Opera sənətimizin mükəmməl abidəsi... - Fuad Biləsuvarlı yazır

31/01/2025 - 15:16

Azərbaycan musiqi mədəniyyəti tarixində Üzeyir Hacıbəylinin xidmətləri əvəzsizdir.
Bütün şüurlu həyatını bu sənətin inkişafına həsr etmiş bu dahi şəxsiyyət musiqi üçün doğulmuşdu.

Onun yaratdığı musiqi əsərləri böyüklüyündən-kiçikliyindən, janrından asılı olmayaraq ilk andan ürəkləri fəth edir, dillər əzbərinə çevirilir, dünyanı dolaşırdı. Bu Üzeyir bəy sənətinin böyüklüyü idi.
Üzeyir bəy bir Azərbaycan ziyalısı kimi təkcə özü musiqi şedevrləri yaratmırdı. O, həm də musiqi istedadı olan gənclərin əlindən tutur, onlara yol göstərir, maddi və mənəvi köməkliyini əsirgəmirdi.
Adi kənd mirzəsinin oğlu olan Üzeyir bəy Hacıbəyli musiqi mədəniyyətimizin siması idi. Yaratmaq eşqi heç zaman sönməyən, daim qaynayıb-coşan Üzeyir bəy hər bir əsəri ilə milyon-milyon ürəkləri fəth edirdi.
Üzeyir bəyin adı musiqi mədəniyyəti tariximizə əbədi yazılmışdır. Məhz, bu böyük sənət adamının gərgin əməyi, inadlı axtarışları, ən əsası sənət yanğısı əsasında Azərbaycanda opera sənətinin əsası qoyulmuşdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin " Leyli və Məcnun" əsərinin motivləri əsasında yaradılmış bu opera  böyük əks-səda doğurmuş, Üzeyir bəyə sonsuz şöhrət qazandırmışdır. Nə az, nə çox düz 117 il əvvəl 1908 - ci ildə səhnəyə qoyulmuş bu klassik sevgi operası indi də opera səhnəmizin bəzəyidir.
Opera çətin musiqi janrıdır. Hər bəstəkar bu janrda öz bacarığını yoxlamağa cürət etmir. Üzeyir bəyin istedadı isə hər şeyə qadir idi. Çünki, o, musiqi üçün doğulmuşdu.
Təbiidir ki, indi opera yazmaq, tamaşaya qoymaq bəlkə də, o qədər çətin deyil. Təki musiqi istedadın olsun. Amma o dövrün çətinlikləri tamam başqa idi. Və Üzeyir bəy kimi sənət eşqi ilə yanan adamların müstəsna xidmətləri ondan ibarətdir ki, onlar usanmırdılar, çətinliklərdən qorxmurdular.
Üzeyir bəyin "Leyli və Məcnun" əsəri ilə tanışlığı Əbdürrəhim bəy Haqverdiyev tərəfindən təşkil edilmiş tamaşa ilə başlamışdı. Maraqlıdır ki, Üzeyir bəy onda cəmi 13 yaşında imiş və tamaşada oğlanlar xorunda oxuyurmuş.
Məcnun rolunu səhnə fədaisi Hüseynqulu Sarabski oynayırmış. Nə qədər primitiv şəkildə ərsəyə gəlsə də, tamaşa maraqla qarşılanır. Üzeyir bəyin gələcəkdə bu mövzuda opera yazmağı qərarlaşdırması da, bu tamaşadan sonra yaranır.
O vaxt nə güclü teatr truppası vardı, nə münasib səhnə - mizan, nə də şərait. Müxtəlif təzyiqlər isə başdan aşırdı. Amma yaratmaq həvəsi azalmırdı. Ən böyük çətinlik isə başqa məsələ idi: Qadın rolunun ifaçısı  O illərdə hansısa bir qadının səhnəyə çıxması ağılagəlməz bir hadisə idi. Bəs Leyli rolunu kim oynasın?! Axı, əsas personajlardan biri də Leylidir. Ona da əlac tapılır. Əlbəttə, Üzeyir bəyin, Hüseynqulu Sarabskinin bir növ inadkarlığı sayəsində.
İlk opera tamaşası 1908 - ci ildə H.Z.Tağıyev teatrında baş tutanda uzun axtarışlardan sonra tapılmış aşpaz köməkçisi Əbdürrəhman Fərəcov adlı birisi operada Leyli rolunu ifa etməyə razılıq verir. Ancaq bir şərtlə ki, onun adı, kimliyi bilinməsin.
Beləcə minbir çətinlikdən sonra opera səhnəmizin təməli qoyulur və həmin il, həmin gün tariximizə çevirilir. Daha maraqlı faktla diqqəti çəkmək istəyirəm. İlk opera tamaşasına Əbdürrəhim bəy Haqverdiyev dirijorluq, Üzeyir bəy özü isə orkestrdə skripka partiyasını ifa edirmiş.

Hüseynqulu Sarabskinin bu barədə xatirələri çox təsirlidir: İlk tamaşa o qədər də asan keçməyib. Onsuz da problem içində olan ilk tamaşada daha ağılagəlməz bir problem ortaya çıxıb.
Musiqiçilər arasında mübahisə yaranıb.
Nəticədə onlardan heç biri ilk opera tamaşasında çıxış etməyə gəlməyib. Təkcə misilsiz tar ustamız Qurban Pirimovdan başqa. Tamaşa baş tutub, özü də uğurla.
Hüseynqulu Sarabski xatirələrində qeyd edir ki,  ilk tamaşaya bilet tapılmayanda camaat zorla teatr binasına girmişdi. Tamaşadan sonra H.Sarabskini "Məcnun" deyə çağırırmışlar...
Sənətsevər xalqımız bu günü, opera sənətinin təməlinin qoyulması gününü çoxdan gözləyirdi. Xalqın bu arzusunu ürəyi daim öz xalqı ilə döyünən Üzeyir bəy Hacıbəyli gerçəkləşdirdi.
İlk operamız o qədər şöhrət və nüfuz qazanmışdı ki, düz ardıcıl olaraq 30 il hər mövsüm repertuardan düşməmişdi. Elə bu gün də çox populyardır.
Böyük Üzeyir bəy Hacıbəylinin yaratdığı bu misilsiz sənət incisi bütün İslam dünyasının ilk operasıdır. Təsadüfi deyil ki, "Leyli və  Məcnun" operası  YUNESKO -nun xüsusi tarixlər siyahısına daxil edilmişdir.
Düz bir əsrdən çoxdur ki, əfsanəvi məhəbbət mövzusunda yaranmış bu opera müxtəlif quruluşlarda tamaşaya qoyulur, hər dəfə də sevilir, alqışlanır. Səhnədə Məcnun, Leyli obrazlarını çox böyük uğurla yaratmış onlarca sənətkarlar nəsli yetişmişdir.
Opera səhnəmizin əbədi tamaşası "Leyli və Məcnun" bu gün də öz dəyərini qoruyur.
Bəli, Üzeyir sənəti ölməzdir.

Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hafiz Rüstəmin şeirləri
29/01/2025 - 10:38
Nəbi Xəzrinin şeirləri
15/01/2025 - 13:51
YUXU - Hekayə
08/01/2025 - 20:46
Şahnaz Şahinin şeiri
04/01/2025 - 09:40