MOSKVANIN NƏZARƏTİNDƏN ÇIXAN SAVAŞ... - Tramp Ukrayna müharibəsini dayandırmaqda maraqlı olacaqmı?

07/01/2025 - 21:03

Rusiya bilərəkdən və ya bilməyərəkdən Vaşinqtonla apardığı oyunda alətə çevirib

Rusiya 2022-ci ilin 24 fevralında Ukraynaya hücum edəndə bir çox analitiklər bunun başlıca səbəbini Rusiyanın yeni dünya nizamında özünə güclü mövqe əldə etməsi istəyilə izah edirdilər. Belə hesab olunurdu ki, Rusiya Ukraynasız öz keçmiş qüdrətini bərpa edə bilməyəcək və əgər bu baş tutmazsa, sonrakı dönəmlərdə Moskva ilə hesablaşan olmayacaq. Digər yandan, o da vurğulanırdı ki, Rusiya təkqütblü dünya sisteminə və ABŞ hegemonluğuna qarşı mübarizədə müttəfiqi Çinlə birgə hərəkət edəcək. Çoxları düşünürdü ki, Rusiya Prezidenti Ukraynanı zəbt etməklə Qərbi geostrateji fakt qarşısında qoyacaq və dünyanın yenidən bölüşdürülməsi prosesində güclü mövqeyə yiyələnəcək. Ümumiyyətlə, siyasi icmalçılar Rusiya prezidentinin Ukraynaya qarşı yönəlmiş aqresiyasının rasional köklərini axtarırdılar. Müharibənin gedişi isə göstərdi ki, Rusiya heç də sanıldığı kimi dünyanın ikinci ən böyük ordusuna malik deyil. Kreml bütün parametrlərə görə özündən dəfələrlə zəif olan Ukrayna ilə mübarizədə istədiyini üç ildir ki, həyata keçirə bilmir.

 

 

Qərbin Ukraynaya köməyi inkiar edilə bilməz, lakin bu hərbi yardımlar lazım olan səviyyədən çox aşağıdır və hətta elə dövrlər olub ki, ABŞ 7-8 ay Ukraynaya heç nə tədarük etməyib. Vladimir Putinin “hər şey dəqiq plan və qrafik üzrə gedir” sözləri deyəsən artıq heç kimin yadına düşmür. Rusiya ordusu ilə bağlı onu demək gərəkdir, bu ordunun döyüş qabiliyyəti hələ də sövet dövründən qalma strategiyaya söykənir. SSRİ quru qoşunlarında keyfiyyətə yox, kəmiyyətə üstünlük verirdilər. Məsələn, Şərqi Almaniyaya 5 ordu yerləşdirilmişdi və plana görə hücum zamanı tankların, artilleriyanın və əsgər sayının çoxluğu qələbəni təmin etməliydi. İndi döyüşlərin qızğın çağında Rusiya ordusu radikal dəyişikliklər apara bilməz, həm də ki, bunu həyata keçirən zabit heyəti də yoxdur. Elə ona görə də Rusiya tarixindən qalma mirasına sadiq qalaraq ənənəvi “ət hücumları” taktikasını davam etdirir. Bundan əlavə, Rusiyanın müttəfiqlərinin kimliyi də bəlli oldu. Sözsüz ki, dünyanın yenidən şəkil almasında söz sahibi olmaq istəyən dövlət güclü müttəfiqlərlə birikdə hərəkət eməlidir. Kreml rəhbərliyi bu cür ağır bir problemi həll etmək yolunda özünə İran və Şimalı Koreya kimi marjinalları müttəfiq seçib. Daha doğrusu, Rusiya öz mahiyyəti etibarilə “izqoya” çevrildiyindən əlacsızlıqdan bu ölkələrlə dostluq edir.

 

 

Rusiyanın Ukraynanı bütövlükdə özünə tabe etdirməsi artıq inandırıcı görünmür. Üç illik müharibədən konkret belə nəticə çıxarmaq olar ki, bu savaşın uzanmasını istəyən böyük qüvvələr var. Deməli, müharibəyə Rusiya nəzarət etmir, o sədəcə kələfin ucunu itirmiş başıpozuq kimi inersiya ilə böyük itkilər verərək döyüşür. Dünyanın gələcək müqəddəratının müəyyənləşməsində iştirak etmək istəyən Rusiya indi düşmənlərinin sanksiyaların pozulmasına daim göz yumacağına möhtac qalıb. Qərb mərkəzli həmin güclər bir tərəfədən Rusiyanın iqtisadiyyatına zərbə vuracaq addımlar atırsa, digər yandan dolayı yolla Rusiyaya pul qazanmaq üçün şərait yaradır. Yəni, Rusiyanı pulsuz qoymurlar. Məlumdur ki, Ukrayna qaz tarnzitilə bağlı Rusiya ilə bağlanan müqavilənin uzadılmasıdan imtina edib.Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı deyib: ”Avropya təbii qaz axınının durdurulması Vladimir Putin üçün məğlubiyyətdir. Putin 25 il öncə hakimiyyətə gələrkən Rusiya Avropaya ildə 130 milyard kubmetr qaz ixrac edirdi, indi bu, sıfra bərabərdir. Enerji təchizatını silaha çevirəndən və tərəfdaşlarını şantaj edəndən indiyədək Moskva gəlirli və coğrafi baxımdan əlverişli bazarlarını itirdi”.

