“TRAMP UKRAYNANIN BÜTÖVLÜYÜNÜ TƏMİN EDƏCƏK...” – “Onun erməni diasporu ilə heç vaxt bağlılığı olmayıb”

09/11/2024 - 14:12

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “AzPolitika”-ya müsahibəsində ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun xarici siyasətində mümkün dəyişikliklər, Azərbaycan - ABŞ münasibətlərindən gözləntilər, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Asim bəy, artıq ABŞ-nin yeni Prezidenti Donald Trampdır. Sizcə, onun bir qədər gözlənilməz olan qələbəsi hansı amillərlə bağlıdır? Trampın növbəti prezidentlik dönəmindən gözləntiləriniz nədən ibarətdir?

- Donald Trampın Amerika Birləşmiş Ştatlarında yüksək zirvəyə qayıtması onunla bağlıdır ki, o, prezident olarkən ABŞ iqtisadiyyatı sürətlə inkişaf etdi. Tramp özünün və ABŞ-nin nüfuzundan istifadə edərək demək olar ki, hər yerdə müharibələrin qarşısını ala bildi. Xatırlatmaq istərdim ki, Azərbaycan da öz qələbəsini məhz Donald Tramp hakimiyyətdə olarkən qazandı. O, çox gözəl anlayırdı ki, Azərbaycan haqlı mövqedədir və sadəcə, BMT-nin qətnamələrini icra edir. Ona görə də Tramp dövründə Azərbaycana heç bir təzyiq olmadı. Trampın erməni diasporu ilə heç vaxt bağlılığı olmayıb. Onun əsas siyasəti ABŞ-nin inkişafı ilə bağlıdır. Yenidən prezident seçilərkən də bəyan etdi ki, onun əsas məqsədi müharibələri dayandırmaq, iqtisadi inkişaf üçün çalışmaq və müttəfiq dövlətlərlə əməkdaşlığı genişləndirmək istiqamətində olacaq.

Düşünürəm ki, ABŞ-nin həm Avropa Birliyi ölkələri ilə, həm də Azərbaycanla münasibətlərində köklü dəyişikliklər olacaq. Ölkə başçısı da Trampa təbrik məktubunda bunu ifadə edib. Əminəm ki, artıq şərait yaranıb və Azərbaycan ABŞ ilə strateji əməkdaşlıq istiqamətində öz münasibətlərini bərpa edəcək.

- Yəni, belə düşünürsüz ki, bu münasibətlər Prezident Co Bayden dönəmində pisləşdi?

- Co Bayden və onun komandası, erməni diasporu ilə sıx əməkdaşlıqda olan şəxslər Azərbaycan - ABŞ münasibətlərinə xələl gətirib. Bundan tək Azərbaycana zərbə dəyməyib. Zərbə ilk növbədə ABŞ-nin maraqlarına dəyib. Çünki Azərbaycan ABŞ ilə milli təhlükəsizlik sahəsində hər zaman tərəfdaş olub. Məsələn, Əfqanıstanda olan əməliyyatları xatırlatmaq istərdim. ABŞ-nin Əfqanıstana gediş-gəlişi, onların hərbi kontingentinin oradan sağ çıxarılması Azərbaycan və Türkiyənin dəstəyi hesabına baş vermişdi. Biz ABŞ ilə terrorla mübarizədə tərəfdaş olmuşuq. ABŞ-yə terror hücumundan sonra Azərbaycan Prezidenti bəyan etdi ki, biz terrora qarşı tərəfdaşlıqda bir olacağıq və sözünün üstündə də durdu. ABŞ ilə enerji sahəsində hər zaman əməkdaşlığımız yaxşı olub. Çünki Azərbaycan ABŞ-nin ən əsas müttəfiqlərini enerji ilə təmin edib və bu istiqamətdə Vaşinqton da Azərbaycana dəstək verib. Lakin çox təəssüf ki, erməni icması Demokrat Partiyasının bir sıra nümayəndələri ilə sıx əməkdaşlıq qurdu və nəticədə münasibətlər zəiflədi. Xatırlatmaq istərdim ki, hal-hazırda korrupsiyada ittiham olunan senator Menendes ermənilərin əsas səsi olub. Tramp öz kampaniyası zamanı demişdi ki, o ABŞ-də ən çirkin, xəyanətkar konqresmendir. Menendes Azərbaycana qarşı hər zaman təzyiq yaratmağa çalışır.

- Amma biz seçki ərəfəsində Trampın ağzından da “artsax erməniləri” kəliməsini eşitdik...

- Bu, seçkilərlə bağlıdır. Ola bilər ki, onun seçki kampaniyasında olan müşavirlərindən biri ermənilərin səslərini tam itirməmək üçün belə bir təklif verib.

