Ərzin əşrəfi
Reyhan Mirzəzadə
publisist-politoloq
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə
Əvvəlin bu linkdən oxuya bilərsiniz.
https://qafqaz.media/az/rzin-srfi.html-0
Azərbaycan coğrafiyaşünası, Əməkdar elm xadimi, professor
Nurəddin Kərəmov “Azərbaycana səyahət” kitabını həm mütəxəssis kimi,
həm də bədii cəhətdən oxunaqlı, yaradıcı bir qələmlə yazmışdır. Kitabı
oxuyan zaman Naxçıvan, onu heç zaman görməyən oxucunun da gözləri
qarşısında ecazkar bir film kimi canlanır: (tariximizin hər bir dövrü tarix
olaraq qalır - R.Mirzəzadə)
“...Daşburun stansiyasından çıxıb Naxçıvan MSSR-ə yola düşdük. Füzuli
rayonundan başlayaraq dəmir yolu lap Arazın sahili ilə gedir. Çay əyildikcə yol
da onun istiqaməti ilə əyilir. Xəlfəli dəmiryol stansiyasından 8-9 km keçəndən
sonra tunelə daxil oluruq. Tuneldən 0,5 km kənarda qatarımız Xudafərin
stansiyasında dayanır. Buradan Xudafərin körpüləri görünür. Adama elə gəlir ki,
Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” adlı tarixi romanının
qəhrəmanları hələ ölməmiş, onlar da bizimlə bu körpünün yanından keçirlər.
Xudafərin körpüləri Azərbaycan xalqının ən böyük sənətkarlıq
nümunələrindən biridir. VII əsrdə xalq sənətkarlarımızın əli ilə tikilmiş bu
körpülərdən biri hələ də Arazın coşğun dalğalarına qarşı sinə gərərək möhkəm
dayanmışdır.
Ermənistan ərazisinə yaxınlaşırıq. Ağbənd stansiyasından keçərkən
Ermənistanla Azərbaycan SSR-in Zəngilan rayonu sərhəddində yerləşən Bartaz
və Saqırt dağlarının zirvələri aydın görünür. Ağbənd dağının ətəkləri çayın
sahilinə kimi enir. Ona görə də çay bu hissədə xeyli əyilir. Dəmir yolu da sahilə
lap yaxınlaşır. Buradan Oxçiçay Xoçayçay ilə Mehrigüney, Malev, Astrazurqet
çayları arasında suayrıcı təşkil edən Mehrigüney silsiləsi görünür. Mehrigüney
silsiləsindən ayrılıb cənub istiqamətində uzanan köndələn dağlar Araz çayına
kimi uzanır və Ermənistan SSR Meğri inzibati rayonunun ərazisinə daxil olur. Bu
rayonu Ermənistanın başqa hissəsindən Mehrigüney silsiləsinin baş suayrıcı,
Naxçıvan MSSR-dən isə Zəngəzur silsiləsi ayırır. Mehrigüney dağları faydalı
qazıntıları və tikinti materialları ilə zəngindir. Dağların yamacları ardıc, yemişan
və cır nar kolları ilə doludur. Bəzi yerdə az da olsa şamağacı meşələrinə
təsadüf edilir. Yamaclarda bitki olmayan çılpaq sahələr də çoxdur.
Ümumiyyətlə, bu yerlərə rütubət az düşdüyü üçün, quraqlıq sevən və quraqlığa
davam gətirə bilən bitkilər inkişaf etmişdir. Qatardan baxanda belə çayların
terraslarında salınmış kəndlər, üzümlüklər və meyvə bağları adama xüsusi zövq
verir.
Biz, Mehriget çayı üzərindəki körpüdən keçirik. Sağ tərəfdə dəmiryolundan
bir qədər kənarda görünən Meğri şəhəri bütün yolçuların diqqətini cəlb edir. Bu
şəhər Ermənistan SSR-də cənub rayonunu mərkəzidir.
Meğri özünün keyfiyyətli üzümü və meyvəsi ilə məşhurdur. Burada böyük
konserv və şərab zavodları vardır. Mehriqet çayı üzərində tikilmiş güclü su-
elektrik stansiyası Meğri şəhərini və ətraf kəndləri elektrik enerjisi ilə təmin edir.
Budur, Naxçıvan MSSR ərazisinə yaxınlaşırıq. Zəngəzur dağları burada
çox əzəmətli görünür. Ermənistan SSR ilə Naxçıvan MSSR arasındakı dövlət
sərhədi bu silsilənin suayrıcından keçir. Arazın sahilindən cəmi 13 km məsafədə
suayırıcı üzərində yerləşən Soyuqdağın hündürlüyü 3000 m-dən, 9 kilometrlikdə
olan Xatalıdağın zirvəsi ilə 2600 m-dən artıqdır. Zəngəzur silsiləsinin
qurtaracağını təşkil edən bu dağların ətəkləri Araz çayının sahilinə dik düşür.
Dəmiryolu xətti burada çayın sahilinə enən qayalı yamaclarda çapılmış dar sahə
ilə gedir. Bəzən qayalar sanki yolların üzərindən asılıb qalır. Hər tərəfə
baxdıqca çılpaq dağlar görünür. Uzaqda Zəngəzur silsiləsinin cənubi-qərb
ətəyində yaşıllıqlar içərisinə qərq olmuş gözəl Ordubad şəhəri bir ada təşkil edir.
Naxçıvan MSSR Araz çayı hövzəsinin orta axınında (çayın sol sahilində)
dəniz səviyyəsindən 600-700 m-dən 4000 m hündürlüyə qədər olan sahədə
yerləşir. Naxçıvan MSSR şimaldan və şərqdən Ermənistan SSR (224 km
məsafədə), cənubdan İranla (Cənubi Azərbaycanla) cənubi qərbdən isə
Türkiyə ilə (11 kim məsafədə) həmsərhəddir. İran və Türkiyə sərhədi Araz
çayından keçir. Bu, eyni zamanda SSRİ-nin Naxçıvanda həmin dövlətlərlə olan
sərhədidir.
Naxçıvan MSSR- in sahəsi 5,3 min kv.km, sərhəd xəttinin ümumi uzunluğu
450 km-dir. Bu da Azərbaycan SSR ərazisinin 6.1 faizini təşkil edir. Naxçıvan
respublikası dağlıq ölkədir. Onun sahəsinin demək olar ki, 80 faizini dağlar, 20
faizini meylli düzənlik təşkil edir.
Ermənistan SSR ilə Naxçıvan MSSR arasındakı sərhəd Dərələyəz və
Zəngəzur silsilələrinin baş suayırıcından keçir. Zəngəzur dağlarının ən yüksək
zirvəsi – Qapıcık (3917m) Naxçıvan MSSR sərhədindədir.
Naxçıvan MSSR mineral sularla daha zəngindir. Kimyəvi tərkibinə görə bir-
birindən fərqlənən 135-ə qədər müxtəlif mineral bulaqlar var...
Ordubad çayının mənsəbində terraslar üzərində bağlar salınmışdır.
Naxçıvanın başqa çayları: Gilançay, Əlincəçay, Naxçıvançay, Arpaçay da
yüksək dağlardan başlayıb Araza tökülür.
Ordubad şəhərinə gedirik. Dəmir yolundan Ordubada 3 km məsafə vardır.
Zəngəzur dağlarının ətəklərində, Ordubad çayının hər iki sahilində yerləşən bu
şəhər öz yaşıllığı ilə uzaqdan adamın diqqətini cəlb edir.
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Ordubad hələ çoxdan
özünün ipəyi, yüksək keyfiyyətli üzümü, müxtəlif meyvələri ilə məşhurdur.
Şəhərdə diqqəti cəlb edən qədim abidələr yaxşı saxlanmışdır.
(Əlavə edim ki, qoruq şəhərdə - Ordubadda olan abidələr; “Mədrəsə”,
“Cami məscidi”, “Buzxana”, “Zorxana”, “Dilbər məscidi”, “Sərşəhər məscidi”
haqqında dəfələrlə yazılıb, onlara xas olan xüsusiyyətlər, formalar, yüksək tikinti
mədəniyyəti, zövqoxşayan naxışlar incələnib - R. Mirzəzadə).
Buradakı kütləvi və pedaqoji məktəblər, xəstəxana və kitabxanalar, habelə
başqa tikintilər şəhərə ayrı bir gözəllik verir. Küçələr başdan başa yaşıllıqlara
bürünmüşdür.
Ordubadda konserv və barama toxumu hazırlayan zavodlar, ipək sarıyıcı
fabrik və başqa xırda sənaye müəssisələri vardır.
Ordubad yetişdirdiyi tarixi simaları ilə məşhurdur. Hələ XVIII əsrin sonunda
Azərbaycanın məşhur səyyah və coğrafiyaşünası Zeynəlabdin Şirvani özünün
“Bustanüssəyahə” kitabında Ordubaddan bir çox zəkalı, elm adamlarının
çıxdığını, onların çox hörmətcil, qonaqpərəst olduqlarını göstərmişdir.
Ordubaddan çıxan elm adamları bütün Şərqdə, o cümlədən Hindistanda
tanınırlar. Onlardan İbrahim Ordubadi, Mirzə Sadıq Ordubadi (bu, 1572-1573-cü
illərdə Hindistana - Dəgənə getmişdir), Naci Ordubadi kimi məşhur şair və
yazıçıları göstərmək olar. Məmməd Səid Ordubadi kimi görkəmli yazıçı, SSRİ-
də neft kimyası sahəsində məşhur alim, akademik Yusif Heydər oğlu
Məmmədəliyev də Ordubad şəhərindəndirlər.
Ordubad şəhərindən 8 km şimali-qərbdə yerləşən keçmiş Əylis kəndinin
yerində çoxlu tarixi abidələr vardır. Keçmişdə böyük ticarət mərkəzi olub bala
İstanbul adlanan bu kəndə dünyanın çox yerindən ticarətə və ziyarətə gəlmişlər.
Kəndin bu tarixi abidələri dövlət tərəfindən qorunur.
Culfadan 7-8 km şimalda Darrıdağın (1923 m) cənub yamacında çıxan
karbonatlı-mərgmuşlu hidrogenlıi, karbonatlı- natriumlu bu mineral sular SSRİ-
də həm keyfiyyətinə, həm də miqdarına görə birinci yeri tutur. Bu sular bütün
dünyada şöhrət qazanmış İtaliyanın Ronçeno, Fransanın Aya-Burbul və
Almaniyanın Durheym mineral bulaqlarından xeyli üstündür. Culfa mərgmuşlu
suları əsəb və dəri xəstəlikləri, qan azlığı, mədə-bağırsaq, ürək əzələləri
xəstəliyi zamanı işlədilir.
Culfadan 4 km şimali - qərbdə Cuğa kəndi yanındakı məşhur Gülüstan
türbəsinə gedirik. Əlincəçayın mənsəb hissəsində, hamar düzənlikdə (Arazın
sol sahilində) hələ XIII əsrin əvvəllərində gözəl Gülüstan türbəsi tikilmişdir.
Alimlərimiz müəyyən etmişlər ki, bu türbə XII əsrdə yaşamış naxçıvanlı məşhur
memar Əcəminin üslubu ilə tikilmişdir. Gülüstan türbəsini Naxçıvanın başqa
türbələrindən fərqləndirən əsas cəhət onun yonulmuş ağ daşdan tikilməsi və hər
iki mərtəbəsinin yerin səthindən yuxarıda olmasıdır. Bunun sərdabə hissəsi
(birinci mərtəbəsi) çoxbucaqlı, ikinci mərtəbəsinin içərisi isə dairəvi şəkildədir.
Mərtəbələr arasında əlaqə yoxdur. Türbənin on iki guşəli əsas gövdəsinin
hündür kürsü üzərində yerləşdirilməsi də xeyli maraqlıdır. Gülüstan türbəsi
səthinin ornamentlərlə bəzədilməsi adama çox xoş gəlir.
Qədim ticarət yollarının üstündə yerləşən Naxçıvan dəfələrlə hücuma
məruz qalmış, vuruşmalar zamanı ora xarabalığa çevrilmişdir. Elə bu zamanda
bir çox qiymətli tarixi abidələr dağıdılmışdır. Lakin XII əsrə aid iki məqbərə -
Atababa və Atabəy məqbərələri yaxşı qalmışdır. Bu məqbərələr Naxçıvan
memarlıq məktəbinin əsasını qoymuş olan Əcəmi Əbubəkr oğlu tərəfindən
tikilmişdir. Yusif Küseyr oğlunun türbəsi onun ilk memarlıq əsəridir. Bu türbə
1162-ci ildə tikilmişdir. Xaricdən və daxildən səkkiz səthli olub, kvadrat şəkilli
kərpicdən tikilmiş bu məqrəbənin kitabəsində onun 1162-ci ildə tikildiyi göstərilir.
Kitabədə belə bir cümlə yazılmışdır:” Naxçıvanlı memar Əcəmi Əbubəkr
oğlunun əməlidir”. Bu sözləri aydın göstərir ki, həmin məqbərə Əcəmi Əbu-bəkr
oğlu tərəfindən tikilmişdir.
Xalq arasında “Atabəy gümbəzi” adlanan Mömünə Xatunun türbəsi
Əcəminin ikinci və ən gözəl əsəridir. Bu türbə 1187-ci ildə tikilmişdir.
