ABŞ Türkiyənin Suriyada hərbi əməliyyatları genişləndirməsindən narahatdır – PENTAQON BƏYANAT YAYDI

01/12/2022 - 11:46

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akar ilə telefon danışığında Suriyanın şimalındakı vəziyyətlə bağlı narahatlığını bildirib.

“O, son hava hücumları da daxil olmaqla, Suriyanın şimalında hərbi əməliyyatların genişlənməsindən narahatlığını ifadə edib...”, - Pentaqonun bəyanatında deyilir.

Ostin Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qəti etirazını bildirib və Ankaranı eskalasiyanı azaltmağa çağırıb.

Eyni zamanda, Pentaqonun rəhbəri ABŞ və Türkiyə arasında strateji münasibətlərin vacibliyini də vurğulayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi isə bildirib ki, antiterror əməliyyatları Türkiyənin özünümüdafiə hüququ çərçivəsində həyata keçirilir. Əməliyyatların məqsədi mülki əhalinin və ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.

Nazir Hulusi Akar deyib ki, Türkiyə İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə ABŞ-la əməkdaşlığa hazırdır. O vurğulayıb ki, Türkiyənin əməliyyatlarının yeganə hədəfi terrorçulardır, koalisiya qüvvələrinə və ya mülki əhaliyə zərər vurmaqdan söhbət gedə bilməz.

Qafqaz.media