“Azərbaycana ən böyük təhlükə Gürcüstan ərazisindədir” – KEÇMİŞ MTN ZABİTİNDƏN SENSASİON MÜSAHİBƏ
Taryel Əliyev: “Lakin bu təhlükə oradakı Qərbpərəst yox, tamamilə başqa qüvvələrdir”
“Gürcüstanda, xüsusilə şiə təriqətinə məxsus olan insanlar arasında İran rejiminin təsiri hədsiz dərəcədə artmışdır”
Müsahibimiz Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevdir. Onunla müsahibəmizdə siyasi gündəmi müzakirə etdik.
- Taryel müəllim, sizi oxucularımıza necə təqdim edək?
- Mənim özüm haqqında pafoslu ifadələr işlətmək xasiyyətim yoxdur. Siz məni sadəcə belə təqdim edin ki, əslən Borçalıdanam, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm, ehtiyatda olan polkovnikəm.
O ki qaldı oxucuların məni necə qəbul etməsinə, bu artıq bizim söhbətimizdən, verilən suallara nə dərəcədə peşəkar, obyektiv və ədalətli cavab verməyimdən asılı olacaqdır.
- Siz uzun müddət təhlükəsizlik orqanlarında çalışmısınız. Bu baxımdan, ilk olaraq quru sərhədlərimizin hansı səbəbdən bağlı qalması haqda fikirlərinizi bilmək istərdik...
- Məlum olduğu kimi, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayında “Covid” pandemiyasına görə bağlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasının başa çatmasına dair rəsmi mövqeyinə baxmayaraq, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. İndiyə qədər sosial şəbəkələrdə və mətbuatda bunun səbəbləri barədə fərqli fikirlər söylənilmişdir. Burada həm Azərbaycan Hava Yollarının (AZAL) inhisarçılığı və “pul qazanması” ilə bağlı məsələlər, həm də təhlükəsizlik məsələləri qeyd olunurdu. Lakin Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev son çıxışlarında quru sərhədlərin məhz təhlükəsizlik məsələlərinə görə bağlı olduğunu bəyan etmişdir...
- Sizcə, burda daha çox hansı ölkədən gələ biləcək təhlükədən söhbət gedir?
- Təbii ki, dövlət başçısı təhlükənin mənbələri barədə açıq fikirlər bildirməmişdir və bu, tamamilə doğru yanaşmadır. Bununla bərabər, çoxsaylı siyasətçilər, politoloqlar, geo-politiklər də təhlükənin hardan gəlməsi barədə keçən vaxt ərzində olduqca maraqlı fikirlər bildirmişdir. Bəziləri bu təhlükəni Rusiya-Ukrayna müharibəsi, bəziləri İran-İsrail arasında münasibətlərin gərginləşməsi, bəziləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmaması ilə əlaqələndirmişlər. Hətta yaxın günlərdə adını unutduğum siyasi şərhçilərdən biri belə fikir də səsləndirdi ki, Gürcüstanda Qərbyönümlü qüvvələr mövcuddur və təhlükə məhz Qərbyönümlü qüvvələrdən gəlir.
Lakin mən bu fikirlərin heç biri ilə tam razı deyiləm. Rusiya-Ukrayna müharibəsi, döyüş əməliyyatları Azərbaycandan çox uzaqda həyata keçirilir. Eyni zamanda, nə Rusiya, nə də Ukrayna quru sərhədlərini bağlı saxlamır. O cümlədən, həmin döyüş ərazilərinə bizdən daha yaxın olan digər dövlətlərin də quru sərhədləri açıqdır. İsrail və İran arasında gərginlik həmişə olub, zaman-zaman aktiv fazaya keçir və zaman-zaman sakitləşir. Odur ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalmasının bu münaqişələrlə heç bir əlaqəsi yoxdur.
Sərhədlərin açılmasının Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması ilə əlaqələndirilməsi isə heç bir real vəziyyətə əsaslanmır. Belə ki, 1994-cü ildə atəşkəs əldə olunandan sonra, hətta aktiv döyüş əməliyyatlarının aparıldığı dövrdə Azərbaycanın quru sərhədləri bağlı deyildi. Baxmayaraq ki, bu müddət ərzində həqiqətən də Ermənistan tərəfindən real təhlükə mövcud idi. Lakin 2020-ci ildə Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti sayəsində 44 günlük müharibədə və sonrakı antiterror əməliyyatları zamanı Ermənistan tərəfindən gələn təhlükə tamamilə aradan qaldırılmışdır. Bu baxımdan, hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində bəzi xarici dövlətlərə bağlı olan qrupların ara-sıra atəşkəsi pozmasını istisna etsək, şəxsən mən Ermənistandan Azərbaycana qarşı heç bir təhlükə görmürəm...
