Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi
Qafqaz.Media Narıngül Nadirin "Üç balaca qapı" adlı yeni hekayəsini təqdim edir:
Nə vaxt baxsan, onları küçənin tinində görərdin. Üç nəfərdilər. Üçü də gəncdi, elə eyni yaşda olardılar. Sanki küçəyə keşikçi qoymuşdular. Çiyin-çiyinə verib dayanır, heç kimi, heç nəyi gözdən qaçırmırdılar. Əvvəl-əvvəl çəkinirdik onlardan. İnsafən bizimlə işləri yoxdu. Hiss edirdik ki, bizə bir az mərhəmətlə, bir az da saymazyana baxırlar. Kirayənişin adam da yetim kimi olur axı. Həm də ürkək görünür.
Kirayə qaldığımız evin sırasında bizim evdən başqa rəngi çoxdan solub bozarmış daha üç balaca qapı vardı, bir də par-par parıldayan böyük darvazalı üçmərtəbəli villa. Qapıların hər biri o tindən açıq-aydın görünürdü.
Küçənin tinindən dönəndə şahidi olduq. Vahid dedi ki, o, pozğunun biridir, bu daha ağ etməkdir. Aslan da buna bənzər nəsə söylədi, sonra əlavə etdi ki, kişini tutub yaxşıca əzişdirmək lazımdır. Sabah gələndə payını verərik. Sanki eşitmirikmiş kimi sakitcə ötüb keçdik. Amma Arifin söydüyü söyüşü açıq-aşkar eşitdik.
Yolda Nərgiz dedi ki, bunlar Asyanı deyirlər. Yüz faiz Asyanı deyirlər. O günü maşına minib gedəndə ardınca baxıb xısınlaşırdılar, yaman hirsli görünürdülər. Qırğın çıxartmasalar yaxşıdır. Gözümün qabağına yarlı-yaraşıqlı, tovuzquşu kimi bəzənmiş Asya gəldi. Boylu-buxunlu, gözəl qadındı. Bir az dolu bədənliydi, əla fiqurası, uzun qara saçları vardı. Bir sözlə, gözgəlimliydi. Nərgizlə Arifə yol boyu Asyadan danışdılar. Yorulmadan, ərinmədən elə hey Asya deyib durmuşdular. Nərgiz dedi ki, deyirlər, məşhur müğənnilər də Asyadan paltar götürüb geyinirlər.
- Paltarlarını xarici ölkələrdən gətirir. Tez-tez səfərə çıxır, geyim-kecimə bir dünyanın pulunu xərcləyir - Arifə də onun sözünü təsdiqlədi.
- Görəsən, hardan alır axı bu qədər pulu?- Nərgiz qaşlarını çatdı.
- Hansısa institutda laborant işləyir. Amma əli yuxarılara çatır, deyirlər, kimi istəsə işə, vəzifəyə düzəldir, özü də vəzifəli, imkanlı adamla görüşür, –Arifə dilləndi.
Mənzil başına çatıb düşməli olduğumuzdan qızlar axır ki səslərini kəsdilər.
Heç bilmirəm, söz nədən düşdü, axşam ev sahibimiz də söhbəti Asyadan saldı. Axşamlar biz kirayənişinlər, adətən onun yanına yığışırdıq. Birinci, ikinci və üçüncü balaca qapının sahibləri də bizdəydi. Bizim evin sahibi tək adamdı. Tək deyəndə ailəsi var, amma oğlanları da, əri də Rusiyadaydı. Deyirdi, kişi hələ uşaqlar körpəykən gedib. İldə, ya da iki ildən bir gəlir, bir ay qalıb qayıdır. Vəssəlam! Gördüyü o olur. “Amma xərcliyimizi həmişə göndərib” - deyirdi. Oğlanları da məktəbi qurtarıb Rusiyaya gediblər, onlar da ataları kimi ayda-ildə bir dəfə gəlirlər.
- Heç olmasa, gəlib, evlənib getsələr, dərdim olmaz.
Ev sahibəsinin gözləri yol çəkdi. Sonra əllərini ağarmaqda olan saçlarına apardı. Nazik, uzun sifətində qırışlar açıq-aydın adamın gözünə girirdi.
Oğlanlarından söz düşəndə mütləq söhbəti qız mövzusuna gətirirdi:
- Bir neçə qız gözaltı eləmişəm, hə, hə, siz gülməyin. Deyirəm, biri alınmasa, o biri alınar, heç olmasa. Əsas gəlib çıxmaqlarıdır. Hansı gəlsə, onu evləndirəcəm.
Belə bir məqamda söhbətin Asyanın üstünə hardan gəlib çıxdığını anlamıram.
Birinci qapının sahibi Gülgəz:
- Yaman narahatam, - dedi. Uşaqlar Asyaya görə bərk hirsləniblər, xəta törətməsələr, qan çıxartmasalar, yaxşıdır. Cavandırlar, beyinləri qandır. Deyirlər, Asya çox həlləm-qəlləmdir, doğru yolda deyil. Aslan özünü yeyib tökür.
