deyirəm ki, görəsən, Raquf bəy özü sağ olsaydı, buna icazə verərdimi? Həmişə onu düşünürəm. Yəni o qədər onun sərhədləri var idi. Ciddi ailə başçısı idi.

Raquf bəyin 3 qardaşı var. Həmişə özləri də deyir ki, biz heç birimiz onun xarakterində deyilik.

- Necə deyərlər, "insan dünyadan köçür, xatirələri qalır". Onunla bağlı xatirələr tez-tez gözləriniz önünə gəlir?

- Heç unutmadıq ki. Əlbəttə, başqalarını deyə bilmərəm, mənim üçün bu gün də həyatımızın bir parçasıdır.

- Yəqin ki, tez-tez yuxularınıza da gəlir. Yuxularınızda sizə hansısa bir sözü olub?

- Ən çətin anlarımda ruhən də olsa, dəstəyini mən və övladlarımız hiss eləmişik. Hansı ki, övladlarımızla bağlı qərar qəbul edəcəyimiz anlar olub. Bizim kiçik oğlan iki universitet seçimi arasında qalmışdı. Çox çətin bir məqam idi. Elə bil çətinlik olanda yuxularda yol göstərir. Bizə aydın, işıqlı yol göstərir. Elə günümüz, anımız olmayıb ki, Raqufu düşünmədən keçsin. Elə bir şey ola da bilməz ki, biz Raquf bəyi düşünməyək, onda həyatımızın sonu olar, biz yox olarıq.

- Ümumiyyətlə, nələr onun maraq dairəsində idi?

- Sizi inandırım, onu hərbidən başqa heç nə maraqlandırmırdı. Hətta evə məzuniyyətə gələndə belə, vaxtından tez qayıdardı. O qədər Vətəninə, elinə, obasına bağlı insan idi ki, onun fikri, zikri ancaq müharibə başlansın, torpaqları azad etmək uğrunda döyüşə atılsın… Deyirdi ki, əmr verilən kimi öndə özüm gedəcəm. O, adam mülkü həyatın insanı deyildi. Onun azca boş vaxtları olardısa, kiçik övladımıza vaxt ayırırdı. Elə də vaxtı olmurdu. O insanın dünyəvi nemətlərə marağı olmayıb. Ancaq hərbi geyimdə Vətənə xidmət etməyi düşünüb.

- Sizə, arzularından bəhs edirdi?

- Həmişə deyirdi ki, övladlarımız savadlı olsunlar, oxusunlar. Ən böyük istəyi o idi. Övladlarımızın təhsili onun üçün ən böyük ümdə vəzifə idi. Onların qarşısına qoyurdu ki, mütləq oxumalısınız, yaxşı təhsilə sahib olmalısınız. Çox təəssüf ki, ardıcıllıqla qoyduğu qaydalar həyata keçdi, amma özü o günləri görmədi.

- Maraqlıdır, məzuniyyətə gələndə sizdən hansı yeməyi bişirmənizi istəyirdi? Ən çox hansı yeməyi sevirdi?

- Ən çox sevdiyi yemək dovğa idi. Yəqin ki, çox az adam dovğa sevir, amma o çox sevirdi. Kələm dolmasını sevirdi. Şirniyyatları çox sevirdi. Həmişə özü gələ bilməsə də şəhərdən kimsə gedirdisə mütləq onları hazırlayırdım. Özünün xüsusi yemək qabları vardı, mütləq onları göndərirdik. Hətta şəhidliyindən öncə evə gəlmədən getmişdi. Yəni şəhərə gəlmişdi, amma evə dönmədən hərbi hissəyə dönmüşdü. O yeməkləri hazırlamışdım. Dedim ki, bəs necə olacaq, yeməklər qaldı axı, kiminləsə göndərim? Dedi ki, ehtiyac yoxdur, lazım deyil. Amma həmişə sevdiyi yeməklər onlar idi ki, hazırlayıb göndərirdim. O, şirniyyat yeməyi çox sevirdi. İnanın Raquf Orucov şəhid olandan sonra mən daha şirniyyat bişirmədim. Demək olar ki, artıq şirniyyat bişirməyi tərgitdim.

- Qəhrəman şəhidimizin xanımı olaraq, onun üçün nələri etmədiyinizə görə hələ də özünüzə yer tapa bilmirsiniz?

