Ərzin əşrəfi

21/12/2024 - 05:52

Reyhan Mirzəzadə
publisist-politoloq

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə

Birinci hissəni bu linkdən oxuya bilərsiniz.

https://www.qafqaz.media/az/rzin-srfi.html

(2-ci hissə)

Danılmaz tarixi həqiqətdir ki, ərəb istilasından sonra Naxçıvan əsrlər
boyu Azərbaycanda bir-birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin
tərkibində olub. X əsr ərəb tarixçisi Əl – Kufi, Əbu – Müslümün Azərbaycan
şəhərlərindən biri olan Naxçıvanı tutmasını təsvir edib. XII əsrdə Yaqut əl –
Həməvi “Naxçıvan Azərbaycan şəhəridir” – deyib. Həmin əsrdə Mixitar
Qoş Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəgizi Naxçıvan
şəhəri və Naxçıvan əyalətinin hakimi adlandırıb. XIV – XV əsrlərdə Abd –ar
– Rəşid əl-Bakuvi Təbrizin Azərbaycan ölkəsinin paytaxtı, Naxçıvanın isə
Azərbaycanın gözəl şəhəri olmasını qeyd edib. XVI-XVIII əsrlərdə Şah
İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti dövründə Naxçıvan əsasən bu
dövlətin, bəzən də Osmanlı Türkiyəsinin tərkibində olub.
1736-cı ildə Nadir Qulu xan İran şahı elan olunandan sonra o,
Səfəvilər dövləti dövründə Azərbaycanda mövcud olmuş inzibati - ərazi
quruluşunu, yəni bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz (Azərbaycan) və
Naxçıvanın daxil olduğu Çuxur Sədd (İrəvan) bəylərbəyliklərini ləğv edib və
həmin ərazilərdən ibarət Təbriz şəhəri mərkəz olmaqla Azərbaycan vilayəti
yaradıb. Lakin bu vəziyyət də uzun sürməyib. 1747 – ci ildə Nadir şah
öldürüldükdən sonra Azərbaycan ərazisində müstəqil və ya yarımmüstəqil
xanlıqlar, o cümlədən Naxçıvan xanlığı əmələ gəlib. Bu xanlıqlar
Azərbaycanın xırda feodal dövlətləri olub. Onların təşkili hələ bir bayraq
altında vahid mərkəzləşmiş Azərbaycan dövləti yaranması demək olmayıb.
Lakin milli dövlətçilik xanlıqlar şəkilndə bərpa olunub.
1826-1829-cu illərdə ikinci Rusiya – İran müharibəsində Naxçıvan və
İrəvan xanlıqları Rusiyanın tərkibinə daxil olub.
Tarixdən göründüyü kimi, Naxçıvan ta qədimdən özünəməxsus
mədəniyyəti, incəsənəti ilə seçilib, dünya mədəniyyətinin inkişafı üçün
örnək, məktəb olub. Söz sənətinə də, şeirə, poeziyaya da məhəbbət
naxçıvanlıların qanına, mənəvi varlığına, ruhuna hopub. Naxçıvanda dünya
ədəbiyyatına, onun öyrənilməsinə daim böyük maraq göstərilib. Qürurverici
faktdır ki, doğma Naxçıvanımız və onun qədirbilən övladları humanist
birinciliklə tarixin səhifələrində nümunəvi iz qoymuşlar. Belə ki, dünya
şöhrətli məşhur rus şairi, dramaturqu, nasiri Aleksandr Sergeyeviç Puşkinin
əbədiyyətə qovuşmasından 24 il sonra, yəni 1861-ci ildə Naxçıvanın
Ordubad rayonunda 24 nəfər müəllim, agsaqqal və ziyalı, o cümlədən
Əliməmməd Əmirxanov, Paşabəy Cahangirov, Səməd Sultanov,
Sükürallah Abdulla oğlu, Ağası Nəzərbəyov, Nəcəfbəy Budaqov, Mirzə

Məmməd Ağasıyev, Mehdi Ağarza oğlu Ağasıyev və başqaları Puşkinin
Moskva şəhərində heykəlinin qoyulması təşəbbüsünü ilk dəfə olaraq irəli
sürmüş, bu iş üçün pul toplayıb Qafqaz Maarif popeçitilinə (idarə
başçısına) göndərmişlər. Bu barədə sənədlər Ermənistanın Mərkəzi Dövlət
Tarix Arxivində saxlanılır. Parlaq məvkurəli Naxçıvan ziyalılarının bu
mütərəqqi addımı Azərbaycan xalqının, əsərləri bəşəriyyətin ictimai fikir
xəzinəsinə, adı və xatirəsi isə ədəbi tarixin ən şərəfli bədii olimpinə ucalan
A.S.Puşkinə olan böyük ehtiramın bir nümunəsi idi.
Rusiya tərkibində olarkən belə, əsrlər boyu xalqlar arasında
münaqişələr yaradan erməni daşnakları yenə Naxçıvana el dilində desək,
gün verib, işıq vermirdi.
AMEA Naxçıvan bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa
Rəhimoğlunun (Quliyevin) yazdıqlarına diqqət edək: ( “525-ci qəzet” 23
iyun 2018-ci il)
“1918-ci ildə Naxçıvanda ağır tarixi-siyasi şərait yaranmışdı. Köməyə
gəlmiş Osmanlı ordu hissələri Naxçıvanı tərk edib getdikdən sonra
Naxçıvan işğalçı, qəddar erməni daşnakları ilə üz-üzə qalmışdı.
 Belə bir siyasi durum Naxçıvanın hərbi
işə bağlı  vətənpərvər insanlarını bir yerə toplaya bilmişdi. Bu qürurlu
insanlar anlayırdılar ki, güclü dövlət qurumuna və nizami hərbi döyüş
taborlarının təşkilinə böyük ehtiyac vardır. Ona görə də 1918-ci ilin
noyabrında Naxçıvanda Araz-Türk Cümhuriyyəti yaradıldı. Onun müdafiə
etmək istədiyi Azərbaycan torpaqları Naxçıvan, Şərur-Dərələyəz və
Ordubad mahalları, həmçinin, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli,
Mehri və digər yerlər idi. Araz-Türk Respublikasına aid sənədlərin
əksəriyyəti sovet hökuməti tərəfindən məhv edildiyindən onun haqqında
yazılanlar qaneedici deyil.
 Naxçıvan Araz-Türk Respublikasının yaradılması tarixi haqqında
bəzi tədqiqatçılar nədənsə yaranma tarixini, yerini və yaradıcılarını qarışıq
salırlar. Amma Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 314-cü
fondunda qorunan bir arxiv sənədi həqiqəti bir daha təsdiqləyir. Bu tarixi
sənəd Ordubad milli komitəsinin sədri Mir Hidayət Seyidovun
(Seyidzadənin) 22 dekabr 1918-ci ildə Azərbaycan Nazirlər Şurasının
sədrinə göndərdiyi məktubdur. Xatırladaq ki, Mir Hidayət bəy Seyidov
1918-ci il mayın 28-də Tiflisdə Milli İstiqlal bəyannaməsini imzalayan
vətənpərvər şəxsiyyətlərdən biridir. Və həm də İrəvanın ermənilərə
verilməsinə etiraz edən üç nəfərdən biridir.
 O, yazır: “Türklərin Qafqazdan gedişindən sonra bizim vəziyyətimiz
əvvəlkindən də pis oldu. Tiflis və Gəncəyə gedən yollar bağlandı, şəhərin
ərzaqla təmin olunması dayandırıldı. Məhz buna görə də 500 nəfərdən
ibarət dəstəmizi ləğv etdik, yalnız bir rotanı saxladıq. Çatışmazlıq bizim
təşkilatımızı əsaslı şəkildə zəiflətdi, biz kimə tabe olduğumuzu, kimdən
göstəriş aldığımızı bilmədik. Naxçıvan qəzasında və Şərurda müsəlmanlar
da belə vəziyyətə düşdülər, məhz buna görə də biz bir müsəlman

hökuməti, Araz hökumətini yaratmağı qərara aldıq. Əslində bu hökumət
Naxçıvan və Şərur müsəlmanları tərəfindən yaradılmışdır və bizə də
Gəncədən xəbərin gəlməsini, həmçinin Araz hökumətinin də eyni
istiqamətdə hərəkət etməsini nəzərə alaraq öz razılığımızı bildirdik. Araz
hökuməti yenicə yaranıb. Onun hansı formaya düşəcəyi məlum deyil. Son
vaxtlar ermənilər yenə də Zəngəzur qəzasına, bizə, yəni Şərura və İrəvan
qəzası müsəlmanlarına qarşı düşmənçiliyə başlayıblar. Onlar bizim
kəndlərimizə qaçmaqla xilas olublar. Zəngəzur qəzasında 20-yə qədər
kəndin əhalisi öz doğma yerlərini tərk edib, İrana, Qarabağa və bizə
(Naxçıvana) qaçmaqla xilas olublar. Ermənilər çalışırlar ki, Ararat dövləti
Türkiyə sərhədlərindən başlayaraq Şuşaya qədər gedib çatsın, həmin
yerlərdə isə bir nəfər də olsa müsəlman türkü yaşamasın.
 Andronikin dəstəsi Zəngəzur tərəfdən hücuma hazırlaşır. Belə bir ağır
gündə bizim fəaliyyətimiz barədə düşünməyinizi, bizim üçün hərəkət planı
tərtib etməyinizi xahiş edirik. Xahiş edirik ki, kiminlə vuruşduğumuz bizə
izah edilsin (rəsmi düşmənlə yaxud quldur dəstəsi ilə)”.
 Bu sənəddən də aydın olur ki, Araz -Türk Respublikası Naxçıvanda
naxçıvanlılar və şərurlular tərəfindən yaradılmışdır. Qeyd edək ki, 1918 -
1920 - ci illərdə istər Naxçıvan Müsəlman Milli Şurasında, sonralar Müdafiə
Komitəsində və Araz -Türk Respublikasında rəhbərliyi Cəfərqulu xan
Naxçıvanski etmişdir. Hətta Milli Şuraya və Araz -Türk Respublikasına
təsadüfi adamlar  az müddətə rəhbərlik etsələr də, Naxçıvana rəhbərlik
Cəfərqulu xanın ixtiyarında olmuşdur”.
Təqaüddə olan tarix müəllimi Vidadi Süleymanovun qeyd edir ki, Araz
-Türk Respublikası Naxçıvanın muxtariyyət statusu qazanmasında
mühüm rol oynamışdı.
Fevral-burjua inqilabından sonra Zaqafqaziyada, o cümlədən
Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvanda siyasi vəziyyət
mürəkkəb idi. 1917-ci ilin martında yaradılan Xüsusi Komitə, sonra onu
əvəz edən Zaqafqaziya Komissarlığı vəziyyəti sabitləşdirə bilmədi.
1918-ci il aprelin 22-də Azərbaycan, Gürcüstan və Ermənistan
nümayəndələrindən təşkil edilən SEYM də Zaqafqaziyada baş vermiş hərc-
mərcliyə son qoymağa qadir olmadı. Diyarda milli ədavət daha da qızışdı.
Əslində hər yerdə müharibə gedirdi, SEYM-də də daxili ədavət günü-
gündən şiddətlənirdi. Xüsusən erməni nümayəndələr ərazi iddiaları irəli
sürürdülər. Burada sovet diplomatı Q. V. Çiçerinin erməni millətçilərinin
riyakarlıqlarını səciyyələndirən bir fikrini xatırlatmaq yerinə düşər: “Bütün
Şərqdə işğalçı siyasətin aparıcıları, xarici kapitalın agentləri xain və satqın
erməni daşnaklarıdır”.
1918-ci ilin yazında Andronik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan
və Şərur - Dərələyəz quberniyalarına hücum etdi. Yerli əhaliyə kömək
məqsədi ilə həmin il avqustun 7-də türk paşası Kazım Qara Bəkir
Naxçıvana daxil oldu və erməni daşnak qüvvələrini darmadağın etdi. Buna
baxmayaraq, ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. Həmin ağır

