Gürcüstan Baş prokurorluğu azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb
Gürcüstanın Baş Prokurorluğu azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsində kütləvi bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, prokurorluq faktla bağlı iki nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki və daha çox şəxsin sağlamlığına qrup halında qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi ilə ittiham irəli sürüb. Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin Muşevan (Dəllər) kəndində 7 nəfərə bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Təqsirləndirilən şəxslərin noyabrın 25-də saxlanıldığı qeyd olunub. Məlumata görə, iş üzrə 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bildirilib ki, artıq prokurorluq saxlanılanlara qarşı həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib. Qeyd edək ki, hadisə noyabrın 25-də Muşevan kəndində toy mərasimində baş verib. Məlumata görə, Muşevan və Darvaz kəndlərindən olan gənclər arasında mübahisə davaya çevrilib. İnsident zamanı Dəllər kəndindən 6, Darvaz kəndindən 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.