Cücə şorbası - Hekayə

19/11/2024 - 22:18

 

 

Dan yeri yenicə sökülmüşdü. Sübh çağının açıq-bənövşəyi, əlvan rəngləri yaş budaqların üzərində rəqs edirdi. Gecədən yağan yağışın ardından havadan bellənmiş torpaq qoxusu gəlirdi. Bayırda xoruz banı, sisəklərin cırıltısı eşidilirdi. Kökləri yağışın islatdığı torpaqdan şirə çəkən cavan ağaclar qıs-qıvraq və bəxtiyar görünürdülər. Yonca ləçəklərində şeh damlaları parıldayırdı.

Mərziyyənin haray-qışqırığı bütün kəndə yayılmışdı. Uzaqdan damları qaralan evlərdə ard-arda işıqlar yanmış, eşidən hər kəs səsə biixtiyar qulaq vermişdi. Qonşuları Veysəl kişi cismani ağrı duyubmuş kimi diksinib tələm-tələsik paltarlarını geyinmiş, eşiyə qaçıb hasara dayadığı taxta nərdivana çıxaraq Səməni arvadın həyətinə boylanmışdı. Onun şəhərdən gələn hərdəmxəyal və həyasız qızının bu vaxt niyə qıyya çəkdiyini bilmərrə öyrənə bilməmişdi.

Mərziyyə gecə gördüyü yuxunun  təsirindənmi, yoxsa hər nədənmi, anasını yuxudan oyadıb həyəcanla “Bakıya gedirəm, ana!” - dedi. Anası yuxulu gözlərini ovuşdurub çaşqınlıqla “Bıy başıma xeyir, səhərin gözü açılmamış hara gedirsən, qızım? Bu vaxt yola çıxmazlar, uşaqlar da yatıb...” – deyib qızını ələ almağa çalışdı. Lakin Mərziyyə anasının sözünü kəsərək inadla dilləndi: “Yox, yox, elə indi qayıdacam. Səlim sarıdan narahatam. Ürəyimə danıb ki, nəsə olub”.

O, heç beş dəqiqə keçmədi ki, geyinib hazırlaşdı, içinə səliqəsiz şəkildə pal-paltar doldurduğu bürüncü tutacaqlı çemodanı sürüyüb maşının baqajına qoydu. Uşaqlarını dürtmələyib yuxudan oyandırdı və hökmlə tez əyinlərini geyinməyi tapşırdı. Onlar qorxusundan analarının dediyi kimi etdilər; miskin çarəsizliklə əyin-başlarını paltarla doldurub maşının yanında gözlədilər. Səməni arvad qızının sağlam məntiqə söykənməyən bu qərarından sonr ana əlac qalıb həyətə düşdü. Zirzəmidəki payızlıq mürəbbə və kompot bankalarını  hıqqına-hıqqına maşına daşıdı.  Nərgizdən savayı, hər kəs hazır idi. O, birbaşa toyuq hininə qaçıb sevimli qara cücəsini üsulluca ana toyuğun qanadları altından dartıb çıxartdı. Qucağına götürüb maşına sarı yüyürdü. Mərziyyə qızının əlindəki cücəni görəndə əsəbindən qızarıb dərhal onu yerə buraxmasını tələb etdi. Nərgiz - bu şux qamətli və qarabuğdayı qız xasiyyətcə inadcıl idi, ona görədə ayaqlarını yerə vurub israr etdi, çiyinlərini atıb qaşlarını çatdı. Qətiliklə söylədi ki, cücəsiz maşına minməyəcək. Səməni arvadın şirin dilini işə salıb nəvəsini fikrindən döndərmək cəhdləri də faydasız oldu. O, Nərgizi öpüb qucaqladı, “Balanı anadan ayırmaq günahdır” - deyib cücəni onun əlindən almaq istədi. Lakin Nərgizin bu fikirdə olmadığı apaydın idi. İçini çəkə-çəkə ağlayıb dedi: “Heç nə olmaz! Mən cücəmə anasından da yaxşı baxacağam”.