vaxtlarda Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və
suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparırdı.
Cümhuriyyətin ölkəmizin ərazi bütövlüyünü qorumağa yönəlmiş
tədbirlərindən biri də Naxçıvan məsələsi idi. Çünki o dövrdə Naxçıvan ağır
illər yaşayırdı. Həmin dövrdə Naxçıvan məsələsi həm daxildə, həm də
beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin
kəsişdiyi düyün nöqtələrindən biri idi.
Belə bir çətin vəziyyətdə vətənpərvər qüvvələr Naxçıvan bölgəsini
erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın əvvəllərində Araz-
Türk Respublikasını yaratmağa nail oldular.
Əhalisi 1 milyon nəfər, ərazisi 8 min 696 kvadratmetr olan respublika
hökumətinin sədri Əmirbəy Nərimanbəyov, hərbi naziri isə İbrahimbəy
Cahangiroğlu idilər.
Araz -Türk Respublikasının elan edilməsi hələ lap keçmişlərdən
regional müstəqilliyə can atan Naxçıvan diyarı üçün böyük əhəmiyyət kəsb
edirdi. Respublikada tezliklə milis idarələri yaradıldı. Burada əsas diqqət
hərbi quruculuğa verilirdi. Bunun üçün türkəsilli Xəlil bəy hərbi müşavir təyin
edildi, Türkiyədən 300 əsgər və 5 zabit gətirildi.
1918-ci il dekabrın əvvəllərində gənc respublikanın silahlı dəstələri bir
neçə taborda birləşmişdilər. Baş Noreşen, Düdəngə və Zeyvə kəndlərində
yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər
taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi.
1918 - ci ilin dekabrında Ermənistan Respublikası Araz - Türk
Respublikasına qarşı genişmiqyaslı hücuma başladı. 1919-cu il yanvarın 8
- də təcili olaraq Azərbaycan Parlamentinin 7- ci sessiyası çağırıldı. Həsən
bəy Ağayev Araz -Türk Respublikası parlamenti üzvlərinin imzaladıqları
ərizəni oxudu. Ərizədə deyilirdi ki, ermənilər Şərur qəzasını tutublar və
Naxçıvana sarı hərəkət edirlər. Əhali qılıncdan keçirilir, təcili tədbirlər
görülməlidir.
Könüllülər öz atları, silah və ərzaqları ilə döyüşlərdə igidlik göstərən
Qırmızı taborçulara yardım edirdilər. Həsən Şahverdi oğlunun taboru və
Kəlbalı xanın komandir olduğu dəstələr ermənilərə güclü müqavimət
göstərirdilər. Polkovnik Doluxanyanın komandanlığı altında erməni
qoşunları Şərura hücuma başlayanda Sədərək taboru dərhal şərurluların
köməyinə gəldi və düşmən darmadağın edildi. 4 ay davam edən müdafiə
və hücum əməliyyatından sonra, nəhayət Şərur daşnak qoşunlarından
azad edildi.
Tarixi faktlar təsdiq edir ki, 1918-ci ilin noyabrında yaradılan Araz-
Türk Respublikası 1919-cu il martın əvvəllərində süquta uğramışdır.
Respublika süquta uğradıqdan sonra 1920-ci ilin əvvəllərində Şərur Qəza
İnqilab Komitəsi təşkil edildi. Komitə Baş Noraşendə yerləşirdi...”
1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist
Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq
Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh

müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr
ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil
olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə
arasında Qars şəhərində sülh müqaviləsi imzalandı. Qars müqaviləsi
1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş və bitmə müddəti
müəyyənləşdirilməmişdir.
Bir tərəfdə Ermənistan Sovet Sosialist Respublikası, Azərbaycan
Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist
Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət
Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını
təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı
maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz
səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ
Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq
qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər: 
Ermənistan Sovet Sosialist Respublikasının hökuməti: Askanaz Mravyan -
xalq xarici işlər komissarı; Poqos Makinzyan - xalq daxili işlər komissarı.
 Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti: Behbud
Şahtaxtinski - xalq dövlət nəzarəti komissarı.
 Gürcüstan Sovet Sosialist Respublikasının hökuməti: Şalva Eliva- xalq
hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze -xalq xarici işlər komissarı
və xalq maliyyə işləri komissarı.
Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa - Böyük
Millət Məclisində Ədirnədən millət vəkili, Şərq cəbhəsi komandanı;
Vəli bəy- Böyük Millət Məclisində Burdurdan millət vəkili;
Muxtar bəy- İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; 
Məmduh Şövkət bəy - Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.
Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov
Qanetski - Latviyada səlahiyyətli nümayəndə.
1918-1920-ci illərdə Türkiyənin şərq vilayətlərini erməni işğalından
azad edən məşhur sərkərdə Kazım Qarabəkir zəfər yürüşünü Naxçıvanda
başa çatdırmışdı. O, həm bacarıqlı, məğrur sərkərdə, həm də istedadlı şair,
rəssam və bəstəkar olmuşdur. Yazıçı, telejurnalist Güllü Məmmədova
Naxçıvanın xilaskarı olan Kazım Qarabəkir Paşanın həyatı, fəaliyyəti və
erməni işğalçılarına qarşı mübarizəsi haqqında “Qarabəkir əfsanəsi” adlı
tarixi roman yazmışdır.
Maraqlıdır, muxtar respublika elan olunana qədər ayrıca Sovet
Sosialist Respublikası hesab edilən Naxçıvan ölkəsini Qars müqaviləsində
kim təmsil etmişdir? Bu barədə İsa Həbibbəyli yazır: “Əldə etdiyimiz yeni və
mühüm bir tarixi sənəd ilk dəfə olaraq həmin suala cavab verməyə imkan
yaradır. Bu sənəd Tağı Səfiyev adlı bir nəfərə Qars müqaviləsində iştirak

etmək üçün verilmiş ezamiyyə vərəqəsindən ibarətdir. Rus dilində yazılmış
həmin ezamiyyə vərəqəsində deyilir: “Verilir Tağı Səfiyev yoldaşa ondan
ötəri ki, o, Naxçıvan Sovet Sosialist Respublikasının Xalq Komissarları
Soveti tərəfindən Qars şəhərinə bütün Zaqafqaziya respublikaları və
Türkiyənin keçirdiyi konfransa Naxçıvan ölkəsinin mənafeyini müdafiə
etmək üçün ezam edilir. Və o, qeyd olunan konfransda respublikaya aid
olan bütün məsələlər haqqında çıxış etmək üçün vəkil olunur”.
Qeyd edilənlər imza və möhürlə təsdiqlənir. (Ezamiyyə vərəqinin
surəti bizdədir).
18 sentyabr 1921-ci il tarixdə verilmiş ezamiyyə vərəqəsinə Xalq
Komissarları Sovetinin sədri Abbas Qədimov imza atmış, işlər müdiri onun
imzasını təsdiq etmişdir.
Bəs adı çəkilən Tağı Səfiyev kimdir? Apardığımız axtarışlar sayəsində
məlum olmuşdur ki, Tağıbəy Baxşəlibəy oğlu Səfiyev 1878-ci ildə indiki
Şərur rayonunun Baş Noraşen kəndində anadan olmuşdur. 1885-ci ildə
Bakı Noraşen Zemstvo məktəbinə daxil olmuş, 1889-cu ildə bu məktəbi
bitirmişdir.Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat Cəlil
Məmmədquluzadə 1887-1889-cu illərdə Tağıbəy Səfiyevə Baş Noraşen
ikisinifli məktəbində dərs demişdir. Bundan başqa, cavan kənd müəllimi
olan Cəlil Məmmədquluzadə Baş Noraşen məktəbində müəllim işləyərkən,
Tağıbəy Səfiyevin atası Baxşəlibəy Səfiyevə məxsus bir otaqda kirayənişin
kimi yaşamış, bu ailə ilə daha da doğmalaşmışdır. Kəndin ictimai mühiti ilə
C.Məmmədquluzadənin əlaqələrinin formalaşmasına da bu nüfuzlu bəy
ailəsinin əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Hətta Baş Noraşendə ikən
yazılmış “Çay dəstgahı” əsərinin yaranmasında da həmin ailənin
özünəməxsus rolu vardır. Belə ki, daha çox Baş Noraşen bəylərinin iştirak
etdiyi bir çayxanada ilk vaxtlar xoş üz görməyən gənc Cəlil
Məmmədquluzadəyə yalnız Baxşəlibəy Səfiyevin təqdimatından sonra
səmimi münasibət bəslənilmişdir. Cavan qələm sahibi özünün ilk əsəri olan
“Çay dəstgahı” alleqorik dramında Baş Noraşendəki çayxana əhvalatından
faydalanmışdır.
Tağıbəy Səfərov 1889-1893-cü illərdə İrəvan Müəllimlər
Seminariyasında oxuyub müəllimlik sənətinə yiyələnmişdir.
... Məlum olduğu kimi, Qars müqaviləsinin bağlanması üçün danışıq və
məsləhətləşmələr 26 sentyabr 1921-ci il tarixdən 13 okyabradək davam
etdirilmişdir. Tağı bəy Səfiyev də həmin danışıqlarda iştirak etmiş Naxçıvan
diyarının Azərbaycanın tərkibində muxtar respulika statusu qazanması
üçün ciddi səy göstərmişdir. Qars müqaviləsinin rus mətninin
hazırlanmasında da Tağı bəy Səfiyevin özünəməxsus əməyi vardır.
Bundan başqa Tağı bəy tərəflər arasında tərcüməçilik vəzifəsini də yerinə
yetirmişdir.
Tağı bəy Səfiyev sovet hakimiyyəti illərində var qüvvəsi ilə maarif
cəbhəsində çalışmışdır. O, 24 dekabr 1922-ci il tarixdən 1923-cü ilin fevral
ayınadək Naxçıvan Xalq Maarif Komissarlığında inspektor vəzifəsini
daşımış, diyarda yeni məktəblərin təşkilində yaxından iştirak etmişdir. Tağı