Yenə də Naxçıvan şəhərindəyik. Qarabağlar kəndinə gedirik. Şahtaxtı
dəmiryol stansiyasından 24 km şimalda yerləşən Qarabağlar kəndi özünün
qədim tarixi abidələri ilə məşhurdur. XII-XIII əsrdə tikilmiş Qarabağlar türbəsi
memarlıq sənətində nümunəvi türbələrdən hesab edilir. Yeraltı və yerüstü
hissələrdən ibarət olan bu türbə xarici görünüşünün gözəlliyi ilə insanı heyran
edir. Burada memarın çox məharətlə işlədiyi boyalar, kərpiclər düzmək vasitəsi
ilə Kufi xətti ilə yazılmış sözlər binaya xüsusi bir gözəllik verir. Tarixçilərin
yazdığına görə Qarabağlar türbəsi nəinki Azərbaycanda, hətta Yaxın Şərqdə
belə misli olmayan abidələrdən biridir. Bu türbə əvvəl dördkünc, sonra
səkkizkünc, daha sonra isə silindr şəklində tikilmişdir. Minarələrə dairəvi
pilləkənlərlə çıxılır...”
Mirvarid xanım Dilbazinin bu şirin xatirəsi sanki bu gün yazılıb. Nə qədər
səmimiyyət, nə qədər doğmalıq var bu fikirlərdə. Doğrudan da öz xalqının
balalarını əməksevər, təhsilli, savadlı görən və bundan qürur duyan bir
ziyalı xanım həmin gənclər üçün əsl mənəvi ana qədər əzizdir: (“Ədəbiyyat
və incəsənət” qəzeti, 16 iyun 1973)
“Naxçıvan Azərbaycanın elə gözəl bir guşəsidir ki, bu gözəli bir görən
bir də və bəlkə də təkrar-təkrar görmək istəyir. Mən özüm haqqında da eyni
sözləri deyə bilərəm. İyun ayının 4 - də səhər Ordubada çatdıq. Stansiyada
Naxçıvan vilayət partiya, hökumət nümayəndələri başda olmaqla,
Naxçıvanın ziyalıları, yazıçıları, fəhlə və qulluqçuları bizi səmimiyyətlə
qarşıladılar. Qucaqlarımız rəngi rəng qızılgül dəstələri ilə doldu.
Naxçıvanda qaldığımız dörd gün ərzində biz qızılgül içində üzdük. Hər dəfə
gül dəstələri alanda mən hələ yazılmamış şeirimin misralarını öz - özümə
oxuyurdum:
Gül ümmanında üzdük,
Gül bağlarında gəzdik.
Şeiri güldən yaratdıq,
Misranı güldən düzdük.
Bu güllər adi güllər deyildi. Bu, xalq məhəbbətinin yazıçıya ifadəsi idi.
Bu məhəbbəti qoruyub saxlamaq üçün qarşımızda hələ nə qədər gərgin
əmək saatları, ayları, bəlkə də illəri dururdu.
Unudulmaz yazıçımız Məmməd Səid Ordubadinin, məşhur alim Yusif
Məmmədəliyevin ev muzeylərində olduğumuz zaman bir daha yuxarıdakı
qənaətə gəldim.
Onlar dünyadan köçmüşlər, ancaq əməlləri, fikirləri, idealları,
nəsihətləri yaşayır. Naxçıvanlılar böyük bir məhəbbətlə bu irsi qoruyub
saxlayırlar...
İlk dəfə Naxçıvanda olduğumuz zaman bu gözəl diyarın təbii gözəllyi,
tarixi abidələri, dağ döşünə pillə - pillə yüksələn Ordubad şəhəri,
nəğmələrimizin, dastanlarımızın qəhrəmanı olan Araz çayı, Badamlı
çeşməsi, Əlincə qalası, ucsuz – bucaqsız ümman kimi dalğalı zəmiləri məni
məftun etmişdi. İndi isə məni daha çox insanlar, Naxçıvanda yetişən ziyalı
gənclər, Araz su – elektrik stansiyasını, Arpaçay dəryaçası tikintisini
yaradanlar, idarə edənlər, ... məftun etmişdi. Burada həyat elə bir
yüksəlişdə idi ki, insan onun seyrçisi yox, iştirakçısı olmaq istəyirdi.
İlk səfərimdə mən Naxçıvana bir silsilə şeir ithaf etmişdim. Onların
arasında “Nəfəsi isti torpaq” adlı bir şeirim də vardı. İndi isə “Nəfəsi isti
insanlar” adlı şeir yazmaq ehtiyacı duyurdum. İstər Araz su – elektrik
stansiyasında, istərsə də Arpaçay dəryaçası tikintisində məni ən çox
sevindirən fəhlələrlə və gənc mühəndislərlə tanışlığım oldu. Azərbaycanın
elmlə, biliklə silahlanmış əsl fərhadları yetişmişdir.
Araz su – elektrik stansiyasında fəhlələrlə görüşdük. Bunlar hamısı gənc,
sağlam, ruhən gümrah, səhv etmirəmsə, yerli kadrlar idilər...
Mən bu dəqiqələrdə şairdən çox ana idim. Ürəyim vüqar hissi ilə
dolmuşdu. Onların boy – buxunlarına, təmiz geyimlərinə, işlərinə baxıb öz –
özümə elə hey təkrar edirdim: - Vətənin balaları! Vətənin balaları! Bu
qurğuda Vətənin 45 oğlu çalışırdı...
Deyirlər, sevinc sevinc gətirər. Bu, doğrudan da belə oldu. O günün
səhəri İliç rayonuna (indiki Şərur rayonu – R.Mirzəzadə) yola düşdük.
Üzümlü bağlar, pambıq zəmiləri, qara təpələr, uca dağlar aşdıq. Damlarının
üstündə hacıleyləklər yuva qurmuş günəşli kəndlərdən keçdik. Arpaçay
dəryaçası bəndinə çatdıq. Nağıl dili desək, bənd nə bənd! Nə Fərhad
külüngü, nə Məlikməmməd xəncəri buradakı dağların, div görkəmli
qayaların öhdəsindən gələ bilməzdi. Burada müasir elmin qüdrəti ilə
silahlanmış fərhadlar gördük... Mənə elə gəlirdi ki, bunlar hamısı öz
oğullarımdır. Bu dağları uçurub, qayaları ovan oğullarıma baxıb fikrən
deyirdim: “Dağlardan mətin, qayalardan möhkəm olun. Vətənin oğulları!”
Tikintinin geniş klubunda bəndi quranlarla görüşümüz oldu. Klub cavan
yaşlı, orta yaşlı kişilərlə dolu idi. Qapıdan bir dəstə qız girdi. Oğlanlar dərhal
ayağa durub onlara yer verdilər. Tribunaya çıxanlar elə səlis, elə məntiqli
danışırdılar ki, eləbil hamısı universitetin dil - ədəbiyyat fakültəsini
qurtarmışdılar. Mən buna bütün çıxışlarda şahid oldum.
...Gül fabrikinə girdiyimiz zaman qapıda ayaq saxladım. Ağ xalatlı
qaraşın, sarışın, əsmər üzlü qızlar qollarını çırmayıb qarşılarındakı
tabaqlarda qızılgülü ləçəkləyirdilər. Onların hamısı tərtəmiz gül parçası kimi
idilər. Adama elə gəlirdi ki, güllərin ətri onlara hopub. Ağ əllər qızılgüllər
içərisində necə də gözəl görünürdü. Burada mənim fikrimdə “Gül əllər gül
içində” misrası ilə başlayacaq bir şeir mövzusu canlandı. Qız və gül sözü
bir-birinə necə də yaraşırdı...”.
Sevimli şairimizin bu şirin xatirəsinin “güllü akordları” yadıma bir
Azərbaycan xalq söyləməsini yadıma saldı:
“Aşıq Ələsgər Naxçıvanın Şəruruna qonaq gəlir. El ağsaqqaları öz
aralarında sözləşirlər ki, bu mahalda bir məşhur el havası var, əgər Aşıq
Ələsgər o havanı çala bildi, ona böyük dövran yığacağıq, yox, çala bilmədi,
ancaq atına arpa-saman verəcəyik.
Məclis başlanır. El ağsaqqalları Naxçıvanda məşhur olan el
havasından söz salırlar. Ələsgər məclisdən icazə alıb bayıra çıxır. Görür ki,
bir çoban hüşkürəyində bir hava çalır, yəqin edir ki, bu həmin hava olacaq.
Məclisə qayıdır. Sazını köynəyindən çıxarır və ağsaqqallara üzünü tutub
deyir:
- Qədim adətə görə aşıq əvvəl bir “Divani”, bir “Təcnis” və bir də bir
“El havası” üstə çalıb oxuyandan sonra söhbətə başlar. Amma görürəm ki,
sizin arzunuz əvvəl-əvvəl Naxçıvanda məşhur olan el havanızı eşitməkdir.
Elə isə, qoyun sazımı sizin havanız üstə kökləyim.
Ələsgər sazı kökləyir. Naxçıvan havasını elə bəzəyə-bəzəyə çalır ki,
ağsaqqallar bir ağızdan “Afərin, aşıq Ələsgər!” – deyib alqışlayırlar.
Ələsgər deyir:
- Bu sizin “Köhnə Naxçıvani” havanız. Amma bu havanın bir balası, bir
gülü də var.
Sazın kök və pərdələrinə yaxşı bələd olan sənətkar eyni səs
qatarında bu havadan bir qol ayırır, bir gül vurur. “Naxçıvan gülü” havasını
yaradır. “Köhnə Naxçıvani”yə özünə münasib on birlik qoşma oxunduğu
halda, “Naxçıvan gülü” nə səkkizlik gəraylı oxuyur.
Ələsgər qədim Naxçıvanda təkcə “Köhnə Naxçıvani” çalmır, eyni
zamanda ona bir gül də vurur: - “Naxçıvan gülü”...”.
Mirvarid xanımın xatirəsinə davam edirəm:
“Gəzdiyimiz yerlər, tanış olduğumuz adamlar, dinlədiyimiz nitqlərin
hamısı inkişafımızın canlı sübutu idi...Bizi nə qədər gözəl mövzular
gözləyirdi.
Naxçıvan yazıçılarından Hüseyn İbrahimov, Hüseyn Razi, Müzəffər
Nəsirli, Kəmalə Ağayeva, Əliyar Yusifli ilə görüşlərimizdə bizə məlum oldu
ki, onlar da bu mövzular ətrafında çalışırlar. Görüşlərdə əmək insanlarının
həyatına, Vətənə, anaya həsr etdikləri şeirləri oxudular və hərarətlə
qarşılandılar. Təsadüfi deyil ki, Naxçıvan yazıçıları haqqında maraqlı
məruzə edən filoloji elmlər dokroru Yəhya Seyidov onların yaradıcılığına
yüksək qiymət verdi. Hüseyn İbrahimovun yeni yazdığı “Günəş doğan
yerdə” romanı xüsusi qeyd olundu. Pedoqoji institutun (indiki Naxçıvan
Dövlət Universiteti – R.Mirzəzadə) tələbələri ilə görüşümüz, institutun
hazırlıq kursunda oxuyan Cavanşir Eloğunun oxuduğu şeirlər heç vaxt
xatirimdən çıxmayacaq. Orada necə qüdrətli bir gənclik yetişir.
Televiziyada, bədii verilişlər şöbəsinin redaktoru vəzifəsində çalışan qara
gözlü, zərif sifətli Fəridə Abdullayevanı və Mahmudlu kəndində
ölkəşünaslıq muzeyi təşkil edən X sinif şagirdi Abdulla Qurbanovu da
unutmayacağam. Fəridə necə də fərəhli idi. Universitetin jurnalistika
fakültəsini bitirmişdi...
Biz bir bulağın üstündə, çinar ağaclarının kölgəsində nahar elədik..
Bir tərəfimiz sünbülü təzəcə dən tutmuş yaşıl buğda zəmisi, bir tərəfimiz
laləli dağlar idi. Başımızın üstündə ağ buludlar, mavi səma... Ayağımız
altında çəmən otları xalı kimi sərilmişdi. Biz zəhmət adamlarının süfrəsi
önündə oturmuşduq. Bu çörək onların halal zəhmətlərinin məhsulu idi.
Onlar necə mehriban, qonaqpərvər və istiqanlı idilər.
Mən burada uşaqlığımı, öz kəndimizi, onun səxavətli adamlarını, ata –
anamı, nənə-babamı xatırladım. Onları da bir şey düşündürürdü: qonaq
razı getsin...Bu qonaqlardan onların heç bir təmənnası yox idi. Yeganə
təmənnaları bu idi ki, onların yeri rahat, yeməkləri ləziz, ürəkləri şad olsun.
Naxçıvanda xalqımızın bu müqəddəs ənənəsi ilə yenidən qovuşdum.
...Axşam düşmüşdü. Bir maşında iki qadın oturmuşduq. Xalidə xanım
Hasilova və mən. Hər ikimiz öz təəssüratlarımızın və xəyallarımızın
dünyasında idik. Sürücü çox mehriban, cavan bir oğlan idi. Bizim doğma
oğlumuz kimi doğma. Get – gedə hava qaranlıqlaşır, zəmilər, bağlar, iydəli
yollar qaranlığa qərq olurdu.
