Ərtoğrol və Turan Cavidlərin yazıları - Azər Turanın təqdimatında
24 yaşında dünyasını dəyişmiş şair, nasir, ssenarist, dramaturq, bəstəkar, folklor araşdırıcısı, musiqi folklorumuzun toplayıcısı, rəssam Ərtoğrol Cavidin 1930-cu illərdə qələmə aldığı bütün əsərlərini - "Yazıları, rəsmləri, bəstələri, məktubları" kitabını 2005-ci ildə, Turan Cavidin isə 1950-ci ildə yazdığı "Mərziyə Davudova" kitabını 2021-ci ildə nəşrə hazırlamış və onlara Ön söz yazmışam. - Bu, onların ilk kitablarıydı.
Oktyabr ayı Cavidlər ayıdır. Cavidlərə məxsus oktyabrı qəzetdə necə təqdim etmək barədə düşünürdüm. Ən gözəli, sözü Cavidin övladlarına verməkdir. Ərtoğrolun kitabından Hüqonun "Gülən adam" romanı barədə 1939-cu il martın 28-də gecə saat 1 radələrində yazıb tamamladığı qeydlərini, Turan Cavidin kitabından isə Mərziyə Davudovanın Şekspir əsərlərində oynadığı rollar barədə mülahizələrini təqdim edirəm.
Bu yazılar qələmə alınanda Ərtoğrolun 20, Turanın isə 26 yaşı vardı.
Ərtoğrol "Gülən adam" barədə qeydlərini yazanda, yəni 1939-cu ildə "xalq düşməni" Hüseyn Cavid Sibirdə həbs düşərgəsində, Turan Cavid Mərziyə Davudova barədə mülahizələrini yazıya köçürəndə, yəni 1950-ci ildə isə 59 saylı məhbus Hüseyn Cavid Tayşetdə Tayqa meşələrinin dərinliyindəki 59 saylı qəbirdəydi...
Bu yazıları oxuyub görəcəksiniz ki, Cavidin övladları Cavidanə düşünüb. Onların bu yazılardan görünən Bayronik tənhalıqları daha çox qara talelərinin, dönük bəxtlərinin izharıdır. Alın yazısı kimi...
Azər TURAN
Ərtoğrol CAVİD
Hüqonun "Gülən adam"ı haqqında
Din, cəmiyyət və təbiət mövzusunda yazılmış "Paris Noterdam kilsəsi", "Səfillər", "Dəniz əməkçiləri" üçlük romanlarından sonra Hüqo monarxiya, aristokratiya (xüsusilə, İngiltərə aristokratoriyası) və inqilab mövzusuna 2-ci üçlüyü düşünür. Monarxiya mövzusunda roman yazılmayıb, lakin müəllifin buna olan münasibəti dramlarından və mənzum əsərlərindən görülür. Aristokratiya mövzusuna "Gülən adam", inqilab mövzusuna isə "93-cü il" romanı yazılmış.
"Gülən adam" romanı 1869-cu il Gernsi adasında yazılıb (həmin il may ayında çap olub).
Bu əsər nəslən aristokrat olan, maraqlı macəralar keçirən Quinplenin lordlar palatasına, aristokratiyaya qarşı vurduğu ağır silləni təsvir edir. Aristokratiya mövzusu, XVII əsrin sonu və əsasən, XVIII əsrin əvvəli İngiltərə mühitində cərəyan edir. Bu dövr kraliça Annanın dövrüdür.
V.Hüqonun bioqraflarından biri yazır ki: (Frank Marzial "Life of V.Hüqo"), "Hüqo İngiltərənin Anna dövründəki vəziyyətini tamamilə bilmir və buna görə hər addımda səhv edir".
Bu səhv ayrı-ayrı təkanverici momentlərdə, bəzi obrazlarda ola bilər. Lakin "Gülən adam"dakı hadisə o dövr İngiltərə şəraitində ola biləcək, o quruluşa uyğundur. Bunlardan başqa, əsas prinsip aşağı kütlənin bir ovuc hakim sinfin bütün ağırlığı ilə əzilməsi, doğrudur. Bu hakim sinif içərisində aristokratiya xüsusi, əsas yer tutmaqdadır. Hüqo belə yazır:
Aristokratiya, krakus yumurtası - azadlıq üstündə oturmuş çalağandır.
Yazıçı, əsərdə hər momentdən istifadə edərək dövrün hüquqsuzluğunu, çərçivəliliyini... başqa mənfiliklərini verməyə çalışıb. O vaxtkı İngiltərə qanunları Ursusun sandığı üzərindəki yazılardan görülür...
"IV Eduardın nəşr etdiyi qanunlara görə, lord qətl hüququna malikdir. Qatil lord izlənilməz".
"Lord savadsız olsa belə, katiblik edə bilər, çünki o qanuna vaqifdir".
"Lordu vuran adamın əlini biləyindən kəsərlər".
"Bütün yer üzü - lord mülküdür".
Bu, hüquq boğan qanunları humanist Hüqo heç vaxt bağışlayamazdı.
Müəllif o dövr aristokratlarının əyləncəsini verirkən, bir sıra xarakterik klublar göstərir:
"Eybəcərlər klubu"nda çirkinlər üçün mübahisə edilir.
"O atlanır klubu"nda yoldan keçən qadını əlləri üstə gəzməyə məcbur edirlər.
"Fun klub"un üzvləri gecə evlərə, dükanlara soxulub soymaq, yıxmaq, yandırmaqdan həzz alırlar. Müəllif yazır ki, "fun" kəlməsinin "zarafat" kəlməsinə münasibəti duzla istiotun münasibəti kimidir.
Ən mürtəce klub "Böyük Moqoq klubu"dur. Onların əsas proqramı "Pislik üçün pislikdən ibarətdir". Onlar bir kəndlini meymun kimi oynatmaq üçün hər tərəfdən qılınclar batırır, baş barmaqları ilə yoldan keçənin gözlərini əzir...
Bunlara baxmıyaraq ən az da olsa, gənc kəlləsində Kromvel sağlığına şərab içilib.
Saray halı daha pozuqdur, məzmunsuzdur. Burda əyləncə üçün xüsusi adamlar var: Xoruz kibi banlıyanlar, it kibi hürə-hürə qabaqlarına atılanı qapanlar, heyvan səsləri çıxaranlar, eybəcər simalılar və i.a...
Saray mənasız gülüşə ehtiyaclıdır. Bunun üçün, hətta normal insanları belə eybəcər hala salırlar. Bununla xüsusi cərrahlar məşğul olur (Kompraçikovlar). Onlar kral ilə əlaqə saxlıyır, II Karl bu məqsədlə 1 ailəni satmışdır...
Bir çox dövri momentlər vardır, onlar obrazlar haqda danışılırkən daha aydın görülür. Çünki o obrazlar o dövrün məhsuludur.
Müəllif ideyası ilə (saray və aristokratiyanın bütün ağırlıqları ilə özlərindən aşağıdakıları əzmə) bağlı olaraq obrazları saray aristokratiya və əzilənlər deyə 2 qismə bölürəm. Birinci bölgüyə kraliça Anna, ögey bacısı hersoginiya Joziana, Lord Devid Derri Moyr, Barkilfedro, Lord Klençarli daxildir.
Müəllif bu qrupa ümumən mənfi, xüsusən, fərqli münasibət bəsləyir. O yazır ki, "Saray arsızlar, zənginlər, tənbəllər, dedi-qoduçular, zülmkar, istehza qurbanları, səfil aqillərlə doludur, bunlar hamısı həsədçi şəxslərlə laqqırtı vurmaq ehtiyacını hiss edir.
Sarayın daxili həyatının detalları, obrazların hərəkətlərindən aydın görülür.
Heç şübhəsiz ki, bu qrupun başında II Yakovun qızı kraliça Anna durur. O, ölkəni idarə etmək vəzifəsi qarşısında özünü sadədil qızcığaz kibi aparır. Onu xalq məsələləri deyil, saray... maraqlandırır. O bəsit düşüncəyə malikdir...
