“Narkomaniyanın yayılmasına səbəb təhsilsizlik və valideynlərin diqqətsizliyidir” – MİLLƏT VƏKİLİ

23/12/2023 - 13:26

Jalə Əhmədova: “Valideynlər övladları ilə daha sıx ünsiyyətdə olsa, problemləri vaxtında aşkarlayar”

Azərbaycanda narkomaniya problemindən çıxış yollarının tapılması ilə bağlı son vaxtlar təkcə rəsmi qurumlar deyil, müxtəlif təşkilatlar, media subyektləri, mütəxəssislər və ayrı-ayrı fərdlər də aktiv fəaliyyət göstərir. Çünki, cəmiyyət olaraq, düşmən qüvvələrin ölkəmizdə narkomaniyanın inkişafında maraqlı olduğunu, gəncliyimizi məhv etmək üçün narkotikdən bir “silah” kimi istifadə etdiyinin fərqindəyik. Təsadüfi deyil ki, zaman-zaman bir sıra millət vəkilləri də bu məsələyə diqqət ayırır və problemin həlli ilə bağlı təkliflərlə çıxış edirlər. Həmin millət vəkillərindən biri də Jalə Əhmədovadır. Stopnarkotik.az-ın əməkdaşı Jalə xanımla söhbətində ölkəmizdə narkomaniyanın və narkotik ticarətinin genişlənmə səbəbi və yaranmış böhrandan çıxış yollarına aydınlıq gətirməyə çalışıb. Buyurun, izləyin.

- Jalə xanım, Azərbaycanda narkomaniya sürətlə yayılır. Son iki ildə bu sahədə ciddi mübarizə aparılsa da, müsbət irəliləyiş əldə etmək mümkün olmur. Çıxışlarınızda siz də bu mövzuya toxunduğunuzdan, bir sıra suallara sizinlə müsahibəmizdə cavab tapmaq istədik. İlk olaraq ölkəmizdə narkoticarətin və narkomaniyanın sürətlə yayılmasının səbəbləri barədə fikirlərinizi bilmək istərdik…

- İlk öncə bu önəmli məsələyə toxunduğunuz üçün çox təşəkkür edirəm. Həqiqətən də hazırda cəmiyyətimizdə və bütün dünyada ən böyük problemlərdən biri narkomaniyanın sürətlə yayılmasıdır. Və çox təəssüf ki, bu problemin yaşı günü-gündən gəncləşir. Mənim subyektiv fikrim ondan ibarətdir ki, bu problem bir az ailələrimizin, yaxınlarımızın, əzizlərimizin diqqətsizliyi, qayğısızlığı ilə bağlıdır. Çünki nəzarət üçün hər bir vətəndaşın yanına Daxili İşlər Nazirliyinin bir əməkdaşını qoya bilmərik. Burada nəzarət kimə düşür: əsasən ailələrimizə, valideynlərə, əzizlərimizə. İnsanlarımızda bir az laqeydlik var. Bəzi məsələləri görürüksə, görməməzlikdən gəlirik…

- Sizcə, vətəndaşlarımız problemin ciddiyətini anlamır, yoxsa başqa səbəb var?

- Belə deyim, ailələrdə hər iki valideyn işləyir və bəzi məqamları sezmirlər. Valideynlər övladları ilə daha sıx ünsiyyətdə olsa, problemləri vaxtında aşkarlayar. Uşaqlarımız valideynlər, müəllimlər tərəfindən daha çox diqqət mərkəzində olmalıdırlar. Bizim cəmiyyətdə bəlkə də belə bir məsuliyyətsizlik var: “nəyimə lazımdır”, ”mən niyə yaxınlaşmalıyam, niyə deməliyəm?”, “pis qəbul olunar” və s.. Amma mən düşünürəm ki, valideyn olaraq hər birimiz, hətta qonşunun övladında, məktəbdə övladlarımızın sinif yoldaşlarında belə, hansısa bir məsələni görürüksə, mütləq valideyninə çatdırılmalıdır. Necə qəbul edəcəklərindən asılı olmayaraq, bunu Allahımızla vicdanımız arasında mütləq valideyninə çatdırmalıyıq ki, baxın, sizin övladınızda biz bunu gördük.