Nərgizin dediyinin üstündə durması, üsyankarcasına olan israrı Mərziyyəni həm əsəbiləşdirib təbdən çıxarır, həm də qarışıq düşüncələr dəryasına qərq edirdi. Qızın hərəkətlərində ramolunmazlıq və həyasızlıq hiss olunurdu, - eynən anası kimi! Mərziyyə üzünü turşudub elə hey “Olmaz, olmaz!” deyirdi. Düşünürdü ki, sözünü geri götürsə, Nərgiz, kim bilir, gələn səfər evə nə nə gətirəcək: itmi, pişikmi? Buna isə ölsə də, yol verməzdi. İtə, pişiyə xəstəlik mənbəyi kimi baxırdı. Hələ tüklərini evə töksəydilər... Paho! Bu səhnəni fikrində canlandırmaq belə istəmirdi. O, yenidən cingiltili səsiylə hirsli-hirsli “Olmaz!” deyə qışqırdı.

Nərgizin odlu ala gözlərində yaş gilələnmişdi. İki aydır böyütdüyü, ovcunda çörək içi və buğda yedirtdiyi balaca dostundan  ayrılmaq onun üçün dözülməz dərəcədə ağır idi. “Səndən ayrılmağa məcburam. Anam səni özümlə aparmağa icazə vermir. Bağışla məni” - deyib son dəfə balaca dostunu sığallayıb öpdü və onu yerə buraxdı. Üzünü çevirib istəyinin xilafına da olsa, maşına  doğru addımladı. Cücə də onun dalınca düşdü... Maşının qapısını ustufca açıb arxa oturacaqda qardaşlarının yanında səssizcə  oturdu. Mərziyyə qabaq oturacaqdan əyilib qızının məsum, yazıqs imasına baxıb gülümsədi.  Nərgiz başını qaldırıb yalvarışlı baxışlarını anasına dikdi. Mərziyyə məmnun və hətta qalib görkəmdə oturmuşdu. Nərgiz artıq anlamışdı ki, artıq onun nə israrı, nə də göz yaşları anasını fikrindən döndərə bilər. Maşının hələ də açıq qalmış arxa qapısını bağlamağa əli gəlmirdi. Cücə qapının önündə idi; boğazını uzadaraq yazıq-yazıq qıza baxırdı. Nərgiz nəmdən parıldayan gözləriylə cücəyə baxıb onu baxışlarıyla öpüşlərə qərq etdi, əlini uzadıb qapını örtmək istədikdə cücə bir göz qırpımındaca onun qucağına atlandı. Nərgizin heyrətdən ağzı açıq qaldı. Cücəni qucaqlayıb bağrına basdı. Mərziyyə gördüyü  mənzərədən çaşdı. Acıqlı gözlərini bərəldib “Sən bundakı həyasızlığa bir bax! Rədd ol!” - deyib, cəld  quşu əli ilə itələyib yerə saldı. Ardınca da qapını şaqqıltıyla örtdü. “Deyəsən, bu qızın nazı ilə biz hələ çox oynayacağıq. Ana, sağ ol, biz getdik” - deyib açıq pəncərədən anasına əl elədi. Mühərriki işə salıb, ön güzgüdə qızına baxdı.

Maşının təkərləri yaş torpaqda dərin izlər buraxdı. Nərgiz sevimli cücəsinin xiffətini çəksə də, dinmirdi. Bilirdi ki, hiddətindən qızarıb pörtən anasına nə söyləsə də, əvəzində azar eşidəcək. Pəncərədən arxaya boylananda gördükləri onun içini tərpətdi, dumanlı gözlərinə işıq gəldi. Cücə kiçik və kövrək qanadlarını açıb maşının arxasınca düşmüşdü; özü də elə gəlirdi ki, sanki addım atmırdı, süzürdü. Nərgiz qışqırıqla: “Ana, ora  bax,  cücə  arxamızca gəlir! – dedi. – Nə olar, maşını  saxla, yalvarırıam. Söz verirəm, ona özüm baxacam.Sənə əziyyət verməyəcəm, ana!”

