Qızıma yazdığım mesaj - Şahnaz Şahin yazır

21/11/2024 - 10:01

Axşamdır, vaxt gecəni yarıdan kəsib keçməyə hazırlaşır. Payızla yazın qarışıq havası adama ləzzət verir, gündüz isti olsa da, axşam kifayət qədər sərindir. Hələ ki qarışqalar yem tədarükündədir, arılar, kəpənəklər güllərin başına dolanır, gecələr kirpilər ova çıxır, siçanlar toy evi axtarır. Bu yerdə mənim siçanların qənimi, vur-tut beş-altı aylıq Balaca adlı pişiyim də dadlı ev yeməyinin üstündən anasından aldığı öyüd-nəsihətə sadiq olaraq ov həvəsindədir...

Budur e, yamyaşıl çəmənlikdə nəsə tapıb deyəsən, yaxınlaşıb baxıram, siçan balasıdır. Zəif işıqda pişiklərin göz bəbəkləri insanda olduğundan əlli faiz daha böyük olur. Gözlərinin arxasında yenə insanda olandan çox xüsusi işıq qəbuledici hüceyrələrin sayəsində isə gözləri daha yaxşı görür. Pişiklərin bir özəlliyi də var, necə ac olsa da, ovunu tam əldən salmadan, onun çarəsizliyinin, özünün də qələbəsinin zövqünü duymadan yeməz... Dəfələrcə ovuna qaçmağa imkan verir, canını qurtardığını zənn edən siçan da qaçıb otluqda gizlənir, elə həmin an özünü yetirib "qamarlayır". Nəhayət, oyun bitir və Balaca rahatca oturub ovunu ləzzətlə "dişlərinə çəkir", mən də bir maraqlı film izləmiş oluram...

Mənim şahmat oyunundan qətiyyən bilgim yoxdur, məktəbli vaxtımda qardaşım öyrətmək istədi, alınmadı. Yalnız fiqurların adlarını və piyadaların gedişini əxz eləyə bildim, vəssalam. Bir də ki, piyadalara yaman canım yanırdı, döyüşə birinci girib birinci də vurulurdular. Amma maraqlı oyundur, zehni gücləndirir, həm əyləncəlidir, həm də strateji...

İndi dünya istər geniş, istərsə dar anlamda şahmat taxtasına bənzəyir. Şahmat taxtasında qaydalar gözlənir, oyun açıq və mərdanə gedir, məqsəd rəqibin şahını mat etməkdir və bunu qarşı tərəf də bilir, buna uyğun müdafiə və hücum taktikası düşünür. Amma həyat  qarşımıza daha çox həmzələr çıxarır, fərqli üsullar göstərir, ilahi ədaləti mat vəziyyətinə salmaq istəyən oyunçularla qarşılaşdırır. Yaxından tanıyır hesab etdiyin insanın dar ayaqda fərqli üzünü görməli olursan. Deyəsən, axı elə dünya yaranandan xeyirlə şər qovğadadır, bu gün də davam edir, xeyir xeyrindən, şər də şərindən əl çəkmir. Bu gedişlə yəqin bundan sonra da davam edəcək. Halbuki Eddi Rikanbakerin sözləriylə desək, susuzluğu yatırmaq üçün suyu və ölməməyə kifayət edəcək qədər yeməyi olan insanın nəyə görəsə şikyətlənməyə haqqı yoxdur...

Kimin uzaqda əziz adamı yaşayırsa, məni yaxşı anlayar. Narahatlıq, nigaranlıq onunla sirdaşdır, gecələr yoldaş, əhvalı onun əhvalına bağlı olar, xoş xəbəri bütün şəhərin havasını dəyişməyə bəs edər.

Orda, uzaqlarda biri var..,

Əlləri üzünə dayaq,

gözləməkdən yorulmuş,

yorulub arınmış, arınıb durulmuş

və yorulduğunu unutmuş...

Qızımın mesajını oxuyub narahat oldum, xarakter olaraq özündə dürüstlüyü, haqq-ədaləti, sədaqəti formalaşdıran adamlar qarşı tərəfdən eyni hal gözləyir, almayanda yumşaq desəm, məyus olur. Belə bir halda idi qızım, məyus, peşman, incik... hələ bir az da əsəbi. Ona yazdım ki, hər şeyi bir zarafat hesab eləsin, düşünsün ki, həyat onunla oynayır. Adamları da şahmat fiquru kimi təsəvvür etsin və qəfil yerlərini dəyişsin, görsün nə alınacaq...

Ağ rəng demək olar ki, bir çox xalqlarda uğur, xoşbəxtlik, düzlük, təmizlik, saflıq, hörmət, ehtiram bildirir. Ağ ilkdir, başlanğıcdır, hətta bütün rənglərin ağ rəngdən yarandığı fikri də mövcuddur, elə buna görə də "ana rəng" hesab edilir. Ağ rəngin bir anlamı da qalibiyyətdir, bəlkə elə buna görə şahmat taxtasında ilk gedişi AĞ-lar edir...

O gün qızım fiqurların yerini dəyişdi, aldığı nəticədən də məmnun qaldı. Bəzən qaranlıq otaqda oturub zülməti lənətləyirik, amma qaranlığın bir şam qədər ömrü olduğu ağlımıza gəlmir. Şopenahuer də əminliklə söyləyir ki, gecə və gündüz qara ilə ağ kimidir. Gün isə bəziləri üçün boz, bəziləri üçün çəhrayıdır. Həyatın sirrinə vaqif olanlar üçün isə bütün günlər rəngsizdir...

Şahnaz ŞAHİN

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04