Oxuyur Şövkət Ələkbərova...- Fuad Biləsuvarlı yazır

20/10/2024 - 02:40

     Milli operamızın banisi, görkəmli musiqişünas, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin xalqımız qarşısında xidmətləri böyükdür. Azərbaycan musiqisinin inkişafında misilsiz fədakarlıq göstərmiş bu dahi insanın yeni musiqiçilər nəsilinin yetişməsində müstəsna rolu olmuşdur. Üzeyir bəyin amalı bu imiş, həmişə deyərmiş: " ... harda əlinizə istedadlı müsəlman balaları keçdi, kömək eləyin, gözünüzün işığını əsirgəməyin..."
Və Üzeyir bəy belə də edirmiş. İstedadı, səsi olan həmyerlilərini himayəyə götürüb onlara maddi və mənəvi dayaq olur, sənəddə öz yollarını tapmasında gecə-gündüz yorulmadan çalışardı.
  Üzeyir bəyin " kəşf etdiyi" belə istedadlı, şirin səsi, avazı olan yeniyetmə qızlardan biri də sonradan xalqımızın sevimlisinə çevirilmiş görkəmli müğənni, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərova olmuşdur.
     Onda şirin avazlı, gözəlliyi göz qamaşdıran Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi məktəbində məşhur Hüseynqulu Sarabskinin sinfində gələcəkdə ona şöhrət qazandıracaq musiqi sənətinin incəliklərinə yiyələnirdi. Şövkət xanımdakı fitri istedadı ilk andan duyan Üzeyir bəy onu yaratdığı Azərbaycan Dövlət xoruna dəvət edir.
      Bəlkə də Şövkət xanımın gələcək məşhurluğu, milyonlarla dinləyicisinin sevimlisinə çevirilməsi elə bu andan başlanır. Sanki o, səhnə üçün, musiqi üçün doğulmuşdu. Hər ifasına görə qismətinə sürəkli alqışlar düşürdü.
      Şövkət Ələkbərova bu sənətə təsadüfi gəlmiş adam deyildi. O, Bakı şəhərində dünyaya göz açmışdı. Lap körpə yaşlarından ecazkar musiqinin vurğunu idi. Bu təsadüf idimi?! Yox. Onların ailəsində musiqini sevirdilər. Anası qızlardan ibarət orkestrdə tar çalırdı. Xüsusilə atası aşıq musiqisinə saatlarla qulaq asır, muğamatı xoşlayırdı. Belə bir ailədə böyüyən Şövkət xanım musiqiyə necə biganə qala bilərdi. Təsadüfi deyil ki, sonralar Şövkət xanımın qardaşı Firudin Ələkbərov da tanınmış tarzən oldu. Şövkət xanımın şansı gətirmişdi. Atası onun musiqiçi olmasını çox ürəkdən arzulayırdı.
    İnsanda hər hansı bir istedad varsa, o, arzunu tez büruzə verir. Şövkət Ələkbərovanın da xalqın sevimli müğənnisinə çevirilməsi uzun çəkmədi. O, qısa bir vaxtda tamaşaçıların, dinləyicilərin sevimli müğənnisinə çevirildi. Və elə ömrünün sonuna kimi də xanım-xatınlığını, tamaşaçı məhəbbətini qoruyub saxlaya bildi.
     İndi musiqi fonetikamızın qızıl fondunda Şövkət xanımın ifasında səslənmiş, heç zaman unudulmayacaq onlarla mahnılar var. Bu ifalar həmişə təzədir, tərdir. İlahi bu bakılı qızına bənzərsiz, bulaq suyu qədər saf, ürəyəyatımlı bir səs vermişdi. Bu səsin elə ilk dəqiqədən sehrinə düşməmək mümkün deyildi. Dinlədikcə dinləmək istəyirsən, ruhun dincəlir. Sanki Şövkət xanım dinləyicilərinə layla çalır.
     Onun bənzərsiz ifasını hamı sevirdi, ifalarını hamı səbrsizliklə gözləyirdi. Həm də bu ifalar təkcə radio dalğaları, mavi ekranla bitmirdi. Şövkət xanım tez-tez imkan tapıb respublikanın rayonlarına yollanırdı. Musiqi həyatı boyu onun tamaşaçılar qarşısında çıxış eləmədiyi bölgə qalmamışdı.
      Şövkət xanımın özünəməxsus ifa tərzi vardı. O sadəcə mahnını təqdim etmirdi, mahnı ilə yaşayırdı.
       Budur, Şövkət xanım bəstəkar Emin Sabitoğlunun " Dərələr" mahnısını oxuyur. Bu mahnı onun ifasında çox gözəl səslənir. Dinləyici özünü füsunkar təbiətin qoynunda hiss edir. Bir anlıq bütün qayğılardan, fikir və düşüncələrdən azad olur.

- Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göygölü verin,
Mən onun gözüylə cahana baxım.

Sevilən şairimiz Nəbi Xəzrinin sözlərinə bəstələnmiş bu mahnıya Şövkət xanımın ifasında kim dəfələrlə qulaq asıb, necə deyərlər, məst olmayıb. Yaxud Şövkət xanımın böyük şövq və məharətlə oxuduğu sözləri: Molla Pənah Vaqifin, musiqisi: Cahangir Cahangirovun " Durnalar" mahnısını xatırlayın. Qatarlaşmış durnalar açıq səmada üçbucağı xatırladır. Aram-aram, sakit-sakit uçurlar. Onların bu  əlçatmaz uçuşunu  yalnız Şövkət xanımın ana laylası qədər şirin avazı poza bilərdi.
   Şövkət xanımın bir gözəl mahnısı da vardı: Sözləri: İslam Səfərlinin, musiqisi: Ramiz Mirişlinin " Bir könül sındırmışam..." adlı mahnısı. İlahi, necə təsirli, ürəyəyatımlı mahnıdır bu. Şövkət xanımın əsl xanımyana ifası o, mahnını bir az da gözəlləşdirir, sınan könülləri barışdırırdı. Nədənsə, həmin mahnı telekanallarda, radio dalğalarında son vaxtlar az səsləndirilir. Belə ifalara çox ehtiyac var.
     Şövkət xanımın bir məşhur mahnısı da var ki, ondan danışmamaq günah olar.
      Bu bəstəkar Cahangir Cahangirovun bəstələdiyi " Füzuli" kantatasındakı "Məni candan usandırdı" romansıdır.
Bu mahnını Şövkət Ələkbərovanın ifasında sakit dinləmək olmur. Yəqin ki, heç zaman da həmin ifanı Şövkət xanım kimi səsləndirən ikinci bir müğənni olmayacaq... Nə yaxşı ki, belə ifalar qorunub, saxlanılır, gələcək nəsillərə ötürülür.
     Şövkət Ələkbərova yüksək ifaçılıq məharətinə, musiqi sənətinin inkişafındakı xidmətlərinə görə 1954 - cü ildə " Əməkdar artist", beş il sonra isə "Xalq artisti" fəxri adına layiq görülmüşdü.
       Onu təkcə Azərbaycanda deyil, çıxış etdiyi bir çox xarici ölkələrdə də musiqisevərlər ürəkdən alqışlayırdılar. Əvəz edilməz müğənni bu sevgiyə, bu məhəbbətə layiq idi.
      Çox-çox təəssüflər ki, sənətin ən uca zirvələrini fəth etmiş bu əvəzsiz müğənnimizin ailə həyatı uğurlu olmamışdı. Ailə həyatı qurduğu Lətif Səfərov 43 yaşında dünyasını dəyişəndə, səhhətində ciddi problemlər vardı, və o, bunlara dözə bilmirdi.
       Deyirlər, bəzən kədər qapını tanıyanda əl çəkmir. İkinci nigahdan doğulan qızı - Natellanı xərçəng xəstəliyindən itirən Şövkət xanım ağır deperissiya keçirir. Ana qəlbi bu itgidən çox sarsılır. Səhnə üçün oxumaq, könüllər oxşamaq üçün doğulmuş Şövkət Ələkbərova hələ sağlığında ifalarına "əlvida" deyir. Bir daha oxumur...
    Şövkət xanım bu gün xalq arasında təkcə müğənni kimi yox, həm də olduqca qayğıkeş, dərs dediyi tələbələrinə qarşı çox həssas, onlara hərtərəfli xoşbəxtlik göstərmiş bir insan kimi tanınır. Şövkət xanımın tələbələri bu gün artıq sayılıb-seçilən sənətkarlarımızdı. Elçin Cəlilov, Aybəniz Haşımova, Mənsum İbrahimov, Aygün Bayramova, Könül Xasıyeva, Kamilə Abdullayeva Firuzə İbadova, Zakir Əliyev, Almaz Orucova, və sairə və ilaxıra. Siyahını daha da uzatmaq olar. Şövkət xanım təkcə sənətkar kimi deyil, həm də əsl insan kimi yaddaşlarda qalıb. O, tələbələrinə tək müəllimlik eləmirdi. Həm də tələbələrinin bütün qayğılarıyla maraqlanırdı. Bir növ tələbələrinin mənəvi anası idi. Dərsdən qabaq tələbələrinə çay verirdi, çörək verirdi. Sonra tələbələrinə dərs deməyə başlayırdı. Tələbələri üçün əsl insanlıq nümunəsi idi. Axı, onun özü də belə bir dəstəyi böyük Üzeyir bəydən görmüşdü. Şövkət xanım Üzeyir bəyin tək musiqi ənənəsini yaşatmadı. Müəlliminin tələbələri ilə  necə xoş rəftarını, tələbələrinə necə diqqət, nəvaziş, qayğı  göstərməyini,dahi ustadının qızıldan qiymətli sözlərini qulağında sırğa edib, öz yaradıcılığına əxz edib, son nəfəsinə kimi bütün tələbələrinə aşılaya bildi. O biri sənətkarlarımız məndən inciməz. Nədənsə, Şövkət Ələkbərova musiqi ənənəsini mən ən çox Aybəniz xanımda görürəm. Mənə elə gəlir ki, Şövkət xanım öz musiqi ənənəsini çox sevdiyi, ən sevimli tələbəsi Aybəniz xanıma çox ötürə bilib. O, bütün tələbələrini çox istəyirdi. Amma Aybəniz xanım onun üçün bir başqa aləm idi. Şövkət xanım da Aybəniz xanıma mehrini çox salmışdı. Sanki ana- bala idilər. İndinin özündə də Aybəniz xanım Şövkət xanımı dönə-dönə xatırlayır, yada salır. O da Şövkət xanımın musiqi ənənələrini yetirmələrinə sevə-sevə, yorulmadan aşılayır. Tələbələri ilə tez-tez dahi Üzeyir bəyin əbədi evini, sonra ustadı Şövkət xanımın əbədi evini ziyarət edirlər. Yetirmələri Şövkət xanımın  ruhuna alqış edirlər. Aybəniz xanım Şövkət xanımın məzarı önündə ona son öyrətdiyi "Laylayı"  ifa edir... Aybəniz xanımın sanki ürəyi, qəlbi bu cür aram olur, rahatlıq tapır. Şövkət Ələkbərovanın ifaları, nəğmələri yeganə sənətdir ki,heç vaxt ölmür,yaşayır. Çünki həqiqi sənətdi. Bu illər ərzində unudulmayıbsa, heç bundan sonra da unudulmayacaq. Şövkət Ələkbərovanın qızıl səsi əsrlərdən əsrlərə bir körpü salaraq gələcək nəsillərə ötürüləcək.
    Hərdən öz-özümə fikirləşirəm, düşünürəm. Deyirəm ki, keçirdiyi ağır  sarsıntılar olmasaydı, bu unudulmaz sənətkarımız həyatına 71 yaşında son qoymazdı. Səksəni, doxsanı, bəlkə də yüzü də haqlaya bilərdi. Ölməz sənətkarımızın vəfatı 1993 - cü ilə təsadüf edir. 1993- cü ildə Azərbaycan musiqisi çox ağır bir itgi ilə qarşılaşır.
Şövkət xanım vəfat edir.

