AZƏRBAYCAN ÜÇÜN QAZAXISTAN NÜMUNƏSİ - Bizim ölkədə də narkotacirlər ömürlük həbsə məhkum edilməlidir

04/01/2025 - 16:10

Narkotik ticarətini himayə edən vəzifəli şəxslərə isə, əmlakları müsadirə olunmaqla, ən ağır cəza verilməlidir

Ötən həftə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə narkoticarətin və narkomaniyanın qarşısının alınması ilə bağlı parlamentin qəbul etdiyi qanuna imza atdı. Doğrusu, Qazaxıstanda belə bir sərt qanunun qəbul edilməsi gözlənilməz oldu. Ən azı ona görə ki, keçmiş post-sovet ölkələri arasında Qazaxıstan narkomaniyadan ən az zərər çəkən ölkələrdən biridir.

Bununla belə, prezident Tokayev narkotik vasitələrin istehsalı və satışı ilə məşğul olan şəxslərin ömürlük həbsə məhkum edilməsi ilə bağlı qanunu təsdiqlədi. Yeni qanuna əsasən, ölkədə narkotik vasitələrin emalı və istehsalına görə cinayət məsuliyyətinə cəlb olunan şəxslər ən yaxşı halda 15-20 il müddətinə azadlıqdan məhrum olunacaq.

Qazaxıstanda qəbul olunan bu qanunun ən maraqlı tərəfi isə məmurlar, yəni vəzifəli şəxslərlə bağlı hissəsidir. Hansı ki, qanuna görə, ölkədə narkotik vasitələrin yayılmasında bu və ya digər dərəcədə rolu olan vəzifəli şəxslər, əmlakları müsadirə olunmaqla, ən yaxşı halda 15-20 il müddətinə həbs olunacaqlar.

**

Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, Qazaxıstan kimi narkotik ticarətindən və narkomaniyadan çox da zərər çəkməyən ölkə üçün belə bir sərt qanunun qəbul olunması gözlənilən deyildi. Amma prezident Tokayevin parlamentin qəbul etdiyi bu qanuna imza atması təqdirolunandır. Ən azı ona görə ki, narkomaniya yoluxucu xəstəlik kmidir, bu gün ölkədə 3-5 nəfər narkoman varsa, sabah onların sayının yüzlərlə, minlərlə olmayacağına kimsə zəmanət verə bilməz. Bu baxımdan, narkoticarət və narkomaniya ilə bağlı qanunlar nə dərəcədə sərt olarsa, bir o qədər effekt verər.

Yeri gəlmişkən, bəzi islam ölkələrində narkotik satıcılarının edama məhkum edilməsi də haradasa anlaşılandır. Çünki ümumi statistik göstəricilərə görə, bir narkotik satıcısı təxminən beş yüz nəfəri bu bəlaya düçar edir ki, bu şəxslərin də az qala yarısı ölümə məhkumdur. Bunun üçün şəriət qaydaları ilə idarə olunan həmin ölkələrdə narkotacirlər barəsində ölüm hökmünün çıxarılması heç də ədalətsiz deyil. Xüsusilə, bu hökmün ölkəyə xaricdən böyük həcmdə narkotik idxal edən şəxslərə şamil edilməsi ədalətli olmaqla yanaşı, həm də vacibdir.

Haşiyə çıxaraq qeyd edək ki, bu günlərdə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi krallığa narkotik vasitələri keçirməkdə ittiham olunan altı nəfər İran vətəndaşına qarşı edam hökmünün icra olunduğunu açıqladı.

**

Göründüyü kimi, İranın narkotik ticarətindən əziyyət çəkən təkcə Azərbaycan deyil. Çox güman ki, Qazaxıstanda da belə bir sərt qanunun qəbul edilməsi həm də İranla bağlıdır. Belə ki, Tehran mollalarının istər Xəzər dənizi vasitəsilə, istərsə də Türkmənistan üzərindən Qazaxıstana narkotik daşıdığı haqda xəbərlər heç də yeni deyil. Görünür, Tokayev məhz bu faktorları nəzərə nəzərə alaraq, qabaqlayıcı addımlar atmağı məqbul hesab edib.

Şübhəsiz, istər Qazaxıstanda qəbul olunan məlum qanun, istərə də Səudiyyə Ərəbistanı kimi ölkələrdə narkotacirlərə qarşı amansız davranış bu problemdən əziyyət çəkən digər dövlətlər üçün də nümunə olmalıdır. Nəzərə alsaq ki, son illər Azərbaycan da İranın “narkotik savaşı”nın qurbanına çevrilib, bizim ölkəmizdə də narkoticarətlə məşğul olan şəxslərə qarşı sərt qanunların qəbuluna ehtiyat var. Əlbəttə, Azərbaycan dünyəvi-demokratik dövlət olaraq şəriət qaydaları ilə idarə olunmadığından, burada ölüm hökmündən söhbət gedə bilməz. Amma Qazaxıstanda olduğu kimi, Azərbaycanda da narkotik satışı ilə məşğul olan şəxslərin ən azı 15-20 il müddətinə həbsə atılması, məmurların isə əmlakları müsadirə olunmaqla, daha sərt cəzalara, yeri gəlsə ömürlük həbsə məhkum edilməsi haqda düşünməyə və qanunvericilikdə dəyişiklik etməyə dəyər.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az

P.S. Mövzunu deputatlar və hüquqşünaslarla silsilə müsahibələr formatında davam etdirəcəyik.