“Narkomaniyadan xilas olmaq üçün insanları depressiyaya salan amilləri azaltmalıyıq” – SOSİOLOQDAN MARAQLI MÜSAHİBƏ

06/03/2024 - 16:54

Mail Yaqub: “Əgər Azərbaycanda narkomaniya çoxalsa, cəmiyyət iflasa uğrayacaq”

“Yoxsul ailələrdə narkomaniyaya qurşanma halları çoxdur”

Müasir dövrdə narkomaniyanın bəşəriyyətin bəlasına çevrildiyi hər kəsə bəllidir. Əslində, bu, həm də cəmiyyətdə baş alıb gedən sosial fəsadların meydana gətirdiyi sonucdur. Odur ki, problemə məhz sosial prizmadan nəzər salmaq üçün tanınmış sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqubla söhbətləşdik.

- Son iki ildə Azərbaycanda narkomaniyaya qarşı mübarizə aparılsa da, nəticələr ürəkaçan deyil. Belə ki, mübarizənin dövlət səviyyəsində getməsinə baxmayaraq, nə narkomanlar, nə də ölkəmizə narkotik axını azalmayıb. Bir sosioloq kimi necə düşünürsünüz, cəmiyyət olaraq harada boşluqlara yol veririk ki, nəticə effektiv olmur?

- Çox gözəl sualdır. Bu onu göstərir ki, hər hansı bir cinayətə qarşı mübarizədə təkcə hüquqi prosedurlar kifayət etmir. Hüquqi cəza mexanizmi labüddür, vacibdir, bu aksiomadır. Bunu hamı bilir. Heç kim inkar edə bilməz. Sadəcə olaraq, bəzən təkcə hüquqi prosedurlar mexanizmi kifayət etmir. Burada başqa məsələlər də lazımdır. Misal üçün, bir insan intihar edirsə, hansı cəza mexanizmi ilə onun qarşısını ala bilərik?

- Bu mümkün deyil.

- Mümkün deyil, çünki o adam özünü öldürür, intihar edir. Deməli, burada başqa prosedurlar da işə düşməlidir. Gəlin ondan başlayaq ki, ümumiyyətlə, cəmiyyətdə narkotikə sövq edən amillər hansılardır? Onların kökünü kəsmək lazımdır. Tam kəsə bilməsək də, heç olmasa, bu səbəblərlə mübarizə aparaq. Bu səbəblərdən biri heç şübhəsiz ki, işsizlikdir. Bu tam səbəb deyil. Yəni ola bilər ki, bir adamın çox yaxşı işi və sənəti var, amma yenə də narkotikə qurşanır. Narkotikə qurşanmağın səbəblərindən biri, buna zəmin yaradan amillərdən biri işsizlik ola bilər. Deməli, işsizlik problemini aradan qaldırmağa çalışmalıyıq. Çünki başı işə qarışan insanlarda pis vərdişlərə qurşanma ehtimalı azalır. Amma istisnalar da var.

İkinci səbəb ünsiyyət məsələsidir. Bu artıq fərdlərə qayıdır. Əgər insan özü pis vərdişlərdən çəkinmək istəyirsə, o mühiti dəyişməlidir, situasiyanı dəyişməlidir. Tədqiqatçılar deyir ki, pis vərdişlərdən yaxa qurtarmağın əsas şərtlərindən biri onun situasiyanı dəyişməsidir. Əgər sənin dostların, mühitin narkotik aludəçisidirsə, sən də özünü ona sövq edəcəksən. Bundan yaxa qurtarmaq istəyirsənsə, dostlarını dəyiş.

Üçüncüsü, təhsil məsələsidir. Əgər cəmiyyətdə kitab oxumaq səviyyəsi çoxalarsa, intellektual səviyyə artarsa, bu da narkotikə qurşanmanın qarşısını almaqda mühüm amillərdən biridir. Amma yenə də tam səbəb deyil. Misal üçün, bir insan ola bilər ki, yüksək intellekt sahibidir, amma o da narkotikə qurşana bilər.