Mən həm də inanıram ki, Trampın dövründə haqsız hücumların qarşısı alınacaq. Söhbət Türkiyəyə olan hücumlardan gedir. ABŞ siyasi sistemi elədir ki, orada bir çox diasporaların üzvləri var. Erməni diasporu da 100 ildən artıqdır ki, ABŞ-dədir və türk nifrəti ilə yaşayır. Siyasi nüfuzları, təsir göstərmək imkanları, mediada gücləri var. Erməni diasporunun bütün fəaliyyəti məhz vəsait toplayaraq öz lobbiçilik fəaliyyətini gücləndirmək istiqamətindədir. Digər tərəfdən, hazırda erməni diasporu qorxu içindədir. Çünki Azərbaycan - Ermənistan münaqişəsi bitdi. Azərbayan və Türkiyə Ermənistanla normal münasibətlər qura, bölgədə sabitlik yarana bilər. Bu isə erməni diasporuna sərf etmir. Belə olan halda onlar nə edəcək? Necə maliyyə toplayacaqlar? Panika içərisindədirlər... Həm ABŞ-də, həm də Fransada olan lobbi çox ağır vəziyyətdədir. Onlar problemi olmayan Ermənistandan qorxuarlar. Onlara problemlər, faciələr lazımdır. Erməni diasporundan asılılığı olmayan Tramp çalışacaq ki, hər hansı bir diasporun təsirləri sülh prosesinə maneçilik törətməsin. Mən arzulayıram ki, həm də Orta Şərqdəki qarşıdurmaların qarşısının alınması yönündə addımlar atılsın.

- Bəs Ukraynadakı müharibənin taleyi necə olacaq?

- ABŞ çalışacaq ki, qısa müddətdə bu müharibəni dayandırsın. Bu, doğrudan da çox acınacaqlı müharibədir. Hər gün uşaqlar qətlə yetirilir, şəhərlər bombalanır, mülki vətəndaşlar həlak olur. Hesab edirəm ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır və çox güman ki, Trampın buna gücü çatacaq. Trampın Rusiya rəhbərliyi ilə şəxsi münasibətləri yüksək səviyyədə olduğuna görə, o, öz nüfuzundan istifadə edərək çalışacaq ki, yaxın müddətdə bu müharibə bitsin.

- Müharibə bitə bilər, amma hansı şərtlərlə?

- Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi təmin olunmalıdır. Əks halda, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək olar. Trampın əsas açıqlamaları müharibəni dayandırmaqdan ibarət olub. Bunun üçün də siyasi qətiyyət nümayiş olunmalıdır. Tramp bunu edəcək.

- Yaxın Şərqdəki vəziyyətə də toxunmaq istərdik. ABŞ-də seçkilər keçirilən zaman İsraildə Baş nazir Benyamin Netanyahu müdafiə nazirini vəzifəsindən azad etdi, onun yerinə xarici işlər naziri gətirildi. Bununla bağlı İsraildə aksiyalar var idi. Sizcə, Trampın gəlişi Yaxın Şərq siyasətinə nə verəcək?

- Ümidvaram ki, Trampın “Abraham Akord” adlandırdığı, yəni ərəb ölkələri ilə İsrailin münasibətlərini tənzimləyərək sabitlik yaratmaq, münasibətləri yüksək səviyyəyə qaldırmaq siyasəti yenidən bərpa olunacaq. Düşünürəm ki, Tramp bu istiqamətdə hansısa imkanlardan istifadə edərək sülh yaratmaq prosesini davam etdirəcək. Son vaxtlar Avropada, Ukraynada baş verən hərbi əməliyyatlar onu göstərir ki, etnik təmizləmələri həyata keçirmək istəyən qüvvələr hər zaman çalışır ki, qadınları və uşaqları öldürərək mülki əhali arasında vaihimə yaratsınlar. Azərbaycan bunu çox yaxşı bilir. Qarabağda etnik təmizləmələr prosesində məhz ilk növbədə qurbanlar, qadınlar, uşaqlar olub. Azərbaycan öz qələbəsi ilə bu prosesə son qoydu. Fürsətdən istifadə edərək xalqımızı təbrik etmək istəyirəm. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Silahlı Qüvvələri qurbanlar verərək ərazi bütövlüyümüzü təmin edib. Azərbaycan qalib xalqa çevrilib. Biz öz strategiyamızı həyata keçirməliyik. Sabitlik, əməkdaşlıq, tərəfdaşlıq əsasında, hətta fərqli bir dəyərlərə arxalanan millətlərin də əməkdaşlığını yaratmaq olar. Əminəm ki, bu prosesə türk dövlətlərinin əməkdaşlığı da öz töhfəsini verəcək. Bölgədə əməkdaşlıq və tərəfdaşlığın mədəni zəmini var. Biz türk dövlətlərinin əməkdaşlığını inkişaf etdirərək enerji, ticarət, nəqliyyat sahəsində yeni sistemlər formalaşdıra bilərik. Bu sistem qitələri, xalqları birləşdirir.

Zamanından “Turan ideyası” Əli bəy Hüseynzadə tərəfindən yaradılmışdı və bu gün artıq biz buna yaxınlaşırıq.

- Trampın birinci prezidentlik dönəmində Avroatlantika məkanında ciddi çatlar yaranmışdı. Xüsusən, ABŞ-nin NATO-da təmsilçilik məsləsi gündəmə gəlmişdi. Bayden seçiləndən sonra demişdi ki, “Biz Trampın yaratdığı çatı bərpa etməklə məşğuluq, qlobal strategiyanı bütövləşdirməyə çalışırırq”. Siz bu kontekstdə Trampın yeni dövründən nə gözləyirsiz?