...Sinəmdə yalnız bir işıq qaldı. Həm də şüaları isti bir işıq. Bu, mənim
ürəyim idi. Vətən torpağından, onun insanlarından, insanların şad
günündən, işıqlı gələcəyindən işıq alan ürəyim! Ulduz başımızın üstü ilə elə
bil bizimlə gedirdi. Bəlkə buludları parçalayıb bizə işıq salan o ulduz da
Naxçıvan torpağının isti qoynunda onun günəşi ilə işıqlanıb dastanları,
nağılları ilə böyüyən, qidalanan Mirzə Cəlillərin işıqlı ürəyi idi.
Mən Azərbaycanın bir çox rayonlarında olmuşam. Naxçıvan səfərim də
işıqlı oldu; təzə şeirlərim yarananda buraya “uğurlu” sözünü də əlavə
etməyə haqqım olacaqdır...”.
Böyük şairimiz Məmməd Araz hələ uzun illər bundan qabaq “Yaşa,
ucal, doğma torpaq” məqaləsində dünyaya göz açdığı, çörəyini yediyi,
suyunu içdiyi, havasını udduğu, qəlbən, ruhən, bütün varlığı ilə bağlandığı
yurdu haqqında yazırdı:
“Araz sahilində dünyaya göz açmışam, Araz sahilindən dünyaya
baxmışam. Hərdən mənə elə gəlir ki, bu torpaqda hər çayın, hər bulağın
dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi - halına bələdəm.
Üçqardaşdan, Keçəldağdan, Dərələyəz silsiləsindən üzüaşağı – Araza
doğru nə qədər qaçmışam, küləklərlə gizlənpaç, şimşəklərlə çilingağac
oynamışam. Aydın, təmiz cənub gecələrinin göylərinə nə qədər sapand
atıb, “ulduz endirmişəm”.
Uşaq alayımız səhərlər gündoğana, axşamlar günbatana nə qədər at
çapıb, günəşə yetmək, onu səhərlər dağ başından bir qədər tez qaldırmaq,
axşamlar batmağa qoymamaq istəmişik.
Günəş əl eləyib ki, “sabah, sabah görüşəcəyik”.
Bəlkə neçə min il əvvəllər də bu torpaqda insanlar günəşsevər
olublar; uşaqlarla günəşin dostluğundan bu yerə bu qədər işıq ələnib.
Bəzən mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə
addımlarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişilməz qalır. Bir də
saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətin olur. Ancaq onu
deyim ki, mən Araz boyunca ildə bir neçə dəfə Naxçıvana gəlirəm. Və hər
dəfə elə bil bu yerləri ilk dəfə görürəm. Gözlərimlə tanış mənzərələrin, bu
həmin yorulmaz yolların, bu həmişə “yönü bəri baxan” dağların elə
rənglərini, dolaylarını, elə duruşunu görürəm ki... özüm özümə kənardan
baxa bilsəydim... yəqin ki, bu torpağa ilk dəfə qədəm qoyan səyyaha
bənzəyərdim.
Bu “geoloji muzeyin” eksponatları artıb, yoxsa azalıb? Onların
tərtibatında elə bir yerdəyişikliyi yoxdur ki? Yoxdur, deyəsən. Bu həmin o
tayı - bu tayı özünə qoşub dartan dəli Araz, bu həmin nəhəng raket gəmi
kimi göyə tuşlanan İlanlı dağ, həmin boyalı dağlar, indicə nərildəyəcək
buludlar... Bəs bu rənglər? Gözün görüb duyduğu, oxuduğu, lakin sayıb
sözə, rəqəmə çevirməkdə aciz olduğu təbii boyalar əvvəlki olsaydı,
indiyəcən solmazdımı və ya baxışı-gözü yormazdımı?
Təbiətin çox qəribə rəssamlığı var. O, eyni tipli landşaftı olan
müəyyən relyefə elə “tərtibat” verir ki, yaranan mənzərə insan gözünü
yoruculuqdan xilas edir. Bu mənada ilk dəfə qatar Nehrəm dərəsindən
burulub geniş talaya – Araz vadisinə çıxanda eyni relyef, eyni dağ
mənzərələri yenicə müxtəlif rənglərdə çimib çıxmış kimi görünür. Sonra
yenə də keçmiş, əbədi görkəminə qayıdır: qədimlik! Yer kürəsinin
əmələgəlmə və formlaşma tarixini müxtəlif geoloji dəyişmələrin “aşılama
əməliyyatından” qoruyub saxlayan qədimlik...
Yəqin ki, Naxçıvan torpağına ilk qədəm qoyan, relyefi az- çox
“oxumağı bacaran” adam düşünə bilər ki, burada dağların çoxu paltarının
astarını üzünə çevirib... Bütün bunlardan sonra bu muzeyə yaxşı bələd olan
geoloqun deməyə haqqı var: yerin yaşını təyin etmək istəyirsinizsə,
Naxçıvan torpağına baxın.
Onda arxeoloqun da deməyə sözü olacaq. O da bu geoloji qədimlikdə
qədim mədəniyyətin izlərini gəzəcək. Onda burada qədim şəhərin bünövrə
daşları eramızın başlanğıcından çox-çox əvvəllərə təsadüf edəcək.
Tarix boyu təbii və süni fəlakətlər, torpaq üstündə təkcə bu və ya digər
ictimai-siyasi mühitləri, taxt-tacları deyil, həm də xeyirxah insan əməllərinin
yaratdığı nə qədər böyük- kiçik sənət abidələrini ya birdəfəlik “ölümə
məhkum” eləmiş, ya da çevirib torpağa quylamışdır.
Bu gün bəzən adi bir saxsı qab bir qədim mədəniyyətin, bir şəhərin
qədim “pasportunun” müəyyən edilməsi üçün yeganə meyar olur.
Bəli, Naxçıvan çuxuruna gedən yollar, oradan müxtəlif Şərq ölkələrinə
ayrılan yollar çox qədimdir. Bu yollar qoca Şərqin və Qərbin bazarlarına
əsrlər boyu dəvə karvanlarını dartıb, ipəyi göz qamaşdıran, xuşkəbəri iştah
tamsıdan, incə zərgərlik şeyləri özünə müqayisə axtaran Azərbaycan
torpağına şöhrət yükü ilə qayıdıb.
Alim deyir ki, tarixin ictimai-siyasi şəraiti burada qədimdən elm və
mədəniyyətin inkişafına imkan yaradıb.
Şair deyir ki, buranın sərin iqlimi, daşın, qayanın çoxluğu, münbit torpağın
azlığı insanı axtarışa səsləyib.
Dünyagörmüş bir qoca günəşi göstərir; min illərlə babalarımız onun bol
işığını görüb. Dağ-daşı, əkin yerini yandırıb cızdaq eləyib, amma bəxtinə,
ürəyinə düşməyib.
Onu axtarmışıq. Nəsrəddin Tusi də onu axtarırdı, Bəhruz Kəngərli də,
Mirzə Cəlil də...
Mən Naxçıvan çuxurunun yüz il əvvəlini, əlli il əvvəlini görməmişəm.
Babam atasından, babasından söz açardı: onlar da öz babalarından.
Beləliklə, mən babamdan Naxçıvan haqqında 400-500 ilin məlumatını ala
bilirdim. Bu məlumatların çoxu nağıl-əfsanə, döyüşlər, qırğınlar, vuruşlar və
nəhayət, bazar və əkin-biçin barədə idi...
“...Hərki-hərkilik, mənəmlik, qolu zorluluq aradan getdi”. Babamın
gördüyü, babalarından “alıb saxladığı” Naxçıvandan – köhnə, mehrəli,
uçuq, samanlıq damlardan, cırım-cındır kəndlərdən heç nə qalmadı. Bunlar
mənim gözüm qabağında müharibədən sonra, bəlkə də son on beş - iyirmi
ildə tamam dəyişdi. Yaranışdan yaraşıqlı dağların ətəyində, dərələrin
boğazında, çayların yaxasında yaxasını günəşə açan yeni kəndlər dünyaya
gəldi. Ölkəmizin bir çox şəhərləri ilə yarışa bilən, özündə Azərbaycan
Elmlər Akademiyasının, Yazıçılar İttifaqının, Rəssamlar İttifaqının filialı
olan, müstəqil Dövlət Pedaqoji İnstitutu yaranan (indiki Naxçıvan Dövlət
Universiteti – R.Mirzəzadə) yeni Naxçıvan şəhəri meydana gəldi.
Bunu böyük fərəh hissi və qətiyyətlə demək mümkündür ki, əsrlər boyu
xalqımızın elm və mədəniyyət xəzinəsinə neçə düha vermiş bu torpaq öz
qanadlarını daha geniş açdı. Yenidən doğuldu, yenidən dünyaya gəldi.
İşığı bollaşdı diyarımızın,
Ətiri bollaşdı baharımızın,
Vüqarı boy atdı vüqarımızın,
Dünyaya Naxçıvan dünyası gəldi.
Zülmət yığışdırdı ətəklərini,
Fəsillər - qara dil küləklərini.
Dan yeri böyütdü bəbəklərini-
Dünyaya Naxçıvan dünyası gəldi.
Dirəndi dağlara nur qatarımız,
Yeni segah dedi könül tarımız.
Aldı fırçasını bəhruzlarımız,
Dünyaya Naxçıvan dünyası gəldi.
Min illərlə Araz çayı Naxçıvan torpağının ətəyini yalayıb keçirdi.
Qoşulan nəğmələr, ağılar, bayatılar damla-damla Araz suyunu çoxaldır,
duruldur, bulandırırdı. Araz suyu ona söykənən düzlərə “yanıq” verə-verə
axıb keçirdi.
Araz da yedəklənərmiş. Araz da qəzəbindən nur ayıra, daşqınından
yaşıl-yaşıl nəğmə verib, kənd və şəhərlərimizə, Böyük düzün şoran
torpağına axa bilərmiş.
Naxçıvan torpağında yerüstü sərvətlər qədər yeraltı sular vardır. Belə
bulaqların sayı 200-dən çoxdur. Bu bulaqların nəğməsi ölkəmizin hər
guşəsində süfrələrə dad gətirir. Yaxın vaxtlarda, Naxçıvan mineral sularının
dərələrə havayı axını azaldılacaq, 150 milyon şüşə “Badamlı” və “Sirab”
suyu doldurulacaqdır. Ərazidə mineral bulaqların ehtiyatı və gücü
müqabilində bu rəqəm hələ çox kiçikdir. Muxtar Respublikada 60 növ
məhsul buraxan 29 sənaye müəssisəsinin məhsulu indi ölkəmizin çox
yerinə, həmçinin bəzi xarici ölkələrə də göndərilir. Yuxarıda demişdik ki,
geoloqlar Naxçıvanı geoloji muzey adlandırırlar. Dağ süxurlarının astarı
üzündə olan bu muzeyin əsas gözəgörünməz xəzinəsi var – zəngin
minerallar!
Naxçıvanın dağ-mədən sənayesi artıq ənənə yarada biləcək bir
inkişaf səviyyəsinə qədəm qoyur.
Hələ diqqət və nəzərlərin tam yönəlmədiyi nə qədər yataq öz
axtarıcısını gözləyir. Naxçıvanın meyvəcatının, dad-ləzzəti ilə süfrələr
bəzəyən Ordubad konserv zavodunun məhsulu uzaq ölkələrə gedir.
Ölkəmizin çox yerində “əla” qiymət alır. Ordubad meyvəsi, Şahbuz balı,
Ordubad ipəyi, Şahbuz şərabı, Naxçıvan üzümü... Muxtar Respublika
qədim ənənəli elm və mədəniyyəti, müasir sənaye sahələri ilə bərabər,
müasir kənd təsərrüfatının səviyyəsi ilə də öyünə bilər... Burada insan
əsrlər boyu çörəyini daşdan çıxarıb, qəlpə-qəlpə qayalardan qoparıb.
Burada yayın qızmarından, qışın şaxtasından qaçıb torpağın dərin
qatlarında gizlənən sular üzə çıxıb, dərələrin boğazında qıvrılıb dəryaçaya
dönüb. Torpağın yeni bolluq, bərəkət, zəhmət nəğməsi yaranır.
Avqustun yumurta bişirən havasında təngiyib o qədər dağlara sarı
pərvazlanıb, bircə saatdan sonra qar üstündə o qədər sürüşmüşəm
ki...Salvartı dağlarından, Batabat meşəsindən, Şahbulaq yaylağından o
qədər üzüaşağı qanadlanıb bu torpağı sinəmə sıxmaq istəmişəm ki...
... Adınla yaşa, adınla ucal, mənim doğma torpağım!”
Xalq yazıçısı Anarın “Ölməz naxışlar” adlı yazısı əslində Naxçıvan
üçün yaradılmış söz, fikir abidəsidir. Bu “möhtəşəm abidə”nin müəllifi yazır:
“...1975-ci ilin payızında Naxçıvana ilk gəlişim “Dədə Qorqud” filminin
çəkilişi vaxtına düşmüşdü. Bəlkə də bu səbəbdən – o günlər, o aylar bütün
varlığımla Dədə Qorqud aləmində yaşadığımçün – ilk dəfə gördüyüm
Naxçıvan torpağı mənə məhz oğuzlar dünyasını andırırdı – eyni sərt, çılpaq
gözəllik, əzəmət, azmanlıq, epiklik... Əfsanə, əsatir ab-havası... Bütün
bunlar Naxçıvanın qırmızıya çalan, sanki nəhəng baltayla paralanıb
bölünmüş sıldırım dağlarıyla, lay-lay misi, dəmiri xatırladan yalçın
qayalarıyla, relyefinin möcüzəvi biçimləriylə necə də uyar idi...Naxçıvan
dağları gah donub qalmış alov dilimlərini, gah püskürən daş fəvvarələri,
gah da buz sütunlarını xatırladır. Lay-lay fətirlərə, göbələyə, gəmiyə, insan
burnuna bənzər dağ-qaya formaları da var. Təbiət Naxçıvan dağlarını əcaib
plastik biçimlər kimi, mücərrəd heykəllər kimi yaradıb, həm də bu heykəllər
daha aydın görünsün, daha yaxşı baxılsın deyə, onları heç nə ilə
bəzəməyib, çılpaq, yalın-yalxı saxlayıb, ucsuz-bucaqsız düzəngahda bir-
birindən aralı, müstəqil eksponatlar kimi yerləşdirib.