Mərziyyə yan güzgüdən cücənin onların arxasınca qara ox kimi gəldiyini görəndə baxışları çaşqınlıq içində donub qaldı. Təravətli dəyirmi sifəti həyəcanla titrədi. Üz-gözünü qırışdırıb dedi: “Bu qız mənim axırıma çıxacaq. Əl boyda cücəni ikiayda özünə necə öyrəşdiribsə quş, sanki, onu anası bilir, ayrılmaq istəmir”. O, əyləci basıb maşını saxladı. Sifəti ciddiləşmiş, qaşlarının arasında dərin şırım açılmışdı. İndi də qızını bir kənara qoyub anasının qarasınca deyindi. “Günahın böyük bir qismi elə anamdadır. Cücəni bu bəd əmələ göstərməsəydi, o da belə hoqqa çıxarmazdı”. Qısa müddətdə yaşananlar fikrə-xəyala sığmayan bir hadisə kimi onu sarsıtmışdı. O, qarşıda uzanan yola  baxa-baxa doqquldandı: “İndi mən haranın külünü başıma töküm?! Həyət evində yaşasaydıq, dərd yarı olardı, buraxardıq həyətə. Bina evində cücəni necə saxlayacam? Hər yeri batıracaq. Üç uşağın dərdi az idi, dördüncü də bir yandan çıxdı. Kişi səhər çıxıb, axşam gəlir. Heç nə vecinə deyil. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Heç nəyə qarışmır. Bütün yük mənim üzərimdədir. Uşaqları da özünə çəkib, - əziyyətcil, qədirbilməzdirlər. Mən bu dilsiz, ağızsız quşu necə başa salacam ki, evi batırma. İşə düşdüm də”. Ardından üzünü Nərgizə tutub “Ay qız, - dedi - bu yaramaz cücə mir-mitili, xalça-palazı batıracaq e!”

Bayaqdan anasının deyinməyinə sakitcə qulaq asan, tez-tez başını döndərib cücəyə baxaraq küt təbəssümlə gülən on üç yaşlı, nazik, düz burunlu, qırmızımtıl-qonur sifətli Rəsul dilləndi: “Ay ana, səndə bir cücəni dağ boyda problem elədin e. Niyə bu qədər əsəbiləşirsən? Fikir vermə, qoy aparsın. Eyvanda cücəyə bir yer düzəldərik”. O, sözünü bitirər-bitirməz sükan arxasında oturan anasının qəzəbli baxışlarına tuş gəldi. Dərhal gözlərini yerə dikib mızıldandı: “Cücədən bizə zərər gəlməz. Bir az da böyüsün, kəsib yeyərik”.

Oğlunun bu sözləri Mərziyyənin ağlına batdı, hətta üzü nəzərəçarpacaq dərəcədə dəyişdi də. Nərgizsə onları eşitmirdi belə. Maşın dayanan kimi qapını açıb özünü yerə atmışdı. “Mənim gözəlim, sədaqətli dostum, mənsiz qala bilmədin?” - deyib cücəni qucağına götürmüşdü. Nazik, qırmızımtıl pipikli başından, yumşaq tüklü qanadlarından öpmüşdü. Cippildəyib muncuq dənəsi kimi xırda və oynaq bəbəkli gözlərini sağa-sola döndərən cücəni sinəsinə sıxıb yenidən maşına əyləşmişdi.

