"Məni ən çox həyat yoldaşım ağladır" - Məmməd İlqarın yeni müsahibəsi
Qafqaz.Media xəbər portalı AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin şair Məmməd İlqarla müsahibəsini təqdim edir.
Mənim təcnis dostum, gəraylı dostum,
Yaddaşı ilqarsız, ilqarlı dostum.
Sənin yaddaşının itdiyi gündən,
Mənim bütün dostlar çıxdı yadımdan.
(Sabir Sarvan)
(Xatırladaq ki, Məmməd İlqar keçirdiyi insult səbəbindən artıq uzun müddətdir yaddaşını itirib.)
- Necəsiz, Məmməd müəllim?
- Pis deyiləm, bala. Ancaq, heç, deyəsən, yaxşı da deyiləm.
- Ağrıyan yerinizmi var?
- Yox əşi, elə ağrıyan yerim-zadım yoxdu. Elə-belə dedim.
- Şairlər hardan gəlib, niyə bu dünya onları sıxır, darıxdırır?
- Mən şairləri ilahiləşdirməyi sevmirəm. Bilmirəm, yaxın dostlardan kiminsə sözüdür: “Bir ananın balasıdır şairlər", mənim də qənaətim belədir. (Oğlu Babək kömək edir: - Ağamalı Sadiq Əfəndinin sözüdür.) Ağamalının sözüdür? Ay sağ ol. Elə Ağamalı da sağ olsun. Sual necəydi, unutdum. (Oğlu yenə kömək edir: - Şairlər hardan gəliblər və niyə darıxırlar?) Darıxmaq... Mənim belə bir şeirim var:
"Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki gülünc dünyasanmış.
Çırpındım, uça bilmədim,
Barından keçə bilmədim.
Elə qapıların oldu -
qılıqsız aça bilmədim...
Anan ölsün, gidi dünya..."
Məncə, sualınızın cavabı elə bu şeirdədir. (Oğlu yenə düzəliş edir: "İntəhası, şeirin müəllifi sən yox, Ağamalı Sadiq Əfəndidir"). Bilirəm hə, Ağamalınındır. (- Sən dedin, mənim şeirimdir, - oğlu xatırlatmağa çalışır.) Mən elə şey demərəm. Ağamalının şeiridir! (Qətiyyətlə deyir, həm də elə bil əsəbiləşir oğluna.) Bu sualınızın cavabı ölümdə gizlənib. Ölməmiş bu sirri faş etmək mümkünsüzdür. Ancaq insan dünyaya gəldisə, bütün hallarda əxlaqlı olmalıdır. Özünü tərbiyə etməlidir. Başqalarının yaşayışına yaxşı mənada təsir etmək gücündə deyilsə, o adamlara zərər də verməməlidir. İnsanı digər canlılardan fərqləndirə biləcək əsas keyfiyyət də məncə budur.
- Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
- Şəhər rəhbəri Şakir Abışovdumu? Mənim dostumdu. (Qətiyyətlə deyir. Araya xeyli sükut çökür.)
(Düzəliş edirəm:) - Xeyir, Məmməd müəllim, Zakir Fərəcovdu şəhərin rəhbəri. Şəhərimiz üçün, mədəniyyətimiz üçün xeyli işlər görüb, ədəbiyyata, sözə, sənətə dəyər verir.
(Susur) - Eləmi, bala?
- Bəli, Məmməd müəllim.
- Nə bilim, ay bala, mən çoxdandı Sumqayıta getmirəm, kənddə oluram... (Gözləri yol çəkir) Elədirsə, demək onu rəhbər təyin etməkdə yanılmayıblar. İşlərində uğurlar arzulayıram Zakir müəllimin. Allah köməyi olsun!
- Sizi daha çox nə güldürür və nə ağladır?
- Üzümü nəvəm İlqar güldürür bircə, hardadı o? (Gözü İlqarı gəzir.)
- Bəs sizi nə ağladır, Məmməd müəllim?
- Nə ağladır yox, xanım, kim ağladır soruşsaydınız, mən də deyərdim, Fatma (həyat yoldaşını deyir) ağladır. (İstehzayla gülümsəyir.)
- Ölüm var olmaqdı, sizcə?
- Ölümdən nə çox danışdıq (gülümsəyir yenidən). Elə ölülər var ki, aramızda yaşayır. Yəni yaddaşımızda, könlümüzdə yaşayır. İnsan haçan unuduldusa, bu onun ölümüdür.
- AYB Sumqayıt bölməsinin işindən razısınızmı?
- Hal-hazırda heç kimdən narazı deyiləm.
- 75 yaşlı gənc şəhərimizə arzunuz? Şəhərimizin 75 illik yubileyi ərəfəsində istək və təklifləriniz?
- Sumqayıtı nəzərdə tutursunuz da?
- Bəli. Bu il şəhərimizin 75 illik yubileyidir. Yeri gəlmişkən, üzümüzə gələn bu yaxın aylarda sizin də 75 yaşınız tamam olur. Bəri başdan sizi təbrik edib, uzun, sağlam ömür arzulayıram sizə. Həmyaşıdınız sayılan doğma şəhərimizə - Sumqayıtımıza arzularınızı eşitmək istəyərdik.
- Əmin-amanlıq arzulayıram. Evlərimizdən körpə qığıltılarının, körpə gülüşlərinin səsi gəlsin. Ağ yuxular yatıb, aydın sabahlara çıxsın Sumqayıtımız.
- Ürəyinizdən keçən bir bənd şeir?
- "Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış..."
(Yenə Ağamalı Sadiq Əfəndidən bu parçanı deyir.)
Gülnarə Cəmaləddin
Qafqaz.Media