P.S.

     Oxuyur Şövkət Ələkbərova. Azərbaycan dövlət radiosunda, 105 fm radio dalğasında bu sözləri  eşidəndə indinin özündə də hər birimiz çox sevinirik.
Bilirik ki, Şövkət xanımın şirin, həzin, və məlahətli səsi indi qulaqlarımıza dolacaq, ruhumuzu, könlümüzü, oxşayacaq...
Siz həmişə qəlbimizdəsiniz əziz Şövkət xanım. Elimizin nəğməkar xanımı.
Ruhunuz şad olsun...

 

                                                                                      ****

  Aybəniz Haşımova: " Şövkət Ələkbərova məktəbi həmişə yaşayacaq".

Aybəniz Haşımova Azərbaycanın xalq artisti, müəlliməsi mərhum Şövkət Ələkbərovanın hələ 2012- ci ildə prezidentin göstərişi ilə 90 illik yubileyinin Azərbaycan Dövlət Filarmoniyasında dövlət səviyyəsində keçirildiyini dedi. Avbəniz xanım yubiley mərasimində Şövkət Ələkbərovanın tələbələri ilə yanaşı gənc müğənnilərin və musiqiçilərin də iştirak etdiyini bildirdi. Şövkət Ələkbərovanın davamçıları varmı sualının cavabında müğənni mərhumun tələbələrinin onun davamçıları olduğunu dedi və əlavə etdi ki, onun bu gün tələbələrinə öyrətdikləri Şövkət xanımın məktəbindən bəhrələndikləridir. Aybəniz xanım gələcək nəslin də Şövkət Ələkbərova məktəbini yaşadacağına inandığını dedi. Öz tələbələrinə gəldikdə isə Aybəniz Haşımova yaratdığı “Bülbüllər” qrupundan danışdı və dedi ki, bu qrup artıq özünü kifayət qədər göstərib. O, “Bülbüllər”-də istedadlı uşaqların olduğunu və onların Azərbaycan xalqının rəğbətini qazandığını bildirdi. Azərbaycanda hal-hazırda çox sayda müğənni və musiqiçi var və onların hamısı doğrudan da istedada malikdirlərmi sualının cavabında Aybəniz xanım xüsusi istedada malik olmayanların zamanı gəldikdə, yavaş-yavaş sıradan çıxdığını, sənətdən uzaqlaşdığını, yalnız istedadların sənət yolunu davam etdirdiklərini dedi. Müğənni Azərbaycanda istedadlı nəslin yetişdiyini dedi və onlardan bəzilərinin adlarını çəkdi.