İkinci balaca qapının sahibi Həlimə:
- Başa düşmürəm, bunlar niyə indi qızışıblar? Əşşi, elə bil gözlərinin qabağında olan adam deyil. Asyanı guya indi tanıyırlar. Aslan da əsgərlikdən gələndən sonra yaman dəyişib, sən onu bir psixoloqa göstər.
- Sən onu evləndir, - bizim evin sahibi də Gülgəzə təpinir. Sonra mənim kimi qalacaqsan, quqqulu qu. Bir də gördün, çıxıb getdi başqa ölkəyə. Bax, sənə deyirəm ha, özün bil.
- Hanı, hələ işi-gücü yoxdur axı. Asyaya demişəm, bir iş düzüb-qoşsun. Əli hər yana çatır. Söz verib, görək... Yenə də Asya.
- Mənimki də, bir qızın üstündə Türkiyədəki məktəbini, işini-gücünü atıb gəlib dayanıb küçədə. Nə var-nə var qızı buna verməyiblər. Bütün günü Aytən deyib durub. Ay başına dönüm, bir qızdan ötrü nə qədər çarpışarlar, nə qədər sürünərlər? Elə bil dünyada tək Aytən qalıb. Deyirəm, Ay Vahid, ağlını başına yığ, qayıt məktəbini oxu. Kimə deyirsən. İndi də başlarına belə gic-gic şeylər salıblar, - ikinci balaca qapının sahibi vaysındı.
- Arifə bu yaxınlarda nüdiri yaxşı bir iş söz verib, gecə növbəsindən çıxacaq. Deyib: “Daha diplomun var, təhsillisən, bu yer sənə layiq deyil”. İşini dəyişəndən sonra küçədə dayanmağa da heç vaxtı olmayacaq, – üçüncü qapının sahibi jaketinin cibindən tapdığı ləpə qırıntılarını ağzına atdı.
- İnşallah, inşallah! – birinci və ikinci qapının sahibləri dilləndi.
Səhər çaydanı doldurub qazın üstünə qoymaq istəyirdim ki, gördüm su yoxdur. Tərslikdən də günorta institutda tədbirimiz vardı. Əl-üzümü yumaq, bir tikə çörək yemək, hazırlaşmaq vacibdi. Bu da ki, belə... Ev sahibinin qapısını döydüm. Hər halda onun ehtiyat suyu olardı. Qapını açan olmadı. Səhər tezdən harasa gedib. Əlimdə boş çaydan bir xeyli həyətdə vurnuxdum. Yenə Nərgiz olsaydı, bir çarəsini tapardı, dilli-dilavərdi. Tərslikdən o da işə gedib. Arifə də yorğanı başına çəkib yatıb, onu durğuzmaq müşkül məsələdir. Qapını açıb küçəyə çıxdım. İkinci qapını döydüm. Ev sahibəsi tapşırmışdı, bir şey lazım olsa, mən olmayanda Gülgəzə deyin. Balaca taxta qapını xeyli döyəcləsəm də açan olmadı. Onda mən ikinci qapıya yönəldim - orda da açan olmadı. Yəqin bir-birinə qoşulub harasa gediblər. Üçüncü qapıya yaxınlaşdım. Yenə də bağlı. Heç ağlıma gəlməzdi ki, Asyanın darvazasını döyərəm. Tərslikdən həmin anda küçənin o biri başında Asyanın hər gün gəlib-getdiyi bahalı maşın gəlib saxladı. Özü də necə, lap ov üçün pusquda dayanan kimi... Yanpörtü, bir tərəfi aşkarda, bir tərəfi tinin arxasında… Ürəyim döyünməyə başladı. Daha qapını döymüşdüm, geri çəkilə də bilməzdim. Elə o anda üçlük yenə də tində peyda oldu.
Qapını 35-40 yaşlarında ortaboylu qadın açdı. Ev sahibindən eşitmişdim ki, Asyanın bacısı qızı rayondan gəlib ev işlərini görür, o da onun ailəsini dolandırır. Adı da Gülərdir. Qapının ağzında əlimdəki çaydanı göstərib vəziyyəti Gülərə başa saldım. O, təkidlə məni içəri dəvət etdi. Asya böyük dəhlizin başındakı qapısı açıq otaqda güzgünün qarşısında dayanıb bəzənirdi. Əynində yaxası zərli zərif ipək xalat vardı. Qara buruq saçları çiynindən aşağı tökülmüşdü. Sifəti par-par parıldayırdı. Hərdən zümzümə edirdi, hiss olunurdu ki, kefi kökdür. Gülər məni uzaqdan ona təqdim etdi:
- Qonşuda kirayədə qalan tələbə qızdır. Su lazımdır.
Özü də mətbəxə keçib çaydanı krantın altına tutdu.
