Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfə artırıb ASK
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,45 ton pambıq mahlıcı ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. "Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə ixrac olunan pambıq mahlıcının dəyəri isə 1,6 dəfə artaraq 160,417 milyon ABŞ dolları təşkil edib. "Hazırda respublikada pambıq yığımı davam edir. Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 086 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir. Bu il 15 rayonda pambıq əkilib. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13112 hektar) qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner). Azərbaycanda pambıq əkinlərini dövlət subsidiyalaşdırır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir.