“Azərbaycanda jurnalist olmaq olduqca çətindir” – KAMRAN HƏSƏNLİ

22/11/2023 - 22:23

“O konsepti, Kamranı qoydular kənara, ona görə də televizyanı bu günə, belə hala saldılar…”

Uşaqlıqdan verilişlərinə sevə-sevə baxdığım Kamran Həsənlidən müsahibə götürməyi çoxdan istəyirdim. Bu günlərdə dəyərli teleaparıcımızla görüşümüz baş tutdu. Onunla televiziyamızın dünənindən, bu günündən danışdıq və sabahının necə olacağı ilə bağlı fikirlərini öyrəndik. Buyrun, oxuyun.

(Əvvəli bu linkdə: “Bizim televiziyalar “əyri güzgü”dür”)

- Kamran müəllim, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin millətlər arası münasibət üzrə müşaviri olmusunuz. Həmin dönəmdə Əbülfəz bəylə televiziyaların, yaxud da çap mediasının durumu haqda söhbətləriniz olub?

- Bəli, Əbülfəz bəyin millətlərarası münasibət üzrə müşaviri olmuşam. Bizim Əbülfəz bəylə müşavir olmamışdan da əvvəl söhbətlərimiz olub. Televiziyada aparıcı olmaq uşaqlıq arzum idi. Onun üçün də Xalq Cəbhəsinin içində, Nəsimi rayonundan Ali Məclisin üzvi seçilmişdim. Konservatoriyada dayaq dəstəsinin sədri olduğuma görə, sədr kimi qərargaha gedib-gəlirdim. Məni həmin dayaq dəstəsindən AXC Ali Məclisinin nümayəndəsi seçmişdilər. Əbülfəz bəyin müşaviri idim.

Mən 2000-ci ildə televiziyaya gəlmişəm. Əbülfəz bəy də o dövrdə rəhmətə gedib. Onda televiziya bu gündə deyildi. Televiziyada tamaşalarımız da əla idi. Siyavuş Aslanın, Yaşar Nurinin iştirak etdiyi, Ramiz Həsənoğlunun rejissorluq etdiyi tamaşalar çox möhtəşəm idi. Moskovada heç elə tamaşalar yox idi. O vaxt AzTV kanalı da çox mükəmməl idi. O vaxtkı diktorlarımız Rafiq Hüseynov, Rafiq Haşımov və bir çoxlarını deyə bilərəm ki, onlar çox möhtəşəm verilişlər hazırlayırdılar. O illərdə Azərbaycan televiziyasının tarixi uğurlu, şanlı bir tarix idi. Biz onu necə tənqid edə bilərdik? Yeni konsept düzətmək istəyirdik. Biz onu “Space” TV-də etdik, filmlər çəkdik, uğurlu layihələr hazırladıq. Sonra o konsepti, Kamranı qoydular kənara, ona görə də televizyanı bu günə, belə hala saldılar.

O vaxt “Space” TV çox güclü idi. Təkcə mənim verilişimin deyil, Brilliant xanımın "Dünyanı gözəllik xilas edəcək", "Çardaq", "Bu şəhər"də, "Sabah", "Günaydın" verilişlərinin hər birinin öz fanat ordusu var idi. "İşdən sonra", "Çal-çağır" verilişləri vardı, onlar qüdrətli verilişlər idi. Onda hətta teatr afişasını da göstərirdilər. Hansı teatrda tamaşalar olacağını xəbərdar edirdik, insanları dəvət edirdik, gəlib baxırdılar.

2000-ci illərə qədər televiziyanı Əbülfəz Elçibəylə az müzakirə etmişik. Biz daha çox dünya siyasətini müzakirə etmişik. O dövr üçün mən televiziyanı uğursuz saymırdım. O dövrə görə Azərbaycan televiziyası 15 respublikadan, hətta Rusiyadan da geri qalmırdı. Radiomuz da çox əla idi. “Piri babanın nağılları” indiyə kimi yadımızdadır, Soltan Hacıbəyovun “Karvan” sinfonik əsərilə başlayırdı. Bütün uşaqlar qaçırdılar, inanırdılar ki, doğrudan da “Piri baba”dır, Hüseynağa Sadıqov idi. Televiziyadakı obrazına görə, ona uşaqlar “xoruz baba” deyirdilər.

“Poçtalyon əmi”, “Ələkbər əmi” var idi, "Hər birimiz bir çiçək" adlı veriliş aparırdı, yeri cənnətlik olsun. Uşaqlar üçün nə gözəl verilişlər var idi. Heç Türkiyə verilişlərindən geri qalmırdı. Uşaqların hamısı ona Ələkbər əmi deyirdi.

