Bu gün Bakı Bələdiyyə Teatrının yarandığı gündür
10 noyabr 1992-ci il Bakı Bələdiyyə Teatrının yarandığı gündür...
***
1980-ci illərin sonu 1990-cı illərin əvvəlləri Azərbaycanda siyasi oyanış, xalqımızın siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirilir. Müstəqillik elan edən bir ölkənin sosial-iqtisadi vəziyyəti, Qarabağ hadisəsi, bir sözlə, XAOS-un hökm sürdüyü illər….bütün bunlar yaxın keçmişdə baş verdi. Məhz belə bri məqamda demokratiya və vətəndaş cəmiyyəti ən çox dəbdə olan proseslərdən birinə çevrildi ki, nəticədə də ölkənin mədəni həyatında bir çox təşəbbüslər irəli sürüldü. Folklor ansambllarının, caz və estrada qruplarının, xüsusilə yeni teatrların yaradılması Azərbaycanın mədəni həyatının bir parçasına çevrildi. Həmin teatrlar sırasında Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılan Bakı Bələdiyyə Teatrı(10 noyabr 1992-ci il) klassik və çağdaş ənənələri uzlaşdıran mədəniyyət ocağı kimi xüsusilə diqqəti cəlb etdi, böyük maraqla qarşılandı. Yarandığı gündən saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilib. Günün mübarək, əziz Bakı Bələdiyyə Teatrı...
Fuad BİLƏSUVARLI
Qafqaz.Media