“Sanki hər şey madiyyata çevirilib, bu, ədəbiyyat üçün yolverilməzdir...” – RƏSMİYYƏ SABİR

01/12/2023 - 13:21

“Mən şairəm, iqtisadçıyam, öz həyatımdan, olduğum yerdən məmnunam”

Müsahibimiz Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabirdir. Onunla yaradıcılığı haqda söhbət etdik. Buyurun, izləyin.

- Rəsmiyyə xanım, siz iqtisadiyyat üzrə alim olsanız da, şairə kimi daha çox tanındınız. Sizcə, bu nə ilə əlaqədardır?

- Poeziya daha məşhurdur, nəinki elm sahəsi. Özümüz də o vaxtı  elm adamlarını az tanıyırdıq. Amma şairləri, bəstəkarları, aktrisaları tanıyırdıq. Çünki sənət daha öndə olan sahədir, nəinki elm. Təəssüflər olsun ki, bu daha çox önə keçir. Baxmayaraq ki, XXI əsr elm, informasiyalar, texnologiyalar, dördüncü sənaye qlobal əsridir, buna baxmayaraq, yenə də elm arxa plana keçir. Sənət öndədir, önə keçməyə də davam edir. Düşünürəm ki, burda rəqəmsallaşmanın da çox böyük rolu var. Dediyim kimi, mənim yazdığım bir məqaləni dünyanın elektron platformalarında onlarla mütəxəssis, kimə lazımdırsa oxuyurlar. Amma musiqi elədir ki, müəllim də, şair də, həkim də, mühəndis də, jurnalist də, hər kəs dinləyir. Mən iqtisadçı alim olaraq kiməsə maraqlı olmaya bilərəm. Amma mənim yazdığım nəğmələr bütün kateqoriyada olan insanlar - qocası, cavanı, yaşlısı, böyüyü, uşağı və işlədiyi sahədən asılı olmayaraq hər bir kəsin zövqü üçündür. Burda təbii ki, zövq məsələsi də var. Mahnılarımı hər bir kəs dinləyə bilir. Ona görə də şair kimi daha çox məşhuram, nəinki iqtisadçı alim kimi.

Onu da qeyd edim ki, iqtisadçılar arasında kifayət qədər tanınıram. Düşünürəm ki, Azərbaycanı da iqtisadiyyat sahəsində layiqincə beynəlxalq konfranslarda təmsil etməyi bacarıram.

- Beynəlxalq konfranslarda, başqa mühim tədbirlərdə sizi necə təqdim etmələrini istərdiniz: iqtisadçı alim Rəsmiyyə Abdullayeva, yoxsa şairə Rəsmiyyə Sabir?

- Rəsmiyyə Sabir. Məncə, elə hər ikisi eyni adı ifadə edir. Mən bu yaxınlarda bir kitaba ön söz yazdım. Yubiley kitabıdır. Mən ora nə şair olduğumu, nə də iqtisadiyyat üzrə doktor olmağımı yazmadım. Sadəcə, Rəsmiyyə Sabir yazdım. Məncə, Rəsmiyyə Sabir özündə hər ikisini ehtiva edir. Düzdür, sonradan kitabın tərtibçiləri yazmışdılar. Amma mən adımı hər yerdə Rəsmiyyə Sabir yazıram. Baxmayaraq ki, soyadım Abdullayevadır, amma məni cəmiyyət Rəsmiyyə Sabir kimi tanıyır.

Maraqlı bir faktı da deyim. İki il bundan qabaq verilişlərin birinə getmişdim. İki il bundan öncə layihə icra edirdik. Elm sahəsində Rəsmiyyə Abdullayeva olaraq tanınıram. Bilirsiniz, Sabir mənim ata adımdır. Atamın adını özümə təxəllüs götürmüşəm. Əvvəldə dediyim kimi, şair kimi Rəsmiyyə Sabir imzası ilə çox tanınıram. Televiziyaların birində mənə dedilər ki, Rəsmiyyə xanım siz gəlmisiniz? Yox biz Rəsmiyyə Sabiri yox, Rəsmiyyə Abdullayevanı gözləyirik.(Gülür)

Mən dedim ki, Rəsmiyyə Sabir və Rəsmiyyə Abdullayeva eyni adamlardır. Elm sahəsində məni Rəsmiyyə Abdullayeva, poeziyada isə Rəsmiyyə Sabir olaraq tanıyırlar.