- O halda bu təhlükə hardan gələ bilər?
- Bayaqkı suala cavabda bəzi şərhçilərin təhlükənin Gürcüstandakı Qərbmeylli qüvvələrdən gəldiyi haqda fikir söylədiyini xatırlatdım. Mənim fikrimcə, quru sərhədlərinin bağlı qalmasına səbəb olan təhlükə məhz Gürcüstan ərazisindədir. Lakin bu təhlükə oradakı Qərbpərəst qüvvələr yox, tamamilə başqa qüvvələrdir. Mən hələ milli təhlükəsizlik orqanlarında işlədiyim dövrdə bizim cənub qonşumuz İran İslam Respublikasının Azərbaycana qarşı açıq və gizli fəaliyyətinin müəyyən detalları ilə tanış olmuşam. Həm o vaxt, həm də indi molla rejiminin Azərbaycana qarşı həyata keçirdiyi fəaliyyətin kökündə dini bağlılıq və şiə təriqətçiliyi xüsusi olaraq qabardılırdı. Lakin Azərbaycan Respublikasının xüsusi xidmət orqanları keçmişdə olduğu kimi, indi də Azərbaycan ərazisində bu cür meyllərə qarşı çox böyük peşəkarlıqla mübarizə aparmış və onların qarşısını almağı bacarmışdır. Eyni sözləri Gürcüstan barədə söyləmək olmaz. Gürcüstan dövləti və Gürcüstan hüquq-mühafizə orqanları bu məsələyə Azərbaycandakı qədər həssas münasibət göstərməmişdir. Nəticədə Gürcüstanda, xüsusilə şiə təriqətinə məxsus olan insanlar arasında İran İslam Respublikasının təsiri hədsiz dərəcədə artmışdır.
- Belə çıxır ki, İran rejiminin Borçalıdakı fəaliyyəti Gürcüstan hakimiyyətinin maraqlarına da cavab verir...
- Mən belə bir iddia irəli sürmək istəməzdim. Görünür, bu təhlükə birbaşa Gürcüstanın özünə yönəlmədiyi üçün onlar məsələyə dırnaqarası baxmışlar. Eyni zamanda, Azərbaycanın xaricdə yaşayan azərbaycanlılarla əlaqəli işləri görməli olan orqanları və rəhbər şəxsləri uzun illər Gürcüstan azərbaycanlılarına kifayət qədər diqqət ayırmamışlar. Özlüyündə bu, geniş söhbətin mövzusudur. Bu vəziyyətdən istifadə edən İran rejimi dini mədrəsələrdə təhsil almaq, maddi yardımlar göstərmək, biznes fəaliyyətinə dəstək vermək və s. adlarla özlərinə müəyyən qədər tərəfdar toplaya bilmişlər. İş hətta o yerə gəlib çatmışdır ki, uşaqlıqdan tanıdığımız və hörmət bəslədiyimiz, müəyyən dövlət qurumlarında çalışmış şəxslər də məscidlərdə sinə vurmaqla məşğuldur. Bununla yanaşı, molla rejimi Azərbaycanda etmək istədiyi, lakin nail ola bilmədiyi digər bir məsələyə də orada nail olmuşdur - Borçalıda və Gürcüstanın digər ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı geniş şəbəkələr yaratmış və onlar hazırda da fəaliyyətdədir. Mən hesab edirəm ki, quru sərhədlərin açılmasına mane olan və təhlükəsizliklə bağlı deyilənlər məhz İran rejiminin təsiri altına düşmüş Gürcüstan vətəndaşlarıdır.
- Təhlükəsizlik əməkdaşı kimi sizin fikrinizi bilmək istərdik, bu adamlar Azərbaycana hansı təhlükəni yarada bilərlər?