Yolboyu xırda-para dialoqları nəzərə almasaq, heç kəs dilinə söz alıb danışmadı. Mərziyyə tədirgin haldaydı, qəzəb və kin dalğa kimi onu ağuşuna almışdı. Tez-tez odlu baxışlarıyla ön güzgüdən qızını və onun qucağındakı cücəni səbirsizcəsinə süzürdü. Onu bir andaca qarpıb pəncərədən çölə atmaqdan özünü zorla saxlayırdı.

Evlərinə qədəm qoyduqları ilk günlərin birində Nərgiz eyvanda  cücəsi üçün kartondan kiçik, xudmani qalacaq düzəltdi. İlk dəfə idi ki, belə bir iş görürdü, buna baxmayaraq, heç də pis alınmamışdı. Anası və qardaşları  evdə olmayanda cücəyə sərbəstlik verir, otaqları gəzdirirdi. Onunla əməllicə qaçdı-tutdu oynayırıdı. Öz yemək payının bir qismini cücəsinə yedizdirirdi. Şübhəsiz, Mərziyənin bunlardan xəbəri olmurdu. O, evdə olanda eyvanın qapısını bağlı saxlayardı.

Həmin ərəfədə elə bir hadisə baş vermişdi ki, bu, Mərziyyəyə özünü dibsiz bir uçuruma atılmış kimi hiss etdirirdi. Əri ona xəyanət edirdi. Rayondan gəldikləri gün Səlimi ən  yaxın rəfiqəsi ilə yataqda tutmuşdu. Onsuz da son vaxtlar ərinin ona qarşı rəftarından, davranışlarından şübhələnmişdi. İndi isə hər şey açığa çıxmışdı. Səlim özünü təmizə çıxarmaq üçün ortaya heç bir-dəlil sübut qoya bilməzdi.

Hər şey ondan başladı ki, Mərziyyə içini yeyib-bitirən şübhələrdən  qurtulmaq üçün Səlimi yoxlamaq qərarına gəldi. Ərinə rayona, uşaqları gətirməyə gedəcəyini  bildirdi. Səlim arvadının bu sözlərinə isti yanaşdı. O, “Getməyinə get, amma tez qayıtma. Məktəbin açılmağına hələ çox qalıb, qoy uşaqlar dincəlsin, elə sənin özünün də istirahətə ehtiyacın var” – deyib qalın bığının altında gülümsədi. Mərziyyə isə cavabında kənddə on gün qalacağını bildirdi. Bunu eşidən Səlimin qırğı gözləri parıldadı; bu, elə bir parıltıydı ki, eşqbazlıq və əyləncə düşkünü olan kişilər münasib imkan tapdıqda adətən gözləri belə şəkil alır. Səlim arvadının belindən ikiəlli yapışıb sıxdı, üz-gözünü, yetişmiş buğda rəngində olan bədəninin açıq yerlərini çılğın öpüşlərə qərq etdi. Cibindən pul çıxarıb onun ovcuna basdı.

Həmin o məşum günü isə  xatırlamaq belə istəmirdi. Mərziyyə uşaqlarına maşında gözləmələrini tapşırıb ağır addımlarla pilləkənlərlə  yuxarı qalxdı. Mənzilin qapını səssizcə açıb ayaqqabılarını soyundu, barmaqlarının ucunda  addımladı ki, yerişinin əks-sədası eşidilməsin. Dəhlizdəki qadın paltarlarını görəndə dodaqları yüngülcə və narahat-narahat aralandı. Yataq otağından rəfiqəsinin səsi gəlirdi. Yenə də baş verənlərə inanmaq istəmədi, başını silkələyib tərəddüd içində dayandı. Amma yox! Bu, rəfiqəsinin səsiydi. Səlimlə danışıb-gülürdü. Sarsıntıdan Mərziyyənin bədənini və dilini əsməcə bürüdü. 

