"PUTİN GÜNÜ SABAH YOXA ÇIXA BİLƏR..." - "Onlar Krım da daxil olmaqla, hər şeyi təhvil verəcəklər"
"Ətrafı Putindən sonrakı həyata hazırlaşır"
"Putinin əyanları nəsə bilirlər, ona görə sərbəstləşiblər..."
"Müharibə dövründə Putini dəyişmək olmaz. Çünki Rusiyada hər şey paslı mismardan asılmış kimi, Putindən asılı vəziyyətdədir".
Bu barədə Donbasdakı separatçılıq hərəkatının banilərindən biri, sabiq FTX polkovniki və Haaqa Məhkəməsinin barəsində qiyabi ömürlük həbs cəzası hökmü çıxardığı İqor Strelkov (Qirkin) son müsahibəsində bildirib.
Kifayət qədər böyük maraq doğuran bu müsahibəsində Putinə heç vaxt xüsusi böyük rəğbət bəsləmədiyini açıq şəkildə deyən Qirkin bildirib ki, Rusiyada çox paradoksal vəziyyət yaranıb. Belə ki, onun fikrincə, bir tərəfdən Vladimir Putinin hazırkı idarəçiliyi Rusiyanı Ukraynada davam edən savaşda qaçılmaz məğlubiyyətə və Rusiyanın özünün parçalanmasına sürükləyir, digər tərəfdən isə onun dərhal hakimiyyətdən hansısa formada getməsi Rusiyaya daha böyük faciələr və daxili qarşıdurma gətirə bilər.
İqor Strelkov(Qirkin)
Yəni, Rusiyanı fəlakətə sürükləsə də, hazırda Putinin hakimiyyətdən kənarlaşdırılması Rusiyanın milli maraqlarına uyğun deyil: "Paradoks ondan ibarətdir ki, bizdə Putinin birbaşa iştirakı ilə yaradılan, "dəyişməz və alternativsiz prezidentli" və tamamilə fəaliyyət qabiliyyəti olmayan hakimiyyət mövcuddur. Ancaq eyni zamanda da belə bir Prezidentin dəyişdirilməsi bizim üçün dərhal fəlakətin baş verməsi deməkdir. Çoxları ümid edirdi ki, bu dilemmadan çıxmağın yolu kimi Prezident heç olmasa özünü qorumaq hissindən çıxış edərək, öz ətrafının yenilənməsi proqramını işə salar, "əvəzolunmaz və alternativsiz" nazirlərini, yaxın ətrafını dəyişər.
Amma o, hərbi əməliyyatların davam etdiyi bir il ərzində heç nə etmədi. Yalnız qəti olaraq ağlını itirmiş Raqozini("Roskosmos"un sabiq başçısı-red.) çıxarmaqdan başqa...Onu da ancaq görəndən sonra ki, bu adam ağlını itirib, onda şizofreniya var və sair. Digərləri isə öz vəzifələrindədir.
Buna baxmayaraq, Putinin istənilən formada devrilməsi - təbii səbəblərdən ölməsi, hakimiyyətdən devrilməsi, yaxud televiziyaya çıxıb deməsi ki, "mən yorulmuşam, gedirəm" - dərhal ölkədəki daxili vəziyyəti, daxili stabilliyi çökdürəcək və bizi xarici məğlubiyyətə gətirəcək. İndiki dövrdə isə bu məğlubiyyət hakimiyyətə tamamilə işğalçı bir qüvvənin gəlməsi ilə nəticələnəcək. Həmin hakimiyyətdə, sizi deyə bilmərəm, ancaq mənim mütləq "qollarımı sındıracaqlar", doğrudur, Haaqaya(Haaqa məhkəməsinə-red.) göndərməyəcəklər, amma barəmdə deyəcəklər ki, qəflətən "öskürəkdən", yaxud başqa bir səbəbdən öldü. Söhbət heç məndən də getmir, cəhənnəmə olsun...
Ancaq onlar Krım da daxil olmaqla, hər şeyi təhvil verəcəklər və bizi Çinə qarşı çevirməyə başlayacaqlar. Təbii ki, Çin buna sakit baxmayacaq və bunun ardınca, ölkənin parçalanması, "hamının hamıya qarşı müharibəsi" - vətəndaş müharibəsi prosesi işə düşəcək. Mən hətta istisna etmirəm ki, biz artıq buna məhkumuq".
