“Sən mənim könlümdə yanar bir odsan…” - MÜSAHİBƏ

12/11/2024 - 16:03

-Necəsiz, Məryəm xanım?

 

-Şükürlər olsun Allahın böyüklüyünə.

Nə deyim, deyim ki, her şey qaydasındadır. Yalan olar. Yaş öz sözünü deyir. Həm də ki, oğlumdan sonra özümə gələ bilmirəm. Var olun, soruşursunuz, maraqlanırsınız. Həmd olsun Allaha. Ağır günlərimdə mənə təsəlli olanlar sağ olsunlar.

 

-Siz uzun müddət Ə.Kərim adına Poeziya klubunda təşkilatçı kimi çalışmısınız və sizin  işlədiyiniz zamanda orada çox yüksək səviyyəli  tədbirlər təşkil olunurdu. Xatırlayırsınızmı o illəri?

 

-O illəri heç unutmağmı olar?! O illər mənim ən xöşbəxt və ən məhsuldar illərim idi.

İncəsənət Universitetini təzə bitirmişdim. Böyük həvəslə və məsuliyyətlə Poeziya klubunda işə başladım. Xırda tədbirləri sadalamayacağam, amma yaddaşıma həkk olan tədbirlərdən bəzilərini sadalayacağam. Bunlardan Xalq yazıçısı Əzizə Cəfərzadə ilə   dənizkənarı parkda  görüş, Aşıq Pəri məclisi üzvləri ilə Kimyaşılar Mədəniyyət  sarayında keçirilən tədbir, bir də Sumqayıtda saz sənətinin gənc nəslə ötürülməsində, yəni oyrədilməsində böyük əməyi olan rəhmətlik Aşıq Sədi Abbasovun anım günü yaddaqalan tədbirlərdən idi. Hər üç tədbirdə  oturmağa boş  yer  belə qalmamışdı. İndi belə tədbirlər az- az olur.

 

-O zaman "Dəniz" ədəbi birliyinə gələn gənc qələmlərə Məryəm xanımın kitabında güzəşt söhbəti yox idi. Bu, ədəbiyyata, sözə olan sevginizdən qaynaqlanırdı, yoxsa öz içinizə, ruhunuza və vicdanınıza xəyanət etməməkdən irəli gəlirdi?

 

-Bu sualınız mənim yaralı yerimdir. Mən heç vaxt əyriyə düz,  düzə əyri deməmişəm. O da ola Söz. Söz mənim üçün ən müqəddəs varlıqdır. Bəli, varlıqdır. Söz insanın bütün üzvlərinin və duyğularının hakimidir. O sənin əlindən tutub göylərə də  qaldıra bilər, başından basıb öldürə də bilər. Şeirdə söz yerinə düşməyəndə hansı şeiriyyətdən danışmaq olar? O vaxtlar məktəb var idi, gənc yazarların sıxıb suyunu çıxarırdılar. İndi kim nə istəyir yazır, adını da qoyur şeir. Bəla burasındadır ki, onlara bir kəlmə söz də  demək olmur, adamı borclu çıxarırlar. Bilmirəm, bəlkə onların elə yetişməsində bizim də  günahımız var. Kitab təqdimatlarını  keçirib cəmiyyətə təqdim edirik, onlar da elə bilirlər "BÖYÜK"şairdilər. Və beləliklə də gələcəyimiz olan balalarımızın zövqünü korlayırıq. Nə heca bilirlər, nə vəzn, nə də qafiyə. Məktəblilər də o "şeir" ləri əzbərləyib tədbirlərdə söyləyirlər. Bu çox pis haldır.

 

-Siz sevgi şairisiniz. Sevgi sizi xöşbəxt eləyə bildimi? Eşq sizinçün hansı anlam daşıyır?

 

-Sevgi Allahın bəndəsinə əmanəti, ərmağanıdır. Sevgisiz insan yaşaya bilməz. Sadəcə zamanla yerini dəyişir.

Üşaqlıq sevgisi, gənclik sevgisi, cavanlıq sevgisi. Vətənə, torpağa  sevgi, ataya- anaya  sevgi, əks cinsə  qarşı olan sevgi və sairə... Saymaqla qurtaran deyil. Baxır hansı vaxtda hansı zamanda sən bu sevgilərlə imtahana çəkilirsən. Elə həmin anlarda da sevginin ayrılmaz bir hissəsinə çevrilirsən...

Bir də var ilahi eşq. O da Allahla bəndə arasında olur. Allah eşqi  yerə enmir, fəzada olur məncə. O ancaq son anda, son nəfəsdə sənin hüzuruna enir...

 

-Sumqayıt ədəbi mühiti keçmişdə və indi?

 

-Yuxarıda dediyim kimi, əvvəllər məsuliyyətlə yanaşılırdı hər şeyə və ciddi nəzarət vardı, senzura vardı. İndi hər şey dəyişib. Kimin  pulu var çoxlu  kitab buraxır və olur "şair". Kitabın çoxluğu yazanın yaxşı   şair olmasına dəlalət eləmir.