- İkinci Dünya müharibəsindən sonra ABŞ Avropa ölkələrinin bərpası üçün müəyyən proqramlar icra etdi, onlara dəstək verdi. Bu dəstək təbii olaraq müdafiə mövzusu ilə bağlı idi. Avropa ölkələri öz büdcələrinin 2 faizi həcmində belə müdafiəyə vəsait xərcləmək istmirdilər. Hər şeyi ABŞ qarşılayırdı. Avropa deyirdi ki, sosial problemlərimiz var və əhalimizn problemlərini müdafiədən üstün hesab edirik. Tramp da dedi ki, bəs bizim sosial problemlər necə olsun? Yardımı dayandırdı. Bu, gözlənilməz qarar idi. NATO deyərkən orada 2 əsas ordu var – ABŞ və Türkiyə. Türkiyə Silahlı Qüvvələri NATO-nun 2-ci ordusudur. Hər bir problemdə Türkiyə öndədir. Amma baxın, Türkiyəyə təhlükələr olanda münasibət necə olur? Türkiyəyə lazım olan bir neçə silahı belə verməyiblər. Müttəfiqsənsə, öz öhdəliyini düzgün yerinə yetirməlisən. Trampın mövqeyi də bununla bağlı idi.

- Bundan sonra necə olacaq? Avropanın öz ordusu yaradıla bilərmi?

- Avropa ordusuna ehtiyac yoxdur. Çünki NATO var. Sadəcə, NATO ölkələri üzərlərinə düşən xərcləri yerinə yetirməlidir. 

- Bəs Ukrayna siyasətində ABŞ-nin qərar dəyişikliyi olsa, Avropa özü ayrıca strategiya müəyyən edə bilərmi?

- Zənn etmirəm. İnanmıram ki, Avropa Birliyinin bu cür imkanları olasun.

- Amma Ukrayna ilə qonşudur...

- Məsələn, Fransa NATO-dan ayrılmışdı, hər şeyi özüm həll edə bilərəm deyirdi. Nə oldu? Burnundan vurdular və hər yerdən qovdular. Niyə? Çünki imkanları yox idi. Dünya sürətlə dəyişir. Dünyada müharibələrin formaları da dəyişir. Bu gün bizim 44 günük müharibəmiz bütün hərbi dərsliklərdə var. Nöqtə zərbələrlərlə, yeni texnologiyaların tətbiqi ilə prosesləri həll etdik. Bunu hamı bacarmır.

- Trampın qələbəsindən sonra İranla da bağlı məsələ aktuallaşıb. Tramp ilk hakimiyyəti dövründə İranın nüvə proqramı ilə bağlı “altılıq” sazişindən çıxdı, SEPAH generalı Qasım Süleymanini öldürdü. İndi yenə Yaxın Şərqdə vəziyyət qarışıb. İsrailə dəstək verən Trampın qayıdışı İrana qarşı hərbi əməliyyatları gündəmə gətirə bilərmi?

- İnanmıram. Amma Trampın gəlişi İranın nüvə proqaramlarına yeni baxış gətirə bilər. Ümumən isə Trampın qayıdışı hansısa müharibələri canlandırmayacaq. Əksinə o, siyasi üsullarla, hərbi əməliyyat keçirmədən mənfi proseslərin qarşısını alacaq.

- Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasıyla bağlı yekunlaşmayan proses var. Tramp dövründə bu istiqamətdə hansı dəyişikliklər ola bilər?

- Bayden dönəmində tərəddüdlər var idi. Bundan sonra sülh məsələsi iki ölkənin qərarları əsasında müəyyənləşəcək.

- ABŞ-nin diqtəsi olmayacaq?

- İnanmıram. ABŞ üçün Azərbaycan - Ermənistan münaqişəsi bəlkə də 200-cü yerdədir. Bizə gəlib çatana qədər ola bilsin, məsələ çoxdan həllini tapacaq. Bu gün sülhə kim mane olur?

- Məsələn, Fransa...

- Xeyr. Söhbət erməni diasporundan gedir. Bu diasporadan maliyyə qurşağı kimi istifadə edən, korrupsiyaya bulaşan siyasətçilərdən, mediadan gedir. Fransızlardan soruşsanız ki, Azərbaycan ilə Ermənistan haradadır, bilməyəcəklər. Amma diaspora yaxşı bilir...

- Trampın inauqurasiyasına 3 aya yaxın vaxt var. O vaxta qədər Bayden administrasiyası Ağ Evdə olacaq. Həm Ukrayna, həm bizim üçün demokratların hansı addımları ola bilər?

- Onların bu məğlubiyyətdən sonra addım atmağa halları belə qalmayıb. ABŞ-də Senat və Konqresə də seçkilər oldu və demokratların dəhşətli məğlubiyyəti ilə nəticələndi. Ona görə də düşünmürəm ki, Bayden oyanacaq və bizə qarşı hansısa addımlar atacaq.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