Verdiyi əmrləri nəzərdən keçirəlim: "Qursi, Baron Qinsel, İrlandiya perindən başqa kimsə kral qarşısında başıaçıq dura bilməz".
"Yaxud: Mənim atam general-admiral adı daşımışkən, ərim də o adı daşımalıdır". Onun əri Danya prinsi Georqun favoritkaları vardı. Hüqo yazır:
"Annanın əri ürəyini favoritkaları, yalanını isə qadını üçün mühafizə edir. Anna ən çox dövlət pulu üzərindəki kral taxtı rəsmi ilə oynuyur. Dərisi ağ olduğundan açıq-saçıq paltarlar dəyişməklə vaxtını keçirirdi.
O, ögey bacısı Jozianaya daxilən mənfi münasibət bəsliyir, lakin zahirən özünü səmimi aparır.
Səbəbləri:
Joziana Annadan gözəldir, onun nişanlısı Annanın ərindən gözəldir və onun anası zəngin ikən Annanın anası adi qadın olmaz.
Hüqo saray qadınına aid xüsusiyyətləri real olaraq doğru verib.
Aristokrat qız obrazı olaraq müəllif II Yakovun qızı Annanın ögey bacısı hersoginiya Joziananı verib. Bu obraz maraqlı xüsusiyyətlərə malikdir.
O süslər içində yaşamaq, məmurlarla əylənməklə vaxt keçirir. Daha doğrusu, o, həyatın mənasını mənasızlıqda axtarır və sanki orada da tapır.
O cavan qız kibi qalmaq üçün nişanlısı Lord Devid Derri Moyrla evlənmədən məmnun deyildir. Əsl səbəb başqadır. O Derri Moyrun qadını olacağını düşünürkən, qadın deyil, azad, sərbəst bir qız kimi onun tərəfindən sevilmək istiyir. Çünki ailə quruluşu onun arzularını çərçivə arasına alacaq.
Daha başqa bir səbəb, qadın kibi Devid Moyru, nişanlısını sevməməsidir. "Joziana və Devid bir-birinə qarşı xüsusi bir əda ilə naz-qəmzə göstərirlərdi. Onlar bir-birini bəyənir, lakin sevməyirdilər".
O səyyar aktyor, eybəcər Quinpleni sevir. Ona "...mən səni sevirəm, mən yalnız səni arzu edirəm. Tez gəl, gözlüyürəm" məzmununda məktub yazır. O zaman ki, kraliça əmri ilə rəsmi olaraq onun qadını olacağını bilir. Quinpleni odasından qovur. "İndi ki, siz mənim ərimsiniz, buradan gediniz... Siz burada dura bilməzsiniz. Burası mənim məşuqlarıma aid yerdir... Mən sizi görmək belə istəmirəm..."
Əgər Anna simasında bəsit düşüncəli qadın və zəif hakim xarakterləri verilmişsə, Joziana yalnız meşşan aristokrat qızı nümunəsidir. Onlar yalnız öz hiss, arzu, duyğularının təminindən həzz alaraq heç bir fikir və ideya ilə uğraşmırlar. Onların heç biri ailə anası deyil və heç bir vaxt ideal qadın obrazı ola bilməz.
Nisbətən gənc aristokrat olaraq ölmüş, Lord Linney Klençarlinin qeyri-qanuni oğlu Lord Devid Derri Moyr verilmişdir.
Klençarlinin sərvəti Jozianaya verilib. Derri Moyr onunla evləndikdən sonra sərvətə sahib olacaq. Devid istər-istəməz Joziananı almalıdır. Bu burjua mühitindəki sərvət və məhəbbət ziddiyyətidir. Devid də aristokrat klublarında iştirak edir. O taxta bir evi yandırıb əyləndikdən sonra əvəzinə daş ev tikmişdir. Bununla bərabər, o xalq yarmarkalarında, sirklərdə, bokslarda iştirak edir, hakim olur. Lakin hər kəs onu "matros Tom-Cim-Cek" deyə, sevə-sevə çağırır. Xalq meydanlarında artıq o lord deyildir.
Bu hal onun xalqı sevməsindənmi, yaxud şenliyi sevməsindən doğur? Şübhəsiz, şenliyi sevməsindəndir. Lakin bu hal uzun zaman təkrar olurkən xalq adətləri, duyğuları da ona təsir edir.
Derri Moyr Quinpleni palatada təhqir edən lordların yolunu kəsərək vuruşa dəvət edir.
"- Sizə söylədilər, lakin siz heç biriniz anlamadınız. Buradakı ixtiyarların qulaqları kar, gənclərin isə başları kütdür. Siz hamınız qorxaqsınız. Hamının bir nəfər üzərinə hücumunu mən sevmirəm, bu mənim xasiyyətimdir...
Fernen Klençarli özünü bir lord kibi aparırkən, siz özünüzü ... kibi apardınız. Mən qəti olaraq sizdən birinizi öldürmək qərarına gəldim".
Burada o tam hüquqpərəstdir. Lakin o Quinplenin lord olması ilə bütün sərvəti uduzacağını düşünürkən mülkiyyətpərəst, eqoist duyğuları alovlanır. Buna görə Quinpleni görər-görməz duelə çağırır, halbuki bayaqdan onu müdafiə edirdi.
Artıq burada o Tom Cim-Cek deyil, Lord Devid Derri Moyrdur.
German romantizmində oxşarlar var ikən, yəni iki adam bir ad altında hərəkət edirsə, "Gülən adam"dakı lord Deviddə bir növ onun əksi vardır. Burada bir adam iki ad, iki sima daşıyır.
O Lord Devid olaraq aristokrat mənfiliklərini, eyni zamanda Tom-Cim-Cek olaraq xalq təsirilə bir sıra təmiz duyğuları (hüquqpərəstlik, həqiqətpərəstlik) özündə saxlayır.
Bu obrazın hərəkətlərindəki dəyişmələr xarakterindəki bu ikilikdən doğur.
Heç şübhəsiz ki, kiçik müsbət xarakterli Tom-Cim-Cek böyük aristokrat lord Devid Derri Moyrun kölgəsində qalır, sönür. Bu obraz hər şeydən əvvəl bir aristokrat gəncdir. Bu qrupun mürəkkəb xarakterli nümunəsi Barkilfedrodur. Onun mürəkkəbliyi daxililə xarici arasındakı ziddiyyətdən doğur. Daxilən nə qədər kinli, nifrətli isə, xaricən o qədər hörmətli və səmimidir.
O ən mürtəce "Böyük Moqoq" klubu ideyasını daşıyır.
Müəllif yazır ki,
- "Zərər vermək Barkilfedro təbirincə, həzz almaq deməkdir".
Yaxud:
- "Əgər soyuq başqalarının iztirabına səbəb olursa, onun özü soyuqdan titrəməyə hazır idi". Bu arzuları təmin üçün Barkilfedro möhkəm iradəyə, böyük səbrə malikdir.
"O, xarakterində cəllad rəzilliyi ilə miqroqraf səbrini birləşdirmişdi".
Hüqo ümumiyyətlə saray karyeristləri, xüsusən, Barkilfedro haqda bu cümlələri yazır: "O daim gülümsərdi. O daim müntəzir, hörmətli, səmimi idi. O ümumən və hər kəsə baş əyərdi. Ən zəif, xəfif külək onun belini yerə qədər bükə bilərdi. Bel fəqərəsi əvəzinə elastik çubuq olurkən, səadət qazanmaq asandır".
Xüsusilə Barkilfedro haqda:
"Onun neçə yaşı vardı?
Heç neçə, yaxud mövcud şəraitin tələb etdiyi qədər".
Demək, o özün şəraitə böyük məharətlə uydurur, o arientalistdir. O kərtənkələ kibi düşdüyü yerin rəngini alır. Bu xüsusiyyətlərə görə tez zamanda möhkəm karyera qazanır.