Radioda “Sandıqca”, "Bulaq" adlı veriliş var idi. Azərbaycan türkcəsinin ən gözəl, ən böyük nümunəsi idi. Məhluqə Sadıqova ilə, Səməndər Rzayev o verilişi aparırdı. Məhluqə Sadıqovanın, Səməndər Rzayevin səsi ilə, tembri ilə biz onu necə tənqid edə bilərdik? Biz ordan ancaq öyrənirdik, nələrisə beynimizə, hafizəmizə əxz edirdik.

- Əbülfəz Elçibəyi zamanında tənqid, hətta təhqir edən qəzetlər olurdu. Maraqlıdır, onun reaksiyası necə olurdu?

- Öncə onu deyim ki, biz də o məktəb keçmişik. İndi görürsünüz də, son hadisələrə görə mənim üstümə hücum edirlər. Dediklərində bir ideya, məntiq yox. Onlara necə münasibət bəsləmək lazımdır, bunu mən Əbülfəz Elçibəydən öyrənmişəm. Təsəvvür edin ki, aslan keçir, hansısa tindən balaca bir küçük hürür. Aslan ona dönüb reaksiya versə, o itin dalınca qaçsa, aslanın özü də gözdən düşər.

Əblüfəz bəy dünya siyasətini bilən, milli düşüncəli, ən əsası milli, milliyyətçi adam idi. Canıyla, varlığıyla təmiz insan idi. Heç kimin ağılına gəlməzdi ki, ona nəsə təklif eləsin. İnsan o qədər təmiz idi ki, onun tənqidi fikirlərə münasibəti necə idisə, indi də bizim küncdə-bucaqda danışanlara münasibətimiz elədir. Təbii ki, o məktəbin yetirmələri tək mən deyiləm. O məktəbin yetirmələri çoxdur. Ona görə, onun da münasibəti elə idi. Kim harda onu tənqid edirdisə, o haqda bizim müzakirəmiz olmurdu. O yüksək ideyalardan çox danışırdı.

- Bu gün ölkəmizdə yazılı medianın durumu daha acınacaqlıdır, qəzetlər tədricən sıradan çıxır, yaxud çıxarılır. Sizcə, qəzetləri qoruyub saxlamaq, yoxsa birdəfəlik “kökünü kəsmək” lazımdır?

- Bu, təkcə Azərbaycanın problemi deyil. Dünya dəyişir, texnologiya dəyişir. Bu gün insanlar istəyir ki, daha çox qısa videlara qulaq assınlar. Həyatın dinamikası artıb. Amma dünyada o məşhur qəzetlər yerində qalıblar. Çox təəssüf ki, indi onların cəmiyyətə verdiyi xeyirdən daha çox ziyan var. Çünki qəzetlər artıq hansısa klanların, hansısa maraqlı partiyaların təsiri altına düşürlər. Ona görə, bu mətbuatın krizisi təkcə Azərbaycanda deyil, bütün dünyada var. Bu, yalnız Azərbaycanda baş vermir. Bizə deyirlər ki, bizdə oxumaq, mütaliə etmək problemi var. Söz yox, bu problem var. Vaxtilə bizdə kitab oxumaq problemi var idisə, indi də qəzet oxumaq problemi dünyanın hər yerində var. Bu dünyəvi, qlobal problemdir.

- Sonda peşəkar bir aparıcı kimi, gənc jurnalistlərə nə tövsiyə edərdiniz?

- Vallah, mən elə bir statusda deyiləm ki, gənclərə nəsə tövsiyə edim. Kamran Həsənli kimi deyə bilərəm ki, haqqı danışmaq, həqiqəti danışmaq, maddiyyata əyilməmək, milli düşüncəni həmişə üstdə saxlamaq, bütün başqa dəyərləri milli düşüncəyə, milli maraqlara yönəltmək lazımdır. Gənc jurnalistlərə onu tövsiyə edə bilərəm. Məncə, jurnalistika belə olmalıdır, çünki jurnalistlərə “dördüncü hakimiyyət” deyirlər. Jurnalistlər dünyada çox böyük rolu olan, həm də çətin bir peşə sahibidir. Mən indiyə kimi varlı jurnalist görməmişəm. Görmüşəm, Amerikada, Avropa ölkələrində. Bizdə jurnalist olmaq olduqca çətindir. Amma bu çətinliyə sinə gərməyi tövsiyə yox, arzu edə bilərəm. Arzum budur ki, bu çətinliyə sinə gərsinlər.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