- Hə, nə olar, - Asya dilləndi - xoş gəlib, nə lazım olsa, gəlib götürsünlər. Tələbəçilikdir, biz də tələbə olmuşuq. Denən çəkinməsinlər.
Açığı bu qədər olanlara baxmayaraq, bir andaca Asyaya ürəyim qızdı. Gülər çaydanı doldurub kənara qoydu, üzünü mənə tutdu:
- Sən Allah, beş dəqiqə mənə kömək elə. Gəl, bu xalçanı bükək, böyükdür tək qatlamaq olmur.
Mən xalçanın qırağından yapışdım. Asya artıq bəzənib-düzənmişdi. Ətrinin iyi hər tərəfə yayılmışdı. Sifətində sanki güllər açılmışdı. Güzgünün qabağında o tərəf-bu tərəfə fırlanıb evdən çıxdı.
Gülər xalasının ardınca maraqla baxdığımı görüb, ağır xalçanı fırladığından nəfəsi kəsilə-kəsilə:
- Asya gözəl geyinməyi, bəzənməyi çox sevir,- dedi. Bu yerdə əlüstü izahat verməyi də unutmadı: - Onu adıyla çağırıram, özü belə istəyir, xala deməyimi xoşlamır. Həm də aramızda nə yaş fərqi var ki?.. Bir xasiyyəti də var, gərək bunun paltarından şəhərdə heç kimdə olmasın, yoxsa dəli olar.
- O doğrudur ki, filan məşhur müğənni də ondan paltar alıb geyinir?
- Elədir, - Gülər gülümsündü - olur belə şeylər. Xalam çox adama kömək edir. Elə rayondakı qohum-əqrabanı da bu saxlayır. Sizdən əvvəl kirayədə qalan qızlara da xeyli kömək edib. Böyük adamlarla oturub-durur, qazanır. Adamın pulu çoxdur, geninə- boluna xərcləyir. Gülərin səsində gizli bir paxıllıq, həsəd də hiss etdim.
- Tindəki oğlanlar nəsə planlaşdırır. Xalanın vəzifəli, imkanlı dostundan xoşları gəlmir. Nə vaxtsa davaları düşəcək.
Gülər hündürdən güldü:
- Asyanın dostluq etdiyi adam elə yerdə çalışır ki, istəsə, bir dəqiqədə onları küçədən süpürüb atar. Asya belə şeyləri çox görüb. Ölmüşdü elə. Heç vecinə də deyil. Əvvəl kasıb olub. Bu ev-eşiyi, cah-cəlalı yoldaşından ayrılandan sonra düzəldib. Əri də bir döydümölməzin biriydi. İndi Mərdəkanda, anasının yanında yaşayır. Uşağa görə rəsmi boşanmayıblar. Oğlu xaricdə təhsil alır. Asya istəmir uşağın ürəyi sınsın. O, qonşu Gülgəzə də Aslan əsgərlikdə olanda bunun çox köməkliyi dəyib. Elə sizin evin sahibinə də. Balaca oğlu Rusiyaya gedəndə sənədlərini düzəldəmmirdi, xalam düzəltdi. Elə biletini də o aldı. Deyəsən, indi arxasınca danışırlar.
Düzü, mən öz payıma, ev sahibimizə görə bir az utandım, özümü nədənsə xəcalətli hiss etdim. Gülərə xalçaları qatlayıb yığmaga kömək etdim, sonra onlardan çıxdım.
Bir tərəfdən küçədəki üçlüyü, bir tərəfdən də dünyanı vecinə almayan Asyanı düşünürdüm. Əlimdə çaydan Asyagildən çıxanda uşaqlar hələ tindəydilər. Mənə təəccüblə, bir qədər də acıqlı-acıqlı baxırdılar. Demək, Asyanın dostunu hələ əzişdirməmişdilər. Yenə də sabaha saxlamışdılar.
Aslan:
- Yox e... nəsə etmək lazımdır. Belə olmaz! Gedib hansı cəhənnəmdə istəyir gözləsin, daha burda yox.
- Sabah dərsini verərik, səbrli ol - Arif dilləndi.
Günorta dərsə gedəndə üçlükdən bir qədər aralanmışdım ki, arxadan məni çağırdılar. Arifi görüb təəccübləndim.
- Bacı, xətrinə dəyməsin, bayaq gördük, sənin elənçinə adamların evinə gedib-gəlməyini məsləhət bilmirik. Yenə də özün bax.
Açığı, bərk alınmışdım. Özümü birtəhər avtobusa saldım.
Evə qayıdanda üçlük tində görünmürdü.
Sonra xəbər sürətlə hər tərəfə yayıldı: Müharibə başlayıb!
Sonra birinci, ikinci, üçüncü balaca qapı tez-tez açılıb-örtüldü.
Səhəri gün, səhəri gün yox e, ümumiyyətlə, heç vaxt onlar bir daha küçədə görünmədilər.
Narıngül NADİR
Qafqaz.Media