Anna onu gördükdən sonra başqa qulaq pıçıldayıcılarını dinləmək istəmədi. Hər kəs ona inanır. Joziana Derri Moyra, Derri Moyr Jozianaya, Anna bunlara kontrolluğu yalnız Barkilfedroya tapşırır. "Barkilfedro əli altında 3 qlaviş vardı: Joziana, Lord Devid və Anna".
Hətta Joziana öz otağının açarını ona verir. O hər kəsin işinə yardım edir.
"Saray - dişli təkərlər sistemidir. Barkilfedro bu sistemə daxil olub, onun mühərriki olur".
Barkilfedro edəcəyi operasiya mərkəzində Annanı görür. O hamıya pislik üçün, hamıdan istifadə edir. Buna görə mühasirəsində olduğu hər aristokratın, hər kəsin psixolojisini öyrənir. Zəif tərəflərdən zərbə endirməyə çalışır. Onun ən çox nifrət etdiyi hersoginya Joziana idi.
Neyçün?
"...Joziana gözəl, ucaboylu, gənc, zəngin, cazib, şətarətli, şərəfli idi". Halbuki Barkilfedro bədheybət, xırda boy, şişman, yaşlı, adsız və şərəfsiz idi. Nəhayət, bunların hamısının intiqamını almaq lazım idi".
O, "Matusina" göyərtəsindən atılan sürahini böyük sevinclə kraliçaya təqdim edir. Derri Moyru bütün sərvəti, hətta gözəl Joziananı itirməsi onun kirli ruhunu məmnun edir. Barkilfedro "özünün xüsusi lordu özünün yaratdığı lordun" olması və yeni lordun, Barkilfedrova qarşı minnətdar, ödənilməyəcək qədər borclu olmasını düşünürkən İblis qəhqəhələri ilə gülür.
O mürəkkəb plan qurur. O, Jozianaya, lord Devid sarayına zərbə endirmək istərkən, ixtiyar Ursusun kiçik daxması dağılır. Nəticə daha acı olur. Hüqo bunu belə yazır:
"Barkilfedro qartalı nişan almışdı, lakin gövərçinə dəydi".
Bu obraz karferist, yaltaq aristokrat nümunəsi kibi verilib. Müəllif lordların, baronların, saray vəkillərinin... rütbələrinə çatma yolu proseslərini bir növ Barkilfedro simasında ümumiləşdirib.
Humanist Hüqo "başqalarının bədbəxtliyi əsasında qurulan bu səadətə acı-acı nifrət edir. Böyük romanist nümunələrini verdiyi aristokratiyanın hər tərəfini görür. Aristokratların hamısı yalnız yeyən, əyləncə ilə məşğul olan deyildi. İstisna olaraq onlarda da mütərəqqi fikirlilər, nisbətən müsbət ideya daşıyanlar vardı.
Demək, aristokratlarda da mütərəqqilər, hətta respublikaçılar belə vardır.
Əsərdə bunlara nümunə olaraq lord Linney Klençarli verilib. Bir obraz kibi o iştirak etmir, yalnız yazıçı o haqda məlumat verir.
"O Kromvelin həməsri, həmfikridir. İnqilab sönəndən sonra belə o öz fikirlərindən boyun qaçırmır. Lakin uğrunda çarpışdığı fransız xalqı II Yakovu təntənə ilə qarşılarkən, o içində acı bir duyğu hiss edir. O doğma xalqına, doğma yurduna nifrət edərək özü-özünü sürgün edir. İsveçrədə, Ceneva gölü sahilindəki bir sarayında pessimist həyat keçirir. Cəmiyyətdən küsülüb keçirilən bu həyat "Səfillər"dəki cənab J-nın həyatına oxşuyur. Hər ikisi kral əleyhinə olub, respublikaçıdır. Lakin cənab dinsiz ikən lord Linney Klençarli dinsiz deyil.
Klençarli yenidən İngiltərə peri ola bilərdi, sərvətin ala bilərdi, lakin tutduğu ideya bütün sərvətlərdən daha qiymətlidir.
(Demokratik respublika). O, 1650-ci ildə parlamentdə "kralsız, monarxsız, hakimsiz respublika müdafiəsində sadiq olacağına and içib. O demokratik respublikaçı olaraq sürgündə ölür.
Müəllif ona hörmət edir, çünki o da Klençarli kibi demokratik respublikaçıdır. Lakin əfsus, bu, Hüqoda humanizm ilə öz kəskinliyini itirir.
Bu obrazlardan başqa, əsərin bəzi səhnələrində aristokrat həyatını əks etmiş (saray, lordlar palatası). Aristokratiyadan müəllif əsasən, kraliça Annanı, hersoginya Joziananı, lord Devidi, karferist Barkilfedronu və respublikaçı Klençarlini verib. Bu qrupa yazıçı ümumən mənfi, xüsusən fərqli münasibət bəsliyir.
Obrazların 2-ci bölümü olan əzilənlər nümunəsi olaraq Ursusun arabası (Quinplen, Deya, Ursus, Hoven) verilib. Avtorun bütün simpatiyası bundadır. Onun əsərlərində ana xətt kibi keçən humanizm bu qrupa aiddir.
V.Hüqo müsbət obrazlarını daima aşağı təbəqədən alıb: Qvazimodo, Esmiralda, Jan Valjan, Fantina, Kozetta, Qavroş, Quinplen, Deya, Ursus, Hoven...
"Gülən adam" romanında bu qrupun aktiv nümayəndəsi Quinplendir.
"Onun simasına gülüş maskası keçirilmiş. Daxili həyəcanlarda siması qorxunclaşır. O "Qomos" kibi simasında həm gülüş, həm də ciddiyyət cizgiləri saxlayır".
Onu görə hər kəs istər-istəməz gülür. "Yas saxlayan şəxslər ondan saqınmalı idilər, çünki onu görür-görməz ədəbsiz-ədəbsiz gülməyə başlarlardı. Bir dəfə cəllad gəlmişdi, Quinplen onu da güldürdü..."
Müəllif cəmiyyətdə ən donuq, ən qatı insan cəlladı tanıyır, o cəllad ki, "uf!" demədən soyuqqanlılıqla bir həyatı bitirir.
Quinplen kiçik ikən digərbindir, başqasını düşünəndir. O özü soyuqdan ölmək qorxusunda ikən, Deyanı xilas edir. Daha başqa bir misal:
"Ursus - sənə deyirlər ye!
Uşaq bütün vücudu ilə titrəyərək, gözləri yaşarmış bir halda:
- Bəs siz?! - dedi, - sizə heç bir şey qalmayacaq". O, həyatın ağrıları haqda ilk məlumatı Portlend sahilində alıb, sonra Ursusun təsiri ilə böyüyüb: latın dilini, musiqini, nitq elmini öyrənir. O müxtəlif kütlələrə rast gəlmiş və onların yuxarı təbəqə ağırlığı ilə əzilməsini duymuşdu.
Müəllif göstərir ki, o uzun zaman düşünür. Bir gün Ursusa belə deyir:
"Əyər hakimiyyət mənim əlimdə olsaydı, mən səfillərə yardım edərdim. Amma mən nəyəm? Aciz bir heçlik. Mən nə edə bilərəm? Heç bir şey! O Deyanı, sarayında katib olduğu lord Mermedyuqu tərifləyir. Lakin Quinplen necə nəticə çıxarır?
"- Zənginlərin cənnəti fəqirlərin cəhənnəmi üzərində qurulmuş".
Bir neçə fəsil keçdikdən sonra Quinplen artıq lorddur. Müəllif onun haqqında belə yazır:
"(Biz onu əvvəlki adı ilə adlandıracayıq, əyər Klençarli lord isə, Quinplen insandır)".
O öz sarayındadır. Sərvət onu sərxoş etmiş. O sevinir:
- Mənim şəhərdə və şəhərdən kənarda saraylarım var. Mənim bağlarım, ov yerlərim, meşələrim, karetlərim, milyonlarım var. Mən qonaqlıqlar verəcəm. Mən həyatın bütün sevincləri ilə əylənəcəm və çöllərdən çiçək dərə bilməyən Quinplen gökdən yıldızları qoparacaq".