- Məlum olduğu kimi, Azərbaycana həm hava, həm də quru yolu ilə giriş-çıxış kifayət qədər nəzarət altındadır. Yəni sərhədi keçən hər hansı şəxsin silah, partlayıcı maddə və bu kimi təhlükəli əşyalar keçirməsi mümkün deyil. Quru sərhədlərin bağlı olması Azərbaycana zərər vura biləcək şəxslərin kütləvi şəkildə gəlməsinin qarşısını alır. Yəni Azərbaycana düşmən olan qüvvələrin təhlükəsizliyimizə zərər verə biləcək addımları kütləvi tədbirlər vasitəsilə mümkün ola bilərdi.
- Bir halda ki, söhbət ölkəmizə silah-sursat keçirilməsi ilə bağlı narahatçılıqdan getmir, o zaman həmin təhlükəli şəxslər hava yolu ilə gələ bilməzlər?
- Şübhəsiz ki, hava yolu ilə də ölkəmizə Azərbaycana dost olmayan şəxslərin gəlişi mümkündür. Lakin bu zaman quru yolla olduğu qədər kütləvilik əldə etmək mümkün deyil. Hava yolu ilə gələn belə azsaylı şəxsləri isə hüquq mühafizə orqanları ifşa və cinayət məsuliyyətinə cəlb etməkdə çətinlik çəkmirlər.
- Hesab edirsiniz ki, AZAL-ın bilet qiymətlərinin baha olması da bu kütləviliyin qarşısını almaq üçündür?
- AZAL-ın biletlərinin baha olması barədə fikirlər var. Lakin bəzi hallarda bu fikirlər sadəcə söz xatiri üçün deyilir. Əgər səyahəti əvvəlcədən planlaşdırıb, biletlər əldə olunarsa, AZAL-ın biletləri o qədər də baha sayılmaz. Bununla yanaşı, Azərbaycan Hava Yolları ölkəmizdə sərnişin daşınması ilə məşğul olan yeganə şirkətdir. Bu da özlüyündə inhisarçılığın göstəricisidir və konkret situasiyalarda biletlərin baha olmasına gətirib çıxarır. Eyni zamanda qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın daxilində təhlükəsizliyə heç bir təhdid yoxdur. Yəni bu məntiqdən çıxış etsək, demək, Azərbaycan Respublikasının vətəndaşlarından ölkəmizdə təhlükəsizliyə təhdid yoxdur. Ona görə, vətəndaşların müəyyən kateqoriyası üçün (məsələn, əslən Borçalıdan olanlar) quru sərhədlərin açılmasını və quru sərhədlər açılana qədər Azərbaycan Respublikası vətəndaşlarının həmsərhəd dövlətlərə xarici səfərləri zamanı təyyarə biletlərinə güzəştlərin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Dövlətin öz təhlükəsizliyini təmin etməsi üçün lazımi tədbirlər görməsi çox anlaşılandır, lakin bunun vətəndaşların əlavə xərcə düşməsi hesabına edilməsini düzgün saymıram.
- Təhlükəsizlik məsələsindən söhbət düşmüşkən, bu gün, xüsusilə parlament seçkiləri ərəfəsində Gürcüstanda da təhlükəsizliklə bağlı ciddi narahatçılıqlar var. Siz burdakı prosesləri necə görürsünüz?
- Ümumiyyətlə, seçki ciddi bir siyasi prosedurdur. Seçki ərəfəsində müxtəlif qüvvələrin aktivləşməsi kifayət qədər realdır. Sözsüz ki, regionda marağı olan bəzi qüvvələr var. Daha doğrusu, iki əsas qüvvə var. Bunun biri Rusiya, digəri isə Qərb və ABŞ-dır. Mən Borçalı əsilli bir şəxs kimi, Gürcüstanda hər iki qüvvənin fəaliyyətinin əyani şahidiyəm. Mixail Saakaşvilinin Qərb dəyərlərini rəhbər tutaraq hakimiyyətə gəlməsi və hakimiyyətdə olduğu 8 il ərzində Gürcüstanda aparılan islahatlar və ölkənin inkişafı danılmazdır. Qısa müddət ərzində korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparıldı, demokratiyaya doğru vacib addımlar atıldı, insan haqlarının vəziyyəti xeyli yaxşılaşdırıldı. Lakin onun da idarəçiliyində müəyyən səhvlər mövcud idi. Sonrakı dövrdə Rusiyayönlü qüvvələr Saakaşvilinin həmin səhvlərindən məharətlə istifadə edərək, hakimiyyətə gələ bildilər. Hakimiyyətlərinin ilk dövrlərində Qərb dəyərlərinə sadiq olacaqlarını vurğulasalar da, get-gedə həmin yoldan uzaqlaşmanın şahidi oluruq. Əlbəttə, seçim Gürcüstan xalqınındır. Lakin hazırda Rusiyanın Gürcüstanda aktivliyi daha çox hiss olunur və əldən verdikləri mövqeləri geri qaytarmağa çalışırlar. Hətta buna da xeyli dərəcədə nail olublar. Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağı, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılacağı kimi vədlərlə indiki hakimiyyət seçkilərdə qələbə qazanmağa çalışır. İnzibati resursların mövcudluğu da hakim “Gürcü Arzusu” partiyasının qələbə qazanacağı ehtimalını artırır.
- Düşünürsünüz ki, Rusiyadan fərqli olaraq Qərb və ABŞ Gürcüstan xalqını, xüsusilə də buradakı Qərbmeylli vətəndaşları taleyin ümidinə buraxıb?
- Saakaşvili hakimiyyətdən getdikdən sonra indiki hakimiyyət onun Qərb ölkələri qarşısında götürdüyü öhdəliklərin bir çoxundan imtina edib. Ona görə də Qərb və ABŞ Gürcüstana ayrılan maliyyə yardımlarını dayandırmaq, onun Avropa Birliyinə və NATO-ya üzvlüklə bağlı atılmış addımlardan geri çəkilmək yolunu tutublar. Yenə də qeyd edirəm ki, seçim Gürcüstan xalqınındır, öz gələcəklərinə hansı yolla davam etməyə onlar qərar verməlidir. Şəxsən mən hesab edirəm ki, Gürcüstan vətəndaşları Saakaşvilinin hakimiyyəti dövrünü uzun müddət nağıl kimi xatırlayacaq.
- Yəni Gürcüstanda Qərbmeylli qüvvələrin hakimiyyətə gəlmək şansının olmadığını düşünürsünüz?
- Saakaşvilinin hakimiyyəti Gürcüstanı Rusiya imperiyasının təsirindən çıxarmaq üçün unikal bir şans idi. Çox təəssüf ki, gürcü xalqı əllərində olanın qədrini bilmədi.
- Belə bir vəziyyətdə Gürcüstanda vətəndaş qarşıdurması ehtimalı varmı?
- Seçkidən sonra Gürcüstanda hər hansı qarşıdurma olacağını zənn etmirəm. Hazırkı hökumət 12 ildir hakimiyyətdədir, yəni artıq 3 dəfə seçiliblər, 4-cü seçkiyə gedirlər. Bu müddət ərzində kifayət qədər oturuşublar, xeyli sosialyönümlü layihələr həyata keçiriblər. Üstəlik, Gürcüstan müxalifəti hazırda seçkini udacaq qədər gücə malik deyil. ABŞ və Qərb də sanki Gürcüstandan əllərini üzüblər. Düşünürəm ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Qərbə meylli fəaliyyəti Ermənistanı ABŞ və Qərbin gözündə Gürcüstana bir alternativ kimi meydana çıxarır.
- Yeri gəlmişkən, bu gün Azərbaycanda da bir sıra siyasi təhlilçilər Gürcüstandakı seçkilərlə bağlı Qərbi ittiham edir, Rusiyapərəst mövqe nümayiş etdirirlər. Sizcə, bütün bunlar hardan qaynaqlanır?
- Azərbaycandakı bəzi siyasi təhlilçilər nəinki Gürcüstandakı seçkilərlə, ümumilikdə hər bir məsələ ilə bağlı Qərbi ittiham edir və Rusiyapərəst mövqe göstərirlər. Son dövrlər bu, xüsusilə qabarıq nəzərə çarpır. Hesab edirəm ki, Gürcüstanda olduğu kimi, Azərbaycanda da Rusiyanın təsiri hələ kifayət qədərdir və zaman-zaman bu qüvvələr özlərini büruzə verirlər.
- Sözlərinizdən belə anlaşılır ki, Azərbaycandakı məlum siyasi təhlilçilər də Moskvanın, yaxud da “5-ci kolon”un sifarişi ilə danışırlar...