Bu səfərdən 10 gün sonra Naxçıvana ikinci dəfə gəldim. “Dədə
Qorqud” filminin bir çox mənzərə kadrları- bəlkə də əsərin ən yaxşı kadrları
– məhz burda çəkildi: sübh obaşdan da zərif tül-ipək duman içində narın
yuxu kimi görünən İlanlı dağ da, Batabatdan bir az yuxarı, azmanların
kahasına oxşayan “Fərhad evi” də, kənd Şahbuzda qala divarları da,
Əbrəqunis kəndindəki xaraba qalıqları, Əlincənin yan-yörəsi də - filmin
müxtəlif səhnələrində oğuz bahadırlarına məskən oldular...
Oğuz igidləri ocaqlarını bu yerlərdə çatdılar, tonqallarını bu yerlərdə
qaladılar, çadırlarını bu düzlərdə qurdular. Bu seyrangahlarda at çapdılar,
ox atdılar, qılınc oynatdılar. Bu torpağı yağılardan qorudular...
Bu gün Möminə Xatun məqbərəsi qarşısında dayanarkən və həmin
illəri xatırlayarkən fərəh hissi keçirirəm. Tariximizin, sənətimizin bu nadir
incisi uçub-dağılmaq təhlükəsindən xilas edilmiş, o vaxtın laqeydliyi Əcəmi
yadigarına qayğıkeş, diqqətli münasibətlə əvəz olunmuşdur. Abidənin
bərpası, qorunması, ətrafının səliqə-sahmana salınması üçün son illər çox
işlər görülmüşdür. Bərpanın xüsusiyyəti və keyfiyyəti haqqında
mütəxəssislərin rəyləri haçalansa da, Möminə Xatunun bugünkü görkəmi,
yan-yörəsinin arıtlanması şəksiz, xoş hadisədir. Əgər vaxtı ilə Möminə
Xatun ətrafındakı əhəmiyyətsiz tikililər arasında gizlənmişdisə, itib-
batmışdısa, indi onun dövrəsində yaranmış açıqlıq, genişlik – abidəni bütün
əzəmətiylə, bütün gözəlliyilə qavramağa, duymağa imkan yaradır. İndi
Möminə Xatun və onun ətraf mühitinə tarixi memarlıq kompleksi kimi
baxılır. Bu kompleksin, bu mühitin girişi Naxçıvan memarlıq məktəbi
ənənələrinə uyar üslubda ucaldılmış tağ, məqbərənin arxasındakı tarixi
binalar, Qızlar bulağı, keçidlər, meydançalar, divarlar bir-birini tamamlayır,
bitkinlik, bütövlük təsiri oyadır...
Möminə Xatun ansamblı ərazisində açıq hava muzeyinin yaradılması
da yaxşı təşəbbüsdür. Məlumdur ki, folklorumuzda, nağıl və
dastanlarımızda, ümumuyyətlə, el zehniyyətində, xalq inanclarında at, qoç
obrazları hünər, bərəkət rəmzi kimi, müqəddəs simvollar kimi yaşayır. (Bu,
dildə də əks olunub. “At – muraddır” deyirlər, “Qoç Koroğlu” deyirlər...)
Naxçıvanda, Möminə Xatun tarixi- memarlıq mühitində yaradılmış
açıq hava muzeyi də bu sahədə yeni, xeyirxah təşəbbüsdür. Bu muzeydə
toplanmış plastik sənət örnəkləri; at, qoç, qoyun, nəhəng kərtənkələ, ilbiz
fiqurları, habelə sənduqələr, sütun özülü, əski məişət əşyaları-
həvəngdəstələr, su süzən daşlar, dəsətərlər, əl dəyirmanları, dörd min il
yaşı olan üzüməzənlər və s. tarix boyu xalqımızın həyat, yaşayış tərzini,
düşüncə xüsusiyyətlərini, gözəllik duyğularını çox əyani və dəqiq şəkildə
əks etdirir.
Bugünkü Naxçıvanın mədəni həyatında böyük şair və dramaturq
Hüseyn Cavidin adıyla bağlı işlər xüsusi yer tutur. Respublikamızda son
vaxtlar yaranmış teatrlar- Gəncədə Zərrabi, Ağdamda Natəvan, Şəkidə
Səbuhi teatrları ilə bir sırada Naxçıvanda fəaliyyətə başlamış “Hüseyn
Cavid poeziya teatrı” da maraq doğurur.
Cavidin ev-muzeyi də səliqəylə, zövqlə təşkil edilib. Muzey yalnız
böyük sənətkarın xatirə yeri deyil, ümumən ədəbiyyat ocağı, şairlər məclisi
kimi şöhrətlənə bilər, burada şeir gecələri, teatr, tamaşa axşamları
keçirmək, Cavid irsini daha geniş təbliğ etmək imkanı var, başqa
şəhərlərdən, respublikalardan qonaqlar çağırmaq olar.
Hüseyn Cavidin məzarının Azərbaycana gətirilməsi, həsrətli
didərginin vətənə qayıtması, Naxçıvan torpağına tapşırılması – mühüm
tarixi hadisə kimi qiymətləndirilməlidir. Naxçıvanda Cavid türbəsini
ucaldacaq sənətkarların üzərinə böyük məsuliyyət düşür. Burada Əcəmi
dühasının incisi - Möminə Xatun və Yusif Qüseyir məqbərələri bütün
əzəmətiylə hifz olunub. İndi –bizim günlərdə Naxçıvanda ucaldılacaq türbə
- bu ölməz sənət örnəklərilə yarışa girməyəcəksə də, hər halda onlarla bir
ərazidə, bir mühitdə yaşayacaq, istər- istəməz müqayisələr, tutuşdurmalar
üçün əsas verəcəkdir. İstərdik ki, Cavid türbəsi Naxçıvan memarlıq
məktəbinin ənənələrini davam etdirməklə bərabər, həm də müasirliyi ilə
seçilsin. Atabəy və Atababa türbələri öz dövrlərini əks etdirdikləri kimi,
Cavid sərdabəsi də bizim əsrin abidəsi olsun, gələcəyə bizim günlərin
yadigarı, sənət örnəyi kimi qalsın.
Bir təklifimi də bildirmək istərdim. Vaxtilə Hüseyn Cavidin cavan
yaşlarında dünyadan getmiş bəstəkar övladı Ərtoğrul haqqında “Böyük
sənətkarın sənətkar oğlu” adlı məqalə yazmışdım. Bu məqalədə bir faktik
səhvə yol vermişdim; yazmışdım ki, Ərtoğrul Tiflisdə vəfat edib. İndi
imkandan istifadə edib bu səhvi düzəltmək istəyirəm: Ərtoğrul Tiflisdə
hospitalda xəstə yatıb, amma Naxçıvanda keçinib, burda da dəfn
edilmişdir. Təklifim isə ondan ibarətdir ki, Ərtoğrulun məzarı da atasının
türbəsinin yanına köçürülsün – faciəvi həyat keşməkeşlərilə bir-birindən
ayrı düşmüş ata və oğul ölümsüzlük mənzilində əbədi qovuşsunlar.
Akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji
İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti – R.Mirzəzadə)
”Azərbaycan” jurnalının oxucularıyla, institutun müəllim və tələbələriylə
görüşə gəlmişdik.
İnstitutun binaları çox geniş bir ərazidə yerləşir, inzibati təhsil
korpusları arasında təbiət sahələri adama xoş təsir bağışlayır. Auditoriya
pəncərələrindən baxanda İlanlı dağın füsunkar mənzərəsi görünür. Təhsilin
və təbiətin belə ülvi vəhdəti yadıma Hindistan səfəri zamanı gördüyüm bir
yeri – Kəlküttə şəhərinin yaxınlığında böyük hind sənətkarı, mütəfəkkiri
Rabindranat Taqorun malikanəsini saldı. Çox geniş sahəsi olan bu
malikanədə Taqor dünyaca məşhur Şantinegeton Universitetini yaradıb.
Universitetin ərazisi bir-birindən aralı yerləşmiş bir və ikimərtəbəli zərif,
yaraşıqlı binalardan və onları əhatə edən gözəl mənzərəli təbiət
guşələrindən – ağaclıqlardan, güllüklərdən, çəmənliklərdən, hovuzlardan
ibarətdir. Hindistanın isti iqliminə uyğun olaraq dərslərin bir çoxu açıq
havada, böyük ağacların gen-bol kölgəliklərində keçirilir – bir ağacın altında
bir kurs tarix dərsi keçir, başqa ağacın kölgəliyində başqa kurs rəsm, ya
ədəbiyyat dərsi... belə tədris üsulunun öz məziyyətləri var – tələbə elmi
bilikləri təbiətlə üzvi vəhdətdə mənimsəyir, insanlığın fikir xəzinəsinə,
bəşərin bilik dəryalarına daldıqca dünyanın təbiət gözəlliklərindən də
yadırğamır, torpağın ətrindən, fəsillərin, gün çağlarının dəyişmə
ritmlərindən də ayrılmır. Birini qoyub birini deyim; burada Naxçıvan
Pedaqoji İnstitutunun həyətində yalnız uzaq Şantinegetonu deyil, bizim
Şuşanı da düşündük. Məlumdur ki, Şuşanı “Qafqazın konservatoriyası”
adlandırırlar. Bu doğrudan da belədir: əgər Şərq musiqi sistemi, muğam
sənəti- Avropa simfonik və vokal yaradıcılığı qədər zəngin və mürəkkəb bir
aləmdirsə, bu aləmin yaradıcıları və sərrafları – tarzənlər, xanəndələr,
kamança çalanların bir çoxu təhsillərini Şuşada alıblar. Həm də bu təhsil ali
məktəb binalarında, sinif otaqlarında keçməyib, möhürlü diplomlarla
tamamlanmayıb. Cıdır düzünün, İsa bulağının, Xan qızı bulağının səfalı
guşələrində təşkil olunan musiqi muğam məclisləri – həmin təhsilin illəri və
işləri olub. “Sütül” musiqiçilər belə məclislərdən görüb-götürüb, daha
doğrusu eşidib öyrəniblər və müəyyən müddətdən sonra özlərini hazır və
layiq biləndə, o məclislərdəcə sənət imtahanları veriblər. Əgər haçansa
Şuşanın köhnə binalarının birində, məsələn, deyək ki, indi texnikum
yerləşən əzəmətli binada Şərq konservatoriyası təşkil olunacaqsa, onun
bəzi dərsləri binanın yanındakı səfalı bağda, sərin kölgəlikdə keçə bilərdi.
Bu yalnız bayaq dediyim kimi, təhsilin təbiətlə üzvi bağlılığı naminə, yaxud
gələcək musiqiçilərin füsunkar mənzərələrdən ilhamlanmasına görə deyil,
başqa səbəbdən də məqsədəuyğundur; xanəndə səsinin zili-bəmi hansı bir
salonda cilalana bilər ki, həmin salonun akustik şəraiti Cıdır düzünün
yüksəkliyinə, məcun havasının titrəkliyinə əks- səda qaytaran sıldırım
yarğanların, uçurumların rezonansına tay olsun. İsa bulağı meşəsindən
başqa dünyanın hansı bir qapalı binasında bülbüllərin cəh-cəhi ustad
tarzən barmaqlarını müşaiyət edə bilər?Nə isə. Xəyal baş alıb gedir.
Naxçıvan Pedaqoji İnstitutunun salonuna qayıdaq.
Müəllimlər, tələbələr bir- bir kürsüyə qalxır. “Azərbaycan” jurnalında
dərc olunan əsərlər haqqında fikir söyləyir, jurnalın fəaliyyətində
bəyəndikləri cəhətlərdən açıq ürəklə, ağız dolusu danışır, nöqsan
saydıqlarını tənqid edir, təkliflər irəli sürür...
İndi bu salondakıları nəzərdən keçirərkən bu sifətlərdə insan
talelərini, insan ömürlüklərini duymağa çalışıram – bu sifətlər mənim
xalqımın sifətidir. Bu xalq üçün, bu oxucular üçün yazırıq və yazılar
həyatımızın mənası, məqsədi, məzmunudursa, deməli, bu insanlar üçün
yaşayırıq. Sözümüz, demək istədiklərimiz, çatdırmağa cəhd etdiklərimiz nə
dərəcədə mənzilinə, ünvanına çatır, hansı qarşılıqla, nə hisslər, nə fikirlər
oyadır? Müəlliflə oxucu kontaktı, əlaqəsi, münasibəti yaranırmı? Bütün bu
suallar hər bir yazıçını, o sıradan bizi də narahat edən, nigaran qoyan
məsələlərdir.
