Aybəniz Haşımova tələbələri ilə möhtəşəm konsert verdi
Qafqaz.Media xəbər verir ki, 17 oktyabr,Beynəlxalq Muğam Mərkəzində TAİB-in Mədəniyyət Komitəsinin sədri, görkəmli sənətkar, Respublikanın Əməkdar artisti Aybəniz Haşımova və Sənət Akademiyasının tələbələrinin konserti keçirilib. Konsert Azərbaycanın Müstəqilliyinin bərpasına həsr edilib. Konsertdə TAİB-in nümayəndələri,görkəmli ziyalı, Azərbaycan Respublikasının sabiq Xarici İşlər Naziri Həsən Həsənov və digər ictimaiyyət nümayəndələri,sənətkarlar, iştirak ediblər. Aybəniz xanım konserti özü aparırdı. Onu da deyim ki, Aybəniz xanıma aparıcılıq çox yaraşırdı. Əvvəlcə konsertin açılışını Aybəniz xanım Haşımova özü etdi, gələn qonaqları salamladı. Ona uşaqlıqda dəstək olmuş, indiyə kimi də bir mənəvi atası kimi həmişə yanında olmuş, sabiq Xarici İşlər Naziri Həsən Həsənovu salamladı. Onunla bağlı, ulu öndər Heydər Əliyevlə bağlı tamaşaçılara, sevənlərinə maraqlı olan mühüm xatirələrini bölüşdü. Aybəniz xanım çox maraqlı, eyni zamanda da qeyri-adi konsertin açılışını sözləri: Əhməd Cavadın, musiqisi: Üzeyir bəy Hacıbəylinin Azərbaycan himni ilə etdi. Himnimizi orkestrin müşaiəti ilə bütün tamaşaçılar ayaq üstə oxumağa başladı. Himnlə başlanan gözəl konsert öz axarıyla davam etməyə başladı.Dəyərli sənətkarımız Aybəniz xanımın təsisçisi olduğu Sənət Akademiyasının tələbələri konsertə çox gözəl hazırlaşmışdılar. Konsertdə "Azərbaycan elləri" - Milana Nəbiyeva, "Sevgili canan" - Davud Nəsirli, "Düşürsən yadıma" - Əhməd Məmmədov, "Oxu gözəl" - Mələk Məmmədova, "Asiyanın nəğməsi" - Nərmin Nərimanlı, "Nə gəlməz oldun" - Nərmin Nərimanlı, "İlk bahar" -Xədicə Rəşid, "Hicran dərdi" - Milana Nəbiyeva, "Bənd oldum" - Milana,Davud "Axtarıb tapdım səni", "Kor ərəbin mahnısı" - Nihad Yusifzadə, Telli Vəli-Əhməd, Nərmin, "Şükriyyə", "Arzuya bax sevgilim"-Xədicə Rəşid, "Ömrümün istəyi" - Hikmət Qasımov, "Sənsiz" - Raul Hüseynov, "Gecikmiş məhəbbət" -Nərmin Nərimanlı, "İnanmaram"-Aybəniz Haşımova, "Bilsəm sən gəlirsən" Aybəniz Haşımova, "Çıx yaşıl düzə"-Aybəniz Haşımova "Azərbaycan" - bütün solistlər gözəl mahnı töhfələrini tamaşaçılara ərmağan edib, dahi Üzeyir bəy Hacıbəylinin əsərlərindən ibarət kiçicik səhnəciklər göstərdilər. Özüm də konsertdə tamaşaçı kimi iştirak edirdim. Çoxsaylı tamaşaçıların sürəkli alqışları buna dəlalət edirdi ki, konsertin bitməsini heç istəmirdik. Hamımız əsl möhtəşəm, klassik musiqilərin acıyıq. Bu cür möhtəşəm konsertlə qulaqlarımızın pasını açan Aybəniz xanım və Sənət Akademiyasının tələbələrinə eşq olsun!!!
Fuad BİLƏSUVARLI
Qafqaz.Media