- Mənim buna heç bir şübhəm yoxdur. Azərbaycanın müstəqilliyini bərpa etdiyi 33 ildən bəri Rusiya Azərbaycandakı maraqlarını heç vaxt gizlətməyib, hər zaman bizə problemlər yaradıb. Rusiyaya bağlı “5-ci kolon” proseslərin müəyyən mərhələsində aktivləşib, bəzən isə fəaliyyətlərini azaldıblar. Hazırda Ermənistanla sülh müqaviləsinin ciddi müzakirə olunduğu, bəzi Qərb ölkələrinin Azərbaycana qarşı ikili siyasət yürütdüyü bir dövrdə Rusiyapərəst qüvvələrin aktivləşməsi anlaşılandır.
- Deməli, Gürcüstan tamamilə Rusiyanın nəzarətinə keçir, Ermənistan isə, əksinə, Kremldən üz döndərərək Qərbmeylli siyasi kurs götürür. Belə bir vəziyyətdə Cənubi Qafqazı nə gözləyir və burada Azərbaycanın yerini və rolunu necə görürsünüz?
- Əslində, hazırda nə Gürcüstanın tamamilə Rusiyanın nəzarətinə keçdiyini, nə də Ermənistanın Kremldən üz döndərərək Qərbmeylli siyasi kurs götürdüyünü, yəni Rusiyadan qopacağını birmənalı şəkildə demək mümkün deyildir. Hər şeyi gələcək göstərəcək. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olaraq, balanslaşdırılmış xarici siyasətini davam etdirməlidir. Məni narahat edən odur ki, son dövrlər ümumilikdə Rusiyaya meyllilik artmışdır. Lakin hesab edirəm ki, bu, xarici siyasətimizdə balansın pozulması deyildir.
- Sizinlə müsahibə haqda söhbət edərkən daha çox ölkədəki vəziyyət, sosial durumla bağlı danışmağı qərara almışdıq. Lakin gedişat məsələləri siyasi müstəviyə aparıb çıxardı. Bu baxımdan, fəaliyyətinizlə bağlı oxucularımız üçün maraq doğuracağı nöqteyi-nəzərdən bir məsələ haqda da fikrinizi bilmək istərdik. Vaxtilə sahibi barəsində cinayət işi apardığınız “Hürriyyət” qəzetinə müsahibə vermək sizdə hansı hissləri doğurdu?
- Hazırda cəmiyyətimizdə, sosial şəbəkələrdə və mətbuatda müzakirə olunan əsasən iki istiqamət mövcuddur. Biri siyasi ekspertlərin, təhlükəsizlik mütəxəssislərinin, geo-politiklərin “inhisarında” olan hadisə və proseslər, digəri isə ucuz şou-biznes xəbərləri və yersiz qalmaqallardır. Cəmiyyəti böyük mənada narahat edən çoxsaylı sosial problemlər vardır. Biz müsahibə verərkən bu məsələləri işıqlandırmağı razılaşmışdıq. Quru sərhədlərinin bağlı olması məhz o sahə ilə əlaqəli olduğuna görə, ordan başlayan sual Cənubi Qafqazdakı siyasi proseslərə qiymət verməyə qədər gəlib çıxdı. Mən özümü nə siyasi ekspert, nə təhlükəsizlik eksperti hesab etmirəm, amma cəmiyyətə maraqlı və faydalı ola biləcək xeyli məlumata malikəm və müzakirələrə açığam.
Bəli, 1998-ci ildə “Hürriyyət” qəzetinin əvvəlki sahibi Qurban Məmmədov barədə cinayət işinin istintaqını aparmışam. İndi bu qəzetə müsahibə vermək mənim üçün daha rahatdır. Çünki cinayət işinin istintaqı və məhkəməsi gedən dövrdə demək olar ki, qəzetin hər buraxılışında barəmdə xeyli məlumatlar verilmiş, hətta lətifələr də yazılmışdı.
- Bu gün həmin cinayət işi barədə mətbuatda getməyən, bizə məlum olmayan hansısa maraqlı məqamı deyə bilərsinizmi?
- Həmin cinayət işinin mahiyyəti ilə bağlı mətbuatda hansı məlumatların getdiyi mənim dəqiq yadımda deyil. Oxucular üçün nəyin maraqlı olduğunu da indi deyə bilmərəm. Həmin cinayət işinin başlanmasına səbəb olmuş hallar və işin gedişatı haqda nə vaxtsa ətraflı söhbət edərik.
Qafqaz.Media