bəy uzun illər Baş Noraşen orta məktəbində rus dili müəllimi kimi səmərəli
fəaliyyət göstərmişdir. Bacarıqlı müəllim hətta millli məktəblərdə rus dili
tədrisinin yaxşılaşdırılması yolları haqqında xüsusi layihə hazırlamış,
RSFSR Maarif Komissarlığına təqdim etmişdir. Bundan başqa o, 1929-cu
ildə məktəblilərin istifadəsi üçün “Rusca - Azərbaycanca lüğət” də
hazırlamağa nail ola bilmişdir. Səmərəli pedaqoji fəaliyyətinə görə Tağı bəy
Səfiyev “Maarif zərbəçisi” döş nişanına layiq görülmüşdür...”.
Qars müqaviləsinin bağlandığı ilk illərdən Azərbaycan -Türkiyə
münasibətlərinin inkişafında çox böyük əməyi olmuş müdrik və cəsur,
vətənpərvər və təəssübkeş diplomat, Azərbaycanın Türkiyədəki ilk səfiri
İbrahim Əbilovdan xüsusi bəhs etmək istəyirəm.
İbrahim Əbilov 1882-ci ildə Ordubadda, yoxsul qalayçı ailəsində
doğulmuşdur. Atası qalayçı Məhərrəm və anası Ziba oxumağa həvəs
göstərən balaca İbrahimi maddi çətinliklər ucbatından vaxtında oxutdura
bilməmişlər. Yalnız 1898-ci ildə 16 yaşlı İbrahim görkəmli Azərbaycan
maarifçisi Məhəmməd Tağı Sidqinin Ordubadda açdığı yeni tipli “Əxtər”
(“Ulduz”) məktəbinə daxil olmuşdur. Lakin o, atasının çox vaxtsız
vəfatından sonra, vəziyyətin daha da ağırlaşması üzündən məktəbi
yarımçıq qoymağa məcbur olur, anasını və bacısını dolandırmaq üçün
fəhləliyə başlayır.
İbrahim çörək pulu qazanmaq üçün Mahaç - qalaya (həmin dövrdə
şəhər Petrovski - Port adlanırdı) yola düşür. O, bir müddət burada öz
həmyerlisi ordubadlı tacir Məşədi Əli Rzayevin yanında işləyib, ailəsinə
kömək edir. Lakin tacirin qəddarlığına, acgözlüyünə dözə bilməyib, çox
keçmədən Bakıya qayıdır. Əvvəlcə Balaxanı neft mədənlərində, daha
sonra isə dəmir yolunda fəhləlik edir. Burada o, inqilabçılarla tanış olur, elə
inqilabi fəaliyyətə də buradan başlayır. Fəhlələr arasında inqilabi ədəbiyyat
yaymaq üstündə həbs olunan İbrahim Əbilov, orada da inqilabi fəaliyyətini
davam etdirir. Həbsdən qurtardıqdan sonra yenidən Mahaç-qalaya dönüb
inqilabi fəaliyyətinə davam edir.
1907-ci ildə Bakıya qayıdıb Xəzər ticarət donanması dənizçiləri
tətilinin təşkil olunmasında iştirak edir. 1908-ci ildə İbrahim Əbilov İran
inqilabçılarına-fədailərə kömək etmək üçün oraya göndərilir. Azərbaycan
xalqının ləyaqətli, mərd oğlu, insanların azadlığı və xoşbəxtliyi naminə
humanist arzularla yaşayan İbrahim bəy haraya göndərilirdisə, ona olunan
etimadı yüksək səviyyədə doğruldurdu. Bir ildən sonra Bakıya qayıdan
Əbilov, inqilabi işləri ilə bərabər, “Bakı həyatı” qəzetinə redaktorluq edir.
1913-cü ildə o, yenidən tutulub Həştərxana sürgün edilir. Sürgündə
Nəriman Nərimanovla yaxından tanış olan İbrahim Əbilov, ömrünün sonuna
qədər onunla dostluq əlaqələri saxlayır, məktublaşır.
1918-ci ilin sonunda Tiflisdə menşevik “Hümmət” təşkilatının
görkəmli simalarından biri kimi fəaliyyət göstərən Əbilov, Bakıya
qayıtdıqdan sonra, 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan “İskra”
qəzetinə redaktorluq edir.

1921-ci ilin yayında Kommunist İnternasionalının III konqresinin
nümayəndəsi seçilir. N.Nərimanovun təşəbbüsü ilə Sovet Azərbaycanı
hökumətinin Türkiyədə gələcək səfiri kimi həmin ilin iyununda Leninin
qəbulunda olur, ondan məsləhətlər və tapşırıqlar alır.
1921-ci il oktyabr ayının 21-də İbrahim Əbilov səfirliyin gələcək 26
nəfər işçiləri ilə birlikdə Ankaraya gəlir. (Onların 25 nəfəri tanınmış ictimai-
siyasi xadimlər, 1 nəfəri isə əsgər olur). Tərkibə Mirzə Davud Rəsulzadə,
Nadir İbrahimov, Əsgər Əsgərov, Məbud Zeynalov, Yusif Axundov, İsmayıl
İsmayılov, Əsgər Topçubaşov, Ağababa Yusifzadə və başqaları daxil idi.
İsmayıl Cəfər oğlu İsmayılov səlahiyyətli səfirin birinci katibi (o həm də
bütün diplomatik söhbətlərin fəal iştirakçıısı, İbrahim Əbilovun müşaviri
olur), əsgər Qara Günəş oğlu Dünyamalıyev isə Azərbaycan səfirinin şəxsi
mühafizəçisi kimi bütün danışıqlarda İbrahim Əbilovu müşaiyət edir.
Həmin ilin oktyabr ayının 23-də Ankarada təntənəli bir mərasimlə
Azərbaycan SSR-in dövlət bayrağı səfirlik binasında qaldırılır. Mərasimdə
Mustafa Kamal Atatürk başda olmaqla, Türkiyənin Böyük Millət Məclisinin
bütün üzvləri, nazirlər, ordu generalları, eləcə də Ankarada vəkalətnaməsi
olan bütün diplomatik korpuslar iştirak edir. Mustafa Kamal Paşa təbrik nitqi
söyləyir və Azərbaycanın bayrağını səfirlik binasının üzərinə qaldırır.Bayraq
Ankara səmasında dalğalananda, Mustafa Kamal Atatürk İbrahim Əbilovun
əllərini sıxıb onu bağrına basaraq deyir: “İbrahim Əbilov həzrətlərinin əlini
sıxarkən qəlbimdə, damarlarımda bir böyük millətin qanı çırpınırdı”.
Azərbaycan elçilərinin şərəfinə Mustafa Kamal Paşa öz
iqamətgahında qəbul təşkil edir. Qəbul zamanı İbrahim Əbilov Azərbaycan
hökuməti adından Qafqaz süvari ordusunun qızıl xəncərini Mustafa Kamala
hədiyyə verir. Xəncərin üstündə belə bir xatirə avtoqrafı yazılır:
“Azərbaycan fəhlə-kəndli hökumətindən türk inqilabının qəhrəmanı Mustafa
Kamal Paşaya xoş bir xatirə”.
İbrahim bəy Ankaraya gələndə ailəsi üç nəfərdən ibarət idi; kiçik yaşlı
qızı Ziba, həyat yoldaşı Tamara xanım və özü. Azərbaycan səfiri, onun əziz
ailə üzvləri ilə Mustafa Kamal arasında olduqca mehriban dostluq,
qardaşlıq əlaqəsi vardı. Atatürk tez - tez bu ailəyə qonaq gedir, İbrahim
bəy də ailəsi ilə bərabər mütəmadi olaraq Mustafa Kamalı ziyarət edirdilər.
İbrahim bəyin ikinci övladının dünyaya gəlişinə çox az müddət qalır.
Ailə əziz dostlarını növbəti dəfə ziyarət edərkən Tamara xanımın əhvalı
dəyişilir və ona Mustafa Kamalın iş otağındaca zahı qadın üçün əlverişli
şərait yaradılır, ixtisasca qinekoloq - həkim olan Tofiq Rza Rüştübəy Aras
dərhal dəvət olunur, dünyaya daha bir gözəl-göyçək qız uşağı gəlir.
Mustafa Kamal uşağa Anadolu adını verir.
Həmin vaxt bütün Türkiyə qəzetləri Anadolunun Mustafa Kamal
Paşanın iş otağında dünyaya gəlməsi, adqoyma mərasimi haqqında geniş
məlumatlar dərc etdirmiş, İbrahim Əbilovun arvadı və yeni doğulan
körpəsinin şəkillərini vermişdilər. Mustafa Kamal İbrahim Əbilovla, onun
arvadı Tamara və qızları ilə birgə şəkil çəkdirmiş, şəklin altında qara