 

 

Artıq Rusiyadan təbii qaz alan Avropa ölkələrinin əksəriyyəti öz ehtiyaclarını ödəmək üçün üç ildir ki,tədricən alternativ mənbələrə keçiblər. İlk baxışdan elə görünür ki, “Qazprom” böyük itkilərə məruz qalacaq, ancaq Rusiya qazının Avropaya çatdırılması faktiki durdurulmayıb. Belə ki, Rusiya təbii qazının Avropaya boru kəməriylə nəqli kəsilisə də, onun Sıxılmış Təbii Qaz(STQ) nəqli artıb. Əgər 2023-cü ildə Avropa Birliyi Rusiyadan 15,2 miliyon metrik ton STQ almışdısa, 2024-cü ildə bu göstərici 16,5 milyon metrik tona kimi yükəsəlib. Avropa Birliyi öz təbii qazının 18 faizini Rusiyadan tədarük edir. Rusiyanın neft ixracına qarşı qoyulmuş sanksiyalar Moskvaya böyük zərbələr vurmur, çünki neft və neft məhsulları üçüncü ölkələr vasitəsilə Avropa Birliyinə çatdırılır. Bunlarla yanaşı, Rusiya Avropaya böyük həcmdə nüvə yanacağı da tədarük edir. Rusiya Prezidenti Vladimir Putinin Donald Trampdan qorxmasının başlıca səbəbi də məhz Avropaya nəql edilən yanacaqla bağlıdır.

 

 

Tramp Avropaya ultimatumla deyə bilər ki, Sıxılmış Təbii Qazı Rusiyadan yox, bizdən alacaqsınız, həm də daha ucuz qiymətə. Tramp istəsə Rusiya neftinin “kölgə donanması” vasitəsilə daşınmasının qarşısını qısa bir müddətdə alar. Bəllidir ki, pul olmasa, Rusiya müharibəni uzun müddət sürdürə bilməyəcək. Rusiyanın gələcək perspektivlə bağlı gözünü Çinə dikməsi və ona ümid bəsələməsi isə əbəs fantaziyadır. Əlbəttə, gələcəklə bağlı nəinki Rusiyanın, eləcə də Çinin, Yaponiyanın, Hindistanın,Türkiyənin Fransanın, Almaniyanın, Braziliyanın və Böyük Britaniyanın da planları var. Ancaq bu ölkələrin heç biri təkbaşına hərəkət etməklə ciddi nailiyyət qazana bilməzlər, mütləq ittifqlar olmalıdır. Dünyanın yeni təsir sferalarına bölünməsi Dünyanın yeni təsir sferasına bölünməsi məsələsindən çox danışlsa da, bu zaman reallığa uyğun gəlməyən fikirlər səsləndirilir. Hazırda bütün dünya ölkələri İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin rəhbərlik etdiyi və məhz onun tərəfindən formalaşdırılan iqtisadi-maliyyə sisteminin qaydalarına uyğun ticarət aparırlar. Bu sistemdə ödəmələr 80 faiz ABŞ dolları vasitəsilə həyata keçirilir. Məsələ təkcə bununla yekunlaşmır, dolların vahid ölçü meyarı kimi davam etməsi üçün dünyada meydana gələ biləcək təhlükənin aradan qaldırılması da 80 ildir ki, ABŞ tərəfindən həyata keçirilir. SSRİ dağılna qədər dünya iki qütblü idi, lakin sonradan sovet təsir dairəsinə aid dövlətlərin hamısı dollar sisteminə daxil oldular. Rusiya 1990-cı illərdə ABŞ-nin qeyri-rəsmi nəzarətində olan Beynəlxalq Valyuta Fondundan və digər investisiya banklarından götürülən pullar sayəsində ayaq üstə dayana bildi. Sözügedən sistem çox mürəkkəbdir və kapitalizm iqtisadi-sosial formasiyasının bütün şıltaqlıqlarının və gözlənilməz böhranlarının tənzimlənməsi sayəsində çalışır. Burada Rusiyanın heç bir rolu yoxdur.

