Ermənistana 1 milyondan artıq Rusiya vətəndaşı gəlib - İrandan gələnlər də çoxdur
Bu ilin yanvar-sentyabr aylarında Ermənistana 9810 Türkiyə vətəndaşı səfər edib. Onların Türkiyədə yaşayan ermənilər olduğu bildirilir. “AzPolitika” xəbər verir ki, Ermənistan Respublikası Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlara görə, həmin dövrdə onlardan yalnız 9620 nəfəri Ermənistanı tərk edib. Müşahidə olunan dövr ərzində Ermənistana 37 642 Hindistan vətəndaşı səfər edib, 42 502 hindistanlı isə ölkədən gedib. Rusiya bu ilin 9 ayı ərzində Ermənistana səfər edən vətəndaşlarının sayına görə birinci yeri tutub - 1 milyon 89 min. Onlardan 1 milyon 79 mini geri dönüb. Qeyd edək ki, həmin dövr ərzində 42 483 Ukrayna vətəndaşı da Ermənistana səfər edib, lakin Ermənistanı tərk edən ukraynalıların sayı gələnlərin sayından çox olub - 43 314 nəfər. Ermənistana gələn xarici vətəndaşlar arasında sayına görə Gürcüstan ikinci yerdədir. Bu ilin ilk üç rübündə Ermənistana 296 941 Gürcüstan vətəndaşı gəlib, onlardan 292 237 nəfəri Ermənistan Respublikasını tərk edib. Üçüncü yerdə İran vətəndaşlarıdır: bu il 159 118 İran vətəndaşı Ermənistana səfər edib, onlardan 158 828 nəfəri həmin dövrdə geri qayıdıb. Bu ilin 9 ayı ərzində ABŞ-dan Ermənistana 59 963 vətəndaş gəlib, onlardan 57 834 nəfəri geri dönüb.
“AzPolitika.info”