Azad bir quşdum...-Fuad Biləsuvarlı yazır

30/10/2024 - 10:18

İstirahət günü səfərimizdə yolumuz uzaqdır. Sürücü də, məndən başqa iki sərnişin də, susuruq. Səssizlikdən adamı az qala mürgü tutur. Narahat oluram, birdən sürücü də mürgüləyir.
- Bəlkə musiqiyə qulaq asaq, yorğunluğumuz da çıxar.
Deyəsən, hamımızın ürəyindən olur. Sürücü sakitcə düymələri basır. Salona gözəl musiqi sədaları yayılır. Zildə oxunan bu həzin mahnı ruhumuzu oxşayır. Zövq ala-ala dinləyirik.
- Səxavət Məmmədovdur, ifasını çox sevirəm...
Ayırmaq çətindir, amma hiss edirəm ki, oxuyan mərhum müğənnimiz  Səxavət yox, qardaşı Firuz Səxavətdir.
- Oxuyan Firuzu  deyirəm. Sürücü təəccüblənir, deyəsən inanmır. Mahnı bitəndə diktor elan edir: Firuz Səxavətin ifasında daha bir mahnı: Yar bizə qonaq gələcək...
Sürücü gözlərini yoldan çəkməyərək, səs də bir-birinə oxşayarmış, - söyləyir. Musiqi bizi yenidən qanadlarına alır.
... Səxavət Məmmədov xalqımıza bir çox sənətkarlar bəxş etmiş Ağdamın Abdal - Gülablı kəndindən pərvazlanıb, sevimli xalq artistimiz Sara Qədimova, Qurban Pirimov da bu səfalı kənddə dünyaya göz açıblar. Lap körpəliyindən Səxavətin bənzərsiz bir səsə malik olduğunu hamı duyurdu. Çünki Səxavət necə deyərlər, professional şəkildə olmasa da, tamamilə yeni bir tərzdə oxuyurdu. Dinləyənlər əl çəkmir, yenə oxumağını istəyirdilər. Səxavət də onların sözünü yerə salmırdı. Artıq Səxavət həyat yolunu da müəyyənləşdirmişdi. O, özünü musiqidən kənarda təsəvvür edə bilmirdi. 1971 - ci ildə, cəmi 18 yaşı olanda, o, Asəf Zeynallı adına Musiqi Texnikumunun tələbəsi idi. Bəxti də gətirmişdi: Hacıbaba Hüseynovun sinfində oxuyacaq, böyük ustaddan dərs alacaqdı.
   Muğam bilicisi ustad xanəndə Səxavət Məmmədovun qeyri-adi bir səsə qadir olduğunu onu ilk dəfə dinləyəndən hiss etmişdi. Səxavət yüksək notlarda sərbəst gəzişir, şövqlə oxuyurdu. Səsindəki şirinlik, etdiyi boğaz zəngulələri eşidənləri az qala məst edirdi. Səxavəti gələcək həmkarlarından, digər tələbə dostlarından fərqləndirən çox cəhətlər vardı.
   Bəlkə,  elə buna görədir, Səxavət tez tanındı, sevildi. Bir sənət adamı kimi ilk addımlarını dəvət aldığı "Humayun" ansamlında atdı. Tamaşaçılar qarşısına çıxdı, oxudu, alqışlar qazandı. Tamaşaçı alqışları ona sanki ruh verir, onu daha da coşdururdu. Mahnıdan mahnıya onun səs imkanları daha geniş açılırdı. Səxavət oxuduğu hər mahnıya ürəyinin atəşini, qəlbinin odunu verirdi. Səs diapazonu hədsiz geniş idi və o, bir müğənni kimi, bu imkanlardan bacarıqla istifadə edərək, dinləyicilərinin ürəyinə yol tapırdı.
Beləcə aylar-aylara, illər- illərə calandı. Səxavət Məmmədov könüllər oxşadı. İfaçılıq  fəaliyyətini davam etdirə-etdirə Azərbaycan Dövlət İncəsənət İnstitunu da bitirdi. Məsəl var, hər oxuyan Molla Pənah olmur. Bu məsəl elm əxz etməklə əlaqədardır. Amma nə fərqi var ki?! Elə o illərdə də, indi də müğənnilik həvəsinə düşənlər çoxdur. Efirə, ekrana çıxmasa illərlə yada düşməyənlər var. Amma Səxavətin hər çıxışını səbrsizliklə gözləyirdilər, ona dönə-dönə qulaq asmaq istəyirdilər.
   Səxavət üçün musiqi dünyası ağır bir aləmdi. Səxavət bir müğənni kimi özünü bu dünyada çox rahat hiss edirdi. O, mahnı oxuyanda özünü tamamilə unudurdu. Musiqi onun bütün ruhuna hakim kəsilirdi.  Və Səxavət ancaq onun özünəməxsus tərzdə, səsin zil tellərində mahnını ifa edirdi.
Səxavətin musiqiyə öz baxışları vardı. Daim axtarır, arayır, dinləyicilərinə həmişə yeni bir ifa təqdim etmək istəyirdi. " Qarabağ" instrumental ansamblını yaratmaq arzusu da bu istəkdən yarandı. Səxavət bu ansamblı yaratdı, ora tanıdığı, ifaçılıq məharətinə yaxından bələd olduğu musiqiçiləri topladı. O, bu ansambılla birlikdə haralarda çıxış etmədi?!
Demək olar ki, bütün respublikalarda, hətta Avropa ölkələrində Azərbaycan musiqisini sevdirə bildi. Səxavət Məmmədov təkcə bir musiqiçi kimi yox, həm də mehriban, dost- qohumcanlı, sədaqətli, xeyirxah bir insan kimi də bu gün ehtiramla xatırlanır. Elə yaxın bir dostunun hansısa müşkül işi ilə bağlı rayonlardan birindən qayıdanda amansız əcəl onu yaxalamış, avtomobil qəzasına düşmüşdülər. Onda Səxavət 38 yaşında idi. Hələ bütün uğurları hələ öndə idi, nə qədər gözəl ifaları ilə bizi sevindirəcəkdi. Çox arzuları yarımçıq qaldı.
   Cəmi 21 illik sənət ömrü yaşadı Səxavət. Amma ifasında səslənən onlarla mahnıya öz möhrünü vurub dünyadan köçdü. Nə yaxşı həmin ifaların lent yazıları diqqətlə qorunub saxlanılır. Hər səslənəndə Səxavətsevərlərin həsrətinə, nisgilinə su çiləyir.
     Bu ailədə musiqini hamı sevirdi, sanki musiqi ilə nəfəs alırdılar. Onun faciəvi vəfatından sonra qardaşı Firuz onun adını yaşatmaq üçün bu sənətə daha çox bağlandı. İndi Firuz Səxavətin ifalarını dinləyənlər sanki Səxavətin bənzərsiz səsini eşidirlər.
   Səxavətin ifasında sevilə-sevilə dinlənilən bir mahnı da var: " Azad bir quşdum". Heyrətamiz bir ifadır. Dinləmək istəyirsən. Sevimli müğənnimiz Səxavət Məmmədov isə sanki bu ifası ilə vaxtsız gələn əcələ meydan oxuyur.