- Çalışırdım ki, həmişə yanında olum. İndi ən böyük təskinliyim odur ki, nə çətinliyi olur-olsun, mən onu heç vaxt tək qoymadım. Murovundan tutmuş, Haramının düzünə qədər, mən onu tək qoymadım. Yəni harda o çətinliyi yaşadısa mən də onun yanında oldum. Ailə olaraq, çətinlik olanda da birgə qarşılayardıq. Həyatın çətin dönəmində də, ən çətin məqamlarında da arxasında durmağa çalışdım. Az da olsa, bununla özümə təskinlik tapa bilirəm. Ən ağır, ən çətin günlərimizi bir yerdə keçirdik. O problemləri birgə aşdıq, birgə dəf elədik.

- Sevinc xanım, deyirsiniz ki, Raquf bəylə ən ağır, ən çətin günlərinizi bir yerdə keçirdiniz. Bəs, son günlərini necə xatırlayırsınız?

- Son günü mart bayramı idi. Çox şiddətli yağış yağırdı. Çox az olardı ki, o, bayramları evdə olsun. Təsadüfən zəng etdi ki, mən də gəlirəm. Onun evə gəlişi həmişə toy-bayram olurdu. Axırıncı çərşənbə bayramı idi. Çöldə də güclü çovğun var idi. Qardaşlarına zəng etdim ki, Raquf gəlir, hamınız gəlin. Toy- bayramdı. Onun son bir şəkili var, qapımızdan çıxanda uşaqlarla bir yerdə hərbi geyimində… Dedi çox vaxtım yoxdur, yarımca saat evə dəyib çıxacam. Axşam idi. Süfrədə yığıldıq, oturduq. Hətta böyük oğlan Aqşin aşağı tonqal ətrafına düşmüşdü. Evdə yox idi, atası ilə qapı çıxışında görüşdü. Birdən durub gedəndə hərbi geyimdə idi, qardaşı uşaqları başına yığıldı, qaynım dedi ki, gəl sizin şəkilinizi çəkim. Elə o şəkil son şəkil oldu, uşaqların xatirəsində. Dörd uşaq ətrafına yığıldı, onunla o şəkili çəkdirdilər. Hamısı qürurla dayanıblar. Hamısı gülərüzlü, sevincli dayanıblar. Ən axırıncı, sonuncu da o şəkil oldu.

- Məzuniyyətə gələndə ailəvi istirahətə üstünlük verirdi, yoxsa...

- Yox. Heç ailəvi istirahətimiz olmadı. Hamı şəkil paylaşır. Deyirəm, vallah, bizim o günümüz olmayıb ki, həmin günlərimizin şəklini paylaşaq. Biz düşünürdük ki, nə zamansa müharibə bitər, təqaüdə çıxar, xoş günlər ondan sonra başlayar, ondan sonra biz özümüzə vaxt ayırarıq. Heç bizim ailəvi şəkilimiz olmadı. Həmişə biz harasa getmək istəyəndə özümüz gedirdik, digər ailə üzvlərimizlə, qayınlarımla. O, deyirdi ki, mən xidmətdəyəm, vaxtım yoxdur, hərbi hissəni qoyub çıxa bilmərəm.

- Siz onunla evlənəndə bilirdiniz ki, hərbçi ilə ailə həyatı qurursunuz. O zaman ailə həyatı quranda çətinliyə sinə gərməyə mənən hazır idiniz?

- Bu qədər çətin olacağını həqiqətən də təsəvvür etməmişdim. Sonra Murovun çətinliyini gördükcə bərkidik. Bilirsiniz, ən böyük çətinlik o dövrdə idi. O çətin illərdən 20 ildən artıq vaxt keçib. Getdikcə çətinlikləri gördükcə deyirsən ki, o nə çətinlik idi ki. Hər bir çətinlikdə Raquf bəy arxamızda idi. Bütün çətinliklərimizi özü həll edirdi. Çətinlik bu idi. Ən böyük çətinlik insan itkisidir. İnsanın yoxluğudur. Ən böyük çətinliyi indi yaşayırıq.(Kövrəlir.)

- Övladlarınızın atasının yolunu davam etdirməsini, hərbçi olmasını istərdiniz?

- Bu, onların seçimidir. Məncə, hər adam da hərbçi ola bilməz. Hər adam o çətin yükü, çətinliyi daşıya bilməz. Mən o çətin yükü də övladlarıma yükləyə bilmərəm. Özləri istəməli, özləri arzulamalıdır. Hərbçi olmaq üçün də insanda böyük güc, qüvvət lazımdır. Oğlumuzun biri Dövlət İctimai Münasibətlər fakültəsini oxudu. Biri də Kompüter Mühəndisliyi üzrə oxuyur. Harda olurlar olsunlar, mən əminəm ki, onlar da öz olduqları mövqedə, oxuduqları məqamda, vəzifədə mütləq ataları Raquf Orucov kimi Vətənə, millətə xidmət edəcəklər.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00