RUSİYAYA QARŞI “24 FEVRAL” HAZIRLIĞI… - NATO işğal başlayan tarixədək rus ordusunu Ukraynadan çıxarmağı hədəfləyib?

11/01/2023 - 19:06

Natiq Miri: “Bu proseslər müharibənin çox sürətlə və tez başa çatmasına hesablanıb…”

Rusiya-Ukrayna müharibəsi 2023-cü ilə qədəm qoydu. Ötən ilin son günlərində ölkəsinin həm hərbi, həm strateji baxımdan kritik dönəm yaşadığı prezident Vladimir Putin Rusiyanın yüksək səviyyəli hərbi liderləri ilə görüşərək, hərbi potensialın yaxşılaşdırılması üçün yeni yol xəritəsi müəyyən edilməsi üçün atılacaq addımları açıqlamışdı. NATO-nun Ukrayna müharibəsində bütün imkanlarını səfərbər etdiyini xatırladan Putin, müharibədə qalib gəlmək əzmində olduqlarını bir daha vurğulamışdı.

NATO Rusiya prezidentinin bu iddialı bəyənatını cavabsız qoymadı. Blə ki, NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli yanvarın 10-da Alyansın toplantısında bəyanat verərərək bildirdi ki, NATO yumşaq gücdən sərt güc taktikasına keçir, yəni artıq birmənalı olaraq Ukrayna tərəfində Rusiyaya qarşı döyüşə bilər və bununla bağlı müzakirələr aparılir.

Maraqlıdır ki, Kavolinin bu bəyanatı reallığa nə dərəcədə yaxındır? NATO-Rusiya savaşı həqiqətən gözləniləndirmi və bu halda nələr baş verəcək? Müharibəni ən qısa müddətdə bitirmək mümkun olacaqmı? Ümumiyyətlə, NATO-nun bu savaşa qatılması nüvə müharibəsini tətikləyə bilərmi?

Bu sualları politoloq Natiq Miri cavablandırıb:

“NATO-nun yumşaq gücdən artıq daha sərt siyasətə keçmək məsələsini müzakirə etməsi Rusiyanın dağıdıcı və hədələyici sərt ritorikasına qarşı atılan addımdır. Əlbəttə ki, bu hələlik yalnız nəzəri olaraq düşünülür. Çünki sözügedən mövzu uzun müddət müzakirə predmeti olacaq və düşünmürəm ki, dərhal razılığa gəlinəcək bir məsələdir. Kristofer Kavoli bu bəyanatla dolayısı ilə Putinə mesaj verir ki, Rusiyanın Ukrayna ilə müharibədə qələbə çalmaq ehtimalı sıfırdır, yəni yox dərəcəsindədir. Çünki buna ən azından Ukraynaya hər cəhətdən yardım edən NATO imkan verməyəcək.

Bilirsiniz ki, Rusiya bu gün raketlərlə Ukraynanın enerji  infrastrukturunu dağıtmaqla bu şaxtalı-sazaqlı aylarda ukraynalıların öz ölkələrini tərk edib Avropaya kütləvi miqrasiya etmələrinə nail olmaq istəyir ki, bu da Avropada ciddi humanitar fəlakət yaradacaq. Rusiyanın əsas siyasəti budur və NATO-da bunu anlamamış deyillər. Bu xüsusda Ukraynada həm ballistik raketlərdən, həm yüngül və ağır artilleriyadan, həm də İrandan alınmış kamikadze dronlarından istifadə etməklə demək olar, bütün infrastruktur darmadağın edilir.

Natiq Miri

Bu arada, bildiyiniz kimi, Ukrayna dövləti də növbəti əks-hücuma hazırlaşır və bu həmlə nəticəsində işğlda qalan iri şəhərlərin azad edilməsi planlaşdırılır. Həm Berdyank-Meritopol istiqamətində yerləşən şəhərlərin azad olunması ilə Krım sərhədinə çıxmağı, həm də Luqank-Donetsk, yəni Dombas vilayətində bir çox şəhərlərin azad edilməsini özündə ehtiva edir. Düşünürəm ki, paralel olaraq Zaparojye vilayətinin tamamilə işğaldan azad olunması əsas planlardan biridir. O baxımdan, bütün bu əməliyyatları hərbi cəhətdən uğurla başa çatdırmaq üçün NATO daha sərt siyasətə keçməklə və bu siyasəti Alyansın üzvü olan bütün dövlətlərə təsdiqlətməklə, dolayısı ilə Ukrayna ordusuna bu növbəti əks-hücum əməliyyatlarını uğurla başa çatdırmaq üçün hüquqi zəmin yaradır. Yəni əgər bu yöndə qərar qəbul olunarsa və Ukraynanın bu prosesi tam uğurla başa çatdıtmağa gücü yetməzsə, NATO artıq hərbi cəhətdən prosesə müdaxilə etməklə əks-hücum əməliyyatlarının uğurla sonuclanmasına yardım edəcək.

Əlbəttə, bu bir ilkdir və Rusiya üçün heç də xoşagələn bir vəziyyət deyil. Çünki Ukraynadan fərqli olaraq, Rusiyanın NATO kimi ciddi müttəfiqləri yoxdur. Ayrıca Rusiya getdikcə tükənən bir dövlətdir. Bilirsiniz ki, hücum əməliyyatını həyata keçirmək üçün yeni səfərbərliklə bağlı təlim keçən ordunu lazımi avadanlıq və texnika ilə təmin etmək lazımdır, amma Rusiyanın bu gün iri hərbi əməliyyatlar keçirməsi üçün kifayət qədər hərbi texnikası–raket və artilleriya sistemləri yoxdur. Yəni bu yöndə ciddi problemlər var.

Rusiyanın getdikcə zəiflədiyi bir zamanda NATO-nun bu cür bəyanatlar verməsi müharibənin daha tez başa çatmasına şərait yarada bilər.

Konkret nüvə məsələsinə gəlincə, düşünürəm ki, bu daha çox çəkindirici məqamdır. Çünki nüvə silahından istifadə olunması qarşılıqlıdır. Ukraynaya qarşı taktiki belə olsa, nüvə silahının istifadəsi adekvat reaksiyalara səbəb ola biləcək ki, bu da Rusiyanın gələcəyi üçün çox ciddi dağıdıcı rol oynaya bilər. Bu üzdən nüvə təhlükəsi nəzəri cəhətdən mövcud olsa da, praktik cəhətdən nüvə müharibəsinin başlanması ehtimalı mənə görə çox aşağıdır. Sadəcə gedən proseslər müharibənin çox sürətlə və tez başa çatması, ən azından 2023-cü ilin yayına qədər Ukraynanın əks-hücum əməliyyatlarının uğuruna hesablanıb. Düşünürəm ki, belə olarsa, bəli, Ukrayna işğalda olan ərazilərini azad edərək, favralın 24-dək, yəni Rusiyanın işğal əməliyyatı başladığı günə qədər Rusiya qoşunlarını movcud sərhədlərdən qovub çıxara biləcək. Bundan sonra Krım əməliyyatı hərbi cəhətdən davam edə də və yaxud Krımın azad olunması masa arxasında danışıq predmeti də ola bilər”.

Hazırladı: RUNA

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