Yadınızdadırsa, bizim gənc olduğumuz dövrdə sosial qınaq var idi. Məktəbdə müəllim, yaxud digər valideyn övladlarımızda hansısa lazım olmayan, neqativ məqamları görəndə, məsələn, siqaret çəkmək, yaxud digər hərəkətləri görəndə dərhal valideynə müraciət edirdi, məlumatlandırırdı. Düşünürəm ki, bu çox önəmlidir. 

- Yeri gəlmişkən, sovet dönəmində və müstəqilliyimizin ilk illərində də narkomaniya problem mövcud olub. Lakin o zaman bu problem paytaxtdan kənara çıxmırdı. Amma bu gün çox təəssüf ki, narkotik ucqar bölgələrədək gedib çatıb. Sizcə, bu nə ilə bağlıdır?

- Mən bir bölgə deputatı, bölgədə vətəndaşlarla sıx ünsiyyətdə olan bir millət vəkili olaraq onu deyə bilərəm ki, vətəndaşlarımızda bir az məsuliyyətsizlik əmələ gəlib, kimsə bu sözlərimi yanlış qəbul etməsin. Ümumiyyətlə, müasir dövrün ən böyük problemi məsuliyyətsizlikdir. İndiki gənclərimizdə isə bu məsuliyyətsizlik daha çox var, mən bunu müşahidə edirəm. Xüsusilə bölgələrdə insanlar daha rahata qaçmaq istəyirlər, sosial şəbəkələrdə, TikTok-da gördükləri həyatı yaşamaq istəyirlər. Nələri isə daha asan əldə etmək istəyirlər. Bu da gətirib insanların məşğulsuzluğuna çıxarır. Yəni, belə deyək, işlə məşğul olmaq istəmirlər. Hansısa özünüikişafla məşğul olmaq istəmirlər və lazımsız istiqamətə üz tuturlar. Mən problemi bununla bağlayıram. Gördüklərim, müşahidə etdiklərim budur. O da belə lazımsız vərdişlərə gətirir. Gənclər lazımsız insanların əhatəsinə düşürlər, lazımsız vərdişlərə qurşanırlar. 

- Gənclərin narkotiklərə aludəçiliyinin bir sıra sosial-psixoloji səbəbləri də sadalanır. Necə düşünürsünüz, narkomaniyanın yayılmasında təhsilsizlik və işsizlik kimi sosial səbəblər digərlərindən daha çox öndədir?

- Birmənalı. Təhsilsizlik mənim üçün ən önəmli, ən prioritet səbəbdir.

- Xüsusilə rayonlarda belədir?

- Bəli, bölgələrimizdə xüsusilə belədir. Təəssüf ki, hələ də bu dövrdə biz erkən nigahlarla üzləşən bir dövlətik. Bu, reallıqdır. Həmçinin, bölgələrimizdə təhsilə hələ də lazımi önəmi, lazımi dəyəri vermirlər. Bu da, birmənalı, bütün problemlərin bünövrəsini təşkil edir. Təhsil sistemi daha yüksək olanda, insan savadlı olanda pis vərdişlərdən daha tez çəkinir, daha uzaq durur. Sizə elementar bir misal gətirim. Auditoriya görmüş bir gənclə auditoriya görməmiş bir gənci müqayisə etsək, nə qədər fərqlər üzə çıxacaq. Yəni bu, mənim üçün önəmlidir. İşsizlik də onun kimi. Amma mən işsizliyin səbəbini yenə də vətəndaşımızda görürəm. Ən çox müraciət olunan məsələ iş məsələsidir. Və biz işlər təklif edəndə vətəndaş o işlərdən imtina edir.

- Bəyənmir?