Qirkin Putini heç nə etməyən, "yalnız yeməyi və yatmağı bacaran" nağıl qəhrəmanlarına bənzədərək, deyib: "Yeri gəlmişkən, o(Putin-red.), getmək və tarixdə indikindən daha yaxşı qalmaq şanslarına malik olub. İndiki - hər şeyi "batırmış" adam kimi yox. Sadəcə, hər şeyi!...
Putin nəzəri olaraq, onu gözləyən aqibətdən qaça bilər. Ancaq o, bunu başa düşə bilirmi? Məncə, yox. Başa düşsəydi, nə Şoyqu, nə Gerasimov, nə Priqojin və başqaları sahədə olmazdı. Ən azından onların daha fəaliyyət qabiliyyətli birilərilə dəyişdirilməsi prosesi başlayardı...
Mən Surovikinə hər nə qədər skeptik yanaşsam da, o, heç olmasa, hərbi baxımdan peşəkardır və hərb işindən nəsə başa düşür. Özü də heç də pis başa düşmür. Buna baxmayaraq, Surovikini kənarlaşdırıb, Şoyqunun və Gerasimovun, hər şeyi batırsalar da, "dağ başına qaldırılması" deqradasiya və əks istiqamətdə hərəkət deməkdir. Bu, o deməkdir ki, hakimiyyət həm hərbi, həm də digər situasiyanı qətiyyən adekvat qiymətləndirmir..."
Putini II Nikolayla müqayisə edən Qirkin hesab edir ki, çar Nikolay daha vətənpərvər, məsuliyyətli və çalışqan insan olub. Buna baxmayaraq, onun və həmin vaxtkı çar Rusiyasının taleyi təkrar olunmaq ərəfəsindədir: "Tarix təkrarlanır. Bir dəfə faciə, bir dəfə isə fars şəklində... Bizim 1917-ci ilin fevral hadisələrini daha qanlı şəkildə yaşamaq şansımız var. Odur ki, qoy otursun(Putini nəzərdə tutur-red.) və sona qədər dözsün. Yox, o başqa məsələdir ki, qaçsa və "mən getdim, mənsiz həll edin" desə, o zaman hər şey dağılmağa başlayacaq..."
Özünün də Kreml daxilindəki qruplaşmalardan birinə xidmət etdiyi iddia olunan Qirkin hesab edir ki, hələlik millətçi və vətənpərvər qüvvələr zəif olduğundan, Aleksey Navalnı ilə Putin arasında seçim edərkən, ikinciyə üstünlük verməyə məcburdurlar.
O, Putinin sağlamlığı və oxşarları barədə də maraqlı fikirlər səsləndirib: "Məsələn, Prezidentin sağlıq durumu faktiki olaraq, Rusiya Federasiyasının ən başlıca dövlət sirridir. Əgər insanlar onun(Putinin-red.) ümumiyyətlə, həyatda olmasına şübhə ilə yanaşmağa başlayıblarsa, daha nə demək olar? Mən hesab edirəm ki, o, həyatdadır və bunun üçün də arqumentlərim var. Lakin o, istənilən an yoxa çıxa da bilər. Günü sabah oyanarsınız, o isə yoxdur... O zaman öncədən proqnozlaşdırılması mümkün olmayan hadisələr baş verəcək.
Ancaq bizim - rus millətçiləri və vətənpərvərlərinin buna aidiyyatı olmayacaq və olmamalıdır. Çünki xalq qarşısında belə bir məsuliyyəti öz üzərinə götürmək... Mən hesab edirəm ki, bu, cinayətdir. Putin hakimiyyətdə qaldıqca, heç olmasa, normal rus vətənpərvər qüvvələrinin yaranacağına müəyyən ümid qalır...
Bunlar zaman keçdikcə, ictimai qüvvəyə çevrilə və siyasi forma ala bilər. Bu meyl artıq var... Ancaq sabah Putin olmasa, "paslı mismarı" çıxarsalar, bizdə belə bir qüvvə olmayacaq...
Yenə deyirəm, onun sağlıq durumu sirrdir. Ümumiyyətlə, bu adam (Putin-red.) artıq cavan deyil. Bəlkə o, hansısa plastik əməliyyatdan sonra balaca bir evdə, sakit yaşamaq istəyir? Onun oxşarlarını nəzərə alsaq, hansılar ki, meydançalarda "oyun çıxarırlar"... Mənə onun oxşarları barədə suallar verirlər.
Elementar məntiq var. Məsələn, biz generalları, əsgərləri mükafatlandıran, gülümsəyən və sifəti onun (Putinin-red.) təbii sifətilə demək olar identik olan bir Prezidenti görürük. Bunlardan təxminən ikisi var - kiminsə qarşısında çıxış edirlər, həvəslə birgə şəkil çəkdirirlər, mükafat verirlər. Onlardan biri danışır, digəri foto çəkdirir və s. Məncə, onlar bir-birindən azca fərqlənirlər.
