Heyva çiçəyi və ötüb keçənlər

18/10/2024 - 15:45

Qələm dostum, tanınmış şair Nəzakət Məmmədliyə ithaf edirəm.

                                        / Hekayə.\

 

Uşaqlıq illəri Abşeronun dənizkənarı səfalı bağlarında keçmişdi. Özündən bir yaş kiçik bacısı və qonşu bağlardakı yaşıdları ilə birgə Xəzərin qırçın ləpəli sahilində, yalçın qayalar üstündə oturar, ətrafdakı füsunkar mənzərəni seyr edər, uşaq təxəyyülündəki xəyallarına bürünərdi. Ağsaçlı dənizin dalğaları üstündə uçuşan bəmbəyaz qağayılar, sahildəki balıqçı qayıqları, tənha əncir ağacı, səmadakı əlçim buludlar, qüruba enən günəşin rəngarəng şəfəqlərindən doğan göyqurşağı, qövsi-quzeh ... ona olduqca sirli-sehrli görünərdi. Əsrar dolu, möcüzəli aləmdən, göz işlədikcə uzanan mavi ənginlikdən gözünü çəkə bilməzdi. 

Məktəb zamanı gələndə isə bu şirin xatirələri şagird dostlarına danışmaqdan yorulmazdı. Dərslərini yaxşı oxuyur, yüksək qiymətlər alırdı. Amma üçüncü sinifdə oxuyan bu ağıllı qızcığazın fotoşəkli heç vaxt əlaçıların lövhəsinə vurulmazdı. Səbəbini özü də təndürüst bilmirdi. Axı, oxusu, yazısı, riyazi biliyi, hazırcavablığı ilə sinifdəki uşaqların çoxundan fərqliydi. Bütün bunlar, birinci sinifdən onlara dərs demiş müəllimini nədənsə qane etmirdi. Daim özünə qarşı qısqanc münasibəti uşaq fəhmiylə hiss edirdi. İş elə gətirmişdi ki, müəllimin əkiz qızları da bu sinifdə oxuyurdu. O daha çox öz qızlarının “əla” qiymətlər almasına can atır, onları yerli-yersiz tərifləyib az qala göylərə qaldırırdı. Balaca qəhrəmanımız ədalətsiz yanaşmadan incik düşür, narahatlığını daim içində gəzdirirdi. Bu əsmər çöhrəli, iri, qara gözlü, nüfuzedici baxışları olan qızcığaz həm də dilli-dilavərdi, fikrini anlaşıqlı, sərbəst ifadə etməyi bacarırdı. Yaşı az olsa da, haqqı nahaqdan ayıra bilirdi. Sinifdə uşaqlara qarşı ayrı-seçkiliyi, onlara, elə özünə də fərq qoyulduğunu görəndə az qala nitqi tutulurdu.  

Atasını təzəcə itirdiyi üçün elə kövrək, köməksiz idi ki... O, iş vaxtı baş verən istehsalat qəzasından sağ çıxmamışdı. Bu erkən ölüm ailəni sarsıtmış, vaxtsız-vədəsiz itkidən doğan nisgil qız övladların sanki qol-qanadını qırmışdı. Bacısı kimi, o da tez-tez yaz buludu kimi dolub-boşalırdı. Axı, atası hər iki qızını çox sevirdi. Böyük qızına isə daha çox bağlıydı. Zarafat deyildi: kiçik qəhrəmanımız düz on ildən sonra doğulmuşdu. Ata-anasının gözünün ilk ovu, sevinc payıydı.  

May ayının ilk günləriydi. Hər yerdə 1 May ‒ Dünya zəhmətkeşlərinin həmrəylik gününə və nümayişə hazırlıq görülürdü. Məktəbdən bildirmişdilər ki, şagirdlərin bir qrupunu pioner sıralarına qəbul edəcəklər. Üçüncülərin siyahısında qızcığazın da adı vardı. Müəllimləri tapşırmışdı ki, sabah hər kəs məktəbə gül-çiçəklə gəlsin. Anasına bunu söyləyəndə etirazla qarşılaşmışdı:

‒ İndi gül dəstəsini haradan alaq? Çiçəksiz olmaz bəyəm? Bir-iki günə xəzələ dönəcək, ‒ deyib sınayıcı nəzərlərlə qızına baxdı. 

‒ Yox, ay ana, müəllimimiz deyib ki, mütləq gül dəstəsi gətirin. Bizi pionerə qəbul edən, boynumuza qırmızı qalstuk bağlayacaq qonaqlara verəcəyik. 

Mətləbdən hali olan ananın qırışığı açıldı:

‒ Qonşu məhəllədəki bağbanın həyətində hər cür çiçək var. Deyirlər, qoca əsl gülüstan yaradıb orada. ‒ Sonra isə pulqabını açıb qızına əlli qəpik verdi:

‒ Ovcunda bərk saxla, bala, itirmə. Bağbandan çiçək alarsan. 