Sənət əsəri müəllifin, yaradıcının başqa insanlara, müasirlərə və
gələcək nəsillərə ismarışıdır. Biz bu gün Mirzə Cəlilin, Əbubəkr Əcəminin,
Bəhruz Kəngərlinin, Cavidin (mən burda ancaq Naxçıvan torpağında
doğulmuş sənətkarların adını çəkirəm) ismarışlarını almışıq, bu ismarışlar
qəlbimizin ən dəruni guşələrinə nüfuz edib. Bəs bizim günlərin hansı ədəbi
sözü, memarlıq abidəsi, musiqi əsəri, rəssamlıq mənzərəsi müasirləri və
gələcəkdəkiləri əfsunlayacaqdır? Bu, yəqin ki, cavabsız suallardır, amma
bir həqiqət danılmazdır, Naxçıvanda da, getdiyim başqa rayonlarda, şəhər
və kəndlərdə də müasir Azərbaycan ədəbiyyatına çox böyük maraq və
diqqət var, yazıçılarımızın yalnız bədii əsərləri deyil, çıxışları, müsahibələri
də mütəmadiən izlənilir, yaradıcılıq nailiyyətləri barədə söylədikləri hər bir
vədin möhləti və icrası yaddaşlara həkk olur. Bu da sözsüz, yazıçımızın
məsuliyyətini dediyi sözə, etdiyi hərəkətə, hər davranışına, hər yazı-
pozusuna cavabdehlik hissini artırmalıdır...”
Hörmətli yazıçımız Anarın olduqca maraqlı qeydlərinə bir qədər sonra
davam etmək şərti ilə burada bir haşiyəyə çıxmaq istərdim . Azərbaycanın
görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, tənqidi realist ədəbi
cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yeni tipli ictimai
satiranın yaradıcısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya
rəhbəri, ədəbiyyatımızın, mədəniyyətimizin görkəmli xadimi olan Cəlil
Məmmədquluzadə Naxçıvanda dünyaya göz açıb. İstedadı və ağlı ilə
yaşıdlarından seçilən Cəlil, daim nəcib bir məqsəd naminə; xalqının
maariflənməsi, dini xürafatdan, cahillikdən, fanatizmdən uzaq olması,
yetişən nəslin təhsilli olması, inkişaf etməsi, azad, xoşbəxt yaşaması
naminə çalışıb.
Cəfər Xəndan “Mirzə Cəlil” məqaləsində yazır ki: “Hələ ilk əsəri olan
“Çay dəstgahı” adlı alleqorik komediyasında xalq nümayəndələrinə bəraət
qazandıran, həqiqəti deməkdən çəkinməyən ədib, sonrakı məşhur
“Danabaş kəndinin əhvalatları” adlı povestində də Məmməd Həsən əmiləri,
Zeynəbləri Xudayar bəylərə qarşı qoyaraq, xalqın yaralarını sağaltmağa,
onu düşmüş olduğu ağır vəziyyətdən qurtarmağa səy etmişdir. Xalqı
sevdiyi, xalqdan qüvvət aldığı üçündür ki, böyük ədibimiz xalqın
nöqsanlarını göstərməyə də cəsarət edirdi. Heç təsadüfi deyildir ki, o, xalqa
ən yaxın olan əfsanəvi Molla Nəsrəddinin adını təxəllüs seçmişdi. Onun
bütün Şərqə, cəmi islam aləminə səs salan məcmuəsi də bu adla məşhur
olmuşdu. Cəlil Məmmədquluzadə çox yaxşı bilirdi ki, bir xalqın dilini məhv
etmək, onun özünü məhv etmək deməkdir. Odur ki, milli mədəniyyətimizin,
doğma Azərbaycan dilimizin məhvinə doğru yönəldilmiş çar və yerli burjua-
mülkədar siyasəti böyük xalq yazıçısını daha çox düşündürürdü. O,
cəhalət, mövhumat, nadanlıqla bir sırada, Azərbaycan dilinin məhvinə
yönəldilmiş siyasəti də amansız tənqid edirdi. O, sözün həqiqi mənasında
bir vətənpərvər, bir xalq ədibi kimi çıxış edirdi.
Cəlil Məmmədquluzadə xalqı öz dilini sevməyə, buna mane olan
qüvvələrə müqavimət göstərməyə çağırırdı. O, yazırdı:
“Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi
öyrənək.Tutaq ki, bunu hökumət qoymur.
Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi
xoşlamağı kim qoymur?
...Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimiz ilə danışmağı ar
bilməyə vadar edir? Məgər bunu da hökumət edir?” ( “Molla Nəsrdəddin”,
1906 № 31).
Böyük ədibimiz bu mövzuya həsr etdiyi yüzlərlə felyetonları ilə
kifayətlənməyərək, “Anamın kitabı” adlı məşhur dramında da əsasən dil
məsələsindən danışmışdır. Peterburqda, İstanbulda və Nəcəfül – Əşrəfdə
təhsil alıb öz ana dilinə məhəl qoymayan üç qardaşın faciəsini təsvir edən
Cəlil Məmmədquluzadə, “Anamın kitabı”nın son sətirlərində yazır:
“Yer, göy, ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır
günün başına dolanırlar. Çünki bunlar hamısı qədim, əzəl gündən qopub
ayrılmış parçalardır.
Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib
dolansınlar, yenə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar.
Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və
ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanunu pozmaq istəyə:
onun insafı və vicdanı ona müdaməl - həyat əziyyət edəcək, nə qədər
canında nəfəs var, peşman olacaq”.
Yazıçı Anarın “Ölməz naxışlar”ındakı əhəmiyyətli və xüsusi
harmoniya ilə yazılmış xatirəsinin ardı belə davam edir “... Verilən
suallardan biri üzərində də dayanmaq istərdim. Sual Əzizbəyov teatrında
(indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – R. Mirzəzadə)
oynanılan “Sizi deyib gəlmişəm” pyesim ilə bağlı idi. Tamaşaya baxanlar
bilir ki, bu əsər Cəlil Məmmədquluzadənin ömürlüyünə (tərcümeyi-halına)
aid sənədlər, xatirələr, məktublar və ədibin öz əsərləri – “Danabaş kəndinin
əhvalatları” povesti və “Danabaş kəndinin məktəbi” pyesi əsasında qurulub.
Bilmirəm kim, haçan, harda, mənasız və çürük bir fikir ortalığa atıb ki, guya
Mirzə Cəlil Danabaş kəndi adıyla Nehrəmi təsvir edib və mənə də
nehrəmlilər adından irad tutan bir nəfər – niyə siz Mirzə Cəlilin bu səhvini
indiki zamanda təkrar və təbliğ edirsiniz – dedi. (Tam dəqiqlik üçün deyim
ki, bu məsələ iclas salonunda, oxucu konfransında deyil, kənar yerdə və
başqa şəraitdə qaldırılmışdı və mən də orada verdiyim cavabı pedaqoji
institutdakı görüşdə bir daha təkrar etməyi özümə borc bilirəm). Əvvəla
Cəlil Məmmədquluzadə nə bu məsələdə, nə də heç bir başqa mühüm
məsələdə heç bir səhvə yol verməyib, səhv edənlər onun nəcib niyyətini,
vətəndaşlıq xidmətini tərs yozanlardır. Cəlil Məmmədquluzadə heç yerdə
yazmayıb və yaza da bilməzdi ki, o, Danabaş deyəndə Nehrəmi nəzərdə
tutur.
Danabaş ümumiləşdirilmiş obrazdır, bədii kəşfdir, heç bir konkret
yerlə əlaqəsi olmayan şərti məkandır. Bu izahlardan sonra müsahibimin,
necə deyərlər, eyni açılır,- əşi, bütün bunları bir açıq yazıb hamıya başa
salın da – deyir. “Yazmışam, özü də 17 il bundan qabaq yazmışam.
Əvvəlcə “Novıy mir”, sonra “Azərbaycan” jurnallarında, daha sonra
“Adamın adamı” kitabımda çap olunmuş “Anlamaq dərdi” adlı məqaləmdə.
Cografi xəritələrdə Danabaş adlı kənd yoxdur. Bu kəndin ünvanını hər
hansı konkret bir yerə aid etmək istəyənlər ədəbiyyatın ən ilkin şərtlərindən
birini – bədii ümumiləşdirmə şərtini unudurlar. Danabaş – inqilabdan əvvəlki
Azərbaycan kəndinin ümumiləşdirilmiş, bədii cəhətdən kəskinləşdirilmiş
obrazıdır. Bu hər hansı bir Şərq kəndidir və konkret olaraq heç biri deyil.
Müsahibimin təəccübü artır.- Məndən də çox illər qabaq bu barədə atam
yazıb – deyirəm. – Harda? – Əvvəlcə “Azərbaycan” jurnalında, sonra da
“Mənim fikrimcə” adlı kitabında dərc olunmuş “Yeni yaradıcılıq qələbələrinə
doğru” məqaləsində.
“ Nehrəm kəndi ilə yaxından tanış olduqda, onun geniş tarlalarındakı
insanlarla söhbət etdikdə, ixtiyarsız bir məsələni xatırlayırıq. Daha doğrusu,
arx üstündə, söyüdün kölgəsində söhbət etdiyimiz kolxozçular arasında
qoca, ağsaqqal bir kişi bunu bizə xatırladır. O, hər kəsdən əvvəl “A”
deməyə tələsən bəzi ədəbiyyatşünasların, ölməz Mirzə Cəlilin bir əsərinə
verdikləri əsassız və sübutsuz izahdan nehrəmlilərin narazı olduğunu
bildirir. Bu uydurulmuş elmi mülahizəyə görə, guya Mirzə Cəlil “Danabaş
kəndinin əhvalatları” əsərini nehrəmlilər haqqında yazmışdır. Nüfuzlu
mətbuat səhifəsində bu “mülahizəni” oxuyan nehrəmlilər haqlı olaraq belə
bir münasibətdən narazı qalmışlar. Onlar Mirzə Cəlildən “incidiklərini”
bildirirlər. Bir halda ki, bədii ədəbiyyatın xüsusiyyətlərinə az-çox bələd olan
adamlar yaxşı bilirlər ki, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” bir
konkret məqalə, oçerk deyil, bir bədii əsərdir. Buradakı əhvalatlar bədii
əsərə xas olan bir qaydada və Mirzə Cəlilə xas olan məharətlə
ümumiləşdirilmiş obraz şəklinə salınmışdır. Mirzə Cəlilin təsvir etdiyi
adamlar heç də Nehrəm kəndində yaşayan adamlar deyildir. Doğrudur, o
zamanlar Nehrəmdə də hekayədə təsvir olunan adamlar kimi şəxsiyyətlər
ola bilərdi. Yəqin ki, vardı. Lakin ayrı- ayrı adların belə təsadüfən bu və ya
başqa kənddə yaşamış adamların adına uyğun gəlməsi, heç də əhvalatın
bu kəndə, məhz Nehrəm kəndinə aid olduğunu isbat etmir. Biz bunu
Nehrəmin çalışqan, namuslu, fədakar zəhmətkeşlərinə izah etdik. Biz
nehrəmlilərin inqilab ərəfəsində müsavat və daşnak fitnəkarlarının törətdiyi
milli toqquşmalar zamanı necə mərd-mərdanə dayanıb öz kəndlərində və
onlara yaxın olan yerlərdə bir adamın belə burnunun qanamasına imkan
vermədiklərini yaxşı bilirik... Odur ki, Nehrəm kəndində vaxtilə yaşamış və
bəlkə indi də orda- burda mövcud olan ayrı-ayrı avam, geridə qalmış
adamların heç bir vaxt Nehrəm kəndinin bütün əhalisini təmsil etmədiyini
açıq bir qəlblə onlara dedik”.
Müsahibim bu izahı da məmnunluqla qarşılayır. – Ancaq hamıdan
qabaq bu barədə Mirzə Cəlil özü yazıb - deyirəm. “Nehrəm kəndində
müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim. Və
gördüklərimi yazıya götürərdim. “Danabaş kəndinin əhvalatları” sərlövhədə
Məhəmməd Həsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində
yazdım”. Diqqət edin, Mirzə Cəlil Nehrəmdə yox, müxtəlif kəndlərdə
gördüklərindən söz açır.
Müsahibim fikrə gedir:
-Çox yaxşı – deyir - olar ki, bu sitatları necə deyərlər, təzələyəsən, bu
günün mətbuatı vasitəsilə indiki oxuculara bir daha çatdırasan.
-Olar- deyirəm, - niyə olmur. Bu barədə müsahibimə söz verirəm və
gördüyünüz kimi verdiyim sözə əməl edirəm...”.
Filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev “Ədəbi
qeydlər”ində (Gənclik-1975) maraqlı bir müqayisə aparır: “ V.Q.Belinski
Qoqol yumorunun xarakterindən, mahiyyətindən bəhs edərkən yazırdı :
“Cənab Qoqol tez-tez və bilə-bilə öz qəhrəmanları ilə zarafat edirsə, onun
bu zarafatı qərəzsiz və nifrətsiz bir zarafatdır; o, bu insanların miskinliyini
başa düşür, lakin onlara hirslənmir. O hətta, uşaqların oyunlarına maraq
göstərən, bu sadəlövh oyunlara gülən, lakin onlarla oynamağı arzu
etməyən böyüklər kimi təsvir etdiyi bu insanların miskinliyindən sanki
xoşhal da olur. Bununla birlikdə bu, yenə də yumordur. Çünki o, bu
miskinliyə mərhəmət etmir, onu gizlətmir, onun eybəcərliyini rəngləyib
örtmür, çünki o, bu miskinliyin özünün təsviri ilə bizi məftun edərək ona
qarşı nifrət oyadır. Bu, sakit və bəlkə buna görə də öz məqsədinə tez çatan
bir yumordur. Ötəri şəkildə qeyd edim ki, bu qəbildən olan əsərlərin əsl
əxlaqi mahiyyəti də elə bax, bundadır. Burada müəllif heç bir yüksək kəlam
işlətmir və əxlaq dərsi vermir. O, şeyləri necə varsa, eləcə də təsvir edir”.