mürəkkəblə avtoqraf yazmışdı: “Adını mən verdim – bəxtini Tanrım versin.
Mustafa Kamal Qazi, 12 dekabr 1922-ci il”.
Aradan bir müddət keçir. 1923-cü il fevralın əvvəllərində məlum olur
ki, ayın 17-də İzmirdə bütün təbəqə nümayəndələrinin iştirakı ilə iqtisadi
konfrans keçiriləcək. Tükiyə hökuməti İbrahim bəy və Aralov yoldaşa,
habelə Tamara xanım və Aralovun həyat yoldaşına dəvətnamə göndərir.
İbrahim bəy və RSFSR-in Türkiyədəki səlahiyyətli səfiri Semyon Aralov
inqilabi Türkiyə xalqını şəxsən təbrik etmək niyyəti ilə konfransa getməyi
qərara alırlar. Onlar tələsik hazırlaşıb elə birinci qatarla ixtiyarlarına verilmiş
xüsusi vaqon-salonda İzmirə yola düşürlər.
Xalq kütlələri İzmir yaxınlığındakı stansiyalarda RSFSR və ZSFSR-in
səlahiyyətli səfirlərini hərarətlə salamlayır. Arası kəsilməyən çıxışlar,
qarşılıqlı səmimiyyət və dostluq əhdləri bir-birini əvəz edir. Nəhayət, səfərin
beşinci günü axşam Aralıq dənizi görünür. Qatar qapalı perrona daxil olur.
İzmirdə qonaqları o dövrün bütün iqtisadi, ictimai, siyasi xadimləri və
Mustafa Kamal Paşanın şəxsən özü qarşılamağa gəlirlər.
Konfransda Mustafa Kamal Paşa salona daxil olub sədr yerini tutur və
konfransı açıq elan edir. O, qısa giriş sözündən sonra Aralovun təbrik
məktubunu oxuyur. Alqış səsləri ucalır. Sonra da İbrahim bəyin imzaladığı
təbrik oxunur. Mustafa Kamal təbriki sona qədər oxumamış: “İbrahim bəyi
kürsüyə!” sözləri, nidaları eşidilir. Rəyasət heyətinin xahişi ilə İbrahim bəy
xitabət kürsüsünə qalxır. Alqış səslərinin ardı-arası kəsilmir. Sonra Aralov
yoldaş da tribunaya qalxır.
Ziyafətdən sonra Mustafa Kamal Paşa qonaqları konfrans nəzdində
açılmış kənd təsərrüfatı və sənaye sərgisinə baxmağa dəvət edir. Ertəsi
gün Atatürk təcili olaraq Ankaraya yollanır. İki gündən sonra isə İbrahim
bəygil yola düşəcəkmiş. Evə qayıtmağa bir gün qalmış İbrahim bəy də
ziyafət verir və mərasim gecə yarıyadək davam edir. Tamara xanım ziyafət
qurtarmamış otağına gedir. Bir azdan İbrahim bəy də gəlir və o, çox yorğun
görünür. Xəstəliyi şiddətləndiyindən ayağı axsayır. Təcili həkim çağrılır,
İbrahim bəy vanna qəbul edir, ağrıları qismən azalsa da, axşam yenidən
güclənir və təkrar həkim çağrılır. Mustafa Kamal Paşa öz şəxsi həkimini
göndərir. Konsilium olur, cərrahiyyə əməliyyatı qərara alınır. Əməliyyat iki
saat yarım çəkir.
İbrahimin həyatını qoruyub saxlamaq üçün bütün imkanlar səfərbər
olunsa da, o zamankı tibb elminin gücsüzlüyü, eyni zamanda çarizm
dövründəki məşəqqətli sürgün illəri də öz işini görürür, zəifləyib əldən
düşmüş bədənin müqaviməti qənaətbəxş olmur. Elə hey həyat yoldaşına
deyir: “Tamara, deyəsən bu ağrılar məni aparacaq... Heyf...Ölmək
istəmirəm...Nələr etmək niyyətindəydim...Heyhat... Tamara, özünü ələ al!..
darıxma! Uşaqlardan muğayat ol... İndi bütün çətinliklərə sinə gərməli
olacaqsan, əzizim, heç narahat olma. Bakıda səni əziyyət çəkməyə
qoymazlar...”
1923 - cü il fevralın 23-də səhər saat 6-da İbrahim bəy gözlərini əbədi
olaraq yumur. Tamara xanımın ürək ağrısı ilə dediklərindən: “Heç inana

bilmirdim ki, dəyanətli ömür - gün yoldaşım, iki körpə balamın ümidi İbrahim
bir daha gözlərini açmayacaq, yaşyarımlıq, dünyalar qədər sevdiyi, “anam -
anam” - deyib əzizlədiyi balaca qızımızı bir daha çiyinlərinə almayacaq.
Bir qədər öncə Mustafa Kamal Qazi öz portretini xətrini dünyalar
qədər istədiyi, tez-tez yad etdiyi İbrahim Əbilova bəxş etmişdi. Onun əski
əlifba ilə yazdığı avtoqrafı da dediklərimizi təsdiqləyir: “Sevgili və sayğılı
İbrahim ağabəyimə. Anadolunun ağrılı günlərində qardaş deyib bağrıma
basdığım dili bir, dini bir, amalı bir olan azəri türkümə ən iyi duyğularla.
Mustafa Kamal Qazi. 13 sentyabr 1921”.
Yaxın Şərq ölkələrində ilk sovet diplomatı kimi İbrahim Əbilovun
faydalı, səmərəli, işgüzar fəaliyyəti təəssüf ki, çox çəkmir. Özünə və
ətrafındakı insanlara tələbkar olmaqla bərabər, həssas, humanist,
qayğıkeş, alicənab, müdrik şəxsiyyət kimi sevilən İbrahim bəyin həyatı
ömrünün ən gözəl vaxtlarında yarımçıq qalır.
İbrahim vəfat edən kimi Atatürk Hindistan və Ərəbistandan
mütəxəssislər gətizdirir. Müharibənin Türkiyə iqtisadiyyatına vurduğu
yaralara baxmayaraq, öz əziz dostunun cənazəsini onun adına layiq – XX
yüzillikdə Türkiyə Respublikasında ilk dəfə olaraq mumiyalatdırmaq
qərarına gəlir. Çoxlu vəsait tələb etsə də, həssas və qayğıkeş insan olan
Mustafa Kamal Qazi öz unudulmaz dostu İbrahimin cəsədini 200 illiyə
mumiyalatdırır. Vida mərasimindən sonra Mustafa Kamal Paşa əziz dostu,
qardaşını dayanmadan axan göz yaşları ilə “yola salır”.
İbrahim bəyin cənazəsi ilə bərabər, həyat yoldaşı və iki balası da
onların üç il əvvəl Türkiyəyə getdikləri italyan firmasına məxsus “Reno”
gəmisi ilə Vətənə qayıdırlar. Ağrılı, acılı fərq isə ondan ibarət olur ki,
İbrahim artıq göyərtədə deyil, gəminin anbarında, özü də türk əsgərlərinin
fəxri qarovulda dayandığı tabutda gedirdi.
Fəxri qarovulun müşaiyəti ilə İbrahim bəyin cənazəsi İzmirdən
İstanbula, oradan da Batuma gətirilir. Mart ayınnı sonlarında cənazə Bakıya
gəlib çatır.
Təntənəli matəm mərasimində Nəriman Nərimanov və başqaları
İbrahim Əbilovun xidmətləri və diplomatik fəaliyyətinə yüksək qiymət
verirlər. Əqidə həmkarlarının çiyinlərində gətirilən İbrahim bəyin cənazəsini
2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun dəfn olunduğu yerin
yaxınlığında torpağa tapşırırlar.
Vaxtı ilə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yaşayan və bir
sıra tarixi romanlar müəllifi kimi tanınan Yakov İliçov Türkiyə
Respublikasının ağrılı, çətin illərindən bəhs edən “Türk karvanı” tarixi
romanında Azərbaycanın vətənpərvər oğlu İbrahim Əbilovun da mükəmməl
obrazını yaratmışdır.
1923 - cü ildə Türkiyədən Bakıya qayıdandan sonra ailənin sonrakı
taleyi heç də asan olmamışdı. İllər sonra tibbi təhsil almış Anadolu, 1941-
1945-ci illərdə alman faşizminə qarşı müharibədə iştirak etmiş, saysız-
hesabsız yaralılara kömək etmiş, onları həyata qaytarmışdı. Ləyaqətli,
vətənpərvər bir hərbiçi zabitlə ilə ailə quran Anadolunun gözəl övladları