Bu sevinc uzun sürmür, yavaş-yavaş o tərəddüdə qapılır. Ursusun arabasına dönməyə tələsir.
"- Deya! Ursus! Mən sizinlə bir yerdə olacam. Siz nə idinizsə, mən də ondan idim. İndi, mən nə isəm, siz də ondan olacaqsınız. Gəliniz!.. Yox! Mən gəlirəm! Həm də bu saat, bu dəqiqə".
Əsərin ideoloji zirvəsi Quinplenin palatadakı nitqidir. Buna görə mən nitqin əsas yerlərini qeyd edirəm.
"- Milordlar, siz zirvədə bulunursunuz. Çox yaxşı... Lakin sizdən daha aşağılarda, bəlkə daha yüksəklərdə nə isə bir şey də var.
...Sizin səadətiniz o birilərin fəlakəti üzərində qurulmuş... Bilirmisiniz, siz mütəmadiyən çoxaltdığınız vergiləri kim verir? Acından ölənlər!..
Siz zənginlərin zənginliyini artırmaq üçün fəqirlərin fəqirliyin artırırsınız. Halbuki əksinə etmək lazımdır...
(Palatarın o günkü məsələsi Annanın əri Georqun maaşını 100.000 funt sterlinq artırmaq idi).
Uf!.. Bu quruluş yanlış əsasda qurulub. Lakin həqiqi quruluşun olacağı bir gün gələr. O zaman hakimlər deyil, yalnız azad insanlar olacaq. Siz deyirsiniz ki, mən qorxuncam. Yox, mən xalqam. Siz deyirsiniz ki, mən istisnayam... Yox, mən izdihamam. İstisna sizsiniz. Mən simvolam... Mən hər şeyi özümdə təcəssüm etdirirəm. Mən bəşəriyyəti necə yapmışlarsa, o şəkildə təmsil edirəm. Məni şikəst ediblər. Mənə nə yapmışlarsa, onu bütün bəşəriyyətə yapmışlar. Mənim gözlərimi, qulaqlarımı, ağzımı necə şikəst etmişlərsə, onun da - hüququn, qanunun, həqiqətin, əql və düşüncəsin öyləcə pozmuşlar... Vaxt gələr ki, şatir (şən) səsinizə qarşı dəhşətli gurultu yüksələr. O vaxt bir dəfə çatmışdı... Onu respublika adlandırmışdılar, onu məhv etdilər, amma o yenə yüksələr. Lakin hələlik onu xatırınızda saxlayın ki, qılınclarla silahlanmış krallar seriyası qarşısına Kromvell balta ilə çıxır.
Çıxış möhkəm demokratik əsasda qurulmuş. Hüqo görüşləri ilə bağlı olaraq romantik və humanist pərdədədir. Quinplen palata üzvlərindən xeyirxahlıq gözlüyür, onları barışmağa dəvət edir. Çünki: "Hüqo üçün sosial elmin məqsədi - cəmiyyətdəki bütün ziddiyyətlərin barışmasından ibarətdir" (L.Nekora "Sosialğnıy roman V.Qöqo. str. 169).
Quinplen xalq nümayəndəsi kibi, xalq simvolu deyə özünü adlandırır. O çirkindir - xaricən çirkin, daxilən təmiz idi. Hüqo bunların hər ikisini xalq simvolu kibi verib.
Bəzi tənqidçilər onu dvoryanlıq, feodalizm simvolu adlandırır (Hamsun). Lakin Quinplen "bir gün gələr ki..." deyərkən, gələcəyə və "o zaman yalnız azad insanlar olacaq" deyərkən, yalnız gələcək respublikaya ümid bağlayır. Bu düşüncədə utopik sosializmin də təsiri var.
Müəllifin, ideoloji ruporu olan Quinplenin lordlar palatasındakı çıxışı humanist Viktor Hüqonun Gernsi adasından Avropa aristokratiyasına müraciəti, daha doğru, ittihamnaməsindən başqa bir şey deyildir.
Quinplen qaydanı pozaraq kral taxtına baş əymədən çıxır. O iki yolayrıcındadır, ya Klençarli sarayına qayıtmaq, sərvətə uymaq, yaxud Ursusun arabasına dönmək, Deyanı sevmək.
Azad həyata, Ursus arabasına, Deyaya olan səmimiyyəti, lord həyatına... saray həyatına olan nifrəti bir-birinin ardınca yüksəlir, inkişaf edir. Nəhayət, o səfil Quinpleni lord Fernen Klençarliyə tərcih edir və uşaq səbirsizliyi ilə "yaşıl qutu"nun durduğu Tedqaster mehmanxanasına yüyürür. Orada kimsə yoxdur.
Quinplen nə hörmət bəslədiklərini tapa bilir, nə də nifrət bəslədiklərini əzə bilir. Çünki o acizdir. Buna görə intihara nəticə verir. Çaya atılmaq istərkən bir şeyin toxunduğunu hiss edir. O insanlıqdan qaçan Ursusun insanpərəst Homosudur.
Yazıçı Viktor Hüqonun əsas görüşü humanizm, məhəbbət və xeyirxahlıqdır. O bir yerdə yazır ki:
"İnsan sevmək üçün yaranmış: o dostdur, qardaşdır... yaşıl budaqlar altında, zülmətdə, od içində, otlaq arasında, küləkdə insan heç bir canlı varlığı məhv etməməlidir".
Bu xətt romanda Quinplen və Deya simasında verilib. Deya Quinpleni qızğın səmimiyyətdən doğan təmiz məhəbbətlə, bir xilaskarı kibi sevir. O sanki, Quinplenin daxili təbiətini görür və onun saflığını duyaraq "sən gözəlsən!" deyir.
Deya kor olmasa idi Quinpleni sevərdimi? Bu sualı düşünürkən müəllifin Quinplen eybəcərliyi ilə Deya korluğu arasında bir uyğunluq yaratması daha aydın görülür. Birinin üzü maskalı, digərinin gözü pərdəlidir, onlar sevib, sevinirlər, çünki "iki bədbəxt bir yerdə xoşbaxtdır" ("Səfillər"dən).
V.Hüqonun qadın obrazlarından danışırkən Deya haqda belə yazırlar:
"Gülən adam"dakı kor Deyaya gəlincə, o haqda danışmaq lazım da deyil. Onda gerçək həyatdan heç bir şey yoxdur" (L.Nekora "Sosialğnıy roman V.Qöqo Akademiə 1992. st.401).
Hüqo yaradıcılığında romantik və realist motivlər, elementlər sıx bağlıdır. Onları ayırmaq çətindir. Bu elementlərdən biri üstün olurkən oxucusunu aldadır. Obrazın reallığı romantiklikdən daha qabarıqsa, o real obraz kibi, əksinə isə, real tərəflərin yoxluğu kibi təsir bağışlayır. Deyanın real tərəflər görməməsi də burdan doğur. Deya yalnız Quinplenin səmimi müraciətini eşidir və yalnız o haqda düşünür, onu dərk edir. O obyektiv aləmi görmür, yanında isə quruluşa aid danışılmır, o mütaliə də edə bilmir. Onun duyğu orqanlarına təsir edən yalnız Quinplenin sevgisidir.
Joziana teatrda hamının marağını cəlb etmişkən o Quinplenə darılır.
"- O qadını bura buraxmamaq olmazmı? - deyə sorur. Bu təsir son dəqiqələrinə qədər davam edir. Son səhifələrdə o Ursusa belə deyir: "Xatırındamı, atacan? Bir dəfə böyük lojada, sizin hersoginya adlandırdığınız qadın oturmuşdu. O zaman mən darıldım. Mənə elə gəlir ki, kiçik şəhərlərdə qalmaq Londona gəlməkdən daha yaxşıdır.
