Ürəklərdə yaşayan nəğməkar şair

13/06/2024 - 01:49

                                                     Nəbi Xəzri - 100 

        Azərbaycanın poeziya sənətində Nəbi Xəzrinin xüsusi yeri var. Uzun bir yaradıcılıq yolu keçərək poeziyanın zirvəsinə ucalmış Nəbi Xəzri poeziya sevərlər tərəfindən həmişə ehtiramla xatırlanır.
Xalq şairi sözə, sənətə yaradıcılığının ilk illərindən müqəddəs bir iş kimi baxmış və bütün yaradıcılığı kimi boyu bu amalına sadiq qalmışdır.
 

Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı.
Vaxt olar ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz.

İnci seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz.

Nəbi Xəzrinin şeirlərinin sehrindən çıxmaq çətindir. Dərin mənalı fikirlər, həzin duyğular oxucusunun ruhunu oxşayır, insanı saflaşdırır.
 

Qoca bir dağam ki, başı qarlıyam,
Demə zirvəndəki o duman nədir?
Bütün varlılardan daha varlıyam,
Dövlətim məhəbbət, varım sevgidir!

Müqəddəs ana mövzusu Nəbi Xəzrinin yaradıcılığından da yan keçmir. Şairin bu mövzuda qələmə aldığı misralar çox təsirlidir.
 

Hələ bu dünyaya övlad gəlməmiş,
Ana məhəbbəti gəlir dünyaya.

Nəbi Xəzrinin şeirlərində saf məhəbbəti, düzlüyü, təmizliyi, doğruçuluğu, haqq-ədaləti özünəməxsus bir dildə qələmə alır və " Ən böyük faciə nə zaman olur ? " sualına cavabı belə mənalandırır.
 

Xəsis səxavətdən,
Qəddar ədalətdən,
Yaltaq məharətdən
Danışan zaman.

Yalan həqiqətdən,
Xain sədaqətdən,
Qorxaq cəsarətdən
Danışan zaman.

        Nəbi Xəzri yaradıcılığında mahnı mətnlərinin xüsusi yeri var. Bu mahnıların çoxu dillər əzbəridir. Demək olar ki, hər gün eşitdiyimiz bu mahnılardan doymuruq, dönə-dönə dinləmək istəyirik. " Dərələr", " Nar çiçəyi", " Mavidir", " Ağ çiçək", " Qonşuda qız sevənin", "Külək", Ulu öndərimizə həsr edilmiş " Məşəl kimi yanan ürək" mahnıları həmişə olduğu kimi, bu gün də populyarlığını itirmir.
Görəsən dənizi sevməyən , onu heç olmasa , bir şeirində vəsf etməyən şair varmı?! Dəniz mövzusu Nəbi Xəzri üçün də əzizdir. " Kim məni xatırlasa" şeirində sevimli şairimiz kövrək hisslərlə belə yazır:
 

Kim məni xatırlasa,
Çıxaraq sahillərə
Mavi xəzərə baxsın...

Nəbi Xəzri poeziya zirvəsində əbədi qərar tutmuş görkəmli şairlərdəndir.

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49