Böyük ədib C.Məmmədquluzadə də Danabaş kəndinin camaatını,
avam, miskin kəndliləri tənqid edərkən onların qorxaqlığına, düşüncəsiz
hərəkətlərinə gülərkən məhz belə “sakit”, həm də “öz məqsədinə tez çatan
yumor”dan istifadə etmişdir. Lakin bu gülüşün miqyası, ictimai təsiri və
əhatə dairəsi təkcə istismarın, dinin, cəhalətin qurbanı olmuş Danabaş
camaatı ilə məhdudlaşmır, burada tənqidin obyekti avam məşədi ağakişilər,
kərbəlayi heydərlər, hümmətəlilər olsalar da, onun əsas hədəfi
danabaşlıları bu vəziyyətə salan, mənən şikəst edən ictimai qüvvələrdir,
naçalniklər, qazılar, pirverdibəylər aləmidir, istismar və köləlik dünyasıdır.
Biz Danabaş camaatına gülərkən bu gülüşdən təəssüf, humanizm, yumor
kəndlilərin payına düşürsə, nifrət, qəzəb və kinayə onların ağalarının, yerli
və çar hakimlərinin, tüfeyli ruhanilərin payına düşür. “Danabaş kəndinin
məktəbi” əsərindəki bədii gülüşün təbiətindəki daxili mürəkkəblik,
rəngarənglik də əsasən bununla bağlıdır”.
Söhbət Nehrəmdən düşəndə, yadıma vaxtilə qəzet səhifələrində
oxuduğum və arxivimdə saxladığım bir sənəd-yazı düşdü. Sənəd Nehrəm
kəndinin ağsaqqalı Həsənov Heydərqulu Rza oğlunun dilindən yazılıb və
1925 - ci ildə Nehrəm kənd orta məktəbinin müdiri olmuş Musa Bağırov
tərəfindən qələmə alınıb.
Ermənilərin öz “milli qəhrəmanı” adlandırdığı quldur Andronik başına
topladığı əsgərlərlə birlikdə 1919-cu ildə Culfada öz mövqeyini
möhkəmlədə bilir. Onun adamları Xorasana gedən azərbaycanlıları Culfada
qəsdən öldürüb cəsədlərini arxlara atırmışlar. Belə öldürülmüşlərdən biri
olan nehrəmli Həsən Kərbəlayi Zeynalabdin oğlunun meyitini erməni
daşnakları onun ailəsinə vermək istəmirdilər. Nehrəm kəndinin beş
ağsaqqalı yığışıb cəsədi almaq üçün Andronikin yaxın sirdaşı, özü də
quldur olan Xərəzyanın yanına gedir və daha sonra Culfaya cəsədin
dalınca yollanırlar. Həmin hadisə payızın son aylarına təsadüf edir. Kənddə
erməni daşnakları tərəfindən hər gün 5-10 azərbaycanlı öldürülür.
Mart ayında Andronikin dəstəsi Caləddin kəndinə hücum edir, kəndi
top atəşinə tutur, 12 nəfər qadın və uşaqları bir evə doldurub diri-diri
yandırırlar. Daha sonra Küznütlü Bakrat, Əbrəqunlu Hayıq, Qazançılı
Sərxan və başqa ermənilər Androniklə birləşib Ərəzin, Qızılca, Saltak,
Noraşen, Xoşkeşin, Xanağa, Baş Anzır, Orta Anzır, Ayaq Anzır, Milax
kəndlərində azərbaycanlıları qıra – qıra Bəyəhməd, Ərəfsə, Ləkətağ və
Teyvaz kəndlərini odlayırlar.
Andronik I Nikolayın vaxtından qaçaqlıq edən Tivili Süleymanı
dostlaşmaq bəhanəsilə aldadaraq öz qərargahına dəvət etmiş, onu 32
nəfər adamı ilə tərksilah edərək beş-beş çörək yeməyə aparmaq adı ilə
öldürtmüşdür. Tivili Süleymanı öldürtdükdən sonra Andronik yayçı kəndinə
hücum etmişdi. Azərbaycanlı əhalinin bir hissəsini Araz çayında qırmış,
qalanı isə İranın Mahlaza kəndinə qaçıb canlarını qurtara bilmişdilər.
Yayçı kəndini talan etdikdən sonra Andronik Nehrəm üzərinə hücuma
hazırlaşır. Lakin istəyinə nail ola bilmir. Erməni çobanı Ovek nehrəmli dostu
Həbib Nəzərəli oğluna məktub yazaraq bildirir ki, iyun ayının 9 - da
Andronik paşa öz dəstəsi ilə bərabər Təzəkəndə gələcək, buradan
Nehrəmə hücum edəcəkdir. Həbib Nəzərəli oğlu məktubu Nehrəm kəndinin
ağsaqqalı, kəndxuda Kərbəlayı Muxtara verir. Andronikə müqavimət
göstərməkdə nehrəmlilərə hərbi qaydalara yaxşı bələd olan türk əsirləri
kömək edirlər. Bir neçə gün ərzində səngərlər qazılır, məzqəllər (güllə
atmaq üçün qala divarlarında açılmış deşiklər) düzəldilir. Nehrəmlilərin
cəmi iki ədəd topu və bir ədəd mərmisi vardı. Bunları da Nehrəmin
ağsaqqallarından olan Mehdiqulu ağa və Mehdi ağa I Dünya müharibəsi
dövründə İrandan qayıdan zaman rus qoşunlarından almışdılar.
1919-cu il iyun ayının 9-da Andronik öz quldur dəstəsi ilə Nehrəmə
hücum etdi. Əvvəlcə atlılar, onların arxasınca yaxşı silahlanmış piyada
dəstələri kəndi mühasirəyə aldılar.Təzəkənddə yaşayan ermənilər də bu
quldurlara qoşuldular.
Naxçıvandan buraya gəlmiş dörd nəfər sosial-demokrat Məşədi
Heydər, Seyid Abbas, Hacı Heydər, Tunbullu Hüseynin rəhbərliyi ilə
Nehrəm camaatı öz mövqeyini möhkəm saxlayır, onların mətinliyindən
düşmən kəndə girə bilmir. Günbatana yaxın da bərk külək qalxır və
Andronikin quldur dəstəsi əvvəlcə Güznəştə, sonra isə Nəhəcir və
Sürəməlik kəndlərinə qayıtmağa məcbur olurlar.
Fədakar alimimiz, akademik Tofiq Köçərlinin erməni saxtakarlığına,
yalan və uydurmalarına qarşı tutarlı sübutları əks onunan kitab çox təəssüf
ki, azsaylı tirajla çap olunub.
Köçərlinin qeydlərinə görə, 1985 – ci ilin dekabrında ABŞ-dakı erməni
inqilabı federasiyası (Daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş
Ermənistan yaratmağı özlərinin ən vacib vəzifəsi elan etdilər. Onların
“Birləşmiş Ermənistanı” Naxçıvanı, Qarabağı və Gürcüstan tərkibində olan
Axalkalakini də özündə birləşdirməli idi. Bu üç əraziyə iddia ilk dəfə idi ki,
hallanırdı. Lakin həmin vaxta qədər erməni siyasi partiyaları bildirirdilər ki,
“bizim ərazi tələblərimiz yalnız Türkiyəyədir”.
Həmin vaxtlardan Dağlıq Qarabağ və Naxçıvanın tarixi Zori Balayan,
onun özü kimi yalançı və hiyləgər erməni müəlliflərin saxtalaşdırma
obyektinə çevrildi.
Latviyada çıxan “SM-seqodnya”qəzetinin müxbiri A.Geronyanın Zori
Balayandan aldığı müsahibəsində (5 fevral 1993) verilən bir sualdan aydın
olur ki, Ermənistanda Balayanı “Qarabağı başlayan adam” sayırlar.
... Balayanın yeni yalanı Naxçıvan barəsindədir. “Dağlıq Qarabağ
ideoloqlarından biri kimi həlak olanlar, qaçqınlar qarşısında özünüzü
günahkar sayırsınızmı?” sualına Balayan belə cavab vermişdir: “Mən bu işi
başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə
günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim
çatmadı”.
Deməli, Naxçıvan məsələsi gündəlikdədir. Əlverişli bir məqamda
Balayan, ya başqa bir “yan” Naxçıvanı Ermənistanla birləşdirməyi əməli
bir vəzifə kimi qarşıya qoyub geniş kampaniya başlaya bilər. Onsuz da sən
demə, hələ 1987 – ci ildən ABŞ – da “Naxçıvanı Ermənistana” hərəkatı
yaradılıbmış. San – Fransiskoda çap edilən “Russkaya jizn” qəzetində
E.Kakosyan və L.Dunamalyanın müəllifi olduğu “Naxçıvan uğrunda
hərəkatın mahiyyəti” adlı məqalədən məlum olurdu ki, tezliklə Naxçıvan
ölkəsinin Vətənlə birləşdirilməsi hərəkatın “yeganə məqsədi” elan olunub.
Həmin hərəkat 1987 – ci ilin martında Naxçıvanı Ermənistana birləşdirmək
haqqında “Xarici ermənilərə müraciət” qəbul edibmiş. Ermənistanın özündə
bu barədə 75 min imza toplanıb SSRİ rəhbərliyinə təqdim olunubmuş.
Balayan iddia edirdi ki, sovet dövründə Naxçıvandan 150 min erməni
didərgin düşüb. Yengibaryan isə deyirdi ki, vaxtilə Naxçıvan əhalisinin 80
faizi erməni olub. Bu, əlbəttə, ağ yalan, riyakarlıq, böhtan idi.
1897 – ci il Rusiya imperiyası birinci siyahıyaalınmasının
materiallarına görə, Naxçıvanda 115 min 711 azərbaycanlı (67,5 faiz), 55
min 398 erməni olmuşdur.
Balayanla bərabər bir çox erməni müəllifləri dünyaya car çəkirlər ki,
XX əsrin əvvəllərində Dağlıq Qarabağ əhalisinin 95 faizi erməni olmuşdur.
Qarabağın vergi reyestrinə görə 1823 – cü ildə Qarabağda 20 min 95
ailə yaşamışdır. Bunun 15 min 729 – u azərbaycanlı, 4 min 366 – sı erməni
ailəsi olmuşdur. Mütəxəssislərin fikrincə, göstərilən erməni ailələrinin
tərkibinə 1805-ci ildən başlayaraq, İrandan köçürülən erməni ailələri də
daxildir.
Qətiyyətlə demək olar ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində heç
bir halda və heç bir variantda Qarabağda əhalinin tərkibi ermənilərin
iddiaları kimi olmamışdır.
Dağlıq Qarabağ və Naxçıvan məsələlərində erməni müəlliflərinin
vicdanı, ləyaqəti yalan, uydurma və saxtakarlıqlara qurban verilir.
Xatırladaq ki, “SM – seqodnya” nın müxbiri Balayana bunu da deyib:
“Ermənistanda sizin əleyhinizə də çıxışlar eşidilir. Sizi “Qarabağı başlayan
adam”, respublikanın mühasirədə olmasının, yaşayışının dözülməz
olmasının günahkarı” adlandırırlar...”.
Bəli, yerində qeyd olunan xatırlatmadır. Unutmaq olmaz ki, zamanın
və xalqın sərt və zəhmli məhkəməsinin qarşısında bu tipli “yanlar” gec – tez
cavab verməli olacaqlar.
29 fevral 1996 – cı ildə “Nezavisimaya qazeta”da Moskvada fəaliyyət
göstərən erməni icmaları konfederasiyasının icraçı katibi Karen
Mikaelyanın “Üzülmüş missiya” adlı məqaləsində Naxçıvan məsələsi ön
plana çəkilmişdir. İddia edilmişdir ki, guya 1921-ci ildə Qarabağ və
Naxçıvan türk millətçilərinin yaratdıqları və bolşeviklərin möhkəmlətdiyi
ikinci türk dövlətinə - Azərbaycana verilmişdir. Stalin, Nərimanov,
pantürkistlər və ifrat inqilabçıların kobud təzyiqi ilə “16 mart 1921 – ci il
RSFSR - Türkiyə müqaviləsi rus silahının və diplomatiyasının çoxəsrlik
nailiyyətlərini heçə endirmişdir”.
Həqiqətə müraciət edək. 1921 –ci ilin əvvəllərində Naxçıvanda
referendum keçirildi. Əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtar
respublika statusunda Azərbaycan tərkibində qalmasına səs verdi.
Beləliklə, Naxçıvan əhalisinin öz iradəsi və Ermənistan hökumətinin razılığı
ilə Naxçıvanın Azərbaycan tərkibində qalması məsələsi birdəfəlik həll
olundu.