Eyni zamanda da bizə Milad günündə kilsədə yalnız, tək dayanan Prezidenti göstərirlər. Kilsədə tək dayanır, yanında heç kim yoxdur. Kilsədə tək onun üçün xidmət göstərilir. Bu, nə deməkdir? Sonra o, hasid(Yəhudi din adamları-red.) dostları ilə görüşür. Onlarla eyni masanın arxasında otururlar, lakin aralarında 20 metr məsafə var. Yaxud, başqa birilərini qəbul edir və onları masanın o biri başında oturdur, mikrofonla danışdırır. Bax, niyə?
Niyə bunlardan biri kütlənin arasına çıxır, medal paylayır, qucaqlaşır, birgə şəkil çəkdirir, digəri isə heç öz nazirlərini də yaxına buraxmır, məsafə saxlayır? Yəni, öz nazirlərindən kütlədəki adamlardan daha çox qorxur? Qorxur ki, onlar(nazirlər-red.) onun üzərinə atılıb, boğacaqlar, qanını içəcəklər? Yox. Sadəcə, bunlar ayrı-ayrı adamlardır.
Ya, bir Prezident var ki, ağır xəstədir və istənilən infeksiya onun üçün ölümcül dərəcədə təhlükəlidir, ona görə özünütəcriddədir. Ya, o da koronavirus qorxusu əsasında ağlını itirib. Yəni, hər tərəfdə ləğv olunub, onun bunkerində isə hələ də koronavirusla mübarizə aparılır. Hər iki versiya Prezident üçün (müsbət) göstərici deyil. "Baba sağlamdır" təsəvvürü yaratmaq üçün isə ortalığa onun identik oxşarını buraxırlar. Mən bunu yalnız belə görürəm..."
Bununla yanaşı, Qirkin hesab edir ki, gerçək Putin sağdır, lakin ölkədəki və hakimiyyətdəki vəziyyəti lazımi şəkildə idarə etmək iqtidarında deyil: "Onun sağ olduğuna niyə əminəm? Ona görə ki, əks halda onlar(Putinin ətrafı-red.) bir-biri ilə savaşardılar. Bu yaxınlarda Priqojinlə Gerasimov və Şoyqu arasındakı "polemika" göstərdi ki, onun(Putinin-red.) ətrafında nizam-intizam "plintusdan da aşağı" səviyyədədir. Əvvəllər onlar belə şeylərə cəsarət etmirdilər. İndi isə onlar Putindən sonrakı həyata hazırlaşırlar. Bunun sabah, yoxsa bir ildən, iki ildən sonra baş verəcəyini demək olmur. Ancaq onun daxildən məlumatlı əyanları nəsə bilirlər və ona görə də bu cür sərbəstləşiblər. Çəkinmədən bir-birilərinə dişlərini qıcayırlar...
Onların hələ ki, (Putini əvəz edəcək) rəsmi varisi yoxdur. Ancaq bu baş verən kimi, dərhal bir-birilərinin boğazından yapışacaqlar. Bəlkə də onlar daxildə varisin irəli sürülməsi prosesini təşkil etməyə çalışırlar... Artıq hal-hazırda açıq-aşkar Kremlin bir neçə "qülləsi" görünür - Priqojin, Şoyqu, hətta Medvedevin timsalında".
Daha sonra sabiq Rusiya Prezidenti və Baş naziri, hazırda isə Rusiya TŞ katibinin müavini vəzifəsini tutan Medvedevi ələ salan Qirkin deyib: " Medvedev bəlkə də özü özbaşına atlanıb-düşür. Yeri gəlmişkən, Medvedevlə Raqozin özlərini çox oxşar şəkildə aparırlar. "Çox gözəl insanlardır". Hardasa oxudum ki, Medvedev bir günə, bir axşama Finlandiyanı yenəcəyinə söz verib. Qarşısında isə "Finlandiya" arağı durur(sən demə, eyni adlı arağı nəzrdə tuturmuş-red.). Yəni, süzün..."
Ümumiyyətlə, Qirkinin son müsahibəsinin ümumi aurası onu deməyə əsas verir ki, Putin getdikcə, nəinki Ukrayna savaşında, hətta Rusiya hərbi-siyasi elitasında və öz ətrafında baş verənlərə nəzarət etməkdə çətinlik çəkir.
Cəlal Məmmədov
Azpolitika.info