Səs axtaran adam - Aysel Fikrət yazır..
ESSE
Azərbaycan Milli Konservatoriyasının qocaman müəllimi Arif Məhərrəmov haqqında
Dünyaya Söz axtarmağa gəlirik. Kim bilir, görəsən, biz dünyaya səs axtarmağa gəlirik, yoxsa söz?.. Mənim Yazımın öz qəhrəmanı deyir ki, O, bu dünyaya səs axtarmağa gəlib. İlk gündən bir obraz kimi və insan kimi o məni düşündürdü. Söhbət çox gözəl insan, şəxsiyyət, istedadlı pedaqoq Arif Məhərrəmovdan gedir.
Arif müəllim haqqında yazmaq həvəsi məndə demək olar ki, onu ilk gördüyüm andan yarandı. Onun tələbələrə qayğısı sevgisi tükənməzdir. İlk görünüşdə çox sərt təsir bağışlayan Arif Məhərrəmov Azərbaycan Milli Konservatoriyasının ən gözəl müəllimlərindən biridir. Xalq çalğı orkestrinin bədii rəhbəri olan bu qocaman pedaqoqu müşahidə edirəm. Hərdən tələbələrin üstünə acıqlanır, hərdən gülümsünür, hərdən susur. Mən ona yaxınlaşıb söz deməyə ehtiyat edirəm.
Nə qədər ehtiyat etsəm də bu qəribə adamın dərs keçmək tərzi,sözləri,musiqi duyumu məni valeh edir. Arif müəllimi burda hamı sevir. Onu müəllimlər müəllimi də adlandırmaq olar. Çünki o musiqi dünyasına bir çox tanınmış, şöhrətli, fəxri adlı sənətkarlar bəxş edib.
Tağı Tağıyev - Əməkdar müəllimi, Tariyel Abbasov - Əməkdar artisti, Zeynalabdin Babayev - Əməkdar artisti, Hüseyn Qafarov-Əməkdar mədəniyyət işçisi, Elman Əliyev - Əməkdar artisti, Yusif Babayev - Əməkdar mədəniyyət işçisi, İmanqulu Əhmədov - Əməkdar artisti, Azər Məmmədov - Tərəqqi medalı ilə təltif olunmuş sənətkar və nəhayət bizim Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri Malik Mansurov - Xalq artisti. Mən bunu yeni bildim və indi Malik müəllimin Arif müəllimə olan xüsusi ehtiramının səbəbini anladım.
Demək olar ki, Azərbaycan Milli Konservatoriyasının bütün yaradıcı, istedadlı kollektivi, Rektorumuz Siyavuş Kərimi başda olmaqla hamı onu sevir. Arif müəllim elə bir insandır ki, onu bir gördüyün an düşünməmək olmur. Tez- tez mediya işçiləri qonağımız olur. Onun orkesrtrlə iş zamanı görüb maraqla izləyirlər. 75 yaşı haqlamış qocaman müəllimin bir amalı var, bir istəyi - o da musiqi, səs. Daima axtarışdadır Arif Müəllim.
Həmsöhbət olduğum andan ilk sualım bu oldu:
"Gənc olduğunuz vaxtlarda müəllim olmaq haqqında düşünürdünuzmi?"
"Bəli" - qətiyyətlə dedi, - "Mən bilirdim müəllim olacam. Mən tələbələrimi çox sevirəm,onları danlayıram, zarafat edirəm. Amma onlar mənim ürəyimdir". -"Sizin vaxtınızda olan təhsillə indiki arasında nə çatmır? -"Tələbələr istedadlıdır indi də, sadəcə, nə çatmır desəm, mən deyərəm bu tələbələrin təyinatı. Axı biz əvvəllər təyinatla gedib işləyərdik. Bu indiki gənclər üçün çox çətin olacaq".
O, Naxçıvana təyinatın aldığı günlərdən bəhs edir. Gözlərində böyük bir sevinc həyat eşqi hiss olunur. Söhbət əsnasında qəzəldən, əruzdan, muğamdan, Xalq çalğı alətləri orkestri üçün yazdığı işləmələrdən söhbət etdik. Təhsil aldığı illərə dönür. -"Nümunəvi şagird idim. iki sahə üzrə təhsilim var bir tar bir də dirijorluq. Arif Hüseynov Gəncədə dərs dedi mənə, sonra Adil Gəray Məmmədbəyli, Oqtay Quliyev dərs dedi, dirijorluqdan isə Süleyman Ələsgərov.
Səid Rüstəmov isə 22 yaşımda məni xalq çalğı alətləri ansamblına işə götürdü. Mənə inamı böyük idi. Orda Əhsən Dadaşovla tanış oldum. Çox uğurlu təhsil illərim olub". Danışığımızda bir dəfə də olsun şikayət etmir.
Sadəcə narahatdı. -"Muğamı indi çox dəyişiblər, bundan nigaranam, axı biz ta qədimdən ustadlarımızdan Muğamı öz rəngində eşitmişik. Onun üçün də klassik formanı Musiqini öz rəngində tədris edirik". Sonra fikrə gedir.Arif müəllim burdakı musiqi təhsilindən danışır.