İçəri girib bu iyrənc mənzərəni öz gözləriylə görmək istəmədi. Bu, ona nə verəcəkdi ki? Əriylə on beş ildir paylaşdığı yataqda başqa bir qadının - özü də rəfiqəsinin - uzanmasına, ağ mələfənin üzərində nazlanmasına şahidlik edə bilməzdi. Kürəyini divara söykəyib səssizcə ağlayaraq göz yaşları tökdü. Alnını soyuq tər basmışdı. Ürəyi bərk-bərk döyünürdü. Nifrətdən yaranan güclə onların üstünə şığıyıb dərslərini verə bilərdi. Haray salıb qonşuları, onlardan bir mərtəbə aşağıda yaşayan qarıyıb-qırışmış subay baldızını, yenicə ailə quran qaynını çağıra bilərdi. Lakin o, ani bir qərarla mətbəxə keçdi. Əli əsə-əsə çantasından çıxardığı kağız parçasına bu sözləri yazdı: “Gəlmişdim evə. Səsinizi eşitdim. Hər şeyi bilirəm. Axşama kimi evi tərk edin. Hər şey bitdi. Məhkəməyə ərizəni özüm verəcəm”. Sonra ehtiyatla mənzili tərk etdi.

Mərziyyə uşaqlarının yanına qayıdıb qərarsız halda sükan arxasında gözlədi. Axırda ürəyində “Bütün kişilər belədir” deyib özünə toxtaqlıq verdi. Uşaqlarını ləziz yeməkləri olan restoranlardan biirinə aparıb qarınlarını doyuzdurdu. Gördüklərindən bir kəlmə belə danışmadı. Əvəzində belə bir yalan uydurdu: “Açarı unutmuşam, qapı bağlıdır. Atanızı gözləyirik, gətirsin, gedəcəyik evimizə”. Ataları, onsuz da, ilin yarısını ezamiyyətdə olurdu. Uşaqlar onun üzünü gec-gec görürdü. Mərziyyə içində ərinə qarşı qaynayan nifrəti və qəzəbi uşaqlarına da bulaşdırmaq istəmirdi.

Mərziyyə getdikdən sonra Səlim  yataq otaqdan çıxıb su dalınca mətbəxə keçdi. Masanın üzərindəki kağız parçası diqqətini çəkdi. Əlinə götürüb yazını oxuyanda dəhşətli qorxunun soyuq küləyi içini üşütdü. Cəld məşuqəsinin yanına tərpəndi. Həyəcanlı, qısa müzakirədən sonra geyinib mənzili tərk etdilər.

Günlər bir-birini əvəzlədi. Mərziyyə üzülüb əldən düşmüşdü. Ruhi sarsıntılar keçirirdi, ona elə gəlirdi ki, Səlim hər yerdə qarabaqara izləyir onu. Hətta əminliklə onun evdə dolaşdığını, danışdığını hər kəsə söyləyirdi. Qızının bu vəziyyəti Səməni  arvadı narahat etməyə bilməzdi. O, qızının ailəsinin dağılmağında özünü günahkar sayırdı. “Kaş həmin səhər özümü xəstəliyə vurub onu getməyə qoymayaydım” – Səməni arvad vaysınırdı.

Mərziyyə təkliyə öyrəşə bilmirdi. Səlim onun həyatından birdəfəlik getmişdi. Yeri-yurdu belə bəlli deyildi. Evin bütün yükü Mərziyyənin çiyinlərində idi. Bütün günü ev işləri ilə məşğul olur, öz bilikləri daxilində uşaqlarının dərslərinə kömək edirdi. Onu ən çox hövsələdən çıxaran şey isə qızı və onun cücəsi idi. Eyvandan cücə nəcisi təmizləməkdən cana yığılmışdı. Cücə böyüyüb ətli-canlı bir çolpa olmuşdu. Nərgiz gününün çox hissəsini onunla keçirir, fürsət tapan kimi mənzildə maneəsiz gəzib-dolaşmasına şərait yaradırdı.

