Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib
Əməkdar incəsənət xadimi, görkəmli müsiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sürayə Ağayeva 77 yaşında vəfat edib. Bu barədə APA-ya S.Ağayevanın oğlu Fərid Gülməmmədov məlumat verib. O bildirib ki, bir müddət əvvəl insult keçirərək xəstəxanaya yerləşdirilən S.Ağayevanın səhhəti bir neçə gün əvvəl yenidən pisləşib və həyatını xilas etmək mümkün olmayıb. Mərhumla vida mərasimi 20 oktyabr, saat 11:00-da Təzə Pir məscidində olacaq. Qeyd edək ki, Sürayə Ağayeva 1947-ci ildə anadan olub. O, UNESCO-nun nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi. Müxtəlif illərdə Bakı Musiqi Akademiyası, Türkiyənin Hacettepe Dövlət Konservatoriyası və Bilkent Universitetinin musiqi fakültəsində müəllim işləyib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. S.Ağayevanın elmi fəaliyyəti Azərbaycan, Şərq musiqi mədəniyyəti və orta əsr əlyazmalarının araşdırılmasına həsr olunmuşdu. Muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin müəllifidir.