Deya yalnız Quinplenin sevgisini dərk edir. O aləmi doğru dərk edə bilməzdi: çünki əsas hiss orqanı yoxdur, o kordur. Deya reallığının büründüyü romantik pərdə başqa obrazlarınkına nisbətən daha nəzərəçarpandır. Lakin ona "gerçək həyatdan heç bir şey yoxdur" demək doğru deyil.
Romanın ən maraqlı, ən ziddiyyətli obrazı müxalifətə keçmiş xırda burjua alimi Ursusdur. O, artistdir, doktordur, filosofdur, antik kultura ilə maraqlanandır, bitkişünasdır, musiqişünasdır".
...Onu dəli zənn edib, dəlixanaya salmışlar, lakin şair olması aydınlaşınca azad etmişlər".
O pessimistdir. Ursus şəhər xalqına, şəhər həyatına qatı düşməndir. Azad, vəhşi, açıq-saçıq köçəri həyatı onun ruhunu daha da çox oxşuyur. Onun psixolojisi möhkəmdir.
"O çox çətin gülər və heç bir vaxt ağlamazdı. O nə göz yaşları ilə sakit olmağı və nə də şadlıqdan müvəqqəti rahatlıq duymağı başarmırdı. İxtiyarlıq - mütəfəkkir xərabədir.
"O daim köçəri halda yaşardı. Şəhərə yaxınlaşırkən sanki meşələr, mağaralar onu cəzb edir. Meşədə o öz evindədir".
"Əgər o mağaranı təkərlər üzərinə qoyub səyahət etsəydi, öz idealına çatmış olardı".
O mizantropdur.
"Onun başlıca işi bəşər nəslinə kin bəsləməkdir".
O insanlığa nifrətini isbat üçün canavar Homo ilə yaşardı.
"O - Homo! nə olursan ol, dönüb insan olma!" "Mən özümün 2-ci tomumu tapdım" (Homo)
Ursus ayı dərisini göstərərək: "Mənim iki dərim var, bu əsl dərimdir".
Bunlarla bərabər o böyük humanistdir. O insan hüquqlarının tapdanmasını istəmir (bu sandıq üstündəki yazılardan görülür. O çolaqlara yardım edirkən, "sən yenə ayaq üstəsən və göz yaşı vadisində istədiyin qədər gəzə bilərsən", dilənçilərə pul verirkən, "yaşa, zavallı, ye, uzun zaman yaşa, mən sənin katoqranı ixtisar etmək istəmirəm" deyir. O yardım edir, demək, humanistdir. Bununla bərabər pessimizmi ilə bağlı olaraq o həyatı "göz yaşı vadisi", "katorqa" deyə adlandırır.
Ursus boranlı çöldə səhərə qədər Deyanın anasını axtarır. Neyçün?
Yardım üçünmü? Quinplenin sözünü yoxlamaq üçünmü?
Səhər arabaya dönürkən o qadının olub-olmaması yox, diri, yaxud ölü olması haqda danışır. Demək, o yardım üçün arayırmış.
Bunlar bir yana dursun, Ursus 15-16 il Quinplenlə Deyanı bəsliyir. Demək, Ursus həm pessimist mizantropdur, həm də humanist. O xırda burjua filosofu olaraq, fərdiyyətçidir (xəstələrə, dilənçilərə yardım - bundan doğur) və cəmiyyətdən küsüb.
Ursus cəmiyyətə qarşı mizantrop, fərdə qarşı humanistdir. Neyçün bu xüsusiyyətlərdən, Quinplenə yalnız humanizm təsir edir? Ursusdakı mizantropluq Quinplenin humanizmini qüvvələndirib, pessimizmi optimizmə çevirir.
Neçin?
Çünki Quinplenin gülümsər Deyası var.
Ursusdakı bu iki zidd əhval-ruhiyyənin bəzən biri digərini yenir, kölgədə buraxır. Bəzən pessimist mizantropluğu o dərəcə qüvvətlənir ki, humanizmi heç nəzərə çarpmır. Yazıçı belə vaxtlarda onun qəlbinə toxuna-toxuna insanpərvərlik qığılcımını alovlandırır. Ən maraqlı bir misal: Quinplen həbs olurkən o sevinir.
"- Çox əla! Ay yaramaz! Quldur! Müftəxor! Üsyançı! Bunlar hamısı onun siyasətdən danışmasından oldu!.. Gerçəkdən mən çox məmnunam. Mənim işim yaxşı gətirir. Bu oğlanla qızcığazı himayəmə alırkən nə pis iş gördüm. Əvvəl Homo ilə mən çox sakit yaşayırdıq... Artıq Quinplen yoxdur. Mən özümü onların hər ikisindən xilas edilmiş saya bilərəm. Bir atışda iki dovşan vurulacaq. Deya bunları bilincə öləcək... Öl, Deya! Ah, mən nə məmnunam..."
O evə gəlir, elanları qoparır, teatro olmayacağın söyləyir. Bu vaxt Hüqo yavaş-yavaş onun qəlbinə enir. Deya yatmışdı, o birdən oyanaraq:
"- Fibi, Vnios! Vaxtdır. Tamaşanı başlamalı. Yəqin mən çox yatdım. Gəlin məni geyindirin!" - deməsi Ursusda yeni əhval-ruhiyyə oyadır. Quinplenin səsini, kütlə hay-küyünü təqlidə başlayır. Deya hiss edir.
"Ursus, Quinplen hardadır? - deyə Deya sordu. Mən bilirəm, o bizi atdı, o yox oldu.
Ursus tamamilə özünü itirir. Bu ikinci zərbədir. Bu vaxt mehmanxana sahibi həbsxanadan Quinplenin paltarları gətirilməsin deyir. Ursus üçüncü zərbəni alaraq həbsxanaya yürüyür. Bayaq Quinplenlə girənlər indi bir tabutla çıxır. Ursus dördüncü zərbəni alaraq: "Ölmüş! Onlar onu öldürdü! Quinplen! Mənim yavrum! Mənim oğlum" - deyə hıçqırıqlar içində, boğulur. O çətin ağlardı, lakin indi göz yaşları onun yanağını islatmış.
Müəllif onun qəlbinin ta dərinliklərinə qədər enir - onun ruhunu dəyişən zərbələri davam etdirir.
Ursus geri dönmüş. Polisiya 24 saata Parisi boşaltma əmrini verir, yoxsa həbs ediləcəklər. Bu 5-ci zərbə ardınca sonuncu, qəti 6-cı zərbə gəlir. Ursus:
"Lakin mənim bir dostum var, mən onu ata bilmərəm. Quinplen..." deyərkən bir nəfər onun sözünü kəsib - "Quinplen ölmüşdür" - deyə cavab verir. Buradan artıq Ursus Hüqo ruhlu bir humanistdir. Müəllif Quinplenin həbsinə sevinən Ursusun qəlbinə toxuna-toxuna onu bura qədər yüksəltdi. Ursus xarakterindəki ikilikdən ən əsası onun humanizmidir. Hüqo romanlarına aid xüsusi kompozisiya burada da var. Tema bir çox kontrastlara, təsadüflərə malikdir.
Məs: Hadisələrdə:
Ursusun özünə heyvan, heyvana insan adı qoyması.
Kompraçikoslar xilas məqsədilə Himpleni ölüm qucağına atırlarsa, sağ qalır. Lakin yaşamaq üçün həris olan kompraçikoslar ölür.
Xarakterlərdə:
Ursus xarakteri ziddiyyətlidir, həm mizantrop, həm humanist.
Quinplenin xarici ilə daxili münasibəti. Eybəcər Quinplen insanlığın ən incə duyğularına malikdir.
Barkilfedronun daxili arzuları ilə, xarici münasibəti.
Derri Moyrdakı zidd ikilik...
Təsadüflər, gözlənilməyən momentlər daha çoxdur.