- Bəli, o işi bəyənmir. Biz vətəndaşa izah etməyə çalışırıq ki, axı, sənin ali təhsilin yoxdur, sən 9-cü sinifdən sonra təhsilin ardınca getməmisən, bir peşəyə sahib deyilsən. Yəni sənin sosial statusuna uyğun iş yoxdur.

- Bəs, bu nə ilə bağlıdır?

- Dediyim kimi, insanlar rahata qaçmaq istəyirlər, rahata üz tuturlar. “Qoy mən evdə oturum, dövlətdən sosial yardım alım” - bax, buna üstünlük verirlər. Mən bunu çox müşahidə etmişəm.

- Jalə xanım, mənə elə gəlir ki, burada sovet dövründən qalmış – “qoy dövlət mənim üçün hər şey etsin” sindromu da özünü biruzə verir.

- Mütləq şəkildə.

- Görünür, bu da gənclərə ailələrdən ötürülür...

- İnanın mənə, sizə tam səmimi deyəcəyəm, dövlət tərəfindən həyata keçirilən o qədər gözəl layihələr var ki, vətəndaşlar bunlardan xəbərsizdir. Onlara deyəndə ki, bax, filan layihə var, filan sərəncamla bağlı məsələlər gündəmdədir, xəbəriniz varmı? Deyirlər, xeyr. Çünki sosial şəbəkələrdə insanlar daha çox əyləncə mahiyyətli məsələlərə üstünlük verdiklərindən, maarifləndirici məsələlərlə maraqlanmırlar. Bütün dövlət qurumlarının saytları var və saytlarda da özünüz izləsəniz görəcəksiniz ki, məşğulluqla bağlı elanlar var, hansısa kurslar, təlimlər var, qeyd olunur. Hər zaman Daxili İşlər Nazirliyinin saytında təbliğat, maarifləndirmə işləri gedir, vətəndaşlara müraciət olunur ki, sosial işlərə cəlb olunun, sosial işlərdə aktiv olun. Amma vətəndaşların çoxunun bundan xəbəri yoxdur. Xüsusən də bölgələrdə. Əyləncə xarakterli saytlara daha çox üstünlük verilir.

- Bir sıra dövlət qurumları, QHT-lər və ekspertlər narkomaniyaya qarşı təbliğat işləri aparırlar. Əgər görülən işlərin effektivliyi azdırsa, sizcə, bunun səbəbi nədir? Nəyi dəyişmək lazımdır ki, təbliğatın təsiri artsın?

- Çox gözəl məqamı vurğuladınız. Bununla bağlı qeyri-hökumət təşkilatlarına dair mənim bir sıra müsahibələrim olub. Bu qeyri-hökumət təşkilatlarının sırasında həqiqətən də iş görən təşkilatlar var. Və çox təəssüf ki, reklam xarakterli hansısa qrantları əldə etmək naminə çalışan təşkilatlar da var. Bilirsiniz, son dövrlərdə cənab Prezidentin sərəncamı ilə qeyri-hökumət təşkilatları ilə işbirliyi aparan mərkəzimiz yarandı. Onların fəaliyyəti məni çox qane edir. Qeyri-hökumət təşkilatlarının işlərinə daha yaxından monitorinq aparmağa başladılar. Həqiqətən də işləyən QHT-lərlə işləməyən QHT-lərin arasında fərqlər üzə çıxamağa başladı. Onların gördüyü işlər, fəaliyyətləri barədə hesabat tələb olunur və monitorinq aparılır. Düşünürəm ki, bu fəaliyyət çox uğurlu olacaq və öz nəticəsini mütləq şəkildə göstərəcək. Yəni artıq QHT-lərin “ələkdən keçirilməsi” başlayıb. Əslində, QHT-lərin işləri çox mühümdür, önəmlidir, dövlət layihələrinə, siyasətinə dəstəkdir. Və o QHT-lərə təşəkkürümü bildirirəm ki, doğrudan da bu işlərlə məşğuldurlar.

- Sizcə, narkomaniyanın qarşısının kəsilməsi təbliğatdan nə qədər asılıdır və burada sosial-iqtisadi səbəblər rol oynayırmı?

