"BU QRUPUN ARXASINDA RUSİYA DAYANIR" - ADP Qusardakı terror əməliyyatı haqda açıqlama yaydı
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın Mətbuat Xidmətindən bildirilib ki, toplantıda ötən həftə ərzində regionda və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.
İdarə Heyəti ilk öncə DTX və DİN əməkdaşlarının Qusar rayonu ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan bir qrup radikal dini-ekstremist qrupa qarşı keçirdiyi əməliyyatı müzakirə edib. Müzakirələrdə bu əməliyyat Azərbaycanın xarici təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu addım kimi dəyərləndirilib. Qeyd edilib ki, bu tipli terrorçu qrupları himayə edən, onları silahlandıran və siyasi dəstək verən xarici dövlətlərdir, bundan əvvəl də Şimal bölgəmizdə Rusiya tərəfindən dəstəklənən silahlı qrupların təxribatlar törətdiyini nəzərə alsaq, bu silahlı terror qruplaşmasının da arxasında, heç şübhəsiz ki, Rusiya dayanır. Toplantı iştirakçıları bu tipli silahlı qruplaşmalara qarşı bundan sonra da əməliyyatların davam etdirilməsinin vacibliyini qeyd ediblər.
İdarə Heyəti ötən həftə qonşu Gürcüstan dövlətinin xarici işlər naziri M.Bojorişvilinin Ermənistana rəsmi səfəri çərçivəsində qondarma “erməni soyqırımı” memorial kompleksini ziyarət etməsini də müzakirə edib. Müzakirələrdə bu hadisənin Azərbaycan və Gürcüstan dostluğuna ciddi zərbə vurduğu, baş verənlərin Gürcüstanın yeni hökumətinin Azərbaycanla münasibətlərində səmimi olmadığı, Türkiyə və Azərbaycanın Gürcüstana göstərdiyi diqqət və qayğı müqabilində xarici işlər nazirinin belə bir addım atması ilə Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətlərinə gölgə saldığı ifadə edilib.
İdarə Heyəti Rusiyanın Baş nazirinin müavini A.Overçukun Azərbaycan-Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi üçün Rusiyanın kartoqrafik materialları təqdim etməyə hazır olması ilə bağlı verdiyi bəyanata da münasibət bildirib. İdarə Heyəti hesab edib ki, Rusiyanın Azərbaycan Ermənistan arasındakı sərhədlərin dəqiqləşdirilməsinə və sülh danışıqlarının aparılmasına müdaxiləsi yalnız bu münasibətlərin daha da korlanmasına və sərhədlərin dəqiqləşdirilməsi prosesinin uzun müddət davam etməsinə gətirib çıxaracaq. İdarə Heyəti Rusiyanın Cənubi Qafqaza təsirinin azalmasının bölgə ölkələrinin azadlığı və suverenliyi baxımdan müstəsna əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Azərbaycan və Ermənistan rəhbərliyini Rusiyanın sərhədlərin dəqiqləşdirilməsi və sülh danışıqlarının aparılması prosesində hər hansı bir qaydada iştirakından birmənalı şəkildə imtina etməyə çağırıb.
İdarə Heyəti Azərbaycan prezidetinin köməkçisi H.Hacıyevin qonşu İran dövlətinə baş tutan rəsmi səfəri ətrafında müzakirə aparıb. Müzakirələrdə bu səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsinin və İranın prezidenti M.Pezeşkianın Azərbaycana dəvət edilməsinin İran-Azərbaycan münasibətlərinin yoluna qoyulmasına mühüm töhvə verəcəyinə əminlik ifadə edlib. Eyni zamanda son zamanlar İranda Azərbaycan türklərinə qarşı təqiramiz kampaniyanın aparılmasından narahatçılığını ifadə edən toplantı iştirakçıları qeyd edib ki, Azərbaycan türkləri Cənubda və ya Şimalda yaşamasından asılı olmayaraq eyni bir millətdir, Cənubda bu millətə qarşı hər hansı bir təhqir, həmdə Şimalda yaşayan Azərbaycan türklərinə olan bir münasibətdir. İdarə Heyəti baş verənləri qətiyyətlə pisləyərək, bu cür çirkin kampaniyanı aparan şəxslərə qarşı ciddi tədbirlər görülməsini və Azərbaycan xalqından üzr istənilməsini İran hökumətindən tələb edib. Əks halda bu tipli davranışların Azərbaycan-İran münasibətlərində çox ciddi problemlərin yaranmasına gətirib çıxaracağını qeyd edib.
İdarə Heyəti ABŞ prezidenti D.Trampın fələstinlilərin Qəzzadan Misir və İordaniyaya köçürülməsi təşəbbüsünə də münasibət açıqlayıb. İdarə Heyəti bu təşəbbüsü qeyri-humanist addım, deportasiya, xalqların öz vətənlərində yaşamaq hüququna ciddi zərbə kimi dəyərləndirərək, eyni zamanda bunun dünyada arzuolunmaz zəncirvari nəticələrə gətirib çıxaracağını bildirərək qətiyyətlə pisləyib, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Fələstin dövlətinin yaradılmasının vacibliyini bir daha qeyd edib.
İdarə Heyəti ötən həftə Kanada Xarici işlər nazirinin rəsmi Bakıya ““erməni əsirləri” azad etməyə, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə və erməni mülki əhalinin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasına” çağırışına münasibət bildirib. Bu çağırşın heç bir hüquqi və siyasi əsasının olmadığına diqqət çəkən müzakirə iştirakçıları qeyd edib ki, Qarabağdan ermənilər birbaşa Ermənistan dövlətinin tapşırığı əsasında könüllü çıxıb, Azərbaycan dəfələrlə reinteqrasiya təklifi etməsinə baxmayaraq, heç bir erməni Azərbaycana inteqrasiya etmək istəməyib. Ona görə də regiondan min kilometrlərlə uzaqda olan bir dövlətin Azərbaycan Ermənistan münasibətlərinə müdaxiləsi Kanada-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir.
İdarə Heyəti son zamanlar Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması ilə bağlı ABŞ ilə Rusiya arasında danışıqların keçiriləcəyi ilə bağlı məsələni də müzakirə edib. İdarə Heyəti hesab edib ki, Ukraynanın iştirakı olmadan Rusiya ilə sülh danışıqlarının aparılması məqsədə müvafiq deyil və Ukraynanın şərtləri gözardı edilməməlidir. İdarə Heyəti Rusiyanın bu günkü işğalçılıq hərəkətlərini nəinki regionun, bütövlükdə dünyanın təhlükəsizliyini təhdid etdiyini qeyd edərək bu işğalçı dövlətə qarşı daha təsirli tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
İdarə Heyəti ötən həftə Türkiyədə Ankara, Bakı və Daşkənd arasında strateji tərəfdaşlığın və əməkdaşlığın bir çox istiqamətləri, xüsusilə Türkiyə, Azərbaycan və Özbəkstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı Bəyannamənin imzalanmasını təqdir edib və digər türk dövlətləri ilə də anoloji müqavilənin bağlanmasının vacibliyini bildirib.