-"Siyavuş Kərimi bilirsən də, qızım, mən necə adamam"
-'Bilirəm dedim"
-"Düzü düz deyəcəm. Həqiqəti deyim ki, Siyavuş Kərimi olmasa Milli Konservatoriya olmayacaqdı. O, yoxdan belə gözəl aləm yaradıb".
Gülümsünür.
-"Arif müəllim çox sevirsiz işinizi?"
-"Çox" .Gülümsünür. "Mən musiqiylə yaşayram. Elə ki, görürəm Konservatoriyada hər sey qaydasndadır, o zaman həyat gedir, nə keçmiş, nə indi düşündürmür məni. Bu an, yalnız bu an burda nu yaşda belə böyük xoşbəxtliyi yaşayıram. Rauf Hacıyev, Əhsən Dadaşov, Səid Rüstəmov əmanəti olan bu qeyri adi təbiətli sənətkarın qarşısında söz adamı olsam belə söz deməyə aciz qaldım. Arif Məhərrəmov Milli Musiqimizin inkşafında əvəzsiz xidmətləri olan bir insandır, bir əsgərdir. Mədəniyyət uğruna mübarizə aparan bir əsgər.
Çox istərdim ki, Arif Məhərrəmov kimi Azərbaycan Musiqisinin inkşafında əvəzsiz xidmətləri olan sənətkarı çoxları görüb tanısın, onun misiqi dünyasına səfər etsin. Maqistr imtahanlarında Xalq qəzetinin müxbiri Rizvan Fikətoğlu qonağımız idi. Yarım saatlıq süjet hazırlamağa gələn müxbirlər musiqi abu havasından ayrıla bilmirdilər.
Onlar nə qədər çalıssalar da bədii rəhbər Arif Məhərrəmovdan müsahibə götürə bilmədlər. Mən ona yaxınlaşıb: - "Arif müəllim, axı bu cür gözəl, konsert kimi imtahan nümayiş olundu. Bir iki kəlmə deyin".
-"Qızım, mən düşüncələrimi sözlə ifadə edə bilmirəm, musiqi ilə çatdırıram. Mən istəyirəm ki, orkestrdə hər ifa olunan sim qəlblərə toxunan sim olsun. Qəlbin simi. Başa düşürsən?"
Düşüncələrini söz ilə ifadə edə bilməyən bu qocaman sənətkar danışmaq istəməməyini bu cür, bu sayaq gözəl başa salır . Və onun deyə bilmədiyi söz unudulmur.
Arif müəllim haqqında düşüncələrini eşitmək üçün Kafedra müdiri Leyla Zalıyevaya yaxınlaşıram.
-"Arif müəllim qızıldır. Mən də, kofedrada hər kəs onu evdə olan böyüklərindən ayırmır, onu çox sevirik".
Xalq artsti, rektor Siyavuş Kərimi də Arif müəllimdən sevgi ilə danışır. -"Bilirsən, Arif Sanki Orkestrlə nəfəs alır. Sanki orkestr Arifın damarlarında axan qan kimi vacibdir. O bununla nəfəs alır. Gözəl müəllimdir".
Tələbələrdən ibarət xalq çalğı orkestrinin adı "Ariflərdir". Gözəl ad düşünüb.
-"Mən hər açılan gün sanki səs axtarışındayam. Bəzən Milli alətlərin yerini dəyişirəm, simli alətləri bir biri ilə əvəz edirəm. Bəzi əsərləri bir neçə versiyada dinləyib, o səsi o, mükəmməlliyi tapmağa çalışıram. O səsi tapınca dünya mənim olur". Bütün həyat səs və sözdü. Arif müəllim, tükənməyəsiz!
Arif müəllimdən gülümsünüb, ayrıldım. Arif müəllim, var olun. Siz bu dünyanın unikal insanlarındansız. Müəllimlər yanan şam kimi simvolizə olunur. Bu şam simvolu sizin kimi sənətkarlar üçündür.
Əziz oxucularım, bu gün mən sizə neçə aylardır yaradıcılığımın bir hissəsi olan musiqi məbədi, sənət ocağının daha bir dahisindən danışdım. Arif Məhərrəmovdan. Artıq, çox gec saatlar olsa da, dəhlizdə Xalq Çalğı Alətləri orkestrı yerləşib, düz iş otağımala yanaşı. Bu yazı bitincə, onların məşqinin səsi gəlir. Arif müəllim tələbələri ilə yorğunluq hiss edən kimi zarafat edir, sonra birdən səsini qaldırır. Bəyəndiyi yerlərdə sevincini bildirir.
Bu həyat və sənət dolu məkandan silsilə yazılarımdan birini bitirirəm. Qulaqlarımda əsl Azərbaycan Musiqisi korifeylərinin imza atdığı yol və üslubla gedən Sənətkar Arif Məhhərəmov - Azərbaycan Milli musiqisinin keşiyində duran insan.
Aysel FİKRƏT
Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi
Qafqaz.Media