- Mən problemin kökünü nə iqtisadiyyatda, nə də təbliğatda görürəm. Hər iki sahədə yetərli qədər fəaliyyət var. Mənim üçün bu məsələdə önəmli ailələrdir. Ailələrin özlərinin diqqətsizliyi, ailənin sosial problemlərinin həlli üçün çabalamaqları, nəticədə övladları ilə ünsiyyətin olmaması, övladlarımızın daha çox sosial şəbəkələrdə, TikTok-da vaxt keçirmələri, maariflənməmələri, məncə, əsas səbəblərdir. Övladla valideyn arasında dostluq olmalıdır, övlad valideyndən qorxmamalıdır. Övlad öz problemini, başına gələnləri, kiminləsə tanış olduğunu valideyninə rahatlıqla deməlidir ki, gedib digər şəxslərdən yardım, məsləhət almasın. Öz əzizlərindən hər birinə üz tutmağı rahat bacarsın. Bax, mənim üçün önəmli məsələlər budur.

- Demək, ilk olaraq ailələri maarifləndirməkdən başlamalıyıq…

- Mütləq şəkildə ailələrimizin maarifləndirilməsindən başlanılmalıdır. Çünki biz bu gənclərlə üzləşəndə görürük ki, valideynlər sonradan “dizlərinə döyürlər”. “Kaş ki, vaxtında övladıma qulaq asardım”, deyə peşmanlıq çəkirlər. Çox demirəm, axşam işdən sonra övladlarına, “bu gün nə etdin, günün necə keçdi” deyə sual verən, onlarla bölüşən, paylaşan nə qədər valideyn var?! İnanın ki, belə valideynlər çox azdır. Yəni buna mən çox böyük təlabat görürəm.

- Bəs, sizcə, bu proses hansı qurumlar tərəfindən aparılmalıdır?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən. Komitə mütləq şəkildə bu məsələ ilə bağlı işləməlidir və işləyir də. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi bununla bağlı işləyir. Mən düşünürəm ki, sadaladığım qurumların hamısının birgə fəaliyyəti olmalıdır. Hətta istərdim ki, Gənclər və İdman Nazirliyi də, yeri gələndə Səhiyyə Nazirliyi də bu işə qoşulsunlar. Cəmiyyət olaraq da, fərd olaraq da, dövlət qurumları olaraq da bir yerdə valideynlərə hər zaman deməliyik ki, övladlarınıza qarşı daha diqqətli olun. Tək özünüzün yox, bütün övladlara qarşı diqqətli olun, çünki onlar bizim gəncliyimizdir.

- Yəni “təkrar biliyin anasıdır”…

- Babamın bir sözü var idi, deyirdi sözü o qədər de ki, o insanın beyninə həkk olunsun. Həqiqətən də bu belədir. Nə qədər maarifləndirsək də, yenə azdır. Pulu da, qazancı da, işi də tapmaq olar, amma övladı narkomaniyaya qoşulandan sonra valideynin onu geri qaytarması çox gecdir və çətindir.

- Yeri gəlmişkən, indi narkomaniyanın yayılması ilə yanaşı, iqromaniya, qumar asılılığı da fəlakətli səviyyəyə çatıb. Qurbanları da gənclərdir…

- İnanın ki, bu dəqiqə alkoqolizm narkomaniya ilə bərabər həddədir. Burada insanların özlərinin də iradəsi olmalıdır. “Hər şeydə asan yola qaçım, bu problemi həll edə bilmədim, çıxış yolunu narkomaniyada tapım, alkoqolda tapım”… Çıxış yolu yenə də maarifləndirmədədir. İstiqamət yenə də savadlanmadır. Yəni hər şeyin bünövrəsi təfəkkürlü, savadlı insandan gəlir. Savadımız varsa, nələrisə əldə edə bilirik. Savadımız varsa, ətrafımız, çevrəmiz, dəstək olan insanlar var. Yəni hər şey bir-birinə zəncirvari bağlıdır. Bu, birmənalıdır.

 

Stopnarkotik.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