“Uşaqlara 6-7 yaşlarından narkotikin fəsadları haqda məlumat verilməlidir” – KLİNİK PSİXOLOQ
Günay Hüseynli: “Valideynlər övladlarına narkotikin zərərləri haqda danışmaqdan qorxmamalıdırlar”
“Narkomaniyaya qarşı mübarizədə əlimizdə olan ən sadə “silah” maarifləndirmə işlərinin görülməsidir”.
Bunu Stopnarkotik.az saytına açıqlamasında "Azad Həyat Reabilitasiya Mərkəzi”nin klinik psixoloqu Günay Hüseynli bildirib. Onun sözlərinə görə, maarifləndirmə ilk öncə ailədən başlayır:
“Başlanğıc maarifləndirmə işini ilk öncə valideynlər görməlidir. Ata-ana uşağın artıq başa düşəcəyi zamanda narkomaniyanın nə olması və onun insan həyatında yaratdığı fəsadlar haqda maarifləndirmə işi aparmalıdırlar. Yəni valideynlər bu haqda danışmaqdan qorxmamalıdır. Bəzən ailələr qorxurlar ki, evdə narkomaniya haqqında danışmaq, narkotikin adını çəkmək olmaz. Bu, onlara qorxunc gəlir ki, mənim uşağım bu haqda eşidər, bilər.
Amma heç bir valideyn unutmamalıdır ki, onun övladı bu gün sosial şəbəkələrdən kifayət qədər istifadə edir. İstər-istəməz bu haqda hansısa çarx, hansısa video-görüntü qarşısına çıxa bilər. Eynilə, bu haqda sosiallaşan həyatında - məktəbdə də eşitmiş ola bilər. Ona görə də, bundan qorxmaq lazım deyil. Əksinə, ailələr açıq danışmaq cəsarətinə sahib olmalı, bu haqda cəsarətlə danışmağı bacarmalıdırlar.
Əlbəttə, söhbət hər gün bu haqda danışmaqdan getmir. Bu işlər vaxtaşırı, yəni maarifləndirmə xarakterli olmalıdır. Narkotik nədir, narkotikin insan həyatında göstərdiyi fəsadlar nələrdir, narkotikin qurbanı olan insanların hekayələri, hansısa bir film, hansısa bir çarx göstərilməlidir ki, uşağın başa düşdüyü yaş dönəmindən etibarən bu haqda təəssüratı olsun. Sabah bununla qarşılaşarkən də, düşünəcək ki, bunu istifadə edərəmsə, mənim də axırım filmdə gördüyüm “qəhrəman” kimi olar, hansısa çarxda gördüyüm insanın yaşadıqlarını mən də yaşaya bilərəm və s. Yəni uşaqda bununla bağlı qorxu olmalıdır. Unutmayaq ki, insanı idarə edən 2-3 hissdən biri, hətta birinci yerdə gələn qorxu hissidir. İnsanda özünüqoruma instinkti var ki, “mənə bir şey olar, ölərəm, fəsad yaşayaram”. Bunlar insanın həyatda sağ qalması üçün apardığı mücadilədir”.
Günay Hüseynli bildirir ki, uşaqlara narkomaniyanın zərərləri haqda 6-7 yaşlarından məlumat verilməlidir: “Yəni uşaqlar artıq ibtidai sinifə gedərkən valideynləri bu haqda danışmalıdır. Müəllimlər də vaxtaşırı bu haqda maarifçilik işləri aparmalı, video-çarxlar göstərməlidir. Heç olmasa, biz bunu etməliyik ki, gələcəyimiz olan uşaqlarımız, gələcəyin yeniyetmə və gəncləri maariflənmiş olsunlar.
Hətta, düşünürəm ki, təhsil sistemində - istər məktəblərdə, istər universitetlərdə narkomaniya və alkoqolizmə qarşı mübarizə aparmaq üçün ayrıca dərs bölümləri olmalı, narkomaniyanın zərərlərindən bəhs edən, maarifləndirən dərs vəsaitləri hazırlanmalıdır. Yəni hər yaş kateqoriyasının başa düşə biləcəyi, qavrayacağı şəkildə bu informasiyanı ötürən ədəbiyyat nəşr olunmalıdır.
Eyni zamanda, bu haqda məktəblərdə, universitetlərdə tamaşalar, səhnəciklər hazırlanmalıdır.
Eynilə, bu bəlanın qurbanı olmuş insanlar, hansı ki, reabilitasiya mərkəzlərində müalicə alıblar, bu yolu keçiblər, onlar öz həyat təcrübələrini canlı-canlı məktəblərdə, universitetlərdə yeniyetmələrə, gənclərə danışmalıdırlar, paylaşmalıdırlar. Bu yolun nə qədər əzab-əziyyətli olduğunu, bu yoldan qayıtmağın məşəqqətli olduğunu hər kəsə çatdırmalıdırlar. Biz bununla vaxtında yeniyetmə və gəncləri ayılda bilərik.
Əlbəttə, maarifləndirmə ilə paralel, dövlət tərəfindən qanunların işlək olması üçün müəyyən mexanizmlər tətbiq olunmalıdır. Məsələn, cəzaların tətbiqi insanların başlanğıc etapda narkotikə olan münasibətində, yəni istifadə edib-etməməsində müəyyən fikir formalaşdırmış ola bilər. Yəni insan buna başlamazdan öncə ağır cəzanın ola biləcəyini ehtimal edib, bundan çəkinə bilər. Odur ki, cəzaların sərtləşdirilməsi insanın seçiminə qismən də olsa təsir göstərə bilər”.
Klinik psixoloq hesab edir ki, narkomaniyaya qarşı mübarizədə narkotik maddələrin əlçatmaz olması da önəmli faktordur: “Əlbəttə, narkotikin çətin əldə edilən vasitəyə çevirilməsi üçün bu gün dövlətimizin və dövlət orqanlarının rolu danılmazdır. O da önəmlidir ki, bütün bunlar ilk öncə qanuni qaydalar əsasında həyata keçirilsin. Bu, vacib addımlardan biridir, hansı ki, məhz bunun narkomaniyanın qarşısının alınması yolunda çox önəmli olduğunu hesab edirəm”.
G.Hüseynli bu fikirdədir ki, yeniyetmə və gənclərimizin asudə vaxtlarını daha maraqlı, səmərəli keçirmələri üçün xüsusi dərnəklər, məkanlar yaradılmalıdır: “İstər idman zalları, istər hansısa dil öyrənmək üçün kurslar və s. açılmalıdır ki, onlar öz bacarıqlarını üzə çıxara, inkişaf etdirə, sevdikləri məşğuliyyətlə zamanlarını keçirə bilsinlər. Düşünürəm ki, bu da onların şəxsi inkişaflarında çox önəmli rol oynaya bilər. O baxımdan ki, diqqətləri maraqlı, fərqli sahələrə yönələ və bundan da zövq ala bilərlər. Bu halda hansısa zərərli olan tərəfə deyil, sağlam inkişafa tərəf yönələcəklər.”
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az