Rəfiq Zəka Xəndan poeziyasında Vətən tərənnümü...- Fuad Biləsuvarlı yazır
/Dahi şairimiz Rəfiq Zəka Xəndanın əziz xatirəsinə ithaf edirəm.\
Unudulmaz şairimiz Rəfiq Zəka Xəndanın " Azərbaycan cahandır" adlı nəfis tərtibatlı şeirlər toplusu ilə tanışlığım bütün ruhumu yerindən oynatdı. Son dərəcə fitri istedadlı, çılğın, atəşli şairin kitabda yer almış şeirləri çox təsirlidir.
Şairin 70 illiyi münasibətilə nəşr olunmuş, tərtibçisi qızı, filologiya elmləri namizədi hörmətli Aydan Xəndan olan və " Mutərcim" nəşriyyatında işıq üzü görmüş bu kitab poeziyasevərlərə əvəzsiz hədiyyədir.
Böyük ədəbiyyatşünas alimimiz, ədəbi tənqidin yaradıcılarından biri Cəfər Xəndanın ailəsində pərvazlanmış Rəfiq Zəkanın poetik aləmi çox rəngarəngdir. Ən başlıcası isə bu kitabdakı Vətən, torpaq, sevgi haqqındakı şeirləri ötəri oxuyub keçmək olmaz.
Şairin özünə ləqəb götürdüyü Zəka sözünün mənası dərindir. Təbiidir ki, hər yaxşı şeir dərin zəkanın, istedadın məhsuludur. Bunu şair özü də etiraf edir.
- İstedad alınıb satılan deyil,
Sənət alış-veriş meydanı deyil.
Rəfiq Zəka həm heca vəznində, həm də əruz vəznində ustalıqla yazıb yaradan bir şairdi.
Ərəb, fars, türkiyə türkcəsini gözəl bilirdi. Cəmi 60 illik ömür payında 30 kitabı işıq üzü görmüşdü, müxtəlif dillərə tərcümə olunmuşdu. "Azərbaycanın Əməkdar İncəsənət xadimi" fəxri adına layiq görülmüşdü, Azərbaycan Dövlət Mükafatı laureatı idi.
Qeyd etdiyimiz kimi, Vətən,yurd, torpaq, müqəddəs hisslərinin tərənnümü topludakı şeirlərin ruhunu əks etdirir.
- Azərbaycan, can vermişik adına,
Canımızdır adındakı can sənin, -
deyən şair son nəfəsinədək bu anda sadiq qalır. Vətənə, torpağa bağlılıq şair üçün əvəzsizdir. " Böyük xalqım" adlı şeirində deyir:
- Var olsun onun varlığına qurban olanlar,
Var olsun Azərbaycana candan vurulanlar.
Və yaxud bu kitaba ad seçilmiş " Azərbaycan cahandır" şeirində şair yurd məhəbbətini belə mənalandırır:
- Azərbaycan gözümdə, könlümdə bir cahandır,
Cahana dəyişmərəm bu nurlu cahanımı.
Bəli, hər insan üçün sevgisiz həyat yoxdur. Bu ülvi hiss insanı saflaşdırır, onu daha yüksək amallara səsləyir. Rəfiq Zəkanın yurd sevgisi də ötəri deyil.
- Yurdun havasından ayrı düşərsəm,
Çətin ki, başıma hava gəlməsin.
Şair Rəfiq Zəka qaynar təbiətli, çılğın bir şairdi. Və elə bu təbiətdə olan nakam şairimiz Mikayıl Müşfiq yaradıcılığı onun üçün poetik zirvə idi.
- Hansı bir şairimiz getsə idi sən yaşda,
Bu qədər canlı qalardı bu qədər yaddaşda.
Səndə səndən içəri bir başqa aləm vardı,
Ayla, ulduzla, günəşlə yanaşı parlardı.
" Mənim ustadlarım" şeirində isə şair Mikayıl Müşfiqə dərin ehtiramını belə bildirir:
- Müşfiqə mənim qədər kim aşiq,
Ustadım olub alovlu Müşfiq!