dünyaya gəlmişdi. Bacısı Ziba sonralar xəstələnib haqq dünyasına
qovuşmuşdu.
Atasının vəfatından Azərbaycanın müstəqilliyinin bərpası illərinədək
Türkiyə mətbuatında Atataürk - Əbilov dostluğuna dair çox - çox yazılar
yazılmış, kitablar çap olunmuşdu. Odur ki, 1992-ci ildən etibarən
Türkiyədən Azərbaycana gəlib İbrahim Əbilovun qızı Anadolu xanım ilə
görüşmək istəyənlərin sayı olduqca çox idi. Müxbirlər, yazıçılar, şairlər,
incəsənət adamları, elm və dövlət xadimləri, idmançılar onun ziyarətinə
gəlirdilər. Türkiyənin demək olar ki, həmin illərdəki bütün prezidentləri, baş
nazirləri Bakıya gələrkən Anadolu xanımla şəxsən görüşürdülər, hörmət və
ehtiramlarını bildirməklə, onu doğulduğu Türkiyədə yaşamağa dəvət
edirdilər. Lakin Vətəni Türkiyəni candan sevən Anadolu xanım, Bakıda,
atasının məzarı, ruhu olan məsafədən ayrı düşmək çətinliyinə dözə
bilməzdi. Anadolu xanım rahatlığını bu müqəddəs məzarın olduğu şəhərdə
- Bakıda tapa bilirdi.
İbrahim Əbilov haqqında bu məlumatları qeyd edərkən qəlbimdə
sevinc dolu hisslər yaşayıram. Həm vətənimizn belə bir övladının olması
məni qürurlandırır, həm də... Həm də xoşbəxtəm ki, onun əziz övladı,
böyük Atatürkün adını verdiyi qızı – Anadolu xanımla şəxsən tanış
olmuşam. Haqqında ani bir söhbətdən xəbər tutarkən dərhal onu
axtarmağa başladım...
Biz ilk dəfə görüşəndə ikimiz də duruxmuş halda bir-birimizə baxdıq.
Mən hələ həyatımda bu qədər uzü nurlu, işıqlı, daxilində sanki bir günəş
parlayan, çöhrəsi təbəssümlü insan görməmişdim. Bu qədər də məsum,
ürəyi büllur, varlığı pak insan, xanım, ana, qadın olarmış həyatda... İlk
saatlardaca mənimlə sanki uzun illərdən bəri tanıdığı, sevdiyi, inandığı bir
şəxs kimi davrandı. Sanki uşaq kimi sevinirdi.
Xeyli söhbətimiz oldu. Çoxlu maraqlı sənədlər, şəkillər göstərdi. Bəlkə
də bu sənədlər böyük bir muzeyin eksponatları ola bilərdi. Lakin 90 - dan
çox yaşı olan ahıl, səhhətindəki problemləei ilə bərabər qayğılı ömür sürən
bir xanım olduqca sadə və deyərdim ki, əlverişsiz şəraitli mənzilində bu
dövləti sərvətləri - sənədləri sevə - sevə qoruyub saxlayırdı. Onun
mənzilində bir millət, iki dövlətin şanlı tarixinin özünəməxsus səhifələri,
dostluğu, qardaşlığı yaşayırdı. Özü də əbədi yaşayırdı.
Atasını xatırlamırdı, axı o, vəfat edəndə Anadolu çox balaca idi.
Amma elə həvəslə, şövqlə danışırdı ki, sanki atası ilə dost olublar, atası
ona gözəl nağıllar danışıb, əlindən tutub məktəbə aparıb, ad günündə onu
təbrik edib, ona gözəl hədiyyələr alıb, alnından öpüb, imtahanları ilə
maraqlanıb, ali məktəbdən çıxanda qarşlılayıb, gəlin köçəndə ona xeyir-
dualar verib, övladları dünyaya gələndə, baba kimi sevinib... Bütün bunlar
olmamışdı. Lakin iç dünyasında sanki bir günəş gəzdirən Anadolu xanım
danışdıqca sanki yenudən doğulurdu, uşaqlaşırdı, sevinirdi, gülürdü.
Həyatda çəkdiyi bütün əzab - əziyyətləri unudurdu, nikbin ruhda ömrünə
yenidən ziyarət edirdi. İçindəki günəş bütün çöhrəsinə, gözlərinə nur

paylayırdı. İbrahim Əbilovun övladı, sevimli qızı olmaq ona güclü bir həyat
eşqi bəxş edirdi.
Müdrik, təvazökar, yumor hissli Anadolu xanımla mütəmadi olaraq
telefon əlaqəsi saxlayırdım. Özü də məni məqam düşdükcə arayırdı.
Qardaş ölkədən dəvət etdiyim jurnalistlər Türkiyə qəzetləri üçün haqqında
maraqlı yazılar hazırlayırdılar. Lakin bu yazıların içində bir fakta qəzetçilər
heç də ötəri yanaşmırdılar; İbrahim bəyin ölümünün səbəbi daha çox
zəhərlənmə faktına uyğun idi...
Azərbaycanın Bakıdan yayımlanan televiziya kanallarında Anadolu
xanımla bağlı verilişlərin hazırlanması üçün ardıcıl cəhdlərimdən biri uğurlu
alındı. Həmin vaxtlar çox məşhur olan ANS kanalının çəkiliş qrupu İbrahim
Əbilovun məzarını ziyarət etdi, Anadolu xanımın evindən böyük bir veriliş
üçün reportajlar hazırladı.Verilişin çəkilişi zamanı Anadolu xanıma sürpriz
hazırladım. İbrahim Əbilovun orijinal tərzdə çəkilmiş şəklini böyütdürüb
çərçivəyə saldırdım. Çıxışım zamanı onu Anadolu xanıma hədiyyə etdim.
Onun sevincini kaş gözlərinizlə görəydiniz... Ertəsi gün həmin şəkli Anadolu
xanımın mənzilində çarpayısının üstündə asıldığını gördüm. “Səhər
gözlərimi açan kimi atamı salamlayıram”- deyib əlimi ürəyinin üstünə
qoydu. Amma heç vaxt ağlıma gəlməzdi ki, Anadolu xanım ikicə ay sonra
elə həmin şəklə son dəfə həsrətlə baxıb gözlərini əbədi yumacaqdır...
Mənzilində ehtiyatsızlıq üzündən ciddi zədə almışdı. Bel
nahiyyəsindən ayaqlarınadək gipsə qoyulmuşdu. Şəkər və təzyiq xəstəsi
olması da vəziyyətini günü-gündən çətinləşdirirdi. Məni gördüyü andaca elə
hey təşəkkür edirdi, “atamı bir daha yaşatdın” – deyirdi.
İyun ayının 15-i səhər tezdən qızı Xalidənin zənginə yuxudan ayıldım.
Ağlayırdı... Bir saniyə vaxt itirmədən özümü evlərinə yetirdim. Anadolu
xanım gülümsər çöhrəsi ilə sanki yuxuya getmişdi. Ürəyim sızıldasa da,
özümü ələ aldım. Müvafiq yerlərə zəng vurdum. Saat 9-da Türkiyə
səfirliyindəki tanışımla əlaqə saxladım. Türkiyənin fövqəladə və səlahiyyətli
səfiri cənab Hulusi Kılıç məni şəxsən tanıyırdı. Düz 4 dəqiqədən sonra
cənab səfir özü telefon açdı. Həyəcanlı şəkildə hadisənin nə zaman baş
verdiyini və cənazənin nə zaman götürüləcəyini sorusdu.
Səfirlə həyətdə görüşdük. Çox qəmli idi. Cənazə gətirilərkən dərhal
yaxınlaşıb kömək etdi. Hamı səfirin göz yaşlarını aydın görürdü. Hulusi
Kılıç Mustafa Kamal Atatürkün əziz dostu İbrahim Əbilovun adını şəxsən
Atatürkün qoyduğu övladı Anadolu xanımı son mənzilə son dərəcə hörmət
və izzətlə yola saldı...
Böyük bir naxçıvanlının - İbrahim Əbilov və ailəsinin diplomatik
tariximizə yazılan həyat səhifələrini ziyarət etdikdən sonra, bir daha “yavru
vatan”ımız olan Naxçıvanın hərbi, siyasi, mədəni tarixinə qayıdıram.
1941-1945-ci illərdə Naxçıvan Muxtar Respublikasından alman
faşizminə qarşı müharibəyə 30 min nəfərdən artıq vətəndaşımız yola
düşmüşdü. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki
döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu. Naxçıvanlı döyüşçülərdən 600
nəfəri müxtəlif orden və medallarla, bir nəfəri Şöhrət ordeninin hər üç

dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet
İttifaqı Qəhrəmanı adına layıq görülmüşdü.
Həmin qəhrəmanlardan biri Qəzənfər Qulam oğlu Əkbərov 1917-ci
ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdu. 1940-cı ildə Naxçıvan
Müəllimlər İnstitutunu bitirib pedaqoji sahədə çalışmışdı. Faşist Almaniyası
SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna yazılıb və Tbilisi topçuluq
məktəbində təhsil almışdı. 1942-ci ildən döyüş yoluna Qafqaz dağlarının
ətəklərindən başlayan Q. Əkbərov, topçu komandir kimi Ukraynanın,
Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdi.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən
döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdi. Onun başçılığı altında üç nəfər
topçu, almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girərək bir
neçə saat davam etmiş vuruşda düşmənin 4 tankı, 60-dan çox əsgər və
zabitini məhv etmişdi. Bu döyüşdə Q. Əkbərov qəhrəmanlıqla həlak olsa
da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş
yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu
qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüşdü.
Naxçıvan Muxtar Respublikasında Q. Əkbərovun xatirəsi
əbədiləşdirilib. Ona Cəhri kəndində abidə qoyulub. Adına küçə və məktəb
vardır.
İkinci qəhrəman Abbas Şahbaz oğlu Quliyev 1916-cı il sentyabrın 15-
də Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdu.
Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil almışdı.
1937-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıtmış, burada incəsənətin
teatr sahəsində çalışmışdı.
1941-ci ildə Sovet Ordusuna çağırılıb və Sumı topçuluq məktəbini
bitirmişdi. Kapitan A.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu
keçmişdi. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə
birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındırıb Visla
çayının sağ sahilinə keçmişdi. Sonra isə üç gün ərzində faşistlərlə qeyri-
bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi və
düşməni darmadağın etməsinə şərait yaratmışdı.
1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüşdü. O vaxtlar "İzvestiya" qəzeti bu barədə yazırdı: "Naxçıvan teatrı
A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet
Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".
Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi
xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdi.
1997-ci il dekabrın 25 də Naxçıvan şəhərində vəfat etmişdir.
Üçüncü qəhrəman Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev 1915-ci il martın
22-də Ordubad şəhərində anadan olmuşdu. 1935-ci ildə Sovet Ordusuna
çağırılmışdı. 1937-ci ildən isə N. Rəfiyev ali hərbi məktəbdə təhsil almışdı.
Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra
sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi

Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belarus cəbhələrində alman faşist
işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdi. 1944-cü ilin yayında Minsk
şəhəri yaxınlığında gedən döyüşlərdə , Baronoviçi şəhərinin azad
edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. SSRİ Ali Soveti Rəyasət
Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə N.Rəfiyev Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüşdü.
Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmişdi.
1955—1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, daha
sonra Culfa rayon hərbi komissarı vəzifələrində çalışmışdı. 1959-cu ildə
ordudan tərxis olunaraq Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində
əmək fəaliyyətini davam etdirmişdi. N.Rəfiyev 1970-ci il dekabrın 24-də
vəfat etmişdir.
Həmin illərin acılı, faciəli günlərində alman faşizminə qarşı amansız
müharibədə neçə-neçə naxçıvanlı mərdliklə döyüşərkən bu torpağın alim
övladı olan Yusif Məmmədəliyev dünya elmində inqilabi bir yenilik kəşf etdi.
Faşizmə qarşı döyüşlərdə sovet ağır döyüş texnikaları gücünə görə müasir
tələblərə cavab verə bilməyəndə Məmmədəliyevin ən qısa zamanda kəşf
etdiyi yüksək oktanlı benzin bütün texnikalara “yeni can, yeni ruh” verdi.
Keçmiş SSRİ-nin qırıcı təyyarələri, digər ağır döyüş texnikaları yenicə kəşf
olunan olduqca keyfiyyətli yanacaq növündən qürurla yararlandı və
mübarizədə biri- birini əvəz edən şücaətlərin sayı xeyli artdı.
Bayaq qeyd etdim ki, İbrahim Əbilovun qızı Anadolu xanım alman
faşizminə qarşı müharibədə fədakarlıqla iştirak etmişdi. Damarlarında axan
naxçıvanlı qanı burda da öz sözünü deyirdi. Biz qürur duyuruq ki,
Azərbaycanımızın bütün bölgələrində vətən üçün canından keçməyə hazır
olan və canından keçən vətənpərvər oğul və qızlarımız həmişə olub, indi də
var və həmişə də olacaqdır.Tək vuruşlarda iştirak edənlər deyil, həlak olan
döyüşçülərin balalarını min bir əziyyətlə böyüdən analar, gəlinlər,
sevgilisinin, nişanlısının “qara kağızı”nı alan və saçını ağardıb qocalana
qədər onların yolunu gözləyən, ərə getməyən, gəlin, ana olmayan və
qəlblərində itirdikləri mərdlərin sevgilərini məşəl kimi əbədi yandıran
xanımlarımız da hərəsi bir qəhrəmana çevrildi sədaqət, etibar dünyasında.
Elman Həbibin “İliç rayonunun (indiki Şərur) Sədərək kəndində 36 qarımış
qız yaşayır” yarımbaşlığı ilə yazılmış “Otuz altı qız heykəli” şeirində deyildiyi
kimi:
Vətən çağıranda sevdiklərini
Su damırdı sünbüllərindən.
Məhəbbət günəşi
Təzə-təzə doğurdu üfüqlərindən.
Vətən çağıranda...
Ondan da böyük məhəbbət olardı?
Getdilər... çoxunun taleyi
Qara kağızlarda qayıtdı.
Çoxunun adı – bəhsi
Ağızlarda qayıtdı:

-Filan yerdə görüblər.
Gözlədilər, qayıdan olmadı,
36 ürək 36 çinara döndü.
Fəsillər ötdü, dolandı,
Şəvə saçlar qara döndü.
Yaşları altmışı ötdü,
Ömrün məhəbbət yaşı ötdü.
Ancaq gözləri sevdikləri
Gedən yoldan çəkilmədi,
36 bəxti qarımış qızın.
Sevincdə bəxti gətirməyən
Kədərdən bəxti yarımış qızın.
36-nın yanına hələ nə qədər
Sıfır atmaq olar.
Bəlkə də dünyanın bütün kəndlərində
Qarımış qız heykəli ucaltmaq olar.

Həmin qəhrəmanların ardıcılları, vətənpərvər Naxçıvan oğulları
müstəqil Azərbaycanın da hərb tarixində böyük şücaətlər, qəhrəmanlıqlar
göstəriblər. Sanki bu elin Məmməd Araz adlı şair oğlunun “Vətən mənə
oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!” harayına hünərlə,
şücaətlə cavab verdilər. Vətən üçün mamır olub qayasında bitdilər, “Vətən
bizim namusumuz, şərəfimiz, mənliyimiz, varlığımızdır!” şüarı ilə xain
düşmənə qan udduran Naxçıvan ünvanlı bu oğullar Azərbaycanın hər qarış
torpağını canları qədər sevib əziz tutdular, hamısı Qarabağ kəlməsi,
Qarabağ sevdası, Qarabağ eşqi ilə həyatlarını, sağlamlıqlarını qurban
verdilər.
Balası Vətənə qurban getmiş istedadlı şairimiz Xəlil Rza Ulutürk bu
kəlmələrini sanki belə mərd oğullar üçün yazmışdı:

Vətəndaş olmasa, boş şeydir Vətən,
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır.
Vətənin bu vüqarlı oğulları 2020-ci ildə 44 günlük Vətən müharibəsi
zamanı şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Naxçıvan da çox
sayda şəhidlər verib, məmləkətin nə qədər qaziləri var. Onların şücaətləri,
əziz, unudulmaz xatirələri Azərbaycanın bütün şəhidləri kimi xalqımızın,
bütün türk dünyasının qəlbində hər zaman yaşayacaqdır.
1941-1945 müharibəsindən əvvəl və sonra bu doğma yurdun da
olduqca çətin dövrü idi. Naxçıvanın 25 illiyi ilə əlaqədar burada film
çəkilişinə hazırlıq gedirdi. Bakıdan gələn kino mütəxəssisləri, rejissorlar,
aktyorlar “Arazın o tayında” filmini çəkirdilər: Naxçıvan İranın köhnə
şəhərlərinə oxşayırdı. Memarlıq abidələri bərbad vəziyyətdə idi.

İllərdən sonra Naxçıvan çox dəyişdi. Neçə-neçə mədəniyyət, təhsil
ocaqları, səhiyyə mərkəzləri, sənaye müəssisələri, hündür yaraşıqlı,
çoxmərtəbəli binalar tikilib xalqın istifadəsinə verildi.
İndi “Naxçıvan” deyəndə, gözlərimiz önünə hər şeydən əvvəl qədim
bir mədəniyyət , böyük simalar, şəxsiyyətlər gəlib durur. Şəhərdə onların
adları ilə bağlı yerlər də var: Əcəmi seyrangahı, Hüseyn Cavidin ev-
muzeyi, Hüseyn Cavid adına poeziya teatrı, Mirzə Cəlilin heykəli... Elə
buradaca adam unudulmaz Xalq şairimiz Süleyman Rüstəmin sevgi dolu
“Naxçıvan nəğməsi”nə yenidən məhəbbət dolu ürəklə qulaq asmaq istəyir:

Cəlalını seyr etdikcə deyirəm:
Olmaz sənin bu çağından, Naxçıvan!
Mərd oğullar, qoçaq qızlar güc alıb
Sənin ana qucağından, Naxçıvan!
Bakı ilə yürüşdəsən əl-ələ,
“Can” deyirsən qardaş elə, dost elə.
Cəlil, Cavid su içibdir- fəxr elə,
Sənin ilham bulağından, Naxçıvan!
Könlümdəki xoş arzuma çatmışam,
Gətirdiyin hər nemətdən dadmışam.
Şüvəlanda torpağıma qatmışam
Sənin qızıl torpağından, Naxçıvan!
Şad günündə gör nə deyir Süleyman:
Ömür sürsün oğlun-qızın firavan.
Şən mahnılar əksilməsin heç zaman
Nəsillərin dodağından, Naxçıvan!

Azərbaycanın daha bir gözəl şairi də Süleyman Rüstəm kimi
Naxçıvana olan sevgi misralarını poeziyanın harmoniyalı akkordlarına
çevirib. Poeziyamızın şair-bəstəkarı Əliağa Kürçaylıdır həmin şairimiz. O da
1973-cü ildə Naxçıvan nəğməsi “bəstələyib”. Və deyib ki:

Bu gün Araz sahilinə gəlmişəm,
Mənim üçün “Arazbarı” çalın siz.
Bu yerlərin sorağını indi də,
Qalaların naxışından alın siz.
Görürsənmi başı qarlı Şahbuzu,
Əriməyib quzeylərin sal buzu.
Bol eləyin Badamlını, ağ duzu,
Süfrələri bir az geniş salın siz.

Ordubaddır bağlarının cənnəti,
Bu ad ilə bağlamışıq ülfəti.
Dadan zaman burda hər bir neməti
Alarsınız ləzzətini balın, siz.
Tamaşadan gözüm doymur nədəndi?
Könlüm məgər ilqarından dönəndi?!
Dolaşanda Sədərəki, Bənəndi
Bağçalarda gəzin ayaqyalın siz.
Burda dastan kişilkdən, hünərdən,
Burda nəğmə qızıl donlu səhərdən .
Əgər bir gün ayrılsanız bu yerdən,
Qəlbinizlə Naxçıvanda qalın siz!

Naxçıvanın qədim məhəllələrindən biri Qoçaltı adlanır. Əldə olunan
mənbələrə görə, keçmişdə burda daşdan yonulmuş nəhəng qoç heykəli
varmış. Mərasimlər, şənliklər bu “qoçun” iştirakı ilə keçirilərmiş. Bildiyimiz
kimi, qoç türkdilli xalqlarda totem olub. Azərbaycan tarixinin mühüm
mərhələsini təşkil edən Qaraqoyunlular dövlətinin bayrağında qoç başının
təsviri olmuşdur. “Qurd-canavar” totemi haqda da eyni sözləri demək olar.
Şəhərin ən qədim məhəllərindən biri bu totemin adını daşıyır: “Qurdlar
məhəlləsi”. Kəngərlilər məhəlləsinin adı da çox qədim çağlara gedib çıxır.
Qədim qıpçaq tayfası - kəngərliləri adı Orxon abidələrində yad edilir.
Sarvanlar, qaraxanbəylilər, əlixanlıar da qədim türk qəbilələrindən
olmuşdur. Bu qəbilələrin keşməkeşli tarixindən bizə yadigar olaraq yalnız
məhəllə adları qalmışdır.
Çoxları bilir ki, qədimlərdən Naxçıvan öz ecazkar kəhrizləri ilə də çox
tanınıb. Əkinlərin böyük bir hissələri bu kəhrizlərin saf suları ilə suvarılıb.
Naxçıvanın adı dillər əzbəri olan dadı, ləzzəti, şəfavericiliyi ilə heç yerdə
təkrar olunmayan meyvə ağacları bu suların möcüzəsi, zəhmətkeş
bağbanların fədakar əməyi hesabına ərsəyə gəlib. Sevimli şairimiz Mirvarid
Dilbazi 1970-ci ildə qələmə aldığı “Ordubad bağbanları” nda bu barədə
görək nə söyləyir:
Günlərin bir günündə
Aradım el dərmanı.
Görüb ayaq saxladım
Bir pirani qocanı.
O, gördü solğunam mən,
Göy kimi dolğunam mən.
Dedi: - Dünya loğmansız,
Dərdlər dərmansız olmaz.
Barlı bağlar elində
Dodaqlar qansız olmaz.