Məs: Quinplenin zindandan lord olaraq çıxması, Joziananın məktubu, Annanın məktubundan sonra Joziananın Quinplenə münasibəti, Tom Cim-Cekin Derri Moyr olması, Quinplen özünü çaya atmaq istərkən Homonun ona təsadüf etməsi...
Demək olar ki, Hüqonun əksər əsərləri təsadüflər üzərində qurulmuş (bununla reallıq da azalır). Mövzunun dinamikliyi səbəbi bu kontrastlar və təsadüflərdir. Mövzunun ən sivri yerlərində Hüqo təsadüflər yaradır. Bu hal təkrar olmaqla təsadüfilikdən çıxıb normal hal vəziyyətin alır.
Fransız ədəbiyyat tarixçisi Jülvill özünün "XIX əsr Fransa ədəbiyyatının illüstrasiyalı tarixi" kitabında Hüqo dramlarındakı təsadüflərdən danışarkən belə yazır:
"Əgər bir gənc bir qadına qılınc çəkirsə, qadının onun anası olacağına şübhələnməyin. Əgər bir qoca bir qız cənazəsi üzərində amansızlaşırsa, onun qızı olacağına şübhə etməyin".
Mövzunun cərəyan etdiyi şərait nadir, xüsusi xarakterdə olmaqla marağı daha cəlb edir, eyni zamanda reallığı zəiflədir.
Məs: Kimsəsiz, boranlı çöldə köhnə cəsədli dar ağacı, gün işığı düşməyən yeraltı zindan, dolaşıq koridorlu saray.
Bu xüsusi dekorasiyalar real əsərdən çox, yuxu, xəyal mövzusudur. Bu xüsusi dekorasiyalarda obrazların girişi, münasibətləri, çıxışları da xüsusidir. Bunlar effektli qurulub. Məs: Joziananın teatra gəlişi.
Hamı ona baxırkən, o kimsəni saymır, məğrurdur. Hamı Quinplenə gülürkən, o heç gülümsünmür. Tam ciddi oturmuş. Gedirkən qızıl pul qoyması, Tom-Cim-Ceklə bir karetə minməsi.
Quinplenin romanda ilk görünüşü.
Qar, boran, kimsə yox, qaranlıq, sakitlik. Lakin kiçik Quinplen, yalın ayaqları ilə sürətlə iləriliyir.
"Matutina" sərnişinləri, kompraçikosların romandan çıxması. Onlar dua edə-edə batırlar. Su onların bədənlərinə toxunduqca, gəmi aşağı endikcə, tərpənmədən dua edirlər. Quinplenin "Deya, gəlirəm", deyə suya atılması...
Qəhrəmanın təntənə ilə romandan çıxmasına ən yaxşı misal "Dəniz əməkçiləri"ndə Jullyatanın batmasıdır. Mədd vaxtı, o dənizdəki qaya üstündə əlləri qoynunda duraraq uzaqlaşan "Kaşmir"i süzür. Su onun belinə, çiyninə, boğazına qalxır... O tərpənmir. Romanın sonunda yazıçı yazır ki;
"Gəmi üfüqdə tamamilə yox olan zaman, Jullyatanın başını su örtmüşdü. Hər tərəfdə dənizdən başqa heç bir şey görünmürdü".
Müəllifin dənizdə batan obrazları tamamilə başqa effekt verir. Çünki bir hadisə V.Hüqonun duyğularını olduqca sarsıdıb.
Hüqonun qızı Leopoldina toyundan bir neçə ay sonra Sena çayında boğulur. Əri Şarl Vaker onu xilasa atılır. Lakin qız ölmüş, Vaker tək sahilə çıxmaq istəmir. Buna görə sevgili qadınını köksünə qucaraq özü də onunla birlikdə boğulub ölür.
Siz təsəvvür edin, bu hal qoca romanist, humanist Viktor Hüqoya necə təsir edər. Effekt üçün verilən bəzi momentlər tamamilə inandırıcı deyil.
Məs: Canavar Homo içində Ursus, 2 uşaq, başqa şeylər, kərpic soba olan arabanı tək çəkir.
Yaxud:
10 yaşlı Quinplen boranlı sahildə tək ikən kimsəsizlikdən, soyuqluqdan, qaranlıqdan, qarğalar didən dar ağacındakı cəsəddən, qar içindən gələn uşaq səsindən... sanki heç bir həyəcan duymur. O, bir söz belə demir.
Bəzi momentlər o dərəcə bitərəfanə (müəllif münasibətini göstərməyən kibi) təsvir edilmiş ki, başqa təsirlər bağışlayır.
Məs: "Matutina"nın batması yer altındakı soyuq, qaranlıq, rütubətli, sakit zindandan üzərinə daş yığılmış Xardqvamonun iniltisi və ölməsi...
Yazıçı istər-istəməz özü də acıyır. Səbəb humanizmdir. Bütün bu vasitələrdən romantik söz ustası romanın effektliliyi üçün istifadə etmiş.
Real səhnələr romantik pərdədə nə qədər dumanlaşırsa, reallığın itirirsə, V.Hüqonun, bu romanda vermək istədiyi "Aristokratiya"nın dövlətdəki əzici rolu teması da humanizm pərdəsinə bürünməklə bir o qədər öz kəskinliyini itirmiş.
Bakı 1939, 28-III
saat 1 (gecə)
Turan CAVİD
Mərziyə Davudova
Azərbaycan teatrı Şekspirin faciə və komediyalarını tamaşaya qoymaqla az şöhrət qazanmamışdır. "Maqbet", "Kral Lir", "Romeo və Cületta", "12-ci gecə", "Otello" teatrın ən gözəl realistik quruluşlarıdır. Bu tamaşalarda aktyorların yaratdığı əsl, Şekspir surətləri, Şekspir teatrı incilərindən hesab oluna bilər.
Azərbaycan səhnəsinin bəzi aktyorları kimi Mərziyə xanım da gözəl "Şekspir aktrisasıdır". Onun yaradıcılıq yolu Şekspir surətlərilə sıx bağlıdır. Mərziyə xanımın böyük məharətlə Dezdemona (1922-1935), Ledi Maqbet (1936) Gertruda (1926-30), Katarina (1927), Qoneriliya (1940) surətlərini yaratması onun yaradıcılığında mühüm bir hadisədir. Mərziyə xanımın müxtəlif vaxtlarda (1922-ci ildən 1935-ci ilə qədər) ifa etdiyi Dezdemona surəti, görkəmli aktrisaların yaratdığı Dezdemonaların ən gözəllərindəndir.
"Otello" quruluşunun böyük müvəffəqiyyəti yalnız respublika daxilində qalmamış, mərkəzə qədər yayılmışdı. Malı Teatr 1935-ci ildə "Otello"nu tamaşaya hazırladığı zaman Azərbaycan DDT-na aşağıdakı məzmunda teleqrama göndərilmişdi: "Moskva Malı Teatrı, bu tamaşa mövsümündə dünya klassiki Şekspirin "Otello"sunu tamaşaya qoyacaqdır. Bu pyesin quruluşunda sizin böyük təcrübəniz və müvəffəqiyyətiniz olduğundan bizim quruluş üçün sizdə "Otello" haqqında olan bütün materialları bizə göndərmənizi xahiş edirik".
