UNUN QİYMƏTİNDƏKİ ARTIM ÇÖRƏYƏ TƏSİR EDƏCƏK? - Ekspert dəyərləndirməsi

07/11/2024 - 11:27

Məlum olduğu kimi, Azərbaycanda unun topdansatış qiyməti bahalaşıb.

Bu barədə ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25,95-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25,30-27,50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “SKY AGRO” MMC (25,95 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28.20 manat).

Bəs maraqlıdır, sözügedən qiymət artımı nə ilə bağlıdır və bunun çörəyin dəyərinə hansısa təsiri ola bilərmi?

Bu barədə iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya şərhində bildirib ki, unun qiymətinin artmasının əsas səbəbi dünya bazarındakı prosseslərlə bağlıdır.

 

 

Ekspert qeyd edir ki, indiki dövrdə dünya bazarındakı taxıl qiymətlərində artım müşahidə olunur:“Hazırki vəziyyətə Rusiya-Ukrayna müharibəsi də öz təsirini göstərir. Əlavə olaraq hava şəraiti ilə bağlı bir çox taxıl istehsal edilən bölgələrdə məhsuldarlıq aşağı düşüb. Nəticə etibarı ilə sadaladığım nüanslar istər-istəməz Azərbaycana da təsir edir. Təəssüf ki, biz xaricdən təqribən 70-75 faiz nisbətində taxıl alırıq. Yəni, yerli istehsal tam ehtiyacımızı ödəmir”.

N. Cəfərlinin sözlərinə görə, unun qiymətinin bahalşması elə bir səviyyədədir ki, hazırda bunun tez bir zamanda çörəyin dəyərinə təsir edəcəyini söyləmək mümkün deyil: “Yəni, hazırda qiymət artımı idarə olunan pillədədir. Bununla bağlı ölkədə maraqlı tendensiya mövcuddur. Belə ki, unun qiyməti qalxdıqda çörəyin qiymətini anında artırmırlar. Bunun əvəzinə çörəyin çəkisini 20-30 qram azaldırlar. Əslində bu da qiymət artımı sayılır. Sadəcə vizual olaraq qiymət dəyişmədiyinə görə, daha az etiraz doğurur”.

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin oktyabr ayına olan hesabata görə, sentyabr ayında dünya bazarında buğdanın tonunun qiyməti əvvəlki aya nisbətən 10.4% artaraq 227 dollar səviyyəsində qərarlaşıb. Bu il qlobal buğda istehsalının ötən ilə nəzərən 4 milyon ton artaraq 794 milyon ton olacağı proqnozlaşdırılır. Qlobal buğda ehtiyatları həcminin isə ötən illə müqayisədə 3 faiz azalaraq 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq. Cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 0.5% azalaraq (383 milyon ton) olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (445 milyon ton) olacaq.

İqtisadçı Xalid Kərimli isə “AzPolitika”-ya şərhində bildirib ki, mövcud qiymət artımı ölkəyə idxal olunan un qiymətləri ilə bağlıdır.

 

 

Ekspert bildirib ki, xaricdən gətirilən unun qiyməti bahalaşdıqda bu, yerli bazara da təsir edir:“Azərbaycanda ərzaqlıq buğdanın 75-80 faizi xaricdən idxal olunur. Bunun da 95 faizindən çoxu Rusiyadan gətirilir. Son vaxtlar Kanada və ABŞ-də artan sel fəlakətləri məhsuldarlığa təsir göstərib və dünya bazarında qiymətləri artırıb. Digər ölkələrdə qiymət artan kimi, Rusiya da qiyməti artırır və taxıl idxalı bizə biraz baha gəlir”.

X. Kərimlinin sözlərinə görə, unun qiymətinin bahalaşması çörəyin dəyərinə təsir etməyəcək:“Qiymət artımının həcminə baxsaq görərik ki, bu, çörəyin maya dəyərində ciddi bir paya sahib deyil. Qeyd olunan 70 qəpiklik artım 50 kiloqramlıq kisə üçün nəzərdə tutulub. Kiloqramlara bölsək, artım təqribən 2 qəpik civarındadır. Bu, 600 qramlıq çörəkdə isə 1 qəpik bahalaşma deməkdir. Sadəcə onu deyə bilərik ki, bu artım çörək istehsalçılarının qazancına təsir edəcək. Əgər biz unun qiymətinin davamlı şəkildə bahalaşdığını görsək, bu halda istehsalçılar çörəyin qiymətini artıra bilərlər”.

Xatırladaq ki, hazırda paytaxt mağazalarında ənənəvi zavod çörəyi 50-55 qəpik, təndir çörəyi 70-1.20 qəpik, lavaş 1- 1.50 qəpikdən satılır.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46
Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09