Rəsmiyyə Abdullayeva soyadını Rəsmiyyə Sabir soyadı ilə əvəz edəcəm, çünki qarşılıq yaradır.

- Müsahibələrinizin birində demisiniz ki, uşaq yaşlarınızdan şeir yazırsınız. Ədəbi mühitə hansı şeirinizlə qədəm qoydunuz?

- Əslinə qalanda uşaqlıqdan yazıram. Dünən də bir ingilis dilli mətbu orqan məndən müsahibə götürdü. Onlar da bu sualı vermişdilər ki, ilk şeirinizi necə yazdınız? Onun da tarixçəsini anlatdım. 9 yaşımda yazdığım şeir idi. Ədəbiyyata hansı şeirlə gəldiyimi, düzü, xatırlamıram. Amma ilk şeirlərim "Rezonans" qəzetində dərc olunub. Şeirdən, yazılı mətbuatdan öncə ilk mahnım haqqında deyə bilərəm.

-  İlk mahnınız hansı idi?

- O mahnını bizim gözəl bəstəkarımız, çox sevdiyim bəstəkarımız, "Əsgər marşı"nı yazan Cavanşir Quliyev bəstələmişdi. İli də yadımda qalıb, o mahnım 1999-cu ildə yazılıb. İlk ifaçısı da Sənubər İsgəndərli olub. O dəqiq xatirəmdə, yadımdadır. Amma ilk şeirimin hansı olduğu dəqiq yadımda deyil. "Rezonans" qəzetində silsilə şeirlərim çıxmışdı. Yoldaşlar vasitəsilə təqdim etmişdim. O vaxt çox gənc idim. Bilmirdim ki, dərc olunacaq, ya yox. Səhəri gəlib gördüm ki, qəzetdə bütün şeirlərimi veriblər. Açığı, indi yadımda deyil, baxmayaraq ki, dərc olunmuş şeirlərimin hamısını qəzetlərdə, kitablarda saxlayıram. Amma indi xatırlamıram.

- Bəs, ilk dəfə şeirinizi kimə oxuduğunuzu xatırlayırsınız? Xatırlayırsınızsa, necə qarşılanmışdı?

- İlk şeirlərimi məktəb yaşlarında yazırdım. O yazdığım şeirləri də gizlədirdim. Sən özün də bizim bğlgədənsə. Bilirsən ki, bizim bölgədə daha konservativ mühitdir. Mən məktəb illərində ədəbiyyatı çox yaxşı oxuyurdum. Baxmayaraq ki, riyaziyyat üzrə mütəxəsis oldum, ədəbiyyat müəllimlərim çox gözəl, çox savadlı müəllimlər idi. Hətta nəinki ədəbiyyat müəllimim, fizika müəllimim də. Vaqif müəllim var idi. O, mənə məktəb yaşlarından elə əsərlər oxutdurmuşdu ki, bəlkə də həmin əsərlərin sayəsində bu yerdə ola bilmişəm. Dostoyevskini, başqa klassikləri mən artıq 5-ci sinifdə oxumuşdum.

Mənim qızım indi 6-cı sinifdə oxuyur. Çox sadə əsərlər oxuyur. Mən onunla müqayisədə qat-qat ağır əsərlər oxuyurdum. İndi zaman çox sürətlə inkişaf edir. Məktəb illərində utandığımdan o şeirlərimi üzə çıxarmadım. İllər keçdi, mən tələbə oldum. Tələbəçiliyi bitirib, aspiranturaya daxil oldum. Biz "Sovetski”də kirayədə yaşayırdıq. Qonşuda Gülarə adında xanım vardı, Bakılı idi. Musiqini, poeziyanı sevən bir xanım idi. Ədəbiyyat adamı, ədəbiyyatşünas deyildi, sadəcə, içində ədəbiyyat sevgisi var idi. Mən bir gün ona şeirlərimi oxudum. O, heyrətlə məni dinlədikdən sonra dedi ki, nə gözəl şeirlərdir, sən bunları niyə üzə çıxarmırsan? O, mənə çox böyük stimul oldu.

Yadıma gəlir ki, həmin illərdə Xanım İsmayılqızının da məşhur mahnıları çıxırdı. O vaxt mobil telefon yox idi. Mən ev telefonu ilə Xanım İsmayılqızına zəng vurdum. İndi Xanım İsmayılqızına mətbuat vasitəsilə də sevgilərimi göndərirəm. Sevdiyim insanlardan biridir. Xanım İsmayılqızı telefonda mənim şeirlərimi eşidən kimi dedi ki, nə gözəl şeirlərdir, dur gəl bizə. Ünvan verdi, mən getdim onların evini tapdım. Qızı Fidan da mənim şeirlərimi oxudu. Çox bəyəndilər. Azı 30 ilin söhbətini edirəm. O şeirlərdən 3 mahnı bəstələdi. Yadıma gəlir, o mahnılardan birini Nüşabə Ələsgərli oxumuşdu.

- Yazarı və oxucusu özünüz olduğunuz şeirləriniz varmı, hansı ki, yazmısınız, amma çap etdirməmisiniz, kimsəyə oxumamısınız.

- Təbii ki, var. “Sandıq ədəbiyyatı” deyirlər də. Təbii ki, mənim də sandıq ədəbiyyatım var. Elə şeirlərimin sayı çox deyil. Amma var. Bəzi şeirlərim var ki, müəyyən müddətdən sonra çap etdirirəm. Bəziləri də var ki, ümumiyyətlə onları bəyənmirəm, heç çap da etdirmirəm. Bu yaxınlarda sosial şəbəkdə bir şeir paylaşmışdım. Çox böyük bəyəni aldı. Halbuki heç özüm də gözləmirdim. Yəni bu dərəcədə bəyənilə bilər. Ona görə də yazıb bəyənmədiyim, çap etdirmədiyim şeirlərimə sandıq ədəbiyyatı demək olar. Ancaq çox sayda deyil.

- Rəsmiyyə xanım, bu gün ədəbi tənqidin tənəzzülə uğradığının şahidiyik. Sizcə, Sovetlər Birliyi dönəmindəki kimi, sağlam ədəbi tənqidin olmaması nə ilə bağlıdır?

- Sovetlər dönəmindəki ədəbi tənqidin nə qədər sağlam olmasını demək mənim üçün bir yazar olaraq çox çətindir. Mən ədəbiyyatşünas deyiləm, tənqidçi deyiləm. O dövrü də o dərəcədə dərin bilmirəm. Amma hər halda indikindən daha sağlam idi. Çünki az-çox bilirəm. Dərindən bilmədiyim üçün fikir yürütmək istəmirəm.

Bir yazar olaraq bugünki ədəbi tənqidi isə qeyri-sağlam hesab edirəm. Niyə? Çünki mən iqtisadçıyam. Azərbaycanda bazar iqtisadiyyatı o demək deyil ki, tənqidçi dolana bilmirsə çox zəif bir yazarın zəif “əsərini” götürüb göylərə qaldırsın. Qarşılığında müəyyən “qonorar” və yaxud hədiyyə, pul alsın, adını nə istəyirsiniz qoya bilərsiniz. Mən bunu bir iqtisadçı alim olaraq qəbul etmirəm. Çünki bazar iqtisadiyyatında sən öz intellektual mülkiyyətini satıb, pul qazana bilərsən. Amma doğru yollarla. Azərbaycandakı tənqidin böyük əksəriyyəti elə deyil.

Bizim vicdanlı tənqidçilərimiz də var. Onlar heç tanışlıq meyarı olmadan gözəl bir əsəri oxuyub tənqid edə, tərifləyə, münasibət  bildirə bilərlər. Böyük əksəriyyəti çox gözəl bilir ki, zəif əsərləri tanışlıq müqabilində, nələrinsə müqabilində tərifləyə bilirlər. Bəzən görürsən ki, gözəl əsərlər yazılır, onun yanından çox sakitcə keçirlər. Çünki maraqları yoxdur. Sanki hər şey madiyyata çevirilib. Belə düşünürəm ki, bu, ədəbiyyat üçün yolverilməz bir haldır. Ədəbi tənqid belə olmalı deyil. Tənqid daha ədalətli, daha sağlam olmalıdır.