Mərziyə xanımın yaratdığı ilk Dezdemona ilə son Dezdemonası arasında 12 illik bir vaxt keçmişdir. Bu müddət ərzində o həmişə çalışmış, surətin kəsirli cəhətlərini düzəltmişdir. Şekspirin ən çox sevmiş olduğu surətlərdən olan Dezdemonanı təfərrüatına qədər verməyi bacarmaq asan deyildir. Lakin həqiqi sənətkarda mürəkkəb, çətin surətlərə olan böyük maraq hər bir şeyə üstün gəlir. Mərziyə xanım da belə sənətkarlardandır. Onun ifa etdiyi Dezdemona, demək olar ki, qüsursuz, mükəmməl, əsl Şekspir Dezdemonası idi. Mərziyə xanım böyük tragik diapozona və temperamentlə bərabər, gözəl zahiri əlamətlərə - uca boya, mənalı gözlərə, qiymətli və yığcam jestə və hər şeydən əsas qüvvəli, təsirli, gözəl səhnə səsinə malik aktrisa olduğu üçün yaratdığı Şekspir surətləri dolğunluğu, mənalığı, gözəlliyi ilə məşhurdur. Mərziyə xanımın Dezdemonasını görən bir tamaşaçının bütün həyatı boyu bu surət xəyalından, gözləri qarşısından getməz. Dezdemona - aktrisanın ən çox sevdiyi və böyük sevinc hissi və iftixarla xatırladığı surətlərdəndir. Mərziyə xanımın yaratdığı Dezdemona - nazlı, çox zərif, incə qəlbli, həssas, tükənməz məhəbbətlə sevməyi bacaran Venesiya qızıdır. Aktrisa Dezdemonanın hadisələr gedişində təkamülünü böyük məharət və incəliklə göstərməyə müvəffəq olmuşdur. Dezdemona - Mərziyə xanım keçmişdə itaətli, məhcub, ipək qəlbli, sevimli, Otello ilə evləndikdən sonra gözəl müharib, daha sonralar həyatın gözəlliklərindən zövq alan və nəhayət, facianə məhv olan bir qadındır. Dezdemona - Mərziyə xanım Senat qarşısındadır. Sıxıntısına, dərdlərinə əziyyətlərinə görə sevdiyi Otelloya qarşı olan hisslərini söyləməyə gəlmişdir. Mərziyə xanım son dərəcə incəlik və nəzakətlə atasının könlünü qırmamaq üçün özünün övladlıq vəzifəsini, könlünü ərəbə verdiyini söyləyir. Onun səsindəki qətiyyət, etdiyi işin pozulmayacağını xəbər verir. Dezdemona - Mərziyə xanımın Senatda söylədiyi incə, lirik monoloqunda ağıllı, sevən qəlbin qüdrəti hiss olunur. Son dərəcə yumşaq qəlbli Dezdemona Otellodan Kassionun bağışlanması üçün böyük bir əmniyyət və ürəklə rica edir. O, Kassio məsələsiylə bərabər qadının sevdiyi əri üzərindəki hökmünü də yoxlamaq istəyir. Dezdemonanı Otellonun, onun ricasına, yalvarışlarına göstərdiyi münasibət çox maraqlandırır. Mərziyə xanım Dezdemonanın bütün işvəsini, nazını, hökmünü böyük təbiilik və sadəliklə göstərdiyi bu səhnədə əvəzedilməzdir! Yaqo Dezdemonaya böhtan ataraq onun Kassio ilə gizli görüşdüyünü Otelloya xəbər verir. Həyatının böyük hissəsini hərblərdə keçirmiş ərəb aldadılmasından sarsılır. Otellonun ilahə sandığı, müqəddəs bir varlıq, büt kimi pərəstiş etdiyi Dezdemonanın adi qadınlardan olduğunu bilməsi, onun geniş, ləkəsiz, həssas qəlbini parçalayır. Dezdemonanın əsl fəlakəti də Otellonun Yaqoya sadədilcəsinə inandığı vaxtdan başlayır. Dəsmal səhnəsində Dezdemonanı Otellonun dəsmalı tələb edən səsindəki sərtlik qorxudur. Dezdemona Mərziyə xanım Otellodan "bu hiddət və səsindəki sərtlik nə deməkdir?" deyə soruşur. Sualdan sonra pauza gedir. Bu müddətdə Mərziyə xanımın üzündəki böyük heyrəti və gözlərindəki kədəri görmək mümkündür. O, dünyalar qədər sevdiyi Otellonun onunla belə rəftar etməsini heç bir zaman xəyalına belə gətirməzdi. Mərziyə xanımın Otelloya birinci dəfə görürmüş kimi, təəccüblə baxması Otellonun özünü büruzə verdiyini göstərir. O, sərtliyini yumşaltmağa, xətasını düzəltməyə çalışır. Məsum, heç bir şeydən xəbəri olmayan, ricasının "günahını" daha da doğrultmasına, dərinləşməsinə səbəb olduğunu bilməyən Dezdemona böyük bir səmimiyyət və saf ürəklə Kassionu Otello qarşısında tərifləyir, müdafiə edir. Günahsız, pak məxluqun, vəfalı qadının təhqir və rədd olunmasını Mərziyə xanım parlaq boyalarla göstərmişdir. Otellonun sonrakı kobudluğuna, əsəbiliyinə, hiddətinə qarşı Dezdemona nifrət etməyir, yenə də onu ülvi eşq və sədaqətlə sevir, "onun elə sıcaq məhəbbətlə sevdim ki, hətta onun qəzəbi və qabalıqları belə məni son dərəcə özünə cəlb edir" - deməsi gənc qəlbin tükənməz məhəbbətlə çarpdığını göstərir.
Nəhayət, günahsız, məsum, vücudun məhv olduğu səhnə! Dezdemona - Mərziyə xanım ölümünü hiss edər kimi məhzun və kədərlidir. O, həzin və kədərli səsilə anasının Barbara adlı xidmətçisinin rədd olunmuş eşqini nağıl edir və könlündə düyümlənib qalmış hıcqırıqlarını boğaraq qəmli söyüd haqqındakı mahnısını oxuyur. Mərziyə xanım kədərli söyüd mahnısı ilə tamaşaçıları riqqətə gətirir və heyran qoyurdu. Dezdemona - Mərziyə xanımın, Otellonun onu öldürəcəyini bildikdə öldürməməsi, heç olmazsa bir gün sağ buraxması üçün etdiyi yalvarışlar, məsum, günahsız, saf qadın qəlbinin, təmiz vicdanının etdiyi yalvarışlardır. Dezdemona, öldüyü zaman belə, qatilinin sevgili əri olduğunu gizlədir və ona son nəfəsində salam yetirir. Dezdemona - Mərziyə xanımın yaradıcılığında ən görkəmli yerdə durur. Aktrisa sevdiyi bu surətlə o dərəcədə birləşib ki, özü söylədiyi kimi, Dezdemona rolunu oynarkən özünü səhnədə azad hiss edir.
Dünyanın ən gözəl səhnələrində müxtəlif Şekspir rollarını, o cümlədən Otellonu oynamış məşhur tragik Bahram Papazyan Mərziyə xanımın yaratdığı Dezdemona surətinə böyük qiymət vermişdir. O, yazır: "Mən dünyanın hər bir hissəsində Otello rolunu bir çox dezdemonalarla bir yerdə ifa etmişəm. Parijdə ardı kəsilmədən 17 gecə Otellonu oynamışam. Lakin Mərziyə kimi elastik, işvəli, şüurlu oynayan Dezdemona az görmüşəm".
Mərziyə xanım Dezdemonadan sonra Şekspirin "Maqbet" faciəsində Ledi Maqbet surətini yaratdı. "Maqbet" (1936) tamaşası Az. DDT-ın parlaq, yeni və böyük qələbəsi idi. Quruluşçu rejissor A.A.Tuqanov çox gözəl, tam realistik teatr tamaşası verməklə Azərbaycan Teatr tarixində yaşayacaq tamaşalara birini də əlavə etdi. "Maqbet" quruluşu, rus incəsənətinin ən gözəl quruluşları ilə, Malı Teatrın "Otello" (1935), "Teatr revolyusi"nin "Romeo və Cületta" (1935), Moskva Dövlət Yəhudi Teatrının "Kral Lir" (1935) və SİQKA-nın "Şıltaq qızın yumşalması" (1938) quruluşları ilə bir sırada durmaqdadır. Aktyorlarımızın da qazandıqları müvəffəqiyyəti xüsusi qeyd etməliyik. Mərziyə xanımın Ledi Maqbeti, Sidqi Ruhullanın Bankosu, Ələkbərovun Makduffu, Sənaninin Malkolmu, Dağıstanlının yaralı əsgəri, Vəlixanlının qapıçısı ölməz surətlərdir.