16 mart 1921 – ci il müqaviləsi Naxçıvanın artıq mövcud olan ərazi
statusunu təsbit etdi və Naxçıvana Azərbaycanın protektoratı altında
muxtariyyat verilməsini müəyyənləşdirdi. Müqavilənin Naxçıvana dair
maddəsinin tam mətni belədir: “Müqavilə bağlayan tərəflər razıdırlar ki,
Naxçıvan vilayəti bu Müqavilənin I (s) əlavəsində göstərilən sərhədlərdə
Azərbaycanın protektoratı altında muxtar ərazidir, bir şərtlə ki, Azərbaycan
bu protektoratı üçüncü dövlətə güzəştə getməyəcəkdir”.
Göründüyü kimi, Naxçıvan üzərində protektorat nə Türkiyəyə, nə də
Rusiyaya deyil, məhz Azərbaycana verilmişdir.
1921 - ci il iyulun 5 - də Qafqaz bürosu Dağlıq Qarabağı Azərbaycan
tərkibində saxlamaq haqqında qərar çıxarıb. Həmin qərarı ermənilər Dağlıq
Qarabağı Ermənistanın tərkibindən çıxarıb Azərbaycanın tərkibinə daxil
etmək qərarı kimi təqdim edirlər. Bu, “Stalinin təkidi ilə olub” – deyir
ermənilər. 16 mart 1921 - ci il Rusiya - Türkiyə müqaviləsində Naxçıvan
üzərində Azərbaycan protektoratının müəyyən edilməsi də “Stalinin,
Nərimanovun kobud təzyiqi nəticəsində olub” – deyir ermənilər. Dəlilsiz və
faktsız! Bunlar anlamaq istəmirlər ki, nə Stalin, nə də Nərimanov Rusiya –
Türkiyə danışıqlarının iştirakçısı olmayıblar. Müqavilənin bağlanmasında da
Stalinin hansısa təsiri barədə heç bir məlumat aşkar edilməyib.
Ermənistan dəfələrlə Naxçıvana yiyələnmək üçün hərbi cəhd
göstərib, təxribatlar edib. Lakin naxçıvanlılar heç zaman əyilməyiblər, bütün
təzyiqlərə, hücumlara layiqincə cavab veriblər, Ermənistanın və saxtakar
erməni “siyasətçilərinin”, “tarixçilərinin” arzularını gözlərində qoyublar.
Ermənistanın ilk baş naziri olmuş (1918-1919) Ovanes Matevosoviç
Kaçaznuninin 1923 - cü ildə yazdığını bir də yada salaq: “Vedi – Basar,
Şərur, Naxçıvan kimi mühüm yerlərdə hətta silah gücünə öz
hakimiyyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik”.
1988 –ci ildə Azərbaycan olduqca çətin bir vəziyyətə düşmüş,
müharibəyə cəlb olunmuş, bununla bərabər, Azərbaycanın tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasının da qara günləri başlamışdı. Sərhəd
kəndlərinə basqınlar edilir, evlər yandırılır, kəndlər dağıdılırdı. Qırğınlar
nəticəsində Naxçıvan ağır itkilər verirdi. Əhalinin əlində olan silahlar isə
onlardan alınırdı. Polislərin isə çiyninə daha çətin yük düşürdü. Onlar
muxtar respublikada öz tabel silahları ilə həm sərhədləri qoruyur, həm də
daxildə sabitliyi təmin edirdi.
Naxçıvan tam blokadada idi. Çünki Naxçıvanın Azərbaycanla əlaqəsi
avtomobil və dəmir yolları ilə yalnız Ermənistan ərazisindən keçməklə
mümkün idi. O vaxt Azərbaycan rəhbərliyinin göstərişi ilə Naxçıvana yalnız
“YAK -40” tipli kiçik təyyarələr uçurdu ki, onların da sayı günbəgün
azaldılırdı. Qeyd etdiyim və etmədiyim acınacaqlı duruma, insanların son
dərəcə ağır vəziyyətinə görə Naxçıvan əsl partlayışın bir addımlığında idi.
Bu hadisələrin cərəyan etdiyi dövrdə keçmiş sovetlər birliyində ilk
dəfə olaraq Naxçıvan Muxtar Respublikası SSRİ – nin tərkibindən çıxmaq
haqqında qərar qəbul etdi. Belə bir qərar qəbul etməsinə, Azərbaycanın o
zamankı siyasi rəhbərlərinin Naxçıvana mənfi münasibətinə, onların muxtar
respublikanı iqtisadi və informasiya blokadalarına baxmayaraq, Naxçıvan –
qüdrətli Naxçıvan, mübariz Naçıvan, qeyrətli Naxçıvan o vaxt bütün
ağırlıqlara, dərdlərə sinə gərdi, özü də misilsiz yurd, torpaq, vətən eşqi ilə
sinə gərdi. Respublikanın o vaxtkı rəhbərlərinin planı belə idi ki,
Azərbaycanin tərkib hissəsi olan Naxçıvanda kosmetik dəyişiklik edib
Qarabağ problemindən yaxalarını kənara çəksinlər. İkinci bir tərəfdən
Anadolu türkcəsi ilə desək, Azərbaycanın yavru vatanı Naxçıvanı
respublikanın o dövrdəki rəhbərlərinin içində öz çürük mənəviyyatı,
lənətlənmiş təfəkkürü ilə “Azərbaycanın kor bağırsağı” adlandıranları da
vardı.
Həmin vaxtlar Azərbaycan televiziyasının verilişləri Naxçıvanda
yayılmırdı. Şuşa, Laçın, Gorus, Batabat televiziyaötürücü stansiyaları
sıradan çıxdığından verilişlər getmirdi. O dövrdə Naxçıvanda Azərbaycan
Xalq Cəbhəsi muxtar respublika şöbəsinin “Ağrıdağ” adlı bir qəzeti nəşr
edilirdi. Həmin qəzet öz səhifələrində respublika televiziyasının verilişlərinə
geniş yer ayırırdı. O vaxt “Ağrıdağ” qəzetində Azərbaycanın xəritəsi dərc
edilmişdi. Bu xəritədə Naxçıvandan çıxan bir əl göyə yüksəlmişdi və o,
televiziyaötürücü peyki muxtar respublikaya tərəf döndərirdi ki, Azərbaycan
televiziyasının verilişləri Naxçıvanda yayılsın. Bu isə gerçəkdən çox
təəssüfedici bir hal idi.
Ona görə də Azərbaycanın o vaxtkı rəhbərliyinə ürəyinə dağlar
çəkilmiş Naxçıvan əhlinin inamı, etibarı olmadığından onlar o rəhbərlikdən
heç bir kömək ummur, qayğı gözləmirdi. Bütün çətinliklərə baxmayaraq,
Naxçıvanın əhalisi nə qədər ağır vəziyyətdə olsa da, həmin müddətdə öz
torpağını mərdliklə qoruyub saxladı.
1990-cı il Yanvarın 19 - da sovet qoşunları Bakıya yeridiləndən 7 saat
əvvəl Ermənistanın silahlı quldurları Sədərəkdən Naxçıvan Muxtar
Respublikasına hücum etdilər. Həmin gün döyüşlər başladı və Naxçıvanın
əzablı günlərinin bünövrəsi də Yanvarın 19 – dan qoyuldu. 20 Yanvarda
tökülən qanların acı naləsi ilə dağlanan xalqımızın isə Naxçıvandakı
qırğınlardan, fəryadlardan xəbəri yox idi. Sözün həqiqi mənasında bir-
birindən ayrı düşən Ana və yavru vatanların hərəsi öz məkanında dərdləri
ilə baş-başa qalmışdı.
Bəzi strateji məsələlərdə isə Naxçıvan rəsmi Bakiya yox, məhz
Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına kömək əlini uzatmışdı.
Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin enerji
bloku partladılanda, televiziya verilişlərinin efirə gedişi qəfil dayandırılanda
məhz Naxçıvan televiziyası gecə səhərə kimi Azərbaycan xalqının
harayına gəldi. Naxçıvanın gözlərinə yuxu getmədi, dünyanın bütün müasir
səsötürücülərindən qat-qat güclü olan mənəvi hayqırtısı, haqq səsinin
qüdrətli sədası dünyanın bir neçə dilində bütün qitələrinə yayıldı.
Azərbaycanda baş vermiş qanlı faciə Naxçıvan televiziyası və radiosu ilə
dünyaya çatdırıldı.İran İslam Respublikasının İRNA Agentliyi Naxçıvan
Muxtar Respublikası Teleradio Verilişləri Komitəsinin məlumatına
əsaslanaraq bu xəbərləri dünyaya yaydı, bildirdi ki, Azərbaycanda belə bir
fəlakət törədilib, qırğınlar olub, şəhidlər verilib. Bu xəbərlərdən ilk olaraq da
qeyzlənən böyük azərbaycanlı, uzun illər Azərbaycana rəhbərlik etmiş və
Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək
ucalmış görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev oldu.
Naxçıvan Heydər Əliyevin qibləgahı idi. Şəcərəsinin, ailə üzvlərinin
çoxu bu torpaqda dünyaya göz açmış, burada yaşamış, sonralar böyük
alim, faydalı mütəxəssis kimi inkişaf etmişdilər.
Moskvada Azərbaycan nümayəndəliyi, dünya jurnalistləri qarşısında
vətənindəki faciələrə öz kəskin etirazını bildirən H. Əliyevin həyəcanlı səsi
bütün planetə yayıldı.
1990-cı il iyunun 20-də Heydər Əliyevin Bakıya, təqiblər nəticəsində
isə iki gündən sonra Naxçıvana, doğma ata ocağına qayıdışı əzablar,
üzüntülər içində boğulan yurda sevinc dolu bir həyəcan, nəfəs, ruh, sabaha
ümid dolu qüvvət gətirdi. Həmin vaxtlarda artıq Naxçıvanda
hakimiyyətsizlik, anarxiya hökm sürür, əməlli-başlı qarşıdurma yaranmışdı.
Həmin gün azadlıq meydanına 100 minə yaxın insan toplaşmışdı. Hamı
sevinc, fərəh içindəydi; Naxçıvanın üstündən qara buludları götürə biləcək
xilaskarın gəlişinə bütün Naxçıvan camaatı ümidlə baxırdı.
Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycanı məhv etmək istəyən
xarici və daxili qüvvələri təşvişə salmışdı. Onlar bütün səyləri ilə xalqın
Heydər Əliyevdən üz döndərməsinə çalışırdı. Xalq isə aclığa, səfalətə,
işıqsızlığa, qazsızlığa, susuzluğa, hərtərəfli mühasirəyə dözdü, lakin
vətənin müdrik oğlu ilə bir yerdə olmağı hər şeydən üstün tutdu. Təcrübəli
siyasi və dövlət xadiminin Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası ali sovetlərinə deputat seçilməsi də xalqın qətiyyətinin ifadəsi
idi.
Heydər Əliyevin sədrliyi ilə muxtar respublika parlamentinin 1990-cı il
17 noyabr tarixli sessiyası muxtar respublikanın rəsmi adından “sovet,
sosialist” sözlərini çıxardı, qanunverici hakimiyyətin adını dəyişərək “Ali
Məclis” adlandırdı, ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasının
üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul
etdi...
Bu gün az qala bütün dünyada məşhur olan Naxçıvan duzu 84
mineralı birləşdirən olduqca faydalı duz hesab edilir. Təbii ehtiyatları 90
milyon ton olan Duzdağda Nuh Peyğəmbərin dövründən duz çıxarılmağa
başlanılıb. Onu da deyim ki, dünya şöhrətli İpək Yolundan əvvəl Naxçıvan
ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Naxçıvan duzu həmin
ölkələrə bu yoldan daşınıb. Fransız alimi Katerina Marro yazdığına görə,
Naxçıvandakı Duzdağının duzu hələ e.ə. dörd mininci illərdə geniş şəkildə
istifadə edilib. Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu
ayrı-ayrı ölkələrə, şəhərlərə daşınıb.Osmanlı ordusunun yemək xərcləri
hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı
göstərilib.
Şöhrətli duz mədənləri Naxçıvan şəhərinin 12 kilometrliyində yerləşir.
Tədqiqatlar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın
ən qədim duz mədənlərinin məhz Naxçıvan Duzdağında olduğu bir daha
təsdiq olunub.
Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər
davam edib. Duz sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq
çıxarılıb. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ
Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağ ciyər-bronx
sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar
müalicə olunurlar.
Həmin ildən etibarən Naxçıvan Muxtar Respublikası “Duzdağ”
Fizioterapiya müalicə ocağı 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz
Mədəninin bazasında fəaliyyətə başlamışdır ki, bu gün bu şəfa mərkəzi
olduqca genişləndirilmiş və müasirləşdirilmiş, dünyanın müxtəlif
ölkələrindən bura xəstələr gələrək Tanrının təbii əvəzsiz neməti olan
Naxçıvan duzu, iqlimi, havası ilə müalicə olunaraq ağır xəstəliklərdən tam,
yaxud da xeyli dərəcədə xilas olurlar.
O da müəyyənləşdirilmişdir ki, duz mədənində çalışan heç bir adam
bronxit və ya asma kimi ağciyər xəstəlikləri tutulmur.