Bizim sarı əriklər
Neçə dərdə dərmandır.
Dedim: - Onu bəsləyən
Hansı mahir bağbandır?
Dedi: - Bunlar məşhurdur
Əbutalıb adıyla.
Hər meyvədən seçilir
Öz ətrilə,
Dadıyla.
Ordubadda bunların
Tarixi də qədimdir.
Gördüm mənim satıcım
Qoca pirdir,
Nədimdir.
Alıb evə qayıtdım
Hər çərəzdən bir qədər.
Sanki
Günəşlə dolu
Piyaləydi əriklər.
Atdım evimdə qalan
Zəhərli dərmanları.
Əlləriniz var olsun
Ordubad bağbanları!
Naxçıvandakı kəhrizlərin ən böyüyü Şahab məhəlləsində idi. Adına
Qırxayaq kəhrizi deyirdilər. Qırx pilləsi vardı, bu pillələrlə bulağın gölünəcən
düşmək olurdu. İnsanların seyrangah yeri olan bulağın gözəl mənzərəsi
vardı. Təəssüfki baxımsızlıqdan suyu soğuldu, ağzı tutuldu, sonra da
təxminən 60 il əvvəl ağzını bir yolluq qapadılar, bütöv bir şəhərin yaraşığı,
bərəkəti torpağın altında qaldı, üstünü örtüb hamarladılar, asvalt döşədilər.
Halbuki az bir xərc hesabına kənkan çağırıb bulağı gözünü təmizləsəydilər,
bulaq bu gün də “yaşayardı”.
Yaxud Köhnə qalanın yanındakı Tutluq çeşməsini götürək. Vaxtı ilə
suyu bəlkə də on iri boruya sığmazdı. Sonralar suyu zinə-zinə gəldi. Bura
vaxt vardı Naxçıvanın ən səfalı, füsunkar təbiəti olan yerlərindən biri idi,
böyür-başında qoyun-quzu yatışardı. Novruz bayramı günlərində insanlar
burada şənlənərdi, yaxın məhəllələrdən qoca-cavan, qız-gəlin axışıb
gələrdi. Bir-birini arzu, həvəslə haylayardılar ki, gedəyin su üstünə,
qayidanbaş hamı saflıq, paklıq rəmzi olan Tutluq çeşməsindən bircə
bardaq olsa belə, evlərinə aparardılar.
Vaxtı ilə Naxçıvanın sinəsində Ağamalı çeşməsi də qaynayardı. Bu
nazənin çeşmə də izsiz-soraqsız yoxa çıxdı. Onun yerini bircə kənkanlar
bilirdi, onlar da köçüb gedəndən sonra Naxçıvanda kənkan tapmaq
mümkün olmadı. Bir uzunömürlü qocadan soruşurlar ki, ay ağsaqqal, axı

kənkanlıq gözəl, xeyirxah sənətdir, onlar niyə qaçırlar? Cavab verir ki,
Kərbəlayı Musa çeşməsi qazılanda neçə metr sonra külüng daşa çıxır,
kənkan gəlib deyir ki, kərbəlayı, ta qazmaq mümkün deyil, daşa çıxıb.
Kərbəlayı Musa deyir ki, hər külüng zərbinə bir qızıl verirəm, sən
qazımağında ol! Naxçıvanın ən gursulu çeşməsi bax, bu cür yaradılıb.
Alimlər, mütəxəssislər Naxçıvanı “mədən suları muzeyi”
adlandırmaqda haqlıdırlar. Şahbuz rayonundakı Gömür, Badamlı,
Karaoksara, Batabat, Gəleyli, Muradyurd, Gələgin və s. mineral su
bulaqları muxtar respublikada yeyinti sənayesinin və kurort təsərrüfatının
inkişafında mühüm təbii iqtisadi bazadır.
Culfa rayonunda 27 qrup mineral bulaqlar vardır. Bunların içində
müalicə əhəmiyyətinə görə Darrıdağ mərgümüşlü bulağı xüsusi yer tutur.
Suyun tərkibində mərgümüş və qələvi maddələrinin zənginliyi, yüksək
minerallaşma xassəsi, onu Avropanın ən xeyirli və təsirli mineral bulaqları
ilə bir sıraya çıxarır. 1830-cu ildən məlum olan Darrıdağdakı 20-yə yaxın
bulaq sutkada 350 min litrə qədər müalicə suyu verirdi.
Darrıdağ, Sirab, Badamlı, Vayxır, Qızılvəng, Cəhri, Suramlı, Nağacır
və s. bulaqlar qrupu qiymətli və bol mineral su mənbəyi olmaqdan başqa,
mühüm balisoloji kurort sərvətləridir. M.Nəsirlinin “Naxçıvan Araz üstdə”
şeirindəki bu gözəl sözlər Naxçıvanın bütün çeşmə və bulaqlarına rövnəq
verir və yayın qızmarında sərin su kimi ürəklərə yayılır:
Badamlı suyundan olarmı doymaq,
Şahbuz dağlarında var neçə yaylaq.
Batabat meşəsi, Çınqıllı bulaq,
Nə qədər gözəldir, şairanədir,
Badamlı suyundan olarmı doymaq?
Onu da deyim ki, Naxçıvanın köksündə yer alan “Qızlar bulağı”nın öz
yeri, öz ahəngi, öz dəyəri var. Zaman – zaman qızlar, oğlanlar, bütün
insanlar Naxçıvanın ilahi təbiətindən zövq alaraq yaşıllıqlar içində,
çeşmələr ətrafında, dağların ətəyində əl-ələ tutub sevinclə yallı getmişlər.
Belə yallıları mən də gözlərimlə görmüşəm. Hələ xeyli illər bundan əvvəl
Şahbuzun gözəl bir kəndində ailəvi dostlarımızdan birinin övladının toy
məclisində iştirak etdim. Naxçıvan toyunun özünəməxsus maraqlı adət-
ənənələri, insanların mehribanlığı, səmimiyyəti, gənclərin böyüklərə,
ağsaqqal və ağbirçəklərin cavanlara, uşaqlara məhəbbəti, deyib güləndə,
zaraftlaşanda belə, hər kəsin öz yerini layiqincə bilməsi şövqlə diqqətimi
cəlb edirdi. Ağbirçəklərin toyun müəyyən məqamlarında qədim adət və
ənənlərə necə sevgi ilə riayət etmələrinə fərəhlə tamaşa edirdim. Və müasir
oğlanlar, qızlar da sanki bu el adətlərinə baş əyirdilər. Gəlini gətirərkən
yolda gözəl bir yaşıllıqda maşın karvanının qəfil dayanması məni narahat
etsə də, “Adətimizdir, düşüb burada bir yallı gedəcəyik” – dedilər və məni
də bu möhtəşəm yallıya qoşdular.

Sonradan öyrəndim ki, Naxçıvan ərazisində mərasimlərdə ifa olunan
yallıların ən çoxu Şərur bölgəsinə aiddir. Toy mərasimlərində daha çox
sevilən və məşhur olan yallılar “Nənüke”, “Çinq-çinq”, “Tənzərə”, “Köçəri”,
“Üçayaq yallı”, “Dördayaq yallı”, “Ürfanı”, “Çöp-çöpü” və s. rəqslərdir.
Bəzən bu yallı rəqslərini ifa edənlərin sayı 80 nəfərə çatır.
Nüsrət Kəsəmənlinin “Şərur yallısı” şeirinin misraları da elə yallının və
əzəmətli musiqisini xatırladır:

Dəydi bir – birinə çiyinlər yenə,
Bir az da böyüdü kürəklər indi.
Bəyaz yelkənlərtək qabardı sinə,
Gəlsin rəqs eyləyək küləklər indi.
Günəş dövrəmizdə tonqala döndü,
Buludlar heyrətdən donub qaldılar.
Bir qız yaxasının qırıldı bəndi,
Amandır, baxmayın, dəliqanlılar!..
Qollar qanad açdı,
böyüdü dövrə,
Qartallar qoşuldu yallıya sanki.
Ehey!..
Ayağını möhkəm bas yerə,
Yerdən üzülübsən,

buluddasan ki!

Bir çınqı od aldı,

süzüldü gözlər,
Qollar bir-birinə düyünmü düşdü?
Qoşulun yallıya,

durmayın, qızlar,

hamıya yer çatar,

meydan genişdir.
Baxın, o cavanın qamçı belinə,
Yüngül qədəmləri gör necə çəkir...
Bir igid yaylığı alıb əlinə,
Görəsən dəstəni hayana çəkir?!
Qızların hörüyü qulac-qulacdı,
Bu qara kəməndə durmayın yaxın!
Kişilər hamısı Koroğlulaşdı,
Gəlinlər Nigara bənzədi, baxın!
Tonqal dilim-dilim dikəldi göyə,

Ona ürəklərdən od düşüb nədir?
Qırmızı üfüqlər söykəndi göyə,
Üfüqlər tonqala ilişib, nədir?
Coşğunluqmu gəldi Arazdan, Kürdən,
Polad zəncirlər də dözməzdi buna.
Açıldı qolların düyünü birdən
“Yallı” səpələndi Odlar yurduna!
Naxçıvanda geniş yayılmış ayin və mərasimlər Novruz bayramı
ərəfəsində və toy şənliklərində icra edilir. Məsələn, “Qodu-qodu”,
“Xanbəzəmə”, “Maral oyunu”, “Çömçəxatun” və s. tamaşalar ən çox
Naxçıvanın Ordubad ərazisində geniş yayılmış və bu gün də əsas ideya və
mənası qədim Şərq aləmi və Türk dünyasında olduğu kimi günəşə sitayiş
və inam olan həmin ayin və mərasimlər həvəslə icra olunur.
Bu gün cismən xalqımızdan ayrı düşən və ruhu həmişə bizimlə olan
neçə-neçə mədəniyət və elm xadimlərimiz, yazıçı və şairlərimiz var ki,
onlar vaxtı ilə Naxçıvanın hər qarışını sevə-sevə ziyarət etmiş, onun hər bir
guşəsinə bələd olmuş, əsərlərində, məqalələrində, esse yazılarında, şeir və
mənsur şeirlərində bu əsrarəngiz, füsunkar diyarımız haqqında biri-birindən
maraqlı qeydlər etmişlər.
Xalq yazıçısı Mirzə İbrahimov “Günəş yurdu” adlı xatirə məqaləsində yazır:

(“Azərbaycan müəllimi” qəzeti, 15 oktyabr 1964-cü il)
“Gecə zil qaranlıq idi, bayırda aram ilə quşbaşı qar yağırdı.
-Hər yanı qar basacaq, göydən dövlət yağır! – deyib Nehrəm
kolxozunun sədri sevinclə danışırdı, - yavaş yağanda, çox yağır...
Darısqal, balaca bir otağa əllidən artıq adam yığılmışdı; briqadirlər,
manqa başçıları və sairə... Yaza hazırlıq işləri müzakirə ediləcəkdi. Yer
olmadığından çoxları divarlara söykənərək ayaq üstə durmuşdu. Bura
kolxoz idarəsi idi. Yuxarıda üstünə mahud çəkilmiş uzunsov stolun
ortasında otuzluq neft lampası yanırdı.
-Yeriniz nə yaman dardır! – deyib mən sədrlə gündüzkü söhbətimizi
davam etdirdim – Yeni bina tikmək lazımdır.
-Sağlıq olsa yeni bina da, klub da tikəcəyik, elektrik işığı da
çəkəcəyik, - deyib sədr xəyalpərvər, sakit gözlərlə mənə baxdı, sonra yenə
gözünü çölə zillədi,- yaz yaxşı gələcək, məhsulumuz bol olacaq, bircə
kolxozu möhkəmlədək, hər şey düzələr!..
Yarı qaranlıq otaqda, adamlar bir-birinə qısıldığı halda gecədən xeyli
keçənə qədər söhbət oldu, kənd təsərrüfatı alətlərinin təmirindən, əkinə
hazırlıq işlərindən danışıldı. Mənim yadımda qalan, mənə xoş gələn
insanların gələcəyə meyl edən arzuları, qanadlı xəyalları, tükənməz
yaratmaq həvəsi oldu!..
Cəhriyə gedən yolu qar basmışdı. Yəni başını qaldırıb hara baxırdın,
bütün çöllər, uzaqdakı dağlar, yaxındakı kəndlər, dərələr, təpələr ağappaq

qarla örtülmüşdü. Meşin papağının qulaqlarını çənəsindən açaraq yuxarı
bağlayan yol yoldaşım, qəfil bir həyəcanla əlini qabağa uzatdı:
-Bir kafirin hiyləgərliyinə bax, gör sürünü necə pusur!
Mən onun nəyə işarə etdiyini birdən-birə anlamadım. Çünki hər yanı
bürümüş qar döşəməsi ətrafı nə qədər işıqlandırsa da, səhərin ala
toranında çox şeyi görmək olmurdu. Bir yandan saysız- hesabsız dərə-
təpələr, o biri yandan qar topası altında titrəşən kol-kos buna imkan
vermirdi.
-Gummm!.. Gummm...
Bir-birinin ardınca açılan tapança səsi soyuq və dumanlı qış
səhərində mürgüləyən çölləri titrətdi və uzaqlarda əriyib yox oldu. Boz
canavar haradansa çıxaraq quyruğunu düyüb yamacla şütüyərək gözdən
itdi. Dərə boyu Noraşen rayonundakı böyük düzə tərəf irəliləyən sürü ürküb
bir anlığa bir-birinə qısıldı, sarı başlığı bərk-bərk boynuna, qulaqlarına
sarımış iti qara gözlü, balaca boylu çoban əlini ağzına qoyub bizə tərəf
çığırdı:
-Sağ olun. İki saatdır o, məni güdür, mən onu... acdır. Çovğun
dağlardan qovub gətirib.
-Ayıq ol. Bəs necə çobansan ki, itin yoxdur?
-Elə itim var ki, bir sürüyə dəyişmərəm, - deyib çoban yenə qışqıra-
qışqıra cavab verdi,-işin tərsliyindən naxoşlayıb, yurda çatan kimi əlac
edərik.
Sürü bizdən uzaqlaşmamış üfüqlər açılmağa, xoş sifətli can qızdıran
günəş görünməyə başladı. Çox keçməmiş göy qübbəsi buluddan,
dumandan təmizləndi! İndi hara baxırdın büllur ayna kimi parıldayırdı. Sərin
hava o qədər təmiz və yüngül idi ki, nəfəs aldıqca bizə ləzzət verirdi,
sinəmizi həyat qüvvəsi ilə doldururdu. Yol yoldaşım qeyri-adi bir vəcd ilə -
Nə gözəl, nə səfalı yerlərdir!-deyib çölləri, kəndləri qucaqlamaq istər kimi
sağ əlini havada hərlədi.
Sizə nağıl etdiyim bu hadisələr düz otuz il bundan qabaq olmuşdur. O
zaman mən Naxçıvanda siyasi şöbədə qəzet redaktoru işləyirdim. O
zamandan çox keçib, mən çox yerləri gəzmişəm, dünyanın bir çox
ölkələrində olmuşam, çox adamlarla görüşmüşəm, lakin Naxçıvanın təbii
gözəlliklərini, zəhmətkeş xalqının sadə həyatını, pambıqçılarının,
bağbanlarının, çobanlarının mənalı söhbətlərini, məişət mənzərələrini
indiyə qədər unutmamışam. Naxçıvan, bir yazıçı olaraq mənim üçün böyük
həyat məktəbi olub. Mən orada çox gözəl insanlara rast gəlmişəm; sözündə
möhkəm, əqidəsində dürüst, alnı açıq, üzü ağ, işıqlı fikirlər, təmiz arzularla
yaşayan adamların süfrəsində duz-çörək kəsmişəm və bunu heç bir zaman
unutmaram. Bütün bu təəssüratlar mənə otuz il əvvəl “Həyat” pyesini
yazdırmışdır. (Qeyd edim ki, M.İbrahimov Naxçıvan teatrı ilə yaxından
maraqlanırdı. Ədib teatrın repertuar, aktyor, tamaşaçı kütləsi, səhnə
tərtibatı kimi məsələlərin yaxşılaşdırılması üçün məsləhətlər verir və yardım
göstərirdi. M.İbrahimov özünün ilk dram əsəri olan “Həyat” pyesini də

Naxçıvanda işləyərkən yazmışdır. Əsər burada da tamaşaya qoyulmuşdur
– R.Mirzəzadə).
Əlbəttə, sonralar da mən dönə-dönə Naxçıvanda olmuşam və hər
dəfə vətənimizin bu gözəl güşəsinin yüksəldiyini, abadlaşdığını, parladığını
görüb sevinmişəm. Elə bizim böyük yazıçımız, yeni demokratik
ədəbiyyatımızın fəxri, satirik “Molla Nəsrəddin” jurnalının banisi və
redaktoru Cəlil Məmmədquluzadənin doğulduğu, müəllimlik etdiyi Nehrəm
kəndini anaq. Mən yuxarıda bu kəndə otuz dördüncü ildə gördüyüm bir
epizodu nağıl etdim. Bəs indi Nehrəm necədir? Doğrusu, beş-altı il əvvəl
mən yenə Naxçıvana gedəndə Nehrəm kəndinə baş çəkməyi özümə borc
bildim. Daha doğrusu, qarşısıalınmaz hansı duyğu isə hər dəfə məni
Nehrəmə çəkir. Bəlkə də bu böyük yazıçının nəfəsidir ki, hələ də Nehrəm
torpağında öz ətrini saxlayıb. Hər halda ola bilməz ki, Naxçıvana gedəm və
Nehrəmə dəyməyəm. Bu dəfə də getdim. Getdim və çox sevindim. Məni
sevindirən yalnız o olmadı ki, Nehrəm təzələnib, işıqlanıb, genişlənib, gözəl
mədəniyyət sarayı tikib, işığı,suyu var, hər şeydən əvvəl o oldu ki, adamları
inkişaf edib, adamlarının mədəni səviyyəsi artıb. Bunu kəndin küçələrində,
pambıq tarlalarında görmək olar. Lap kəndə yaxın sahələrin birində pambıq
yığan Tərlan adlı qaraşın, qaratel, qaragöz bir gəlinlə danışdığım
yadımdadır; Tərlan nə qədər mübariz, nə qədər dilavər, nə qədər məntiqlə
danışırdı. Hətta o, kolxozun işindəki nöqsanları sədrin yanındaca cəsarətlə
tənqid edib dedi:
-İndi belə şeylərə dözmək olmaz, keçmiş zaman deyil!
Tərlanın ara-sıra hərarətdən allanan yanaqları, açıq cəsarətli sözləri,
əzm və iradə ilə dolu gözləri yenə mənim yadıma otuzuncu illəri saldı: Axı o
zaman Tərlan kimi qızların və qadınların yetişməsi bizim ən şirin arzumuz
idi. Bir xəyal idi. İndi bütün bunlar həqiqətdir. Bəziləri deyə bilər ki, bəs siz
Naxçıvanda Tərlan kimi olmayan, ictimai həyatda özünü passiv aparan
qadınlar görmədinizmi? Cavab verirəm: gördüm! Lakin mən onların
gözlərində böyük bir həvəsin, marağın, oyanan mübarizə eşqinin işığını da
gördüm.
Naxçıvan Azərbaycana yalnız gözəl bağbanlar, əkinçilər, pambıqçılar,
maldarlar verməyib. Azərbaycan mədəniyyətinin bir çox unudulmaz,
görkəmli simaları da Naxçıvandan çıxıb, Naxçıvan zəhmətkeşlərinin
yetirməsidir. Bu gün bu azadlıq və səadət bayramında Naxçıvan bütün
bunlarla fəxr etməyə haqlıdır.
Bayram süfrəsinə əlidolu gəlmək xalqımızın gözəl adətidir. Nə
xoşdur, nə yaxşıdır ki, naxçıvanlılar öz bayramlarını təsərrüfat və
mədəniyyət sahəsində yeni qələbələrlə qarşılayırlar. Doğrudan da adam
şad olur ki, bu il onlar bütün planlarını artıqlaması ilə dolduraraq bayrama
gəlirlər. Hamımız fikrən onların böyük bayram şənliyində iştirak edirik,
bütün Azərbaycanın ürəyi naxçıvanlıların təmiz və bərəkətli bayram
süfrəsini başında döyünür. Əziz bacı və qardaşlarımız, sizə daha böyük
nailiyyət və səadət arzu edirik!..”

(ardı var)

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42