Əsl sözə dəyər, qiymət verən tənqidçilərimiz də var. Bir az da insafla danışaq. Təəssüflə deyə bilərəm ki, onların da sayı çox azdır. Bir neçə tənqidçilərimiz var ki, həqiqətən də onlar işlərinə daha peşəkar yanaşırlar.

- Ümumiyyətlə, sizcə, sağlam tənqid olmayan yerdə inkişaf mümkündür?

- Əslində sağlam tənqid olarsa, bu daha yaxşı olar. Amma mən düşünmürəm ki, sağlam tənqid yoxdursa inkişaf olmayacaq. Mən bunu düşünənlərdən deyiləm. O fikri də paylaşmıram. Bugünki günümüzdə ədəbiyyatımız yenə də inkişaf edir. Yenə də yaxşı əsərlər yazılır. Bilirsiniz necədir, əslində, tənqid sonradan yaranmış prosesdir. Birinci əsər yaranıb. Tənqidçi bir yazarın əsəri olmadan nə yazacaq ki?! Təbii ki, onu düzgün dəyərləndirmək, ədəbi prosesləri düzgün qiymətləndirmək, çatışmamazlıqları düzgün göstərmək, yaxşılıqları düzgün göstərmək, müəyyənləşdirmək ədəbiyyatın inkişafına böyük xidmət edir. “Sağlam tənqid yoxdursa ədəbiyyat inkişaf etməyəcək”, - mən bu qənaətdə deyiləm. Düşünürəm ki, Azərbaycan ədəbiyyatı öz axarında inkişaf edir, öz axarında proseslər gedir. Amma o prosesləri, inkişafı keçəndən sonra nə dərəcədə doğru olduğunu müəyyənləşdirə bilirsən.

- Belə bir deyim ki, general olmaq istəməyən əsgərdən əsgər olmaz. AYB ətrafında qalmaqallar baş verdiyi indiki ərəfədə nə vaxtsa, bu quruma sədr olmaq arzusunda olmusunuz?

- Yox, AYB-yə sədr olmağı düşünmürəm. Kim sədr olmağı istəyirsə, Allah arzusuna çatdırsın. Qalmaqallar doğrudan da çoxdur. Son günlər orda gedən gərgin prosesləri izləyirəm. AYB-yə sədr olmaq kimi arzum yoxdur. Mən şairəm, iqtisadçıyam, öz həyatımdan, öz həyat tərzimdən, olduğum yerdən məmnunam. Ona görə də AYB-yə sədr olmaq arzum yoxdur. Gənclər arasında kim sədr olmaq istəyirsə, mən təbii baxıram. Bizim cəmiyyətdə qurultay öncəsi, qurultay sonrası gənclərlə bağlı diskussiyalar getdi. Düşünürəm ki, hər bir insanın ürəyində arzusu var, arzusu ola bilər. Normal mühit olarsa, onu reallaşdıra da bilər. Onu da  qəbul etməliyik ki, post bir dənədir. Ona görə də mübarizə gərgindir.

- Siz həm də nəğməkar şairəsiniz. Heç ürəyinizdən keçib ki, hansısa bəstəkar taleyinizin nəğməsini nota köçürsün?

- Ən yaxşı bəstəkarlarla işləmişəm. Cavanşir Quliyevin adını qeyd etdim. Mənim həyatımda, şair olmağımda, tanınmağımda çox gözəl nəğmələrilə böyük rolu olan, bəstəkarımız var. Sizin də sözlərinizə mahnılar yazıb. Peşəkar bəstəkarımız Nadir Əzimov…

- Bəli.