Şekspirin ən mürəkkəb, ifası çətin surətlərindən biri Ledi Maqbetdir. Bu surəti hərtərəfli vermək, onun əsərdəki mövqeyini, rolunu göstərmək yalnız nadir istedadlara müəssərdir. Mərziyə xanım Ledi Maqbet surətini asanlıqla yaratmamışdır. Rol aktrisaya 1935-ci ilin yayında tapşırılır. Aktrisa uzun müddət çətinliklər, əziyyətlər çəkir. O, yalnız "Maqbet" pyesini deyil, Şekspirin bir sıra əsərlərini dönə-dönə mütaliə və təhlil edir. Yeri gəlmişkən söyləmək lazımdır ki, teatrımızda rol üzərində çalışmaqda, müntəzəm mütaliədə, gözəl həyat müşahidəsinə malik olmaqda Mərziyə xanım birinci yerdə durmaqdadır. Ona görə də o, ciddi, əməyin nəticəsində, çətinliklərə dözərək özünün şah rollarından və Ledi Maqbetlərin ən gözəllərindən birini yaratdı.
Maqbet - şöhərtpərəstlik ehtirası ilə yanan, krallıq mənsəbinə çatması üçün olmazın cinayətlər edən orta əsr İngiltərəsinin feodalıdır. Onun arvadı Ledi Maqbet isə ərini sevən, hiyləgər, zalım, xəbis, son dərəcə şöhrətpərəst bir kübar qadındır. Mərziyə xanım belə məziyyətlərə malik Ledi Maqbet surətini yaratmaq üçün zəngin texnikasını, gözəl ifadə vasitələri ilə sərf etmişdir. Mərziyə xanımın Ledi Maqbeti adi qadınlardan çox fərqlənən, kraliça olmaq üçün hər bir cinayətə, hətta doğma balasını belə məhv etməyə hazır olan siyasətçi, avantyura qəhrəmanıdır. O, ərinin məktubunu alarkən çoxdan bəri düşüncəsində dolaşan məqsədini həyata keçirəcəyi günün yaxınlaşmasından sevinir. Mərziyə xanım - Ledi Maqbet əsər boyu təkamül edən surətlərdəndir. Əsərin əvvəlində Maqbetin qəlbində insanlıq eşqi çox, xəyanət və hiyləgərlikdən əsər belə yoxdur. Lakin tədricən Maqbetin, arvadının təşviqilə dəhşətli cinayətlərə sövq edilməsi nəticəsində ondakı insani hisslər getdikcə aradan qaldırılır və o müsbət krala, cani, iblis insana çevrilir. Ledi Maqbet isə əvvələr hər bir xəbisliyə hazır, çox cəsarətli, tədbirli, hiyləgər, ərinin cinayətlərinin "aparıcısı", qanında atəşlər qaynayan iblisdirsə, sonda insanlıq hissləri oyanmış, etdiyi cinayətlərin ağırlığı altında əzilərək əzablar, iztirablar içərisində inləyə-inləyə məhv olan bir qadındır.
Mərziyə xanım - Ledi Maqbet bu təkamülünü, düşüncəsində və duyğularındakı təsiri böyük məharətlə, heyrətedici dərəcədə tünd boyalarla qabarıq şəkildə göstərməyə müvəffəq olmuşdur. Mərziyə xanımın yaradıcılığına ştamp, şarj kimi ünsürlər tamam yaddır. Onun Ledi Maqbeti ştamplı cani deyil, o ən iyrənc, murdar hisslərə malik canlı insandır. Aktrisa gözəl səhnə vasitələrilə, xüsusən müstəsna qəribə səsilə surətin kamilliyini tamamlayır. İxtiyarsız olaraq görkəmli səhnə xadimi, rejissor K.S.Stanislavskinin məsləhətini xatırlayırıq: "Əgər sizə Şekspiri oynamaq lazım gəlsə, o zaman müəllif sizdən səs, səs, səs, yenə də səs tələb edər, yüksəlmələr və enmələr tələb edər".
Mərziyə xanım ahəngdar, məlahətli, qüvvəli səsindən sənətkarlıqla istifadə edərək gözəl Şekspir surətləri yaradır. Aktrisa dərin daxili gərginliklə, Ledi Maqbetin "Qanlı əllər" - somnambulizm səhnəsini oynayır. Teatr sənətinin bütün incəliklərinə vaqif olan Şekspir, hadisələri elə qurmuş ki, Ledi Maqbet ifaçısına, rolun ən mürəkkəb, çətin yeri olan "somnambulizm" səhnəsinə hazırlanması üçün III pərdənin 4-cü səhnəsindən V pərdəyə qədər uzun bir vaxt vermişdir. Ledi Maqbetdə insani hisslər cinayətlərinə peşmançılıq da bu fasilə zamanı olur. Budur, Mərziyə xanım, ağ gecə köynəyində, saçları pərişan, gözləri somnambullarda olduğu kimi, bir nöqtəyə zillənmiş halda bir əlində şam tutmuş, ağır, üzgün addımlarla irəliləyir. Şamı yerə qoyduqdan sonra dəhşət saçan nəzərlərini titrəyən ağ əllərinə zilləyir, əllərini tez-tez ovuşduraraq pıçıltı ilə "yenə ləkə" deyərək danışmağa başlayır. Əgər pyesin əvvəlində xəbis, cani Ledi Maqbet Dunkanı öldürən Maqbetə cəsarət, qüvvət verərək dəhşətli pıçıltı ilə "Qapı çalınır, yataq odasına çəkiləlim! Etdiyimiz işin ləkəsini bir stəkan su təmizlər" deyirdisə, indi insani hissləri oyandıran, cinayətinin dəhşətindən sarsılaraq, qanlı əllərini təmizləyə-təmizləyə "Yenə qan qoxusu gəlir. Bu kiçik ağ əli Ərəbistanın ətirləri də yuyub pak etməz..." deyir. Bu böyük fərqli sözləri aktrisa pıçıltı ilə, lakin tamamilə müxtəlif hisslərlə söyləmişdir. Cinayətlərinin dəhşəti - onun faciəli səsində təzahür edir. Pıçıltı getdikcə artır, gah yüksəlir, gah da enir. O, həm həyəcanlanır, həm də sakitləşir. Mərziyə xanım - Ledi Maqbetin ən kiçik və ən mürəkkəb səhnəsi olan "somnambulizm" səhnəsində sənəti şahiqələrinə qədər yüksəlir.
O, tamaşaçılara olmayan bir şeyi, ağ əllərdə qan ləkəsinin izlərini göstərməyə müvəffəq olur. Bir tənqidçi aktrisanın, bu səhnədə həddindən artıq coşduğunu, əllərini çox hərəkət etdirdiyini, gizlətmək əvəzinə gözləri qarşısında saxladığını yazmışdır. Qeyd etməliyik ki, bu səhnədə Ledi Maqbet somnambuldur. Somnambullarda isə şüur itmir, ancaq yatırılır və onlar adi insanlar kimi görür və eşidirlər. Lakin onların hərəkətləri rabitəsiz, məntiqsizdir. Ona görə də Mərziyə xanımın pıçıltıdan çığırtıya və əksinə keçməsini təəccüblü, kəsirli hal hesab etmək olmaz. Ləkəli əllərini gizlətməməsi isə, ləkələri görmək istəməməsindən doğur. Unutmamalıdır ki, o tam şüurlu deyildir. "Maqbet" hökumət tərəfindən parlaq qələbə, mühüm bir hadisə kimi qiymətləndirildi. Azərbaycan Xalq Komissarları Soveti və Azərbaycan K(b) P Mərkəzi komitəsinin qərarı ilə quruluşçu rejissor A.A.Tuqanovla və Ledi Maqbet ifaçısı Mərziyə xanım Davudovaya Respublikanın xalq artisti adı verildi və tamaşada xüsusilə fərqlənən artistlər mükafatlandırıldı...
Azər TURAN
Qafqaz.Media