  

                  Bəyimxanım Cavanşirova - Verdiyeva: " Şövkət xanım siz əvəzedilməz xanım sənətkarımızsınız".

 

Azərbaycan musiqi mədəniyyəti tarixində əbədi iz qoymuş ustad sənətkar Şövkət Ələkbərovanın doğum günüdür .Ruhun şad olsun! Siz əvəzedilməz xanım sənətkarımızsınız. Şövkət xanım mənə çox doğma əziz idi.Həm ustadı və sənət dostu atam dahi Xan Şuşinskinin həm də, mərhum ömür-gün yoldaşım, ustad sənətkar mərd, xeyirxah insan, əvəzedilməz sənətkar Fikrət Verdiyevin xətrini çox istəyirdi.Bizim Fikrət müəllimlə ailə qurmağımızda Şövkət xanımın böyük rolu var idi. Elçiliyimizdə isə mənim sevimli, doğma bibim kimi atamın sənət dostu kimi deyil, məhz Fikrət müəllim tərəfdən iştirak edərək atama dedi: "Xan Fikrət elə bir oğuldur ki, onun üzərində on mərtəbəli ev inşa etmək olar. Mərd, xeyirxah başımla ona cavabdehəm".Təbii ki Şövkət xanımın bu sözləri 45 illik evlilik dövrümüzdə öz təsdiqini tapdı.Şövkət xanım Gəncəni çox sevirdi və bir halda ki bu şəhərdə onun sənətinə, şəxsiyyətinə etibarına dəyər verdiyi dostu Fikrət Verdiyev və doğma qardaşı balası qədər sevdiyi, elçi getdiyi Bəyimxanım var idi.Şövkət xanımı bütün Azərbaycan sevirdi. Sənəti, xanımlığı, səmimiliyi ilə xalqın sevgisini Dövlətin rəğbətini qazanmışdı. Onun hər bizə gəlişi toy- bayram olardı.Rəhmətlik qaynanam xanımlar- xanımı Məryəm xanım Şövkət Ələkbərova şəxsiyyətinə çox böyük dəyər verirdi.Şövkət xanımın oğlu Bəşir o vaxtlar Gəncə şəhəri ətrafında hərbi mükəlləfiyyətini yerinə yetirirdi.Bu səbəbdən də o dövrlərdə Şövkət xanım tez- tez bizə qonaq olurdu.O, dövrdə ulu öndərimiz hər zaman milli mənəvi dəyərlərimizi qiymətləndirərək, sənətə- sənətkara yüksək dəyər verən Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Bakıda Bülbül adına orta- ixtisas musiqi məktəbində Şövkət xanımın və.s böyük sənətkarların ustad sinfi açılmaq ərəfəsi idi və bizə Gəncəyə gəlişi zamanı Fikrət Verdiyev Şövkət xanıma xahiş etdi ki mənim rəhbərlik etdiyim ansamblımın ifaçısı Şahnazın bir balaca istedadlı bacısı var Aybəniz adlı mən onu Sarayda keçirilən Dövlət tədbirində rəhbərlik etdiyim "Göy- göl" ansamblının müşaiəti ilə həmyaşıdı Eldarla və ümumilikdə altı nəfərlik duetlə konsertə də çıxartmışam və gələcəyinə ümidim var, Şövkət xanım onu sizə əmanət edirəm onu Siz yetirin. Və Şövkət xanım ərkyanə dedi: "Fikrət sən bilirsən ki mən sənin xətrini dünyalar qədər çox istəyirəm mən Aybənizi balam kimi hazırlayacam narahat olma .Elə səni bu xeyirxah əməllərinə görə çox istəyirəm də. Allah səni qorusun." Sənətkar istedadı ilə sevilə bilər ancaq sənətkarın sənəti ilə etdiyi xeyirxah əməllər üst -üstə düşəndə olur əvəzedilməz əbədiyaşar şəxsiyyət.Ruhunuz şad məkanınız cənnət olsun böyük ürəkli tarixdə iz qoymuş ustadlar!

 

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media

 

 

 

Şövkət xanımın qızı Natella xanım.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28