Kitabda şairin doğmalarına - atasına, anasına, oğlu Xəndana, qızı Aydana həsr etdiyi şeirləri də həyəcansız oxumaq olmur. Bu şeirlərin hər birində nəcib övlad, ata sevgisi yer alıb. Tarixdə yer almış Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş atası Cəfər Xəndanın cəbhə həyatından bəhs edən misralar çox səmimidir. Qələbənin 30 illiyinə yazılmış bu şeirdə şair yazır:
- Vuruşdu, çırpışdı düşmənə qarşı,
Bir gün dalğalandı Qələbə marşı.
... Dönüb bir heykələ bu ildönümündə,
Mayor Cəfər Xəndan durur önümdə!...
Şairin anasının itgisinə həsr etdiyi şeirindəki bütün misralar oğullar kimi, onun da bu ağır ayrılıqdan necə sarsıldığını göstərir:
- Ey Zəka, xəzanın yaman görünür,
Səninçün dərd imiş dərman görünür.
Hayana baxırsan duman görünür,
Atan yadigarı anan görünmür!..
Oğlu Xəndana həsr etdiyi şeir şairin incə müdrikliyindən xəbər verir:
- Mən sənə atamın adını verdim,
Bəxtini sən özün qazanmalısan.
Və yaxud:
Oğul o ki, mən dünyadan gedəndə,
Bu torpaqda qalsın izim, Xəndanım!
Çox sevdiyi, bu kitabın tərtibçisi olan sevimli qızı Aydanın, bu gün tanınmış alim, filologiya elmləri namizədi Aydan Xəndanın dünyaya gəlişindən sonsuz fərəh duyan şairin ata sevinci çox təsirlidir:
- Sanıram aylanır Aydanım mənim,
Mənimçün boylanır Aydanım mənim.
Sənin dan yerimi yerin, Aydanım?
Atana ay kimi görün, Aydanım!
Ümumiyyətlə, müqəddəs hisslərlə tərtib olunmuş bu toplu hesab edirəm ki, istedadlı şairimizin xatirəsinə gözəl bir töhfədir. Onu vərəqlədikcə çox istedadlı, fenomenal yaddaşa, dərin zəkaya malik olmuş şairimizin sənət dünyası oxucuları üçün bir daha açılır. Şairin dediyi kimi:
- Səsimi eşitmək üçün,
Şeirlərimi oxuyun.
Müğənni Akif İslamzadənin oxuduğu bir mahnı var. Efirdə, radio dalğalarında tez-tez səslənir. Həmişə sevilən bu mahnının sözləri Rəfiq Zəka Xəndana məxsusdur.
- O çağlar necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar,
Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.
Heyf, min heyf ki, ötən günləri geri qaytarmaq olmur...
Sonda oxuculara bu əvəzsiz hədiyyəsi üçün tərtibçi, filologiya elmləri namizədi Aydan Xəndana dərin minnətdarlığımı bildirirəm.
**** ****
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: "Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlistlik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil".
Nəbi Xəzri, Xalq şairi:
ÖLDÜ DEMƏYİN!
Şair dostum Rəfiq Zəka Xəndanın xatirəsinə
Bəd xəbər eşitdim...
Kim dedi bunu?
Rəfiq də ölərmiş?
Necə inanım!?
O, həyat așiqi,
İnsan vurğunu -
O əsl şair oğlu
Azərbaycanın?
Onun sinəsində
Xəzinə vardı,
Xəzinə sonsuzdu
Bir ümman kimi.
Neçə șairləri
O, yaşadırdı,
Şairlər şairsiz
Yetim deyilmi?
Sabah günəșilə
Arzu, diləyin.
O, bəlkə torpaqdan
Çinar tək bitdi,
Yox, Rəfiq Zəkaya
"Öldü" - deməyin.
Sabirlə, Müşfiqlə
Görüșə getdi!
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media