YAŞLI QADINA QARŞI DƏLƏDUZLUQ – Bankda aldadaraq, evini girov qoydular...

19/11/2024 - 16:01

Nigar Həsənzadə: ““Bank Respublika “ pulu kimə veribsə gedib ondan tələb etsin”
 
Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatda olan Həsənzadə Nigar Zəkiş qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:
“Yazıb bildirmək istəyirəm ki, 2008-ci ildə “Bank Respublika” ASC-nin “Azadlıq” filialından 10 min dollar məbləğində kredit götürmüşəm. Bunun qarşılığında anam öz evini həmin bankda girov qoydu. Beləliklə, 2010-cu ildə krediti ödəyib bitirdim.
Qeyd edim ki, biz kredit götürən zaman oarada bir nəfər var idi. Həmin şəxs bankın içində gəzir, müdiri ilə oturur, söhbət edirdi. Biz elə başa düşdük ki, bankın işçisidir. Çünki o, özünü belə təqdim etmişdi. Sən demə, həmin şəxs dələduz imiş.
Krediti ödədikdən sonra bu şəxs bizə gəlib, anama deyib ki, qızınızın krediti bitib, banka gedək, imza çəkib sənədlərinizi götürün. Anam da razılaşıb. Birlikdə banka gediblər. Orada anama sənədlərə imza çəkdiriblər. Anam sənədləri tələb edəndə bildiriblər ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindədir, bir həftəyə sizə verəcəyik. Həmin gündən dələduz yoxa çıxdı. Sonra həmin şəxs tapılmadı.
2016-cı ildə Sabunçu Rayon Məhkəməsindən bildiriş gəldi. Məlum oldu ki, dələduz bizim evi banka girov qoyub. Ödəniş olmadığı üçün məhkəmə qərar çıxardı ki, ev bankın xeyrinə satılsın.
Bildirim ki, bu, dələduzun ilk əməli deyil. Digər zərərçəkmiş şəxslər də məhkəməyə şikayət ediblər. Bu kimi əməllərinə görə ona Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə 11 il cəza verildi. Azyaşlı uşağı olduğuna görə, cəzasını 7 ilə endirdilər.
2021-ci ildə biz də şikayət etdik, zərərçəkmiş kimi tanındıq. Dələduz anamı aldadıb. Aldatdığı barədə əlimizdə Nərimanov rayonunun ittiham aktı, Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkməsinin hökmün qanuni qüvvədə saxlanılması haqqında qərarları var. Biz yeni açılmış hal kimi Ali Məhkəmənin Plenimuna şikayət versək də, şikayətimiz təmin olunmadı.
Bu müqavilə dələduzluq yolu ilə bağlanılıb, etibarsız sayılmalıdır. Amma imkanımız olmadığı üçün səsimizi eşidən yoxdur.
Konstitusiya Məhkəməsinə də şikayət etdik. Orda da işimizə baxılmadı. İndi yenidən Ali Məhkəməyə müraciət etmişik. İş hal-hazırda ordadır. Bilirik ki, yenə də işimizə baxılmayacaq. Hər dəfə bir bəhanə edirlər. Deyirlər ki, müddət ötüb, yeni açılmış hal yoxdur.
İndi bizim evimizi hərraca çıxarmaq istəyirlər. Bu haqsızlığa necə dözmək olar?! Axı, bu, yeganə yaşayış yerimizdir.
Mən Ali Məhkəmənin sədri İnam Kərimovun qəbulunda oldum. Hər şeyi ona danışdım. Dedi ki, “bu məsələ mənə də maraqlı gəldi, insanlar zərər çəkib, müqavilə etibarsız sayılmalıdır. Yeni açılmış hal kimi icraata götürülməlidir”. İnam Kərimov Ali Məhkəmənin hakimi Sənan Hacıyeva göstəriş verdi. Buna baxmayaraq icraata götürmədilər, yenidən geri qaytardılar.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun iki dəfə qəbulunda oldum. Sənədlərimə baxdı. Bildirdi ki, sizin evinizi heç kim əlinizdən ala bilməz. Sonra məni Fuad Ələsgərovla görüşməyə qoymadılar.
“Bank Respublika” pulu kimə veribsə, gedib ondan tələb etsin. Əlimdə dələduzun izahatı var. Bütün məhkəmələrə də surətini təqdim etmişəm. Əslini də Apellyasiya Məhkəməsinə göndərmişəm”.

Aynurə İSMAYIL
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.