 

-Şairlərlə dəlilərin ruhu eyni şeydən yoğrulub,- deyirlər. Belə desək, şairlər də yarımdəlilərdir?

 

-Şairlər nə dəlidirlər nə də yarımdəlidirlər...

Əslində elə ən ağıllı dəlilərdir Şairlər..

 

-Sumqayıtın 75 illiyi ərəfəsindəyik. Sumqayıt sizə nə verdi və siz Sumqayıta nə verdiniz?

 

-Sumqayıt mənə hər şey verdi. Sevdim Sumqayıtı, hara getdimsə darıxdım onuncün. Döğulduğum yer, doğma yurdum Cəbrayıl olsa da, Sumqayıt da mənim ücün  doğmalaşdı. Özümu Xəzərsiz, Sumqayıtı özümsüz təsəvvür edə bilmədim. Və bacardığımı əsirgəmədim doğma şəhərim üçün...

 

-Sizin yaşadığınız dünya və indiki dünya. Çox fərq var arada?

 

-Həddindən artıq çox... Mənim yaşadığım dünyanın insanları cənnətlikdir..

Təvazökarlıqdan kənar olasa da bu belədir... Mənim yaşadığım dünyada vicdan vardı. Dost əlindən tutmaq vardı, imkansızın  halına yanmaq vardı, haqqı- nahaqqa qurban verməmək vardı, haqqı tapdalamamaq vardı. Bu qədər yalan yoxdu, ayaq altı qazmaq yoxdu, közü öz önünə çəkmək yoxdu, bu qədər xainlik, xəbislik yoxdu..

Çox təəssüf ki,  indiki dünya  bunlardan ibarətdir.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

 

-Bəli, razıyam. Hər şey göz önündədir. Bu üzgörənlik deyil. İlk növbədə geniş abadlıq- quruculuq işləriylə yanaşı ilk fürsətdə vaxt tapıb qələm adamları ilə görüşməsi və o boyda binanın yazarların istifadəsinə verilməsi Zakir müəllimin  poeziyaya, şeirə, ədəbiyyata olan sevgisinin sübutu idi. Bununla da o həm də onların yazıb - yaratmasına stimul verdi. Ümumiyyətlə, Zakir müəllimin gəlişi Sumqayıtımızı təpədən-dırnağa yaxşı mənada dəyişdi. Mən fürsətdən istifadə edib öz adımdan, sumqayıtlı yazarlar adından Zakir müəllimə təşəkkürümü bildirirəm. Cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram.

 

-İmzanız gözəl imzalar sırasında yer alsa da, indiyə qədər heç bir fəxri ad və mükafatınız yoxdur. Bu tale işidirmi sizcə?

 

-Əsas olan odur ki, məni yaxşı şairədir, gözəl şeirləri var,- deye təqdim edərkən, mən buna inanmışam. Bilmişəm ki, yalandan deyilmir bu söz mənim haqqımda.

İçimdə bir pillə böyümüşəm və bu məni qane edib. Oxucu sevgisini qazanmaq mənim əsil  mükafatım olub.

 

Əgər bir ürəkdə yaşamıramsa,

Əgər sevgi yükü daşımıramsa,

Allah, o saçları oxşamıramsa?!

Nəyimə lazımdı mənim bu dünya.

 

Təzədən dünyaya gəlməyəcəmsə,

İstinə isinə bilməyəcəmsə, 

Sevilə- sevilə olməyəcəmsə,

Nəyimə lazımdı mənim bu dünya.

 

Əlin əllərimdən nə tez üzüldü,

Bü yollar tərsinə niyə düzüldü.

Daha bir qucağım, bir də dizimdi,

Nəyime lazımdı mənim bu dünya.

 

Məryəməm, göynəyən sözlərim oldu,

Çırpılan, döyülən dizlərim oldu,

Məni gözdən salan gözlərim oldu,

Nəyimə lazımdı mənim bu dünya.

 

Bir türk şairəsini S.Vurğun adına kitabxanaya dəvət etmişdilər. Boyük bir tədbir idi. Mən bu şeiri orda oxuyarkən şairə xanım çox kövrəldi. Ha çalışdı ki, ağladığını gizlətsin, amma bacarmadı. O vaxtlar Sveta xanım idi oranın rəhbəri. 

Ada, mükafata  görə özlərini o qədər gülünc vəzəyyətə salanlar var ki...

Nə deyim, belə şeylər üçün ya gərək sırtıq olasan, ya da ki, o qədər cahil olasan ki...

Tədbirlərin birində Əşrəf Veysəlli kimi gözəl şair çıxış edərkən mənim iki bənd şerimi oxudu və tərif etdi.

Bundan qiymətli mükafatmı var?!

 

Sən mənim könlümdə yanar bir odsan,

Toxuna bilmirəm, dəyə bilmirəm.

Taleyim ömrümə bir don biçib ki ,

Soyuna bilmirəm, geyə bilmirəm.

 

Bu yerlər, bu göylər gözümdən düşüb,

Sənsiz illərimə duman, çən düşüb.