- Nadir Əzimovun mahnıları dillər əzbəridir. Biz həyatda olmayanda belə, Nadir Əzimovla yazdığımız mahnılar yaşayacaq. "Unutdun", " Əlvida, Cəmilə!", " Uzaqda", " Sən məni unuda bilməyəcəksən", " Alışdım" kimi yüzlərlə nəğməmiz yaşayacaq. Milyonlarla bizi tanımayan belə, yerlərdən bizi izləyirlər. "Əlvida, Cəmilə!" mahnısının Amerikada belə çox saylı dinləyiciləri var. Hətta bu yaxınlarda, adını çəkməyəcəm, tanınmış biridir, ədəbiyyat sferasının adamı deyil, o, biləndə ki, "Əlvida, Cəmilə" mahnısının sözlərini mən yazmışam, heyrətləndi. “Rəsmiyyə xanım, necə ola bilər ki, siz iqtisadçı alimsiniz, həm də gözəl mahnılar yaza bilirsiniz”, - deyə sual etdi. Deyirdi ki, o mahnını diskə yükləmişəm, öz maşınımda qulaq asıram. "Əlvida, Cəmilə!" də çox sevdiyim mahnılardandır.

Nadir Əzimovla, Xanım İsmayılqızı ilə, Novruz Aslanla, Sədaqət Arifqızı ilə işləmişəm. Çox bəstəkarla işləmişəm. Çox gözəl mahnılarım var. Elə mahnı mətnlərim var ki, heç vaxt o şeirlərimi şeir kitablarımda dərc etdirmirəm. Hazırda onuncu kitabım çapa hazırlanır. Bircə mahnı mətnləri kitabım var. O da mən öləndən sonra mahnı mətnlərim itib batmasın deyə, o cür kitab dərc etdirmişdim. Adını da "Unutdun məni" qoymuşdum. Amma "Unutdun məni" mahnı mətnindən sonra çoxlu mahnı mətnlərim yazılıb. Onları hələ dərc etdirməmişəm. Yeri gəlmişkən, onlara da sandıq ədəbiyyatı deyə bilərsiniz. Onlar daha çox bəstəkarlara aiddir. Mahnı kimi araya-ərsəyə gətirsinlər deyə.

Elə mahnı mətnim var ki, "Unutdun"dan, "Əlvida, Cəmilə!"dən qat-qat güclüdür. Amma onlar məşhurluq, mahnıya çevirilmə taleyini yaşaya bilməyib. Və yaxud bəstəkar tərəfindən musiqi bəstələnib, amma ifa olunmayıb. O cür mahnıları taleyi gətirməyən bir qadına bənzədirəm. Bir dəfə Xanım İsmayılqızı ilə bu haqda söhbətimiz olmuşdu. Deyirdi, Rəsmiyyə, mahnılar da insanlar kimidir, xoşbəxt olanı, bədbəxt olanı, bəxti gətirəni və ya gətirməyəni var. Bir də görürsən ki, zəif hesab etdiyin mahnı o qədər populyar olur ki… Bir də görürsən ki, bir mahnının sözləri çox mənalıdır, ancaq elə zəif ifaçının əlinə düşür. O tandem alınmayanda bir ailənin övladı kiminləsə ailə qurdu, ancaq  bəxti gətirmədi, onu xoşbəxt edə bilmədi... Bir az loru bənzətmə olsa da, ona bənzədirəm.

Bizdə sərbəst şeirlərə çox nadir hallarda mahnı yazırlar. Avropada, qardaş Türkiyənin özündə mahnılara diqqət edin, sərbəst mətnlərdir. Bizdə nədənsə, bəstəkarlar sərbəst mətnə nadir hallarda müraciət edirlər. Bizdə bəstəkarlar heca vəznində yazılmış şeirlərə mahnı yazırlar. Mənim mahnılarımın 90-95 faizi heca vəznindədir. Qoşmalara, gəraylıya bəstələnmiş mahnılardır. Bir az balavankada kənara çıxmaqlar olur. Onu da biz musiqiyə söz yazdığımız üçün. Yerdə qalanı hamısı ölçüdədir.

- Bir çox bəstəkarla çalışsanız da, etiraf edək ki, Nadir Əzimovun mahnıları sizə daha çox uğur gətirdi. Onunla tanışlığınız necə baş tutd, işbirliyiniz necə yarandı?

-  Mən sizinlə tamamilə razıyam. Bütün müsahibələrimdə Nadir Əzimovun adının altını qırmızı xəttlə cızaraq qeyd edirəm. Mənim mahnı yaradıcılığımda Nadir müəllimin rolu əvəzsizdir. O biri bəstəkarlarla 4-5 mahnı işləmişəmsə, Nadir müəllimlə yüzə yaxın, bəlkə də çox mahnı işləmişik. Yeri gəlmişkən, Miriş adlı gənc müğənni ilə 4 serialın soundrektini bir yerdə işləmişik: "Bir qadın", " Uçurum", " Dəfinə ağacı", " İntizar". Bu gün televizorda gördüm ki, yenə də "Bir qadın" serialına yazılmış mahnımız verilişdə oxunur. Həm də o mahnıların musiqisini Miriş özü yazıb. Miriş də uğurlu müğənnilərdən, musiqiçilərdən biridir, baxmayaraq ki, özünə bəstəkar demir. Amma müəyyən mahnıları var ki, musiqisini özü yazıb.

Ancaq Nadir Əzimov mənim mahnı yaradıcılığımda ayrı bir yerə malikdir. Mənim mahnı yaradıcılığımı götürsək, onun dörddə biri Nadir Əzimova məxsusdur. Nadir müəllimlə ən gözəl mahnılarımı yazmışam. Təbii ki, onu xüsusi vurğulayacam ki, işbirliyinə necə başladıq.

Onda gənc vaxtlarım idi. Nadir müəllimlə Xanım İsmayılqızı bir yerdə çalışırdı. Həmin vaxt Nadir müəllimə telefon açdım. Həyat yoldaşı, çox sevdiyimiz Lalə xanım ünvanı verdi, onlara getdim. O zaman kitablarım yox idi, sonradan çap olundu. Şeirlərimi adi vərəqlərdə aparmışdım. Şeirlərimi oxudu, çox xoşlarına gəldi. Musiqilər göstərdilər ki, bu musiqilərə sözlər yaza bilərsən? Mənim də heç bir musiqi təhsilim yoxdur. Musiqi təhsili olmadan balvanka yazmaq çox çətindir. O vaxt eşitmişdim ki, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Xanım İsmayılqızı balvankaya söz yaza bilir. Vaqif Səmədoğlunun musiqi təhsili də var. Nadir Əzimovun musiqilərinə, balvankaya Xanım İsmayılqızı xeyli söz yazmışdı. Mənə təklif etdilər, qulaq asdım. Dedim ki, götürürəm. Balvankalara qulaq asdım. Çox xoşuma gəldi. Mahnı məni tutdu. Mahnı məni tutmasaydı, onda yaza bilməzdim. Onlarla 60-dan yuxarı balvanka işləmişəm. Hətta bildiyiniz ən məşhur mahnılarınızın çoxusu balvankadır. "Əlvida, Cəmilə!" mahnısının özü də balvankadır. Sadəcə mənə deyiblər ki, hansı mövzuda olmalıdır. Bildiyiniz kimi o mahnının hekayəsi real həyat hekayəsi idi. Nadir Əzimovla da işbirliyimiz bu cür başladı. Onlarla çox gözəl, dostcasına, əziz adam münasibətimiz yarandı, təkcə şair, bəstəkar münasibəti yox. Onun həyat yoldaşı Lalə xanım, övladları mənə çox doğma olub. Nadir Əzimovu bütün xalq, hamımız çox istəyirik. Çünki Azərbaycanın görkəmli bəstəkarıdır. Onda bəstəkarlıq, musiqiyə bağlılıq kökdən gəlir. Onlarla gec-gec görüşsək də, mənim ürəyimdə onların ayrıca yerləri var.

Bu yaxınlarda Nadir müəllimin 60 yaşı tamam oldu. Fürsətdən istifadə edib, bu münasibətlə ictimai qaydada da təbrik edirəm, təbii ki, şəxsidə təbrik etmişdim. 

- Şeirlərinizin birində taledən gileylənirsiniz. Deyirsiniz ki, “tale dərdlərimi çəkməyəcək, o da atacaq məni”. Əli qələmli bir söz adamının taledən, qismətdən küskünlüyü nədəndir?

(Ardı var)

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