Məşhur " Ölkəm" mahnısının müəllifi...- Fuad Biləsuvarlı yazır

27/10/2024 - 04:09

      1909 - cü ildə Dərbənddə doğulan hələ bu uşağın necə sahibi olacağını hələ heç kim bilmir. Nə sadə bir zəhmətkeş insan olan atası, nə də qarmon ifaçısı kimi tanınan anası. Ailənin sonbeşiyi olan Asəfi çox istəyirlər, əzizləyirlər. Asəf qayğısız günlər yaşayır, amma bu, çox çəkmir. Cəmi bir yaşı olanda atasını əbədilik itirir. Ailənin, sonbeşiyi Asəfin bütün qayğılarını ana çəkir. Bütün çətinliklərlə üzləşən ana bütün sıxıntılara mərdliklə sinə gərir. Belə ağır günlərdə bu mərd qadını sevindirən yeganə təsəlli övladında musiqi istedadını duymasıdır. Asəf kiçik olsa da, musiqini çox sevir. Saatlarla musiqiyə, hər axşam anasının qarmonda çaldığı mahnılara qulaq asır. Artıq Asəf 7 yaşındadır. Ancaq öz yaşıdlarından çox irəli gedib. Musiqi ilə bağlı hər şey onun üçün çox maraqlıdır. Ana bu fürsəti əldən vermir. Elə 7 yaşında oğlu Asəfi gətirir Dərbənd Teatr məktəbinə. Asəf uşaq xorunda çıxış edir. Bu, Asəf Zeynallının böyük musiqiyə aparan yolun başlanğıcı - ilk addımları olur. Asəfin də sevinci yerə - göyə sığmır. Bu məktəbdə hər şey - tanınmış adamlarını hər gün görməsi də, xorda oxuması da onun ürəyincədir. 11 yaşınacan onun günləri belə keçir. İndi o, musiqinin içindədir, musiqi ilə yaşayır, musiqi ilə nəfəs alır. Boş vaxtlarında klarnet çalmağı da öyrənib. Daim axtarışdadır.
     Bax, belə vaxtda Asəf Dərbənd həyatına son deyir. Ailələri Azərbaycana - Bakıya köçür. Asəfin Bakı həyatı başlayır. Bakı böyük şəhərdir. Burada musiqi öyrənmək imkanları daha çoxdur. Asəf Musiqi Texnikumunun tələbəsi olur. Qarşısında açılan geniş üfüqlər onu çox sevindirir. Onun musiqi istedadı tez parlayır. " Truba üçün pyes" əsərini yazanda Asəf Zeynallının cəmi 14 yaşı vardı. Musiqi biliciləri bu yeniyetmə gəncin əsərini çox qiymətləndirirlər. İndi Asəfi bütün texnikumda çox istedadlı bir musiqiçi kimi tanıyırlar. Sonra Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq şöbəsində təhsil almağa başlayır. Yaxşı bilir ki, musiqinin hüdudları çox geniş və zəngindir. Bu sənətdə parlamaq üçün daha çox öyrənməli, daha çox axtarışlar aparmalısan. Asəf də bir tələbə kimi, daim buna can atırdı. Axı, o, həm də  professional bəstəkarlıq təhsili alan ilk azərbaycanlı bəstəkar idi.
    İndi Asəf gənc olsa da, daha çox tanınır. Hamı onun gələcək uğurlarına qəlbən inanır. Asəfin musiqi istedadı musiqi korifeyimiz Üzeyir Hacıbəylinin də diqqətini də cəlb edir. Böyük bəstəkarla görüşlər, onun dəyərli məsləhətləri Asəfə qol-qanad verir. Gündəlik dərslər, məşğələlərlə daha ciddi məşğul olur. Musiqi sənəti ilə bağlı olan heç bir şey Asəf üçün yad deyildi. Bir tələbə, həvəskar bəstəkar kimi işi çox olsa da o, Azərbaycan xalq mahnılarını toplamaq, onları nota salmaq həvəsinə düşür. Bölgələri gəzir, sinəsi sözlə dolu ağsaqqalarla, ağbirçəklərlə görüşür, onların dilindən eşitdiklərini diqqətlə toplayır, musiqi dilinə salır. Bu Asəf Zeynallının bir musiqişünas kimi bəlkə də, ən böyük xidmətlərindən biri idi.
    Musiqi beşiyi zamanı Qarabağa səfəri zamanı tanınmış Xan Şuşinski ilə görüşü onun həyatında unudulmaz anlara çevirilir. Asəfin niyyətini bilən xanəndə onun üçün bəstələdiyi " Alma almaya bənzər" mahnısını oxuyur. İlahi səs, gözəl melodiya Asəfi valeh edir. Həmin mahnını bu günün özündə də eşidənləri böyük Xan Şuşinskinin ifasında ofsunlayır.
      Məşhur bir romans var. Sözləri: Cəfər Cabbarlının, bəstəsi isə Asəf Zeynallının. Bu möhtəşəm sənət əsəri uzun illərdir ki, sevilə-sevilə dinlənilir. Doğma Vətəni tərənnüm edir bu romans. Bəlkə elə ona görə çox sevilir?! Yəqin ki, mənimlə razılaşarsınız: Bu romansda sözlər də, musiqi də əsl vəhdət təşkil edir. İstedadlı bəstəkar Asəf Zeynallı, musiqimizin inkişafı sahəsində xidmətləri bir yana təkcə bu romansla da musiqi sənəti tariximizdə qala bilərdi. Hər bir insanın tale yazısı var. Gənc yaşlarından parlayan və son dərəcə nakam ömür yaşayan istedadlı bəstəkar Asəf Zeynallının da. Cəmi 23 il yaşayıb sənətdə böyük iz qoyub getmək hər adamın işi deyil. Amma heç vaxt unudulmayacaq Asəf Zeynallı, məhz, belə bir ömür yaşadı. Xeyirxah məqsədlə bölgələrə səfəri zamanı yoluxduğu yatalaq xəstəliyi onu çox erkən yaxaladı, parlaq həyatına son qoydu. Çox əfsuslar olsun...
    Yaşasaydı, " musiqisi: Asəf Zeynallınındır" səslənən çoxlu romanslar, mahnılar, digər musiqi əsərləri eşidəcəkdik. Həvəslə dinləyib, məftun olacaqdıq. Ancaq, nə edəsən ki, həyatın öz hökmü var.
    Yaxşı ki, Asəf Zeynallının çox qısa ömür payında bizə yadigar qoyub getdiyi musiqi əsərləri onu tez-tez xatırladır, əslində onu yaşadır. Çünki yazılan hər bir əsər nəsillərə yadigardır. Asəf Zeynallının yeri isə musiqi tariximizdə həmişə görünəcək. Dünən də, bu gün də, sabah da...

Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24
Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37