Naxçıvanda teatr sənəti, hələ qədim dövrlərdən meydan teatrı və
şəbeh tamaşaları formalarında mövcud idi. 1882-ci ildə tanınmış ziyalı
Eynəli Sultanovun təşəbbüsü ilə Naxçıvanda əsas üzvləri müəllimlərdən
ibarət olan “Müsəlman şiə dram incəsənəti cəmiyyəti” və “Ziyalı məclisi”
təşkil olundu. E. Sultanov 1884-cü ildə iki pərdəli "Tatarka" (“Azərbaycanlı
qızı”) pyesini yazdı. Cəmiyyət və məclis üzvlərinin təşəbbüsü ilə 1886-cı il
avqustun 12-də mütərəqqi ziyalılardan Hacı Nəcəf Zeynalovun “Zaviyə”
məhəlləsindəki evində M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli
şah” komediyasının oynanılmasıyla Naxçıvan teatrının təməli qoyuldu.
Həmin dövrdə Naxçıvan teatrının ilk addımları, göstərilən tamaşaların
məqsədi xalqı ayıltmaq, düşüncələrdə, təfəkkürlərdə cəhalət və nadanlığa
qarşı mübarizə aparmaq, insanları fanatizm və xürafatdan uzaqlaşdırmaq,
yalnız maarif və mədəniyyəti təbliğ edib xalq arasında yaymaq idi.
Naxçıvan teatrının təşəkkülündə E.Sultanovla yanaşı,
C.Məmmədquluzadə, M.T. Sidqi, Q.Şərifov, Ə. Sultanov, M.S.Qulubəyov,
Ə.Xəlilov, S.Xəlilov, M.C.Şürbi, C.P.Sultanov, M.Ə.Süleymanov, N.Şeyxov,
M.Qazıyev və başqalarının, sonralar isə B.Naxçıvanlının, R.Təhmasibin,
Ə.Qəmküsarın, R.İsfəndiyarlının və b. özünəməxsus xidmətləri olmuşdur.
Azərbaycan teatrının böyük ustadları H.Ərəblinskinin, M. Əliyevin,
S.Ruhullanın və b. tez-tez Naxçıvana gələrək, yerli aktyor və rejissorlarla
birlikdə tamaşalar hazırlayıb nümayiş etdirməsi, kollektivə dəyərli
məslələhətlər verməsi Naxçıvan teatrının peşəkarlıq səviyyəsinin artmasına
güclü təsir göstərirdi. XIX əsrin 80-90-cı illərində və XX əsrin əvvəllərində
Naxçıvan teatrı Azərbaycan milli teatrının inkişafında əhəmiyyətli rol
oynamışdır.
XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə
qədəm qoydu. Naxçıvan aktyorları vahid truppada birləşdi, 1922-ci ildə
Dövlət Dram Teatrı yaradıldı. H.Cavidin “Şeyx Sənan” və C.Cabbarlının
“Aydın” pyeslərinin tamaşaya qoyulması Naxçıvan teatrına yeni ab-hava
gətirdi.
Teatr öz repertuarında Azərbaycan dramaturgiyası ilə yanaşı, dünya
klassiklərinin əsərlərinə də müntəzəm surətdə müraciət edirdi.
İkinci Dünya müharibəsi zamanı SSRİ-nin müdafiəsi (1941-1945) illərində
qəhrəmanlıq və vətənpərvərlik ruhunda yazılmış pyeslər oynanılmışdır.
Sonrakı dövrlərdə Azərbaycan dramaturgiyasının ən yaxşı əsərləri ilə
yanaşı Sofokl, U.Şekspir, F.Şiller, K.Holdoni, Lope de Veqa, N.V.Qoqol,
A.N. Ostrovski, A.P.Çexov, M.Qorki, N.Hikmət və b. dünya klassiklərinin
əsərləri də uğurla tamaşaya qoyulmuşdur.
Naxçıvan teatrının inkişafı tarixində yerli yazıçı və şairlərin böyük
xidmətləri olmuş, bu gün də bu xidmətlər davam etməkdədir.
Keçən onilliklər ərzində Naxçıvan teatrında istedadlı aktyor -
M.Quliyev, Z. Həmzəyeva, S.Hüseynova, Ə.Qardaşbəyov, A.Şahsuvarov,
R.Cəfərxanova, H. Ağayev, Y.Haqverdiyev, K.Hüseynov, P.Məmmədova,
T.Məmmədova, İ. Bənənyarlı, T.Mövləvi, M.Səfərov, İ.Məmmədov,
N.Həmzəyev və b.) və rejissorların - B.Qələndərli, V.Babayev, V.Əsədov,
Ə.Lalayev, K.Quliyev və b. bir neçə nəsli yetişmişdir.
Naxçıvan teatrının yetirməsi olan böyük sənətkar, aktyor-rejissor,
Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram
Teatrının direktoru İbrahim Həmzəyev deyirdi: “Mən Naxçıvan teatrına
bağlıyam. Hər gün teatra daxil olanda, hər dəfə təzə rol alanda, hər axşam
yüzlərlə tamaşaçının ilıq nəfəsini duyanda, özümü xoşbəxt hesab edirəm”.
Naxçıvan teatrının səhnəsində özünəməxsus istedadı, mükəmməl
yaradıcılığı olan aktrisalar formalaşmışdır. Nadir xüsusiyyətlərə malik
aktrisalardan biri olan Azərbaycanın Xalq artisti Zəroş xanım Həmzəyeva
Nehrəm kəndində doğulmuşdu və orta təhsilini də bu kənddə almışdı.
Doqquz - on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərmişdi.
Məktəbin dram dərnəyində çıxış etmişdi. Səhnəyə ilk dəfə 1941-ci ildə, on
altı yaşında çıxmışdı. Onu peşəkar səhnəyə sonralar həyat yoldaşı olan
İbrahim Həmzəyev cəlb etmişdi. Zəroş xanım Naxçıvan səhnəsində istər
Azərbaycan, istərsə də xarici yazıçı və dramaturqların saysız-hesabsız
obrazlarını yaratmışdı. Böyük xidmətlərinə görə müstəqil Azərbaycan
dövlətinin də orden və mükafatları ilə təltif olunmuşdu.
Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlis, ifadəli və
cazibəli idi. Zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji
ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin
variasiyalarından məharətlə istifadə edirdi. Səhnədə həssas və diqqətcil
tərəfdaş olması ilə seçilirdi. Mürəkkəb kompozisiyalı, kəskin dramatizmli
tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi.
Zəroş Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da
hətta epizodda iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni
sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini tamaşaçılara dürüst
çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə
zəmin yaradırdı.
Naxçıvanlı şair Kəmalə xanım Ağayeva Zəroş xanım Həmzəyevanın
vaxtilə yubileyinə, bu gün isə ruhuna həsr etdyi şeir də istedadlı aktrisanın
dəyərli sənətinə bəxş olunan ətirli bir çiçək dəstəsidir:
Sənə sənət səməndəri desəm azdır,
Elə sənət dünyasının özü sənsən.
İzlərin var səhnəmizdə pozulmazdır.
Bu ocağın ilkin, əziz qızı sənsən.
Könüllərə axıb doldun Yetərinlə,
Zirvələrə yol açdın o şərəfinlə,
Bu məbədə Həcər oldun Həcərinlə,
Xumar oldun, o gözəlin nazı sənsən.
Səcdən üçün dəstələnib gəldi güllər.
Xatirəni sinəsinə yazdı illər.
Sənin könül atəşini sevdi ellər,
Könüllərin atəşi sən, gözü sənsən.
Afətini, Məhsətini sevdi ellər,
Gül üzünü, qamətini sevdi ellər.
Sənin böyük sənətini sevdi ellər,
Bu sənətin sönməyən ulduzu sənsən.
O yerdə ki, sənət vardır, ucalıq var,
Kim deyir ki, sənətkara qocalıq var?
Bu yollarda hələ əhdə vəfalıq var,
100 yaşlı bu səhnəmizin yazı sənsən.
Demə ömür ötüb getdi, hələ nə qəm,
Hələ sənət piyalənə süzür şəbnəm.
Rolların var, yazmayıbdır hələ qələm,
Qələmlərin yazılmayan sözü sənsən.
Sən hələ də bu ocağa yaraşıqsan,
Sənətinə Məcnun kimi bir aşiqsən.
Şölələri azalmayan bir işıqsan.
Elə yenə səhnəmizin gözü sənsən.
Hazırda Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı,
Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan şəhər, Şərur, Ordubad, Babək və
Şahbuz Rayon Xalq teatrları uğurla fəaliyyət göstərir.
2006-cı ildə Naxçıvan Muxtar Respublikasında uşaqların milli mənəvi-
əxlaqi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, dünyagörüşünü
formalaşdırmaq məqsədilə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılmışdır..
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2008-ci
ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının
125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Naxçıvan Dövlət Uşaq Filarmoniyası 2010-cu ildə yaradılmışdır. Bu
mədəniyyət müəssisəsində Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri,
Mahnı və Rəqs Ansamblı, xor kollektivi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikasının əsas
elm, təhsil, fikir və mədəniyyət mərkəzlərindəndir. 1967-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan bu
təhsil ocağı republika hökumətinin qərarı ilə 1972-ci ildən Naxçıvan filialının
bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərmişdir.
1990-cı ildə isə həmin Pedaqoji İnstitut Naxçıvan Dövlət Universiteti statusu
almışdır. Müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinə tanınmış alimlər Əli
Əliyev, Səfəralı Babayev, İsrafil Məmmədov, İsak Məmmədov, İsgəndər
Cəfərov, Qasım Hüseynov, İsa Həbibbəyli rəhbərlik etmişlər.
Naxçıvan Dövlət Universiteti klassik universitetdir. Burada yüksək
ixtisaslı memarların, mühəndislərin, iqtisadçıların, hüquqşünasların,
müəllimlərin, həkimlərin, musiqiçilərin və idmançıların hazırlanması üçün
mükəmməl maddi-texniki baza yaradılmışdır. Təhsil ocağının 100 hektar
ərazisində 15 tədris korpusu, ictimai təşkilatlar mərkəzi, yüksək dünya
standartlarına cavab verən elektron kitabxana, universitet xəstəxanası,
konservatoriya, olimpiya tipli örtülü idman mərkəzi, böyük və kiçik futbol
meydançaları, botanika bağı, “Universitet dünyası”, Botanika, İdman və
Məktəb tarixi muzeyləri mövcuddur. Universitetin televiziyası jurnalistika
ixtisasının tədris bazası olmasından başqa, eyni zamanda zəngin
maarifləndirici proqramları olan kanal kimi üç kilometr ərazidə yayımlanır.
Universitetdə informasiya texnologiyalarından geniş istifadə olunur.
Burada istifadə edilən ixtisaslaşmış informatika korpusu, üç internet
mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş iki videokonfrans zalı
yeni texnologiyaların mənimsənilməsinə geniş şərait yaradır.
Naxçıvan Dövlət Universitetinin dünyanın müxtəlif ölkələrinin
universitetləri ilə sıx əlaqələri vardır. ABŞ – ın Perdu Kalumet Universiteti,
İngiltərənin Preston Texniki Universiteti, Fransanın Paris-8, Strasburq Mark
Blok Universitetləri, Almaniyanın Braunşvayq Universiteti, İspaniyanın
Barselona Universiteti, Pakistan İslam Respublikasının İslamabad Müasir
Dillər Universiteti, Rusiyanın Novosibirsk Dövlət Universiteti, Novosibirsk
Texniki Universiteti, Türkiyə Cümhuriyyətinin Ankara, Ərzurum, Kocaeli,
Elazığ, Qars və Van Universitetləri, Misir Ərəb Respublikasının Qahirə,
Helvan, İsgəndəriyyə Universitetləri, İran İslam Respublikasının Təbriz və
Urmiyə Universitetləri və s. ilə formalaşan coxcəhətli əlaqələr dünya təhsil
sistemi ilə inteqrasiyanın genişləndirilməsinə və regionda müstəqil
Azərbaycanın yeni tipli mütəxəsslər nəslini formalaşdırmağa geniş imkan
yaradır.
Parlaq təfəkkür sahiblərinin sözüdür: “Təhsil gələcəyimizə qoyulmuş
sərmayədir”. “Bütün elmlərin bünövrəsi təhsillə qoyulur”. Doğrudur. Çünki
həyat olduqca böyük və olduqca da mürəkkəb bir prosesdir. Bu dünyəvi
prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə cavab verən
təhsilə malik olmalıdır. Oxumalı, öyrənməlidir. Gördüyünüz kimi, vaxtilə
Mirvarid xanım Dilbazi istedadlı, savadlı, yüksək nitq qabiliyyətli, sanki
hamısının dil - ədəbiyyat fakültəsini bitirən gənclər haqda yazıb necə şərəf
hissi yaşayırdı. Qoy bütün Naxçıvan sevdalı insanlar əmin olsunlar ki,
varlığı etibarlı əllərdə olan məmləkətimizin bugünkü nəsli də, gələcək nəsli
də ruhən yurda, Vətənə, kitaba, təhsilə, elmə, zəkaya, mənəviyyata,
mədəniyyətə bağlıdırlar və bağlı da olacaqlar. Bu, yaşı beş min illərə gedib
çıxan qədim və Ulu Naxçıvanımızın, 100 yaşlı Muxtar Respublikamızın
tarixlərdən, dədə - babalardan yadigar qalan qiymətli, olduqca zəngin bir
irsdir. Naxçıvan bu müqəddəs irsi ərzin əşrəfi kimi hər zaman ləyaqətlə
qoruyacaq!
Son.
Qafqaz.Media