Mərziyyə evlərinə gəlib-gedən qonaqların qırımından anlamışdı ki, burada çox oturmaq istəmirlər. Hətta bir gün uşaqları dərsə hazırlaşdıran, rənglənmiş sıx saçları olan arıq, uzun sifətli, ucaboylu, qısa ətəkli ədalı, xətrini çox istədiyi  qapıbir qonşusunun qızı Arzu iti dırnaqlı barmaqlarının ucuyla burnunu tutaraq “Xətrinizə dəyməsin, evinizdən peyin iyi gəlir” dedi. Bu söz onsuz da köhnə dərdlərin ümidsizliyi altında olan, haldan-hala düşən Mərziyyəyə olmazın dərəcədə pis təsir göstərdi, üzündə qəzəbli və əzablı ifadə təzahür etdi.

Həmin gecə Mərziyyə yuxusunda Səlimi gördü. O, bir xəyalət kimi otaqda dolaşırdı. Diksinib bu səksəkəli yuxudan ayıldı. Narahat-narahat ətrafına baxanda gördü ki, Nərgiz öz çarpayısında yatıb, cücə də onun yanındadır. Birdən hardansa ağlına qəribə bir fikir gəldi: bəlkə bu cücə elə Səlimin özüdür? Allah onu cəzalandıraraq cücəyə çevirib. Axı Səlim də qaraşın idi. Cücə necə də ona  bənzəyirdi! Bu nə işdir? Deyəsən, ağlını itirmək üzrəydi. Cücə gözlərini parıldadıb Mərziyyəyə baxdı. Səlimin də baxışları eynən belə idi. Bir andaca üzü soyuq və kinli bir ifadə aldı, istədi ki, elə yataqda ikən cücəni - bəlkə də Səlimi - boğub öldürsün. Amma qızının oyanıb mərəkə qoparacağından qorxurdu. Nərgiz bu mənzərəni görsəydi, hikkəsindən günlərlə ac qalar, məktəbə getməzdi. Hərgah Mərziyyənin qərarı qəti idi; elə bu gün cücənin işini bitirəcəkdi. Heç kəs onun qərarını dəyişə, bu yoldan sapındıra bilməzdi.

Səhər uşaqlar məktəbə gedən kimi Mərziyyə planının icrasına başladı. Mətbəxdən bıçaq götürüb eyvana çıxdı. Artıq vaxt idi, bu işi gecikdirmək olmazdı. Cəld cücənin qanadlarından tutub onu ayaqları altına uzatdı. Zavallı quş onun ayaqları altında kəsilmiş ağac kimi əsirdi. Onun qaqqıldayıb haray-həşir salması Mərziyyə üçün səfeh bir varlığın şikayət dolu səsindən savayı, heç bir anlam kəsb etmirdi. Bıçağı çəkib onun boğazını üzdü. Cücənin başsız bədəni gölməçələnmiş qanın içində çabalayıb hərəkətsiz qaldı. Mərziyyə qalibanə fəxrlə “Oxaaayy” deyib dərindən nəfəs aldı. Səlimin də, qonşuların da, Arzu müəllimin də - hər kəsin heyfini cücədən çıxmışdı. Əriylə bağlı olan xatirələr isə, cücənin başı kimi onun içindən qopmuşdu.

Döşəmədəki qanı silib özündən razı halda mətbəxə keçdi. Qaynar suda cücənin tüklərini yolub, içalatını çıxardı. Sonra onu bıçaqla hissələrə ayırdı. Bir saatın içindəcə ləzzətli cücə şorbası bişirdi.

Günorta məktəbdən ac qayıdan uşaqlar süfrə arxasına keçib bəh-bəhlə, ağızlarını marçıldada-marçıldada analarının bişirdiyi dadlı  cücə şorbasından yedilər. Bircə Nərgiz ağzına heç nə almadı. O, yağlı, ədviyyatlı, qatı mayenin içində üzən dostunun parçalarına baxır, səssizcə ağlayaraq göz yaşları tökürdü.

Məlahət Hümmətqızı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28