Dördünücü səbəb odur ki, cəmiyyətdə nəyə çalışmalıyıq? Pozitiv əhvalı qorumağa çalışmalıyıq. Təəssüflər olsun ki, bizdə televiziyalarımız bunu səhv başa düşüblər. Elə düşünüblər ki, düşük, səviyyəsiz yumorlarla insanlarda pozitiv əhval yüksəldə bilərlər. Səhv yanaşmadır. Yüngül, yersiz, səviyyəsiz yumor insanı, əksinə, depressiyaya sala bilər. Çünki o yumorlar insanı dalana dirəyir. O yumorlar mənasızlıq, mənasız həyat aşılayır. Mənasızlıq insanı dalana dirəyir. Əgər bir cəmiyyətdə ümumi tendensiya mənasızlığı, nihilizmi aşılayırsa, o cəmiyyətdə insanların narkotikə qurşanma ehtimalı çoxdur.

Bəs nə etməli? Yunan filosofları deyirdi ki, intellektual həzz ən yüksək həzzlərdən biridir. Bu nə deməkdir? Əgər cəmiyyətdə intellektual səviyyə yüksələcəksə, kitab oxumaq səviyyəsi yüksələcəksə, insanların bir çoxu bundan həzz alacaq və həzzi artıq narkotikdə axtarmayacaq. Əgər insanlar dərin mənalı, güclü yumordan həzz alsalar onlarda həm pozitiv əhval yüksələcək, həm də pis vərdişlərə tərəf getmə ehtimalı azalacaq.

İnsanlar narkotikdən həzz alır ki, depressiyadan çıxsın. Deməli, biz depressiyaya salan amilləri azaltmalıyıq.

Başqa bir amil - cəmiyyətdə konfliktləri azaltmalıyıq. Azərbaycanda hər hansı bir zəmində - istər dini, istər ideoloji, istər milli zəmində konflikt, ayrı-seçkilik yaradan ünsürlərin qarşısı alınmalıdır. Cəmiyyətdə konfliktlər nə qədər çoxalsa, bir o qədər də depressiya, stress çoxalacaq və bu insanları pis vərdişlərə tərəf sürükləyəcək. İnsanlar narkotikdən həzz alır ki, depressiyadan çıxsın. Deməli, biz depressiyaya salan amilləri azaltmalıyıq. Problemin kökləri oradadır. Sosioloqlar deyir ki, bir sosioloji hadisənin, misal üçün, narkotik, boşanma, intihar, təhsildə problemlər və s. bir səbəbi olmur, minlərlə səbəbi olur. Minlərlə səbəb əl-ələ verib bir nəticə yaradır. Narkotikə qurşanma bir nəticədir. Bunun min dənə səbəbi var. Mən bayaq onları sadaladım ki, onları aradan qaldırmalıyıq. Sual olunur, bəs, o səbəbləri aradan qaldırmağa potensialımız varmı? Azərbaycanda güclü, mənalı yumor yaza bilən ssenaristlərimiz varmı? Bəli, var. İstedadlı rejissorlarımız, aktyorlarımız varmı? Bəli, var. Azərbaycanda intellektual səviyyəyə yatırım etməyə maliyyə imkanlarımız varmı? Bəli, var. Dövlət büdcəsi ayrılır, sadəcə vəsait yerlərdə düzgün xərclənmir. Bizim bu səbəbləri aradan qaldırmaq üçün ÜmumAzərbaycan düşünən mütəfəkkir ziyalılarımız varmı? Bəli, var. Dövlət onlara dəstək verməlidir, onlara qucaq açmalıdır. Konflikt yaradan ziyalıları rədd etməlidir. Onlar bu cəmiyyətin düşmənləridir. Onlar insanlar arasında ayrı-seçkiliyə, diskriminasiyaya yol açırlar və bu, insanlarda depressiya yaradır. Bunun fəsadları ağır olur.

- Belə anlaşılır ki, sadaladığınız səbəblər ictimai depressiya yaradır və insanların da həzz obyekti yanlış yerə - narkotiklərə istiqamətlənir…

- Bəli. Ailədə övlad-valideyn münasibətləri düzgün tənzimlənməyəndə övlad narkotikə qaçır. Niyə? Çünki həzz axtarır. Ailə mühiti onun üçün maraqlı, caizbədar olmayanda övlad həzzi başqa yerdə axtarır. Sizə sual verim: Azərbaycan televiziyalarında, dövlət televiziyası da bunun içində olmaqla, hələ “YouTube” platformalarını demirəm, bizim neçə verilişi sadalaya bilərsiniz ki, ailə konfliktlərini azlatmağa xidmət edir? Dövlət televiziyalarında ailə-valideyn-övlad məsələlərini tənzimləyən neçə verilişimiz var?

- Belə verilişlər yoxdur. Bu məsələləri Xoşqədəmlə Zaurun verilişləri “tənzimləyir”…

- Bəli, bəli, onlar cəmiyyəti dəli edirlər. Onlar cəmiyyəti psixoloji gərginliyə salırlar. Sonra da deyilir ki, narkotiklə mübarizə aparırıq. Narkotiklə mübarizəyə nə qədər pul xərclənsə də xeyri yoxdur, səbəblər yerində qalır.

- Təbii ki, insanın yetişməsində ailə faktoru önəmli yer tutur. Sizin fikrinizdən belə anlaşılır ki, bayağı verilişlərin sayəsində ailə dəyərlərinin əhəmiyyətini itirməsi övladların narkotikin cənginə düşməsinə təsir edir…

- Şübhəsiz. Gəlin özümüzə belə bir sual verək. Nəyə görə bir yeniyetmə, gənc insan, lap 25-30-35-40 yaşında bir insan narkotikə qurşanır? Təbii ki, narkotikə aludə olanların statistikasına baxsaq, bu daha çox yeniyetmələr və gənc yaşda olan insanlardır. Ona görə ki, o, narkotikdə həzz axtarır, həzz almaq istəyir. O adam həzzin ünvanını itirib. Biz o həzzin ünvanını ailə münasibətlərində, evdə, ailə ocağında, yaxud işdə yaratsaq, onlarla düzgün ünsiyyət qursaq, mehriban olsaq, sözlərini kəsməsək, dəyər versək o uşaqlar həzzi narkotikdə axtarmayacaqlar. Sizi buna əmin edirəm.

Əgər Azərbaycanda narkomaniya çoxalsa, cəmiyyət iflasa uğrayacaq. Sağlam cəmiyyət yetişdirə bilməyəcəyik. Sağlam cəmiyyəti olmayan ölkənin sağlam dövləti ola bilməz

- Narkotikə meyllənmənin səbəbləri arasında təhsilin də adı çəkilir. Sizcə, bunda təhsilin öz rolunu yerinə yetirə bilməməsi, keyfiyyətinin aşağı düşməsi amili nə qədər rol oynayır?

- Məktəb və müəllim 2-ci valideyndir. Müəllimlər uşaqların ikinci valideyni hesab olunur. Bu o qədər vacib şərtdir ki, ikinci valideynlər, yəni müəllimlər öz missiyasını düzgün yerinə yetirməyəndə bu uşaqlarda psixoloji gərginlik yaradacaq. Ona görə, təhsil sistemi çox vacibdir. Biz təhsil sisteminə dönə-dönə qayıtmalıyıq, onu möhkəmləndirməliyik. Təhsilsiz cəmiyyətdə min dənə problem baş verir. Bizim cəmiyyətdə bir çox problemlərin həlli məhz güclü təhsildən keçir. Orta məktəbdə, universitetlərdə təhsilə nəzarət güclənməlidir. Ölkə inkişaf etmək istəyirsə, birbaşa güclü təhsilə keçir. Həm təlim-tərbiyə, həm də intellekt baxımından.

- Bəs, bu problemlərin həlli üçün hansı yeniliklərə ehtiyac var?

- Birinci, müəllim faktoru çox önəmlidir. Təhsil proqramları, dərs proqramları bir tərəfə, müəllimlərin sosial təminatı həll edilməlidir. İkinci məsələ, müəllimlərin özünün etik davranışlarına nəzarətdir. Əgər müəllim özünün etik davranışlarını tənzimləmirsə, uşağı təhqir edirsə, sonradan daha uşaqdan hörmət gözləməsin. Mən özüm 11 il müddətində universitetdə müəllim işləmişəm, 5 mindən çox tələbəyə dərs demişəm. Mənə görə, yükün əsas hissəsi müəllimlərin üzərinə düşür. Müəllim şagirdini sevsə, ona dəyər versə şagird də o sevgini müəllimə qaytaracaq. İstisnalar da ola bilər. Amma yükün 60-70 faizi müəllimlərin üzərindədir. Təhsil sistemində müəllimlərin təminatına yüksək diqqət ayrılmalıdır. Orta məktəbimiz təəssüflər olsun ki, bu gün repetitorların hücumuna məruz qalıb. Niyə? Çünki müəllimin orta məktəbdə təminatı zəifdir, gedib repetitorluq edir ki, pul qazansın, özünü təmin etsin. Bu da təlim-tərbiyə problemi yaradır. Çünki, əgər sinifdə uşaq tərbiyə almırsa, repetitorluqda savad öyrənə bilər, tərbiyə yox. Məktəbin funksiyası təkcə bilik vermək deyil, həm də tərbiyə, yəni əxlaq, mənəviyyat verməkdir.

Üçüncüsü, bizdə hər min şagirdə bir psixoloq ştatı ayrıbılar. Bu çox azdır. Bu rəqəm ən azı 10 psixoloq olmalıdır. Onlar mütəmadi olaraq şagirdlərlə işləməlidirlər. Mən eşitmişəm ki, bir çox məktəblərdə psixoloqların adı var, özü yoxdur. Biz bu məsələlərə çox diqqət ayırmalıyıq. Əgər Azərbaycanda narkomaniya çoxalsa, cəmiyyət iflasa uğrayacaq. Sağlam cəmiyyət yetişdirə bilməyəcəyik. Sağlam cəmiyyəti olmayan ölkənin sağlam dövləti ola bilməz. Xəstə insanlarla, xəstə vətəndaşlarla heç vaxt sağlam ölkə qurula bilməz.

- Narkomaniya birbaşa dövlət təhlükəsizliyinə təhdiddir.

- Əlbəttə, birbaşa təhdiddir. Dövlət bu məsələyə ciddi diqqət ayırmalıdır. Mənə elə gəlir ki, “Dövlət Baba” bu məsələləri tənzimləmək istəyir və daha çox əmək sərf etməlidir. Dövlətdən çox şey asılıdır.

- Mail bəy, bəzi ekspertlər bu fikirdədir ki, Azərbaycanda narkotik ticarəti ittihamı ilə tutulan şəxslər ən azı 15-20 il müddətinə həbs cəzasına məhkum edilməlidir. Sizcə, bu addım narkomaniyanın azalmasına, yaxud kökünün kəsilməsinə nə qazandıra bilər?

- Şübhəsiz ki, bayaq dediyim prosedurlar vacibdir. Əgər hüquq bu məsələdə kəskin olsa, şübhəsiz problemin qarşısını almağa dəstək göstərəcək. Amma tam ala bilməyəcək. Bayaq sadaladığım sahələrə diqqət ayrılmalıdır. Az öncə sizə sual verdim, Azərbaycan teleməkanında və “YouTube” platformasında bu məsələlərə həsr edilmiş neçə verilişin adını çəkə bilərsiniz? Bizim 10 min psixoloqumuz var, amma bir dənə televiziya kanalı tanımıram ki, bu problemlərdən danışır. Mübarizə təkcə hüquqi prosedurlar deyil.

Statistika göstərir ki, narkomaniya aludəçiləri arasında yoxsulların sayı çoxdur. Yoxsul ailələrdə narkomaniyaya qurşanma halları çoxdur

- Deməli, cəmiyyəti tərbiyə istiqamətində, maarifçilik sahəsəində də işlər getməlidir.

- Bəli. Hüquq şərtləşsə şühəbsiz təsiri olacaq, amma yetərli deyil. Bəzi ölkələrdə edam cəzası var, amma yenə də narkomaniyanın qarşısını ala bilmirlər, əksinə, günü-gündən çoxalır. Niyə? Çünki yoxsulluq var. Statistika göstərir ki, narkomaniya aludəçiləri arasında yoxsulların sayı çoxdur. Yoxsul ailələrdə narkomaniyaya qurşanma halları çoxdur. Yoxsul ailələrdə valideynlərin uşaqlarla məşğul olmağa çox vaxtı olmur. Bu da tam deyil, ümumiləşdirmirəm. Uşaqlar baxımsız qalır və pis vərdişlərə qurşanırlar. Ona görə, biz yoxsulluqla mübarizə aparmalıyıq, iqtisadi inkişafımızı təmin etməliyik. Probelmlərin çoxunun qaynağı iqtisadi məsələlərdən gəlir.

- Mail bəy, həbsxanalardakı şəraitlə bağlı da fikrinizi öyrənmək istəyirəm. Həbsxanalarda həddən çox sıxlıq var. Bir tərəfdən də hər bir məhbusun saxlanılması üçün dövlət vəsait sərf edir. Amma cəmiyyətdə bir qism insan var ki, onlar həbsdə yatmağı azadlıqda olmaqdan daha üstün tuturlar. Bunlar avara, tüfeyli tipli şəxslərdir. Sizcə yaxşı olmazmı ki, cəzaçəkmə müəssisələrində onlar üçün iş yerləri açılsın, onlar faydalı əməklə məşğul olsunlar, həm dövlətə yük olmasınlar, həm də yığılan pulu həbsdən çıxandan sonra cəmiyyətə adaptasiya olana qədər xərcləsinlər ki, dolana bilsinlər?

- Hüquq fəlsəfəsində belə bir sual var. Cəzanın məqsədi nədir: sırf cəzalandırma, yoxsa islah etmə? Suala belə cavab verilir ki, hüququn məqsədi islah etməkdir. Ona görə, bu yanaşmanı qəbul edənlər edam cəzasını məqbul hesab etmirlər. Edam olunanda islah olunmaq ehtimalı yoxdur axı. Bu səbəbdən, mən sizinlə tam razıyam ki, biz həbsxanalarımızı təlim mərkəzlərinə çevirə bilərik. İslah və təlim mərkəzlərinə. Hətta biz orada dustaqlara təlimlər keçə bilərik. İnsan necə islah olur? Öyrənəndə islah olur. Hər hansı kitab oxuyuram, islah oluram, hansısa mövzuda gözəl bir çıxışı dinləyirəm, islah oluram, gözəl bir insanlar ünsiyyətdə oluram, islah oluram. İnsan bu cür islah olur. Həbsxanalarımızda o şərait mütləq yaradılmalıdır və islah mərkəzinə çevrilməlidir. Mən bunu çox arzu edərdim. Ümidvaram ki, elə bir zaman gələcək, Azərbaycanımız iqtisadi baxımdan inkişaf edəcək, yoxsulluq aradan qalxacaq, depressiyaya düşən insanlarımızın sayı minimuma enəcək, narkotik aludəçiləri minimuma enəcək.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