Qəpiklərə diqqətlə baxdı. İki iyirmi, bir on qəpiyi ovcunda bərk-bərk sıxıb, qonşu məhəlləyə yollandı. Bağbanın qapısının çaxçaxını vurub gözlədi. İçəridə görəcəyi çiçəkləri bir anlıq göz önünə gətirdi. Elə bu an ayaq səsləri eşitdi. Ucadan səslənən “Kimsən orda?” sədasıyla qonşu həyətdəki itlərin hürüşməsi bir-birinə qarışdı. Əlində su şlanqı və vedrə tutmuş, ayağına rezin çəkmə geymiş bağban qapıda göründü:

 ‒ Nə lazımdır, balaca? ‒ deyə xəbər aldı. 

 ‒ Anam əlli qəpik verib, mənə gül satarsınız?

 Üzündə təbəssüm sezilən çalsaçlı bağban bu utancaq qıza və əlindəki qəpiklərə nəzər saldı:

 ‒ Axı, səndə otuz qəpikdir...

 Qızcığaz iyirmi qəpiyin birini itirdiyini indi başa düşdü. Ağlamsınaraq:

 ‒ Vallah, indicə ovcumdaydı, yəqin yerə düşüb, ‒ dedi.

 Bağban başını buladı. O, sıralanmış qızılgül kollarının arası ilə irəliləyib, balaca müştəriyə çiçək seçmək istəyirdi. Amma üstü ən gözəl butalar, qönçələrlə dolu kollardan yan keçir, elə bil, şux, təravətli çiçəkləri dərməyə əli gəlmirdi. Birdən nə fikirləşdisə, ətrafdakı heyva ağacının açıq çəhrayı çiçəklərə bürünmüş bir neçə budağını kəsib qıza verdi. 

 “Pulu alın zəhmət olmasa”, deyib ovcundakıları bağbana uzadanda gözlərinə inanmadı. Əlində cəmi iyirmi qəpik qalmış, on qəpiyi də salıb itirmişdi. Həyəcandan əlləri titrəyirdi, sanki oğurluq üstündə tutulmuşdu. Düşünürdü ki, bağban baba yəqin onun pulu itirməsinə inanmır. Səsi titrəyə-titrəyə: “mən qəpikləri, həqiqətən, itirmişəm, məni bağışlayın,” ‒ dedi. 

 Bağban üz-gözünü turşudub, ayırdığı heyva çiçəklərini saralmış qəzet parçasına bükərək onu yola saldı. Yol boyu gülləri sinəsinə sıxıb əzizləyirdi. Heyva çiçəkləri elə zərif və incə idi ki... Bəyazla çəhrayının qarışığından yaranmış bu əsrarəngiz gözəllik göz qamaşdırırdı. 

 Evə çatanda anası artıq işə yollanmışdı, həmin gün ikinci növbədə çalışacaqdı. Gülləri divar-divara yaşadıqları qonşu qadına verib suya qoymasını xahiş elədi. Çəkinə-çəkinə: 

‒ Kaş səhərədək çiçəklər elə bu gözəllikdə qalaydı, yoxsa onu danlayarlar. 

 Anası səhər tezdən qonşunun gətirdiyi solğun çiçəkləri görəndə dodaqaltı mızıldandı:

 ‒ Axı, deyirdim ki, xəzələ dönəcək...

 Qızının müəllimi və şagirdlərlə birgə sahil bağına yollandılar. Müəllim təravətini itirmiş heyva çiçəklərini görəndə narazı nəzərlərlə qızcığaza baxıb dodağını büzdü. Sonra isə uşaqların gətirdiyi güllərdən bir neçəsini ona verdi. 

 Musiqi ilə müşayiət olunan mərasim başladı. Pioner qalstuklarını qollarından asan məktəblilər and içib təntənəli şəkildə bu uşaq təşkilatının sıralarına üzv olurdu.

Tanınmış simalar ‒ yazıçılar, alimlər uşaqları salamlayır, təbrik edirdilər. Sinəsi orden-medallı əmək qəhrəmanı saçlarına ağ bant vurmuş qızcığaza yaxınlaşıb bir şeir söyləməsini istədi. Cingiltili uşaq səsiylə söylədiyi “Vətən” şeiri hamını heyran etdi. Əmək qəhrəmanı məktəbli qızın başını tumarlayıb ona ağızdolusu “əhsən” dedi. Az öncə şagirdlərin ona verdiyi rəngarəng gül dəmətini qızcığaza bağışladı. Ağ qızılgüllərdən bağlanmış bu iri gül dəstəsini qucağında güclə saxlayırdı. Mərasimi işıqlandıran fotomüxbirlər onun orden-medallı əmiylə şəkillərini çəkdilər. Bu fotoların bəzədiyi qəzetlər ertəsi gün məktəbdə əldən-ələ gəzirdi. “Onu hamı tanıyacaq!” fikriylə qanadlanırdı. İndi müəllimi də ona tamam başqa nəzərlərlə baxırdı. Həmin günün sevincini uzun müddət yaşasa da, aradan illər keçsə də, atılmış heyva çiçəklərini hər dəfə kövrək hisslərlə xatırlayırdı.

Zemfira MƏHƏRRƏMLİ

Qafqaz.Media 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28