Bəxtimin uldüzu göylərdən düşüb,

Qaldırıb yerinə qoya bilmirəm..

 

-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?

 

-Maşallah olsun, tədbirlər bir-birinin ardınca, bir-birindən maraqlı layihələr.

Niyə də qane etməsin?

Bir də ki, Sumqayıt yazarlarının əksəriyyəti birillik Prezident təqaüdünə layiq görülüb. Bu işdə heç də AYB Sumqayıt bölməsinin zəhməti az olmayıb. Şəxsən mən deyə bilərəm ki, neçə illərdi AYB-nin  üzvü olaraq   bu təqaüdü almamışdım. Çünki heç cəhd də etməmişdim. Sağ olun ki, bu məsələdə mənə kömək etdiniz. Mən həmişə həya eləmişəm, mənimçün əsas məsələ şeirə, ədəbiyyata xidmət olubdu. Mən ədəbiyyata xidmət etməyi düşünmüşəm həmişə, ondan yararlanmağı deyil. Gərək bölmə rəhbəri görünmək istəməyəni göstərə bilsin, təqdim etməyi bacarsın. Bizim Xalq yazıçımız Anar müəllim çox ədalətli insandı. İstedadı olanlara həmişə yüksək qiymət verir.

Mən də öz növbəmdə AYB-nin Sumqayıt bölməsinə yeni-yeni lahiyələr axtarışında müvəffəqiyyətlər arzulayıram.

 

-Şairlər ruh adamlarıdlr. Yəni yerdə az olurlar. Siz necə?

 

-Mən Allahımın pənahındayam. Ona bu qədər inanmasaydım mənə çətin olardı yer üzündə yaşamaq. Hər şey onun ixtiýarındadır. Nə vaxt istəsə bizi yer üzündən siləcək. Onda göylərə çəkilən ruhumuz göylərdən yer üzünə tamaşa edəcək. O da ya qalacaq, ya da qalmayacaq. Allah cənnətin qapısını üzümüzə açıq etsin, inşallah!

 

-Sənət - həqiqətləri söyləyən əsil yalandır. Onda belə çıxır, sənətkarlar da ən böyük yalançılardır. Bu fikrə münasibətiniz?

 

-Əgər sənətkarlar həqiqətləri söyləyirlərsə niyə yalançıdırlar?!

 

 Mən aşiqəm gecələr,

Gecə ağlar gecələr.

Mən soyuq yatağımda, 

Yar könlümdə gecələr.

 

Kimisə deyə bilmərəm, amma mən yaşadığımı yazıram. Ümumiyyətlə, sənət əsərləri yaşanaraq yaranır. Yaşanmadan, yanmadan yaranan əsərlərin ömrü çox qısa olur.

 

-Qadın üçün ülvi, mübhəm hissləri şeirə çevirmək və onu cəmiyyətə təqdim etmək çətin deyil ki?

 

-Mən sözlə həmişə səmimi olmuşam.

Mənə elə gəlir ki, səmimiyyət cəmiyyətdə daha çox və rahat  qəbul olunur.

 

-Sözlə yollaşırsız?

 

-Sözü mən çağırmıram. O özü öz ayağıyla  gəlir və mən burdayam ,- deyir. Yəqin ki yollaşırıq.

 

 -75 yaşlı gənc şəhərimizə arzunuz Şəhərimizin 75 illik yubileyi ərəfəsində istək və təklifləriniz?* 

 

-Şəhərimiz günü -gündən gözəlləşir. Gözəlləşməyində davam etsin!

 

-Bəs peşəkar yazar kimi gənc ədiblərə nə tövsiyyə edərdiniz?

 

-Yazarlarımız, xüsusən də əllərinə təzə qələm alanlar sözə hörmətlə yanaşsınlar! Klassiklərimizi oxusunlar!

Ən azından şeirin texnikasını öyrənsinlər. İndi təzə- təzə nəsə yazmağa başlayanlar   qoşma ilə gəraylını qarışdırır, heca hesabı düz gəlmir, vəzn nə deyən şeydi, anlamırlar.

İstər nəzm, istərsə də nəsr əsərĺərində çoxlu yanlışlara rast gəlirik.

 

 -Ürəyinizdən keçən bir şeir?

 

-Bu sevgi beləcə yox ola bilməz,

Bu sevgi beləcə itəmməz, gülüm.

Bu eşqin yerində mən əkilmişəm,

Burda başqa Sevgi bitəmməz, gülüm.

 

Ömürdü, ölümdü, kölgədi, izdi,

Nəğmədi, nəşədi, kəlmədi, sözdü,

Məhəbbət atəşdi, məhəbbət közdü 

Məhəbbət, mənfəət güdəmməz, gülüm.

 

Bu dünya sevgidən çox ola bilməz,

Bu dünya sevgisiz tox ola bilməz,

Bu sevgi beləcə yox ola  bilməz,

Beləcə baş alıb gedəmməz, gülüm.

 

Söhbətləşdi: Gülnarə CAMALƏDDİN

AYB Sumqayıt Bölməsinin rəhbəri

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