- Azad bir quşdum,
Yuvamdan uçdum,
Torpağa düşdüm,
Bu gənc yaşımda...

Həmişə musiqisevərlərin yaddaşında yaşayacaq Səxavət Məmmədov. Ruhu şad olsun.

*****                                                                                                                          *****

Səxavət Məmmədovun qardaşı Firuz Səxavət mərhum sənətkar haqqında Qafqaz.Media. az-a bunları söyləyib:

 

“Səxavət haqqında saatlarla danışa bilərəm. Ailəmizdə atamdan sonra ona bir böyük kimi baxırdıq. Qardaşımdır deyə söyləmirəm, o qədər xoş insan idi ki, onu tanıyanlar bilir. İnanın ki, uşaqla uşaq, böyüklə böyük idi. Hər birimizin qayğısına qalırdı. O vaxtı mənim yaşım az  idi, ancaq sözün əsl mənasında mənə bir böyük qardaş kimi hər zaman dəstək olurdu. İnanın, indiyə qədər  dünyanın hansı ölkəsinə getsəm,  hər kəs mənə yaxınlaşıb onun insanlığından, səsinin ruhundan danışır. Bütün bu hallar mənə o qədər xoş təsir edir ki, fikirləşirəm ilahi, Səxavət bu gün də yaşayır.  
Mən fəxr edirəm ki, Səxavət Məmmədovun qardaşıyam. Səxavət bizə Allahın bəxş etdiyi bir möcüzə idi. Düzdür 38 il yaşasa da, Tanrı ona bu qədər gözəl səs bəxş etdi. O səsdə Qarabağ ətri, Ağdam nisgili var idi. Öz torpağına bağlı  insan idi. Bəlkə də eşitsəydi, torpaqlarımız işğal altındadır, elə o an ürəyi partlayardı. Onun səsi bir vergi idi, saatlarla toy məclislərində oxuyardı. Bir dəfə də səsi dəyişməzdi. O səs bizdən tez ayrıldı. Bir təskinlik tapıram ki, onun səsini xalq yaşadır. 34 ildir bir insan həyatda yoxdur, ancaq hələ də  qulaqlara onun səsi gəlir, bütün  bunlara həm sevinirəm, həm də kədərlənirəm. Ona görə ki, bu dünyadan doymayaraq getdi”. 

Mərhum sənətkarın oğlu Bəxtiyar Məmmədov sosial şəbəkədə atasını bu sözlərlə anıb:

“Səndən heç vaxt keçmiş zamanda danışa bilmədim. Səninlə heç doyunca danışmağa da imkanım olmadı. Sənə çox ehtiyacım olanda çoxdan getmişdin. Zaman-zaman yoxluğun  çox yer etdi, bəzən çox arzuladım, kaş yanımda olaydın... Amma qısa ömründə özündən sonra qoyub getdiyin sevgi, hörmət sağlığında qazandığın rəhmət ən böyük dayağım oldu. Bilmirəm bəlkə də sağ olsaydın sənə bu gün çox şey daha çətin gələrdi, bəlkə də onları yaşamamaq üçün yaşaya bilməyəcəyin üçün daha tez ayrıldın aramızdan. Səndən sonra da bu torpağın çox qeyrətli oğlu sənin getdiyin məchula qədəm qoydu. Onları, səni düşünüb hər mənada təskinlik tapıram. Müqəddəs məchula doğuşun mübarək”.

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04