 

 

O ki qaldı Rusiyanın özünə müttəfiqi hesab etdiyi Çinin bu nəhəng sistemdəki yerinə və roluna, Pekin son otuz ildir ki, burada əsas etibarı ilə qlobal əməyin təmərküzləşməsində iştirak edir. Pekində bu sistemin kontrolunun ABŞ-nin ixtiyarında olmasını bilirlər və ona görə də Şanxay Əməkdaşlıq Təşkilatında və BRİCS-də dolların yerini yeni valyutanın tutması ilə bağlı birbaşa təklif vermirlər. Təxminən iyirmi ilə yaxındır ki, Rusiya Çinlə arasındakı ticarətin yuanla, rublla və ya barterlə aparılmasına çağırışlar edir, lakin hələ ki, heç bir nəticə yoxdur. Çin dünyanın ikinci iqtisadiyyatına malik olsa da, onun dolları əvəzləyəcək valyuta sistemi yaratması müasir şərtlər daxilində mümkünsüz görünür. Çünki yuanın yeni bir milli valyuta kimi planet üzərində hökmran mövqeyə gəlməsinə ABŞ, Avropa, Hindistan və sair mərkəzlər qarşı çıxacaq. Çinin digər problemi onun coğrafi baxımdan çoxsaylı geostrateji rəqiblərlə əhatə olunmasıdır. Elə qonşusu Hindistan buna nümunədir. Halbuki, bu iki ölkə BRİCS təşkilatında yer alır. Amma son dövrlər Dehli transmilli şirkətlərin Çindən Hindistana keçməsinə çalışır.

 

 

Elə Rusiyanı da şərq dünyasında gözləyən yoxdur. O, orada heç kimə lazım deyil. Neft və təbii qazla dünyanı fəth etmək və ya özünə tərəfdaş toplamaq sadəcə axmaqlıqdır. Texnoloji cəhətdən geridə qalan Rusiya yalnız digər bir gücün yanında yer almalıdır ki, həyatda qala bilsin. Çin isə əsl həqiqətdə Rusiyanın indiki sərhədləri daxilində varlığında maraqlı deyil. Dünya nizamının hansı məcraya girəcəyi böyük ölçüdə Donald Trampın atacağı addımlardan asılıdır və bu, yaxın zamanlarda aydınlaşacaq. Trampın Qrenlandiya adasını və Panama kanlaını ABŞ nəzarətinə keçirməyə çalışması müəyyən mənada yeni doktrinanın meydana gəlməsi ilə nəticələnəcək. Ola bilsin bəyan olunacaq ki, Amerika qitəsi və onu əhatə edən ərazilər bütövlükdə ABŞ-nin geostrateji maraq dairəsidir, oraya kimsənin müdaxiləsinin qarşısı alınacaq. Məlumdur ki, hazırda Çin Panamada yeni kanal çəkmək layihəsi üzərində işləyir.

 

 

ABŞ-nin özü isə Avrasiyada möhkəmlənməyə başlayacaq. Bu mənada ABŞ Ukraynada gedən müharibədən maksimum istifadə edəcək, çünki Avropanın mərkəzində gedən müharibə nə Rusiyaya, nə Avropaya, nə də ki, Çinə sərf edir. Çinin “bir zolaq, bir yol” layihəsinin reallaşması üçün Avropanın iqtisadiyyatı güclənməli, kommunikasiya xətləri isə təhlükəsiz işləməlidir. Əlbəttə, bəllidir ki, Avropada dərinləşən və genişlənən hər hansı münaqişə ocağı bu qitəyə nəzarət etmək baxımından ABŞ-nin işini yüngülləşdirir, Rusiya isə bilərəkdən və ya bilməyərəkdən bu oyunda istifadə olunan alətə çevrilib. Tramp bu müharibəni yalnız ABŞ-nin çıxarlarına uyğun şərtlər daxilində dayandırmağı düşünür. Həm də ki, ABŞ-də “the invisible government”(Dərin dövlət)-in arxa plandakı fəaliyyəti unudulmamalıdır. Kremlin üst eşalonunda dayananlar Rusiyanın potensialını düzgün dəyərləndirmədən yenidən böyük imperiya olmaq xəyalından əl çəkməsələr indikindən də zəif vəziyyətə düşəcəklər...

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Jan-Mari Le Pen vəfat edib
07/01/2025 - 17:13