Akademik Musiqili Teatrın Yeni il tamaşası – “Evdə tək”
28 dekabr 2024-cü il tarixindən - 05 yanvar 2025-ci il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı və əyləncə dolu Yeni il tamaşası –"Evdə tək" nümayiş etdiriləcək. Amerikalı kinorejissor Kris Kolumbusun eyniadlı filminin ssenarisi əsasında hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Zaur Əliyevdir. Tamaşada da filmdəki kimi, Yeni ili başqa ölkədə qeyd etməyə gedən bir ailənin evdə unutduğu balaca oğlunun başına gələn hadisələr işıqlandırılır. Ayıq-sayıqlığı və özgüvəni ilə bütün qorxularına qalib gələn bu cəsarətli balaca düşdüyü tragikomik vəziyyətlər qarşısında aciz qalmır və təhlükələrə qarşı tədbirli olaraq hər kəsin təəccübünə səbəb olur... İdeya müəllifi və bədii rəhbəri fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşanın ikinci rejissoru Əmrah Dadaşov, quruluşçu baletmeysteri Elvira Əzizova, səhnə tərtibatçısı Qabil Gözəlov, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, səhnə tryuklarının qurucusu İsa Əsədov, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşada Əməkdar artist İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Elçin İmanov, Şaban Cəfərov, Ofeliya Məmmədova, Ruslan Mürsəlov, Fərid Rzayev, Nərmin Əliyeva, Eleonora Abbasova, Cəbrayıl Cəbrayılov, İbrahim Əlizadə, Sübhan Rüstəmov, Əli Kərimov, Murad Əliyev, Ayan Qurbanova, Firuzə Qədiməliyeva, Kamran Həsənov, İranə Kərimova, teatrın azyaşlı aktyorları Miruğur, Mironur Əlili qardaşları və Həmid Həmidov, həmçinin balet artistləri çıxış edəcəklər. Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qızın da iştirak iştirak edəcəyi bu tamaşa doqquz gün (28 dekabr-05 yanvar, gündə 4 seans olmaqla) davam edəcək. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Fuad BİLƏSUVARLI
Qafqaz.Media